Erik Rot: “Ssenari, sənətin təhrif olunmuş formasıdır”
Erik Rot – “Forrest Qamp”, “Bencamin Battonun müəmmalı əhvalatı”, “Dyuna”, “Çiçəkli ayın qatilləri” bədii filmlərinin ssenaristidir. “Forrest Qamp”a görə 1994-cü ildə Oskar qazanıb. Kinoyazar.az saytı amerikalı ssenarist və prodüser Erik Rotun eksklüziv müsahibəsini təqdim edir. Müsahibənin orijinalı the-talks.com saytından götürülüb.
– Cənab Rot, filmlər üzərində işləyərkən özünüzdə nəyi kəşf etdiniz?
– Bu, çox əhatəli sualdır! Mən düşündüyümdən daha hüzurlu olduğumu başa düşdüm. Bunda müəyyən mənada Zen-buddizmə aid nəsə var. Bilmirəm, mənim əsərlərimdə də bunu tapmaq mümkündür, ya yox, lakin kimə çevrildiyim nöqteyi-nəzərindən baxsaq… Mənim çoxlu övladlarım və nəvələrim var. Zamanın təbiətindən, insanların necə böyüdüyündən xəbərdaram. Altmış yaşa qədəm qoyanda görmədiyim, təcrübədən keçirmədiyim və ya etməyə fürsət tapmadığım şeylərin siyahısını tutmağa başladım. Son on iki il ərzində mümkün olduqca bu siyahını reallaşdırmağa çalışmışam.
– Misal üçün?
– Siyahımdakılardan biri də o idi ki, təxminən, səksən nəfərlik heyətlə ekspedisiya gəmisində Antarktidaya səyahətə çıxdım. Ora gedib qayıdarkən çox təhlükəli, əngin dənizlərdə olursunuz və nə kitab oxuya, nə də filmə baxa bilirsiniz. Ümumiyyətlə, nəsə etmək mümkün deyil. Qısası, fərz edin ki, mağaraya bənzər məkandasınız və orada olmaq, özünüzdə kəşf etdiyiniz şeylər sizə çox maraqlı gələrdi. Səfər möhtəşəm keçdi. Özümü xəyallar aləmində hiss edirdim. Bu mənim üçün vacib təcrübə idi.
“Bir filmdə sizin nədən xoşunuz gələcəyini və mənə nəyin təsir edəcəyini bilmək mənə maraqlıdır”.
– Bu cür təcrübələr yaradıcılığınıza təsiri edirmi?
– Zənnimcə, təsir etməlidir. Mən gözlənilməz, təəccüblü və ya nadir şeylər axtarıram. Ssenari yazmaq, sənətin elə bir təhrifolunmuş formasıdır ki, hətta sənət olub-olmaması da ayrı bir müzakirə predmetidir. Əgər bu işi yaxşı bacarırsınızsa, ssenari yazmaq bir peşəyə çevrilir. Əslində, işiniz bir yol xəritəsi hazırlamaqdan və onu rejissora – çünki boss odur – təqdim etməkdən ibarətdir. Sadəcə bu planın unikal, heyrətamiz, emosional və bəlkə bir az da ehtiraslı olmasına ümid edirik.
– Bir şeyi ssenariyə çevirmək istəyəndə onun qeyri-adi və ya yetərincə emosional olub-olmadığını nə müəyyənləşdirir?
– Məni əsərin mövzusu maraqlandırır. Başqa sözlə desək, bunun mənim üçün nə məna kəsb etdiyini başa düşməliyəm. Məni maraqlandıran odur ki, burada sizə və mənə hansı məqamlar təsir edəcək və nə üçün onu yazmağa il yarım sərf etməyə dəyər. Mən ötəri şeylərdən ilham almıram. Əhəmiyyətsiz kimi görünsə də, qalıcı, davam edən şeylərə üstünlük verirəm. Zənnimcə, istənilən yaxşı ssenaristin məqsədi budur – sən unikal bir hekayəni, insanlarda maraq doğuracaq, özlərini onun bir parçası kimi hiss etdirəcək şəkildə ifadə etmək istəyirsən.
– Bir şeyin qalıcı olub-olmayacağını necə bilirsiniz?
– Bunu bilmək olmur! Bu da, bir növ, lovğalıqdır. Məncə, əgər siz hansısa yolla həqiqəti söyləyə bilsəniz və ya heç olmasa, həqiqət duyğusu yarada bilsəniz, onda bu, qalıcı olar. Çünki onda siz nəyinsə ilkin anlamını qavrayacaqsınız və bu sizi zamanın fövqünə çıxaracaq. Amma mən burada oturub demirəm ki, görəsən, əla, qalıcı olacaqmı? Mən belə fikirləşmirəm. Sadəcə nəyisə elə etməyə çalışıram ki, bir anlamı, dəyəri olsun, başa düşürsünüz?
– “Forrest Qamp” filmində qalıcı olan nə idi?
– “Forrest Qamp” qəribə filmdir. Bu vaxta qədər çəkilmiş ən ironik filmlərdən biridir. İnsanlar onu bir qədər hərfi mənada başa düşürlər! Mən hesab edirəm ki, filmdə böyük istehza hissi, məqsədyönlü bəsitlik və çoxlu yumor var. Tənhalıq da, itki də filmin bir hissəsidir. Ən əsası isə, daxilən məni narahat edən şey vaxt itkisidir. Biz bununla mübarizə apara bilmərik, hər anı dəyərli etməkdən başqa çarəmiz yoxdur. Məncə, elə tənhalıq da vaxt itkisi ilə bağlı ola bilər.
– Bir dəfə demisiniz ki, tənhalıq – ifadəsi mümkün olmayan şeyləri ifadə etməyə çalışmağın ağırlığını hiss etməkdir. Zaman keçdikcə tənhalığı ifadə etmək sizin üçün asanlaşıbmı?
– Xeyr. Zənnimcə, həqiqətən də böyük yazıçılardan bəziləri buna nail olmağı bacarırlar. Lakin, məncə, onlar da belə şeyləri anlaşılan şəkildə ifadə etməyin ağırlığını hiss edirlər. Belə hallarda ötüb-keçən bir şeyi ifadə etməyə cəhd edirsiniz; bu, əllə tutulacaq bir şey deyil. Bu elə bir hissdir ki, sanki nəsə keçib gedir, nəyinsə ötəri parıltısıdır. Siz bunu təsvir edə bilərsiniz, amma bilmirəm, bunun necə hiss olduğunu tam şəkildə dərk edirsiniz, ya yox.
– Sizcə, hərdən özünü tənha hiss etmək vacibdir?
– Məncə, heç kim tənhalığı seçməz. Düşünürəm ki, bu, insana xas bir haldır, elə deyil? Con Apdayk deyib ki, sənətkarların gecəyarı qəflətən yuxudan oyanmalarının səbəblərindən biri də onların daxilən həmişə tənhalıqla mübarizə aparmasıdır.
– Amma məncə, sizin yazdığınız filmlər üçün daxili mübarizə lazımdır.
– Bu bir az “yumurta-toyuq” sualına oxşayır. Deyərdim ki, tənhalıq məni bu barədə yazmağa və başqalarının başa düşəcəyi şəkildə yazmağa məcbur edir. Məncə, bu seçimlə əlaqəli bir şey deyil. Bu sadəcə var. Oturub nəsə yazmaq istəsəm, tənhalıqla bağlı olacağını düşünmürəm. Buna baxmayaraq, necə olur bilmirəm, tənhalıq mənim yazılarıma sızır. Bilmirəm, məndə bu belə alınır. Amma hər halda bunları yazmaq mənə zövq verir. Yəni bir yazıçı necədirsə, elə oluram.
– Özünüzü yazıçı hesab etmirsiniz ki?
– Yəni, mən heç vaxt roman yazmamışam, amma mənə elə gəlir ki, romançılıq bacarığım, nəsr yazmaq qabiliyyətim, təsvirlərim və üslubum hesab etdiyim nə varsa, hamısı ssenarilərimdə öz əksini tapır. Məncə, indi mənim kimi uzun ssenarilər yazmaq artıq dəbdə deyil. Lakin rejissorlar bu cür ssenariləri yüksək qiymətləndirirlər, çünki belə ssenarilər özündə hər cür imkanları ehtiva edir. Bu imkanlar daxilində artıq ürəyi necə istəsə, elə edəcək. Əvvəllər ssenarilər sanki Mars planetində yazılmış təsiri bağışlayırdı. Onlar məhz olduğu kimi idilər; əsl bayağılıq.
– Bir dəfə demişdiniz ki, “Buç Kessidi və Sandens Kid” ssenarilərin yazılma qaydasını dəyişdirən filmlərdən biridir.
– Düzdür, demirəm ki, bu vaxta qədər yazılmış ən yaxşı ssenaridir, lakin çox möhtəşəm olduğunu düşünürəm. Amma o, həqiqətən, gördüyünüz işə bədii keyfiyyət qatmağa imkan verən üslubun əsasını qoydu. Adətən, ssenarilər belə olmurdu. Onların gözəl sənət əsərləri olmadıqlarını demək düzgün olmazdı; Billi Vaylderin filmləri, “Buç Kessidi və Sandens Kid”,“Çin məhəlləsi”, Koen qardaşlarının istənilən filmini nümunə kimi göstərmək olar. Yəni demək istəyirəm ki, bu filmlər unikaldırlar. Ssenari də digər ədəbiyyat nümunələri qədər ədəbiyyatdır. Mən, sözün ənənəvi mənasında, yəni, dramatik yazıçılarda bədiilik nə qədərdirsə, o qədər bədii olmağa çalışıram. Məsələn, “Forrest Qamp və ya “Bencamin Batton” kimi filmlərin ssenarilərinə əcaib bir keyfiyyət əlavə etmişəm. Bu, bir növ, ədəbi rol oynayır. Düşünürəm ki, ekspozisiya (ssenaridə hər şeyin detallı və geniş təsviri nəzərdə tutulur – red.) ən pis üslubdur.
“Gördüyünüzü, hiss etdiyinizi və eşitdiyinizi yazın. Öz təcrübənizdən, başınıza gələnlərdən yazın”.
– Hərçənd ssenari üçün bu, qaçılmaz və lazımlı bir bəladır.
– Bu, lazımdır, amma müəyyən qədər mətnaltı, eyhamla etmək lazmdır, ən yaxşı yolu budur. Məsələn, “Bencamin Batton” filminin ssenarisini yazarkən bu metoddan istifadə etmişəm. Özüm də bundan çox zövq aldım. Hər şeydən əvvəl, bu mənim üçün çox emosional vəziyyət idi. Çünki həmin ssenarini yazdığım dövrdə valideynlərimin hər ikisini itirdim. Ona görə də, mənim üçün şəxsi əhəmiyyət kəsb etdi. Finçer mənə əsas hekayənin daxilində qısa hekayələr yazmağa icazə verdi. Onun da özünəməxsus bir çaları var idi. Məncə, bir çox ssenarilərdə bunu görə bilməzsiniz. İnanın ki, bunu tam səmimiyyətimlə, təkəbbürsüz deyirəm: Ssenarilərimin əksəriyyətindən çox zövq alıram. Xoşuma gələn nəsə varsa, onu hekayəmin bir parçasına çevirirəm.
– Nə cür şeylər?
– Bu çox bayağı səslənir, amma bu dəqiqə pəncərəmin kənarındakı ağaca baxıram. Hər gün bir kolibri quşu gəlib bu ağacdan qidalanır. Mən həmişə hiss etmişəm ki, sanki o mənim ilham pərimdir. “Bencamin Batton” filmində heç bir xüsusi səbəb olmasa da, həmin quşdan istifadə etdim. Orada bir səhnə var: Bred Pitt gəminin göyərtəsində dayanıb, bu zaman okeandan bir kolibri uçub gəlir və qəhrəman: “Mən heç vaxt dənizin ortasında kolibri görməmişdim” deyir. Bu, ssenaridə özüm üçün etdiyim balaca bir şey idi. Deməli, hər şey həyat təcrübəsi ilə əlaqəlidir. Deyirlər ki, nə bilirsinizsə, onu da yazırsınız. Fikrimcə, bildiyini yazmağa ehtiyac yoxdur. Mən deyərdim ki, bildiyini yox, gördüklərini, hiss etdiklərini, eşitdiklərini yazmaq lazımdır. Öz təcrübənizdən, başınıza gələnlərdən yazın.
Tərcümə: Yunus Müşfiq / Redaktə: Aygün Aslanlı