İNDİ OXUYUR
Ən yuxarı mərtəbənin sakini

Ən yuxarı mərtəbənin sakini

İnsan doğrudan da çox fərqli məxluqdur. Onun daxili aləmi müxtəlif xarakterlər və hisslərdən toxunulub: sevgi, nifrət, sevinc, kədər, qorxu, cəsarət, mərdlik, alçaqlıq və s. Bütün bu hisslər dəyişkəndirlər və onlar şiddətlənməyə və ya sönməyə, güclənməyə və ya zəifləməyə meyillidirlər. İnsanın düşdüyü vəziyyətlərdən asılı olaraq sərgilədiyi xarakteri və yaşadığı hissləri onu, bir növ, özünü kəşf etməyə yardım edən vasitədir. Bu prosesin müsbət tərəfi ondadır ki, nəticədə, insan özünə və ya ətrafdakılara öz şəxsiyyəti ilə bağlı aydınlıq gətirir, bəzən dəyişilir, bəzən isə olduğu kimi qalır. Yaxşı və yaxud pis tərəfə dəyişilməsi seçimi isə onun öz qarşısındadır.


Rejissor Teymur İsmayılov 2014-cü ildə çəkdiyi “Yuxarıda və aşağıda” qısametrajlı bədii filmində bu məqamla bağlı maraqlı bir hekayə yaradıb. O, bu dəyişilmə prosesini insanın ən həssas çağı – gənclik dövrünün fonunda təqdim edir. Filmin baş qəhrəmanı gənc fəhlə Aydındır. İlk kadrlardan bəlli olduğu kimi onun həyatı ilə bağlı dünyagörüşü və xəyalları var (kranda oturub onu idarə edərək həyatının dadını çıxarır). Həmin an iki digər fəhlə krana daş ataraq Aydına aşağı düşməyi deyir, nərdivanı isə atırlar kənara. Bu səhnədə artıq Aydının psixoloji portretini cıza bilirik: gənc fəhlənin hündürlükdən qorxmasına baxmayaraq, özünü digər fəhlələrin yanında sındırmır və yavaş-yavaş aşağı enir. Aydının Səməd və Zeynal ilə münasibətlərinin soyuq olması artıq göz qarşısındadır. Bütün filmboyu o, daxilində özü ilə münaqişə yaşayır. Bir tərəfdən iş yoldaşlarının onu lağa qoyması və bəzən isə alçaltması, digər tərəfdən də sevdiyi qızın kifayət qədər yaxşı həyat yaşaması istəyi onu özündən bədgüman olmağa vadar edir.

 
-O binaya bax. Lap orada yaşamaq istərdim, lap yuxarıda. Görəsən orada penthaus neçəyə olar?

-Baha.

-Bəs sən neçənci mərtəbədə yaşamaq istəyərdin?

-Birinci, uzaq başı ikinci.

-Bəs görüntü?

-Əsas odur, evin içindəki görüntü yaxşı olsun.

-Mənim gözəlim, səni hələ satmayıblar? Gör, nə gözəldir.

-Pirojna istəyirsən?

– Nə? Yox istəmirəm. Ayaqlarım ağrıyır. Bəlkə taksi çağırasan, evə gedim?

                    (Zümrüdlə Aydının dialoqlarından)

 
Sevgililərin söhbətindən onların dəyərlərinin, həyata baxışlarının nə dərəcədə fərqli olduğuna şahid oluruq. Zümrüdün həyatdan gözləntiləri çox yüksəkdir: bahalı həyat tərzi, qiymətli zinət əşyaları və s. Əslində, Zümrüdü qınaq obyektinə çevirmək də düzgün olmazdı. Sadəcə. onun tələbatları Aydının imkanlarından qat-qat yüksəkdir. Burada yalnız maddi imkanlar nəzərdə tutulmur. Zümrüd və Aydın ümumiyyətlə fərqli dünyaların insanlarıdırlar və aralarında yaranan münasibət qəfil qığılcım üzərində qurulub və dərhal sönüb sanki. Zümrüd özlüyündə nəyinsə dəyişəcəyi ilə bağlı xəyallar qurur və bu xəyalların həyata keçməyəcəyini də çox gözəl anlayır. “Bəlkə taksi çağırasan, evə gedim?” sözləri Zümrüdün sanki birdəfəlik gedişindən xəbər verir. Elə də oldu. Bu münasibətin sonunu başqa cür təsəvvür etmək qeyri-mümkün olardı.

Filmin kulminasiyasını növbəti səhnə təşkil edir. Fəhlələri nəyisə düzəltmək üçün tikintiyə çağırırlar. Zeynal yuxarı qalxanda qəfil halı pisləşir və şəkərə qarşı dərmanını vurmaq istəyəndə əlindən salır. Aydın və Səmədi köməyə çağıranda, Səməd alçaqlıq edərək və Aydının hündürlük qorxusunu bilə-bilə onu qabağa verir. Lakin Aydın nəinki hündürlük qorxusunun öhdəsindən gəlir, həm də fəhlə yoldaşının həyatını xilas etmiş olur.


Aydının hündürlük qorxusunu üstələməsi bir qədər metaforik anlama söykənir. Onun bu addımı atması acizliyinin üstündən çəkdiyi ilk xəttdir. Rejissor, Aydının hündürlük qorxusunu təkcə fobiya kimi təsvir etmir. Bu, həm də həyatda irəli addım atmaq, nəyisə dəyişdirmək və yaxud, cəhd göstərmək qorxusu ilə izah olunur. Düşdüyü vəziyyəti anladıqdan sonra, onun yenə də özünü itirdiyinin, aciz baxışlarının şahidi oluruq. Lakin Səmədin növbəti cəfəngiyyatı söylədiyindən sonra o, özündə güc tapıb yuxarı qalxır.


Səməddən söz açmışkən, onun bu filmdə dominant obraz olduğunu vurğulamaq yerinə düşərdi. Gənc fəhlə daim onun istehzalarına və ya onun aləmində “kişiləşmə dərslərini” dinləməyə məruz qalır. Onun Aydını aşağılaması düşünülmüş bir hərəkətdir. “Nəyə görə o, bütün bunları edir?” sualının cavabını elə filmin ilk kadrında tapa bilərik. Səməd, Aydının kranı idarə etdiyini görəndə və ona badalaq vuranda onun necə potensial olduğunu çox gözəl bilirdi. İşində bacarıqlı birini görüb, keçirdiyi qısqanclıq hissi, ələlxüsus da söhbət potensial gəncdən gedirsə, onu alçaq münasibət göstərməyə sürükləyir bəlkə də. İşdə boş-boş vaxt keçirib, çənə vuran, dostunu ölüm ayağında qoyan insandır Səməd. Güman etmək olar ki, eyni münasibəti ailəsinə qarşı da bəsləyir. Aydın, Səmədin həmçinin təhtəlşüurda boşluğunu doldurması üçün bir qurbandır. “Kişisən, dəmirnən düşərsən aşağı!”, “Əyin-başını düzəlt, get, özünə şalvar al”, “Bəsdir avaralandın, get işinlə məşğul ol!”, “Hə, nə oldu? Qorxdun yenə? Adını kişi qoymusan e! Qalx da!”. Bütün bu sözlər Səmədin özünün əməl etmədiyi məqamlardır.


Bir daha Səmədin sözlərini xatırlayaq: ”Nə baxırsan. Sən cavansan, subaysan. O mənəm e, ailəm var, beş uşağım, anam, atam, sağ olmamış qayınanam. Ölmür ki, canım qurtarsın. Mənə bir şey olsa, onlara kim baxacaq?!”. Səmədin həyatı ilə bağlı etdiyimiz təxminlər düz çıxdı: ailədə özünü təsdiq edə bilməmək, ümidləri doğrulda bilməmək, üstəlik, fəhləliklə məşğul ola-ola bu işdə də yararsız olmaq. Beləliklə, bu sarıdan acizlik yaşayaraq o, özünün məhrum olduğu bütün keyfiyyətləri, məsuliyyəti öz aləmində Aydına ötürərək, beynində özünün ola bilmədiyi insan obrazını yaratmağa cəhd göstərir. Səmədin bu davranışı nəzarəti itirmək qorxusundan və ya həyatın digər sahələrində gücsüzlük hisslərini kompensasiya etmək istəyindən qaynaqlanır.

 

Filmdə Aydın və Səməd arasında paradoksal cizgi mövcuddur. Əvvəlcə Səməd gənc oğlana aşağı enə bilməməsi üçün bir maneə yaradır, sonra isə özü bunu bilmədən sonda o maneəni aşmağa yardım edir. Səməd, Aydının cilalanmasında bir növ katalizator rolunu oynayır. Gəncin bu qeyri-sağlam mühitdə nəyisə bacarması və öhdəsindən gəlməsi təbii ki, məyusedici haldır. Lakin sonda, yaşına baxmayaraq kişi olmağı da elə Aydın bacardı. Onun yuxarı qalxması, daxilində baş verən bir dərketmə oldu. Bununla o, vəziyyəti dərk edib düzgün qiymətləndirməyi, müəyyən bir qərarı verməyi, əmin olmağı və ən əsası, qəbul etməyi öyrənməyə ən azından cəhd göstərdi.


Tam qəbul etmək həm baş verən hadisə ilə zehni razılaşmadır, həm də hadisə ilə bağlı öz hissləri ilə təmasda olmaq və bu hissləri qəbul etməkdir. Aydında biz bunu əvvəlcə hiss etmirik. Çünki o, həmişə öz hisslərini, düşüncələrini boğur, mövqeyini bildirmədiyinə görə, digərlərinin gözündə özünü gücsüz və zəif məxluq kimi formalaşdırır. Bunu tamaşaçı da hiss edir və onun obrazı, şəxsiyyəti çərçivəsində tamaşaçı üçün qəbuldur. Amma Aydının ətrafındakı insanlar üçün bu belə deyil. Zümrüd, Aydınla ideal həyatı ən yuxarı mərtəbədə yaşamaqda təsəvvür edir, Səməd üçün o, hündürlüyə qalxandan sonra kişi olur. Yəni hər kəs üçün o, müəyyən zirvəyə çatanda maraqlı, lazımlı və qəbuldur. “Əsas odur, görünüşü gözəl olsun”- bu sözlər onun həyata baxışını təcəssüm etdirir. Filmboyu aktyorun simasında o məsum, eyni zamanda dolu baxışları seyr edirik. Onun qəlbi çox kövrəkdir, amma qüruru da bir o qədər möhkəmdir.

Zeynala yardım əlini uzatmaqla, Aydın bir daha Səməddən qat-qat yuxarıda olduğunu sübut etdi. O, zirvəni Aydın öz sadəliyi, ədəb-ərkanı ilə çoxdan fəth edib.

Beləliklə, rejissor, Aydının güclü tərəfini nümayiş etdirir və onun dəyişiləcəyinə ümid yeri qoyur. Filmin final səhnəsində biz tamam ayrı bir şeyi müşahidə edirik. Yuxarıda olmaq çox gözəl bir hissdir, ora aparan yolu keçmək isə ondan da gözəldir. Aydının nail olduğu zirvə, onun aşağıda yaşadığı sakit layiqli həyatdır. Filmdə Teymur İsmayılov, qəhrəmanın olduğu iki hündür nöqtəni təsvir edib – Dağüstü Parkı və tikintidəki hündürlükləri. Diqqət yetirsək, bu məkanların daim boş, sakit və sıxıcı olduğunu görə bilərik. Bu sıxıcılıq həmin an həmin məkanlarda Aydının daxili aləmini əks etdirir. Həmişə burada olanda o, daxili gərginliyini gizlədə bilmir. Lakin bu dəfə, bir vaxt Zümrüdlə gəzişdiyi boş Dağüstü Parkdan popkorn satan xanıma kömək edə-edə aşağı düşür. Yenidən sakit, mülayim həyata addımlaya-addımlaya.

Filmin baş qəhrəmanını canlandıran Eyvaz Əliyev fağır fəhlə və eyni zamanda, qürurlu gənc obrazlarını uğurla sintez edib. Namiq Ağayev və Arzu Əhmədov isə fəhlə təbəqəsinin ab-havasını maraqlı yaradıblar. Namiq Ağayev dağıdıcı (abyuzer) və manipulyator xarakterini nümayiş etdirərək tamaşaçının nifrətini qazanır.

Teymur İsmayılovun çəkdiyi qısametrajlı film onunla fərqlənir ki, yaratdığı ekran əsərində hər kəs öz hekayəsini və nəticəsini çıxara bilər. Çünki film metaforik məzmuna malikdir.

Qeyd edim ki, Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir. Və 2016-cı ildə Bişkekdə MDB ölkələrinin “Umut” Gənc Film Forumu festivalının müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya