Emin Əfəndiyev: “Qadın obrazı yaradan zaman qadın həmmüəllifə ehtiyac var”

Müsahibimiz 2024-cü ilin “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktyor” nominasiyasiyalarında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatlarını qazanmış “Tənha insanın monoloqu” bədii filminin rejissoru və ssenari müəllifi Emin Əfəndiyevdir. Eminlə Azərbaycan kinosunda son dövrlərdə aktual olan mövzular, ssenari yazılışı texnikası barədə danışmışıq.
– Emin, kinoteatrlarda, festivallarda çıxan yeni filmlərimizə baxmaq imkanınız olur?
– Çalışıram hamısına baxım. Bilirsiniz ki, filmlər az çəkilir. Kinoteatrlara çıxanlara kinoteatrda, dəvət edəndə qala mərasimlərində, internet platformalarda çıxanda orada baxıram. Məsələn, kinoşünaslar və kinotənqidçilərin müsabiqəsində qalib gələn “Lent” filminə yutubda çıxanda baxdım və çox da bəyəndim.
– Yəqin ki, hansı yeni tendensiyaların yarandığı, ya da önə çıxdığı, hansı mövzulara, sosial problemlərə daha çox yer verildiyi ilə bağlı fikriniz formalaşır. Sualım belədir: filmlərimizin əksəriyyətində sosial problemlərdən bəhs edilir, amma bu, bir çoxunda bunun bədii həllini tapa bilmirlər. Sosial mövzu, problem bədii əsərin içində necə həll olunmalıdır? Hansı texnikalar var?
– Ümumiyyətlə, bizdə son vaxtlar sosial problemlərə, mövzulara çox toxunurlar və bu təkcə festival filmlərinə aid deyil. Amma sosial problemin də filmin içində bədii həlli tapılmalıdır, onu xəbər, informasiya formatından kinematoqrafik formata keçirmək lazımdır. Bizdə isə sosial mövzulara daha çox jurnalist kimi yanaşırlar, halbuki yazıçı kimi yanaşmaq lazımdır. Materialın maraqlı, poetik, daha doğrusu, bədii təqdimat həlli tapılmalıdır. Bu isə peşəyə aid bir şeydir, düzgün dramaturgiya qurmaq yaxşı təhsil tələb edir. Səhnələri düzgün bölmək, hər səhnənin emosional gücünü tapmaq və s. – bunların hamısı peşə ilə bağlı olan məqamlardır.
– Sizcə, dramaturgiyanın qaydalarını bilmək bədii həll tapmaq üçün kifayətdir?
– Yüz faiz. Dramaturgiyanın qaydalarını yaxşı biləndə, ən azı, əlində olan materialı düzgün dəyərləndirə bilirsən. Dramaturgiya nədir? Dramaturgiya sxemdir, hazır karkasdır. O karkası düzgün konstruksiyaya böləndən sonra qalan hissələri yavaş-yavaş əlavə edərək yığırsan.
– Son illərdə nəsillərarası konflikt mövzusu çox müraciət edilən mövzulardan biridir. Kimsə sırf fərdi təcrübəsini çəkir, kimsə bunu daha ictimai kontekstdə işləməyə çalışır. Belə filmlərdə müəllif ya tərəflərdən birini özünə alter-eqo seçir, ya da neytral qalır. Hansı metod bu mövzunun daha qlobal miqyasda çatdırılmasına kömək edə bilər? Müəllif neytral qalıb sadəcə araşdıranda, yoxsa konkret bir mövqe göstərəndə, tərəf tutanda?
– Ümumiyyətlə, ata-oğul, nəsillərarası keçid, konfliktlər bütün dünyada çox istifadə olunan mövzudur.
– Demək istədiyim odur ki, bu bir az təhlükəli mövzulardandır. Əgər sən axıra qədər şəxsi çərçivədə qalsan, hekayə də sırf sənə aid bir şey olaraq qalacaq, yumşaq desək, tamaşaçı mövzu ilə bağ qura bilməyəcək. Neyləmək lazımdır ki, hekayə şəxsi çərçivədən çıxsın?
– Çətin sualdır. Düzü, düşünmürəm ki, hekayəni şəxsi çərçivədən çıxarmaq lazımdır. Bəzi mövzular şəxsi mövzulardır, fərqli zamanlarda yaşamış insanlar haqqındadır. Ata-oğul, ya da baba başqa-başqa dünyaların adamları olublar. Bu mövzulara niyə belə çox toxunurlar? Çünki cəmiyyətdə insanları narahat edən mövzulardır. Belə deyim: Dünya dəyişir, bizim valideynlərimiz SSRİ dövründə doğulublar və o mədəniyyəti görüblər. Biz isə müharibə, aclıq, keçid dövründə doğulmuşuq, respublika qurula-qurula böyümüşük, təbii ki, ata-babamızın həyat tərzinə uyğun yaşaya bilmərik. Onlar da bizi öz qaydalarına uyğunlaşdırmağa çalışanda disbalans yaranır. Çünki biz başqa dünyanın adamlarıyıq, onlar başqa dünyanın. Məsələn, bu il hətta Berlin festivalında da bu mövzuda bir film vardı, orada ana və qızı arasındakı konflikt göstərilirdi və radikal yanaşma vardı. O ki qaldı müəllif kinosuna… Məsələn, sən “hərənin öz həqiqəti var” deyib tanrı kimi yuxarıdan baxa bilərsən, hadisələrə neytral yanaşa bilərsən. Bu da bir yoldur. Yaxud da emosional baxımdan sənə yaxın olan qəhrəmanın həyatı ilə yola çıxa bilərsən. Onsuz da bütün uğurlu filmlərdə bir əsas qəhrəman olur və müəllif bütün təhkiyəni həmin qəhrəmanın üzərində qurur.
– Yəni, elə, ya da belə – müəllifin mütləq bir mövqeyi olur?
– Mütləq olur. O, sadəcə ştrixlər vurur. Bu iş rəssamlıq kimidir. Məsələn, rəssamlar var ki, fırçanı sərt işlədib və görürsən ki, emosional olaraq burada o hissini ötürüb. Ya da elə edə bilər ki, sənə səthi təsir bağışlayar.

– “Tənha insanın monoloqu”nda sizin alter-eqonuz hansı qəhrəmandır? Ata, ya oğul? Hansı sizə daha yaxındır?
– Təbii ki, oğul. Orada danışan oğuldur.. Mənə deyirlər ki, “Monoloq” filmi müharibənin görünməyən tərəfi haqqındadır, müharibə arxa plandadır. Amma mən deyərdim ki, bu, sırf müharibə filmidir, zamanların müharibəsi haqqındadır. İki fərqli zamanda yaşamış insan məcburiyyətdən bir yerdə yaşayır və bir-birilə öz müharibələrini aparırlar – həyat müharibəsi. Çünki həyat özü müharibədir. Biz doğulandan ölənə qədər özümüzlə, öz əqidəmizlə, vicdanımızla mübarizə aparırıq. Odur ki, doğulduğumuz andan bir müharibənin içindəyik.
– Amma film barışıq haqqında deyil, düzdür?
– Yox, orada barışıq yoxdur. Sadəcə inciklik var və gedən müharibədə hərə özünə görə haqlıdır.
– Emin, mənim özümə çox maraqlı olan bir mövzu barədə soruşmaq istəyirəm. Azərbaycan kinosunda qadın obrazları… Artıq uzun illərdir ki, müzakirə olunur, AKİ mütəmadi olaraq bu mövzuya həsr olunmuş ssenari müsabiqələri keçirir. Builki “Sevil” festivalında müzakirə panellərindən biri kamera arxasındakı və kamera önündəki qadınlarımız mövzusuna həsr olunmuşdu. Bəs niyə hələ də kinomuzda diqqətəlayiq qadın qəhrəmanları yoxdur?
– Bircə “Nabat” filmi var.
– Halbuki uzun müddətdir, bu istiqamətdə işlər gedir, müzakirələr, müsabiqələr, söhbətlər. Düzdür, “Nabat” var, “Vətəndaş A” serialı çəkildi, amma belə nümunələr tək-tük olur, silsiləyə çevrilmir. Üstəlik, qadın personajların alt qatı boş olur. Yəni, obrazın xarakterini bütünləşdirə, emosional, psixoloji baxımdan əsaslandıra bilmirlər.
– Çünki onları kişilər yazır. Qadın qəhrəmanlar yaranmır, çünki qadın dramaturqlarımız, ssenaristlərimiz azdır. Sizin dediyiniz kimi, bir obraz yaratmaq üçün gərək qadını çox yaxşı tanıyasan. Bizdə isə içi mən qarışıq müəlliflərin böyük hissəsi kişilərdir. Məsələn, mənim həyatımda kifayət qədər qadın olub, amma hələ də subayam. Yəqin ki, müəyyən məqamlarda qadınlarla fikirlərimiz kəsişməyib, ya da mən onların nə istədiyini tam anlaya bilməmişəm. Yəni, mən bu gün götürüb bir qadın obrazı yazsam, o saxta alınacaq. Mütləq hansısa qadın ssenaristlə məsləhətləşməliyəm, ya da onun yazdığını götürüb çəkməliyəm, hətta çəkiliş prosesində də düzgün analizlər aparmalıyam: Qadın hansı situasiyada nə hiss edir, nə yaşayır, nə düşünür? Dediyim kimi, problem odur ki, bizdə ssenaristlərin əksəriyyəti kişilərdir. Kişilər də ancaq qadının zahiri portretini yarada bilər. “Vətəndaş A” serialındakı kimi, məsələn. Ancaq qadının daxili dünyası, psixologiyası… bunları ancaq özləri təsvir edə bilərlər.
– Siz həm də seriallarda, kommersiya filmlərində həmmüəllif kimi işləyirsiniz. Nəsə bir toqquşma, fikir ayrılığı olurmu və necə həll edirsiniz? Ümumiyyətlə, özünüzün hansısa yazı texnikanız varmı?
– Mən onlarla necə işləyirəm? Əvvəlcə materialla tanış oluram. Bir-iki ay ərzində ssenarinin sxemini, konstruksiyasını, süjeti və s. qururam. Məsələn, “Alatava” serialında belə işləmişdim. Strukturu qurdum, ideyanı, seriyada nə baş verdiyini, dialoqların məzmununu müəyyənləşdirdim. Sonra bu sxemin içini doldurmaq üçün Əlixana verdim. Əlixandan sonra ssenari yenə mənə qayıdırdı, qeydlərimi yazıb yenə Əlixana göndərirdim və s. Bu qaydada işləyirdik. Və mənə inanırlar, çox sağ olsunlar. Belə işləmək asandır.
-Bəs öz ssenarilərinizdə?
– Özümdə birinci ideya gəlir, sonra personajların xarakterlərini qururam. Çünki hər personaj fərqli situasiyalarda fərqli addımlar atır. Ona görə də, xarakterləri birinci yazıram ki, hansı situasiyada hansı personajın necə davranacağını dəqiq bilim. Sonra filmin əvvəlini, ortasını, axırını tapıram. Gerisini yazmaq asan olur. Ümumiyyətlə, ssenaridə ən çətini elə bu ilk detallardır – ideya, personajların xarakteri və nə danışmaq istəyirsən…
– Və son sualım. “Tənha insanın monoloqu”nda stolun üstündəki zeytun budağıdır?
– Alça budağıdır. Rəssam onu gətirib qoymuşdu.
– Filmin mövzusuna görə mən elə bilmişdim, zeytun budağıdır. Barışıq barədə sualı da ona görə verdim.
-Yox, alça budağıdır.
Müsahibəni hazırladı: Aygün Aslanlı