İNDİ OXUYUR
Elmar İmanov: “Başa düşülməmək məni narahat etmir”

Elmar İmanov: “Başa düşülməmək məni narahat etmir”

Rejissor Elmar İmanov Köln Beynəlxalq Kino Məktəbində təhsil alıb.  “Tabutçunun yelləncəyi” adlı ilk qısametrajlı bədii filmi ilə həm Azərbaycanda, həm də beynəlxalq miqyasda diqqət çəkməyi bacarıb. “Tabutçunun yelləncəyi”, tələbə “Oskar”ı (Amerika Kino Akademiyasının  “Ən yaxşı əcnəbi film” nominasiyasında bürünc mükafat) və alman kino tənqidçilərinin mükafatı da daxil olmaqla, qırxdan çox beynəlxalq mükafata layiq görülüb. İlk tammetrajlı bədii filmi olan “Mövsümün sonu” 2019-cu ildə Rotterdam kino festivalının “İşıqlı gələcək” bölməsində FİPRESSİ-nin mükafatını qazanıb.  2013-cü ildə Yeva Blondia ilə birlikdə “Color of May” adlı prodüserlik şirkətini təsis edib və dünyanın müxtəlif bölgələrində film istehsalı ilə məşğul olur.  

Rejissor Elmar İmanov

– Elmar, daimi aktyorlarınız Zülfiyyə Qurbanova və Rasim Cəfər sizin iş metodunuz barədə danışanda inandırmaq bacarığınızı xüsusi vurğulayırlar. Belə başa düşürəm ki, sizin yaxşı təlqinetmə, manipulyasiya qabiliyyətiniz var.

– Siz onları düz başa düşməmisiniz. Doğrudur, elə rejissorlar var ki, istədikləri dublu, ya da oyunu almaq üçün manipulyasiyadan istifadə edirlər, hətta aktyoru qəsdən hirsləndirə də bilərlər.  Bu nə pisdir, nə yaxşı. Bu bir iş metodudur. Mən sadəcə xahiş edə bilərəm; onları dilə tuturam, inandırıram, amma manipulyasiya etmirəm. Yəni bu, klassik anlamda manipulyasiya deyil, sadəcə söhbətdir. Mən aktyorun oynaya bilmədiyi, ya da oynamaq istəmədiyi səhnənin vacibliyini izah edirəm, onunla hər şeyi açıq şəkildə danışıram. Məsələn, elə rejissorlar var ki, bir çox şeyi aktyordan gizlədirlər və həmin məqamlar addım-addım üzə çıxır. Mənsə heç nəyi gizlətmirəm. Deyirəm ki, bax belə bir səhnə var, oynaya bilərsən? Oynaya bilməyəcəksənsə, başdan de; birlikdə fikirləşib bir yol taparıq, məşq edərik və ya səhnəni dəyişərik və s. Çünki aktyorlar müxtəlifdirlər, onların istedad səviyyələri də fərqli olur, evdə fərqli problemlərlə üzləşirlər. Bunların hamısını nəzərə almaq lazımdır. Ona görə bəzən o qədər də asan olmur.

– Əslində aktyorlarla işdən başlamağımın səbəbi başqa idi. Sizin filmlərinizdə sanki tamaşaçını hipnoz edən intim bir şey var.  Sizcə, tamaşaçıya təsir etmək, həmin bu hipnoz texnikasının işləməsi üçün nə daha vacibdir – filmin ritmi, aktyor oyunu, ya da, məsələn, musiqisi, yaxud tamamilə başqa bir şey?

– Məncə, kino bunların hamısıdır. Bu kommunikasiyadır, mediumdur. Hər şey eyni vaxtda işləməlidir: hekayə, üzlər, səs, aktyorlar, montaj. Aralarından biri yaxşı olmasa, təsir də olmayacaq, alınmayacaq. Çünki sən tamaşaçının əlindən tutub aparırsan və o, yolboyu gördüyü hər şeyi başa düşməlidir, hiss etməlidir, lazım gələndə ağlayıb-gülməlidir. Əgər tamaşaçının əlini buraxsan, istədiyin yerə gedə bilərsən, amma bu heç kimə maraqlı olmayacaq. Ya da, əksinə, tamaşaçı sənin əlindən tutacaq ki, bu da ən pisidir.

– Tamaşaçının əlindən tutmaq fikrinin davamı olaraq: heç başa düşülməməkdən qorxmursunuz? Məsələn, Kino Evində “Tabutçunun yelləncəyi”nin müzakirəsi zamanı fikir verdim ki, bəzi tamaşaçılar finalı anlamamışdılar. Düşünürdülər ki, Musanın yaşayacağı xəbəri atanı kədərləndirir. Ümumiyyətlə, filmlərinizdə final həmişə sakit olur. Yəni bəzi rejissorlar finalda yağlı bir nida işarəsi qoyurlar, amma siz yox. Hətta tamaşaçı finalın açıq qaldığını belə düşünə bilər. Halbuki elə deyil.

– Başa düşülməmək məni narahat etmir. Mənim üçün ən əsası tamaşaçının hansı hisslər keçirməsidir. Hətta adını bilmədiyi bir duyğunu yaşasa, daha yaxşı olar. Yəni film bitir, nəsə hiss edirsən, amma o hissinə ad qoya bilmirsən. Əvvəllər bunu tez-tez deyirdim, sonra, ümumiyyətlə, kino haqqında danışmağı dayandırdım. Mənə görə, film bitəndən sonra nəsə hiss edirsənsə və o hissə ad qoya, onu izah edə bilmirsənsə, deməli, yaxşı filmə baxmısan. Sonra həmin duyğunu araşdırmağa, aydınlaşdırmağa başlayırsan və adını tapırsan. Amma tapana qədər o hiss səni narahat edir. Buna görə deyirəm ki, mənim əsas hədəfim başa düşülmək deyil. Məsələn, həmin müzakirə zamanı tamaşaçılardan biri finalda atanın niyə sevinmədiyini soruşdu. Bu sual bizə həmin tamaşaçının kim olduğu barədə məlumat verir, mənim, ya da film haqqında deyil. Mənim üçün vacib olan budur: onları tanımaq, özümü yox. Mən özümü tanıyıram. Yoxsa niyə kino çəkim? Ola bilsin ki, nəsə başqa bir şey axtarıram, amma daha çox ünsiyyət qururam filmlərim vasitəsilə. Məsələn, çox güman ki, bu sualı verən tamaşaçı üçün insanların hisslərini anlamaq çətindir. “Tabutçunun yelləncəyi” mürəkkəb film deyil. Onu hər kəs başa düşə bilər, hər kəs. Mən onu Xınalıqda da göstərmişəm, az qala bütün dünyanı gəzib, 120 festivalda iştirak edib, 42 mükafat qazanıb. Bu sübut edir ki, o ancaq kinoşünasların anlaya biləcəyi qədər mürəkkəb deyil. Orada hər şey çox sadədir. Ona görə də düşünürəm ki, məsələ o sualı verən tamaşaçının özündədir. Yəqin o düşünür ki, insanlar heç vaxt dəyişmirlər, dəyişə bilməzlər və Musanın atası kimi insanlar da necədirlərsə, həmişə elə qalacaqlar. Sən beləsənsə, belə də qalacaqsan. Çox güman ki, onun öz həyatı da belədir və heç vaxt dəyişməyəcək. Mənə də məhz bu maraqlıdır. Filmə baxan, onun haqqında fikir yürüdən hər kəs əslində film haqqında deyil, daha çox özü haqqında danışır. Və beləcə, sən film vasitəsilə cəmiyyətlə tanış olursan. Təbii ki, burada peşəkarları, kinotənqidçiləri nəzərdə tutmuram. Düzdür, orada da subyektiv baxış olur, amma bu, işin bir hissəsidir. Mən adi tamaşaçılardan danışıram.

Elmar İmanov “Kino Evi”ndə “Tabutçunun yelləncəyi”nin filminin təqdimatında

– Bresson aktyorları model adlandırırdı, Antonioni ağ divarda qara ləkə. Hiçkokun aktyorlar barədə fikrini dilə gətriməsəm yaxşıdır. Sizin üçün aktyor kimdir?

– Mənim üçün aktyor insandır. Vəssalam! Əsas odur ki, bir-birilərinə uyğun gəlsinlər, eyni dünyada ola bilsinlər. Bəziləri bir-birinə uyğun gəlir, bəziləri yox. Əslində mən kastinqə çox vaxt ayırmıram. Bu vaxta qədər çəkdiyim filmlər azbüdcəli olub deyə, heç vaxt geniş kastinq etməmişəm və bu sahədə böyük təcrübəm yoxdur. İndiyə qədər, demək olar ki, eyni aktyorlarla işləmişəm. Bu yaxınlarda Kölndə çəkilişlərinə başlayacağım filmin yetərli büdcəsi var və ola bilsin, peşəkar kastinq direktoru ilə işləyəcəyik. Ümumiyyətlə, aktyorla işin səviyyəsi rejissorun marağından, daha doğrusu, nə istədiyindən asılıdır. Yəni əgər sən aktyorun nəyisə bacarmasını, oynamasını istəyirsənsə, onunla işləməlisən, onu insan kimi anlamağa çalışmalısan, necə işlədiyini öyrənməlisən. Eyni zamanda aktyor da açıq olmalıdır və sənə kömək etməlidir. Aktyor nəyisə bacarmayanda mən onu atmıram, əksinə, özünə inanmasına çalışıram.

– Elmar, bir qayda olaraq, kamera filmləri çəkirsiniz. Daha böyük miqyaslı filmlər çəkmək…

– Səbəb sadəcə maliyyədir. Ona görə hamısı kamera filmləridir. Əslində mən həmişə əvvəllər heç vaxt etmədiyim şeylər etməyi, yeni şeylər sınamağı xoşlayıram. Baxın, filmlərimdə aktyorlar eyni olsalar da, üslub cəhətdən fərqlənirlər. Məsələn, “Tabutçunun yelləncəyi” klassik dramaturgiya əsasında qurulub. Yəni düyün nöqtəsi, kulminasiyası, açılışı, finalı var. “Ayrı-ayrı” filmi eksperimental dramaturgiyadır. İki hissədən ibarət qısametrajlı filmdir və hər hissə fərqli tərzdədir – birincidə vestern elementləri üstünlük təşkil edir, ikinci başqa stildədir. “Mövsümün sonu” həmçinin. “Mövsümün sonu”nda büdcəmiz çox az idi. Demək olar ki, pulsuz çəkmişik. Amma yenə də imkanımız daxilində yeni şeylər sınamağa çalışmışam. Məsələn, qadının çimərlikdə yox olduğu səhnə… Yəni çox sayda insanın iştirak etdiyi səhnələr.  Belə səhnələrdə arxada, öndə, ortada olan hər kəs dəqiq təlimatlandırılmalıdır. Mən belə səhnələr çəkməyi, ritmə salmağı, koordinasiya etməyi bacarıram. Təbii ki, çətindir, amma maraqlıdır. Büdcəmiz az olduğu üçün “Mövsümün sonu”nda həmin səhnədə adamların sayı istədiyim qədər deyil. Hətta film boyu çəkiliş meydançasında əsasən üç nəfər olurdu. Yaxud musiqidən istifadə tərzi… Yenə deyirəm: mən yeni şeyləri sınamağı xoşlayıram. Ona görə də fikirləşirəm ki, nə vaxtsa batal səhnələr də çəkə bilərəm.

“Tabutçunun yelləncəyi”, rejissor Elmar İmanov

– Batal səhnələrdən söz düşmüşkən, yanlış xatırlamıramsa, “4.1 şəhər motivləri” almanaxında sizin müzikl janrında filminiz də olmalı idi. 

– Olmalı idi. Mənə də almanaxda iştirakçı olmağı təklif etmişdilər və cəmi beş günə müzikl üçün ssenari yazmışdım. Zorla ərə verilən məktəbli qız haqqında idi. Qız qonaqların nəmər kimi verdikləri pulları götürüb, elə gəlin paltarında arxa pəncərədən qaçır. Həyətdə dostu ilə birlikdə siqaret çəkən müəllimi onu görür, qızın niyə gəlin paltarında həyətdə olduğunu anlayır və qaçmasına imkan verir, ona kömək edir. O vaxt  Mədəniyyət Nazirliyinin kino şöbəsində ssenarini oxuyandan sonra  bildirdilər ki, bu, Azərbaycan müəlliminə yaraşmayan, qeyri-etik hərəkətdir, müəllim qızın qaçmasına imkan verməməli idi.  Mən də filmi çəkməkdən imtina etdim. Sonra ssenarini genişləndirib tammetrajı film ssenarisinə çevirdim; layihəsi də, büdcəsi də, qismən musiqisi də hazırdır. Sadəcə maliyyə tapıb çəkmək lazımdır, amma hələlik bu layihə ilə məşğul olmağa vaxtım yoxdur.

–  İndi qadınlarla bağlı mövzular çox aktualdır. Ağlı olan sponsor, ya da nazirlik bu layihəyə maliyyə ayırar.  

– Üstəlik müzikldir. Maraqlı bir iş olardı.

– Yəqin xəbəriniz var. Mədəniyyət Nazirliyi tammetrajlı bədii film layihələrinin müsabiqəsini elan edib.

– Yox, ora verməyəcəm. Qoy əvvəlcə islahatları bitirsinlər. Çünki hələ çox şey dəyişməlidir.

– Fassbinder, Verner Hersoq kimi rejissorlar haqda alman ekspressionizmi cərəyanını nəzərdə tutaraq deyirlərmiş ki, “onların ataları yoxdur, babaları var” . Çünki ekspressionistlərdən sonra alman kinosunda bir dövr diqqətçəkən müəlliflər olmayıb. Bu mənada sizin atanız, ya da babanız kimdir? Hansı rejissorlardan ilham alırsınız?

– Mən çox az filmə baxıram. Kino məktəbində oxuyana qədər və oxuduğum müddətdə çox baxırdım. Özüm çəkməyə başlayandan sonra azaltdım.

– Təsirlənməmək üçün?

– Yox, sadəcə baxa bilmirəm. Amma düşünürəm ki, nə vaxtsa bu istək yenə qayıdacaq. Məsələn, düz dörd il, ümumiyyətlə, incəsənətin heç bir növünü qavraya bilmirdim. Musiqi dinləmirdim, muzeyə getmirdim, kitab oxumurdum. İndi də ağırdır, diqqətimi bir şeyə çox cəmləyə bilmirəm, amma təkrar muzeylərə getməyə, bir az müasir təsviri sənətlə maraqlanmağa, musiqi dinləməyə başlamışam. Kinoya isə hələ də baxa bilmirəm. Bu, düşünülmüş şəkildə verilən qərar deyil. Sadəcə baxa bilmirəm. Nəsə oldu. Mənə elə gəlir ki, atamın ölümü ilə bağlıdır. Ondan sonra nəinki filmlərə baxmaq, ümumiyyətlə, incəsənətin istənilən heç bir növü ilə maraqlana bilmirdim. İndi hamısı yavaş-yavaş qayıdır həyatıma. Düşünürəm ki, filmlər də qayıdacaq.

– Amma çəkirdiniz.

– Amma çəkirdim, bəli. Çünki mənim üçün bu ikisi tamamilə fərqli şeylərdir. Mənim üçün kino çəkmək havadır, nəfəs almaq kimidir. Bu mənim bacardığım yeganə şeydir. Yaxşı çəkirəm, ya pis – bunu nəzərdə tutmuram. Sadəcə tək bacardığım şey budur. Kino mənim üçün özümlə diskussiyadır, dünya ilə diskussiyadır, eyni zamanda da yaradıcı prosesdir. Elə bir prosesdir ki, uzun müddət onunla yaşayırsan. Bu bütün hisslərinin partlayışıdır. Ona görə kinonun narkotik tərəfi də var.

– Zvyaqintsev deyir ki, kino çəkməyəndə yaşamıram; elə ki ssenarist və operatorumla bir otağa girib yeni film üzərində işləməyə başlayırıq, onda mən də yaşamağa başlayıram.

– Mən də beləyəm. Ona görə dedim ki, mənim üçün kino havadır. Məsələn, bir çox rejissor ssenari yazmağı sevmir. Mənsə, əksinə, sevirəm. Son yeddi ildə tammetrajlı və qısametrajlı on ssenari yazmışam və təkcə özüm üçün yazmıram. Məsələn, beş tammetrajlı ssenarini başqa rejissorlarla birlikdə yazmışam. Bəziləri filmə çevrilib. Biri  Gürcüstanda, digəri İtaliyada. İtaliyada çəkilən film müştərək layihədir, orada həm də quruluşçu rejissorlardan biri mənəm. Hazırda montaj mərhələsindədir. Buradan Gürcüstana gedəcəm və orada yeni ssenari yazacam. Bir də Teymur Haciyevlə birlikdə onun tammetrajlı filminin ssenarisini yazırıq. Yəni ssenari yazmaq təklifi alanda məmnuniyyətlə qəbul edirəm. Təbii, əgər təklif normal insandan gəlirsə. Hər adamla işləmək mümkün deyil.

– Ssenari yazmaq, film çəkmək… Həm də prodüser kimi istehsalatla məşğulsunuz, “Color of May” adlı şirkətiniz var.

– Orada əsas prodüser Yeva Blondiadır. Biz sıfırdan başlamışdıq və artıq  Əfqanıstanda, Ukraynada, Rusiyada, İtaliyada, Almaniyada, demək olar ki, bütün dünyada film istehsal etmişik. Hətta Gürcüstanda üç filmə prodüserlik etmişik və indi dördüncünün üzərində işləyirik.

– Onlardan birini izləmişəm. İki alman gəncin Gürcüstandakı macəralarından bəhs edir.

– Soso Bliadzenin “Ənənə” filmi. Biz onun maliyyəsini Almaniyada tapmışdıq. Yeri gəlmişkən, gürcü qısametrajlı filminə Almaniyada pul tapmaq həddindən artıq çətindir. Bizim bəxtimiz gətirdi. İndi Soso Bliadze ilə birlikdə daha iki tammetrajlı film çəkirik. Qısametrajlı filmə Soso təcrübə toplasın deyə yatırım etmişdik.

– Azərbaycanda da layihələriniz var?

– Azərbaycanda Teymur Hacıyevlə işləyirik. Yeri gəlmişkən, “Color of May” şirkətinin ilk filmi “Ayrı-ayrı” olub. Teymur Hacıyevin filmi isə müştərək layihəmiz olacaq. Biz çox layihə götürmürük. Çünki şirkətdə cəmi iki nəfərik. Hətta deyə bilərəm ki, Yeva hər şeyi tək edir.

“Mövsümün sonu”, rejissor Elmar İmanov

– Layihə qəbulu elan edirsiniz, yoxsa müəlliflər özləri sizi tapırlar?

– Fərqli olur. Kimsə bizi tanıyır, kimisə biz tanıyırıq. Kimisə kinomarketlərdə tapırıq. Məsələn, Boris Xlebnikovun “Aritmiya” filmini belə marketlərdən birində tapmışdıq. Yəni layihənin prodüseri ilə orada tanış olmuşduq. Mən Boris Xlebnikovu çox xoşlayıram. Ona görə dedim ki, bu layihədə mütləq iştirak etməliyik.

– Dediniz ki, bir neçə ölkədə işləmisiniz, prodüser kimi artıq kifayət qədər təcrübəniz var. Sizcə, Azərbaycanda müstəqil kinonun inkişafı üçün hansı mexanizmlərə ehtiyac var?

– Birincisi, onu deyim ki, istənilən kino müstəqil olmalıdır.

– Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərdə müəyyən məhdudiyyətlər olur. Az əvvəl özünüz bir nümunə göstərdiniz.

– Ümid edirəm ki, artıq bu istiqamətdə də nələrsə dəyişəcək.

– Bunu yeni filmlər ekranlara çıxmağa başlayanda biləcəyik.

– Mən inanıram ki, Rüfət ( Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov) nəsə edəcək. Bütün hallarda bu o qədər asan deyil və uzun prosesdir. Əsas odur ki, o öz işini görür. Sualınıza qayıtsaq, bir çox amillər var. Birincisi, müstəqil komissiya olmalıdır ki, məncə, artıq yaradırlar. İkincisi, mütləq alternativ bir fond yaradılmalıdır. Yəni maliyyə mənbəyi, sifarişçi sadəcə ildə bir dəfə dörd film istehsalata buraxan nazirlik olmamalıdır. Onlara da eyni adamlar prodüserlik edir, təkcə rejissorlar dəyişir. Bu formada rəqabət yaranmır. İkinci fond yaradılmalıdır, alternativ, dövlətə aid olmayan maliyyə mənbəyi olmalıdır, idarəçilik bir strukturun əlində cəmlənməməlidir. Məsələn, zəngin adamlar toplaşıb kinoya dəstək fondu yarada bilərlər ki, onlara da vergi güzəştləri nəzərdə tutulmalıdır. Belə nümunələr bütün dünyada var. Alternativlər və rəqabət mütləqdir. Bir vacib amil də var – telekanallar. Bizdə təxminən 7-8 telekanal var. Onlar pul qazanır və efirlərində Azərbaycan kinosuna yer ayırmır. Köhnə filmlərin nümayişini nəzərdə tutmuram. Yerli müstəqil rejissorların filmlərini almırlar. Halbuki bütün dünyada bu təcrübə var. Telekanallar bu təcrübəni tətbiq etsə, rejissor biləcək ki, burada bazar var, filmini sata bilər. Yəni rejissor ssenarisini götürüb gəlir hər hansı kanala və kanal onun filminin co-prodüseri olur, çəkilişə maliyə ayırır. Rejissor da filminin nümayiş haqqını həmin kanala verir. Yaxud kimsə müstəqil şəkildə, öz hesabına maraqlı bir film çəkir və onun nümayiş hüququnu hansısa kanala satır. Qazandığı vəsaitlə də həm daha bir film çəkə bilir, həm də evinə çörək aparır. Mənə məlum olduğu qədər, Azərbaycanda bu sistem hələ yoxdur.

– Dediniz ki, gürcü rejissoru üçün Almaniyada maliyyə tapmaq çətindir. Bəs onlar bunun öhdəsindən necə gəlirlər? Çünki, məncə, orada filmin ümumi büdcəsinin 70-80%-ni Milli Kino Mərkəzi verir, qalanını layihə müəllifi özü tapmalıdır.

“Torn” (“Ayrı-ayrı”), rejissor Elmar İmanov

– Demək olar ki, bütün məbləği mərkəz verir. Doğrudur, orada belə bir sistem var, amma bu məcburi deyil və əslində bütün büdcəni mərkəz təmin edir. Amma, məsələn, Gürcüstanda Batumidə, Acariyada kiçik fondlar var. Filmi Acariyada çəkirsənsə, orada sənə maliyyə verə bilirlər. Burada da zənginlər belə bir şey edə bilərlər. Bir də orada hərdən televiziyalar da istehsalata maliyyə ayırır və ya texnika ilə təmin edir. Sadəcə Gürcüstanda kinoteatr yoxdur. Bütün Gürcüstanda cəmi altı kinoteatr fəaliyyət göstərir. Bizdə bu işlə bağlı vəziyyət daha yaxşıdır, amma burada da filmlərə gedən yoxdur. Məsələn, Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmini kinoteatrda nə qədər insan izlədi?

– Çox deyil. Amma bu normaldır. Dünyanın heç bir yerində sənət filminin tamaşaçısı çox deyil. Ona görə də belə filmlər xüsusi, ixtisaslaşmış kinoteatrlarda uzun müddət nümayiş olunur. “Andeqraund” və ya “başqa kino” devizi ilə. Sənət kinosunun ticarət mərkəzlərinin kommersiya məqsədli zallarında göstərilməsi faydasızdır. Bunun üçün dövlətə məxsus, Mədəniyyət Nazirliyinin bazasındakı kinoteatrlardan istifadə edilsəydi, daha yaxşı olardı.

– Yəni xüsusi məkanlar yaradılmalıdır. Məsələn, “Vətən” kinoteatrını bu iş üçün uyğunlaşdırmaq olar. İnsanlar da biləcəklər ki, məsələn, Terrens Malikin filmlərinə baxmaq üçün hara getməlidirlər. Ticarət mərkəzində Hilal Baydarovla “Spiderman-4” arasında seçim etmək məcburiyyətində qalmayacaqlar.

– Elmar, kinematoqrafçının, konkret azərbaycanlı rejissorun dünyaya çıxmaq kimi bir dərdi olmalıdırmı? Bu çox vacibdir?

– Mütləq. Məsələn, biz “Color of May”ı yaradıb prodüserlik fəaliyyətinə başlayanda iki yolumuz vardı: birincisi, Almaniyada alman filmləri çəkmək, ikincisi, bütün dünyada filmlər çəkmək. İkisi arasında fərq onda idi ki, əgər bütün dünyada çəksən, təkcə Almaniyada qazanacağının 20%-ni qazanacaqsan. Çünki büdcələr fərqlidir. Yəni əgər Əfqanıstanda 150 min avroya, ya da Azərbaycanda 20 min avroya çəkirsənsə – bu, sıfır büdcə deməkdir, – yaxud Gürcüstanda 300-400 min avroya çəkirsənsə, heç nə qazanmırsan. Amma daha xoşbəxt olursan. Çünki daima eyni yerdə, eyni ölkədə qalmırsan, fərqli ölkələri gəzirsən, çoxlu fərqli insanlar, fərqli talelərlə tanış olursan. Eyni yerdə qalanda, öz yağında qovrulanda inkişaf etmirsən. Hərçənd artıq internet var. Amma yenə də dünyaya inteqrasiya etmək vacibdir.

Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya