İNDİ OXUYUR
Əli İsa Cabbarovdan naşı məsləhətlər

Əli İsa Cabbarovdan naşı məsləhətlər

“Əcəb işə düşdük” – bu birinci aktdır, “pis günlər geridə qaldı, daha pis günlər qabaqdadır” bu da ikinci akt, “qonşun pisdir – köç qurtar, dişin ağrıyır – çək qurtar” da üçüncü akt.

                                         ******
Əvvəldə “ölüdürsə” – “dirilt”, əvvəldə “diridirsə” – “öldür”.

                                         ******
Axırda “öləcəksə”, “ölməyi mümkün deyil” təəsüratı yarat, “diriləcəksə”, “çətin bu adam dirilə” fikrini aşıla.

                                         ******
Sevgili kimi mahir ol, məşuqunla necəsənsə, tamaşaçınla da elə ol: gözlət, çərlət, qorxut, həzz ver. Ona qədər qəhrəmanını sevdir tamaşaçıya. Özünü həyatda necə sevdirirsən? Sevgilində “mən də sənin kimiyəm”, “bizim nə qədər oxşar cəhətlərimiz var”, “biz bir almanın ikiyə bölünmüş taylayırıq” təəssüratları yaratdığın kimi tamaşaçıda da qəhrəman haqda belə təəssürat olmalıdır.
Bu təəssürat təkcə maneələrə, sürprizlərə reaksiya ilə yox, detallarla da yarana bilər: stakana şəkər tökəndə şəkərin dağılması, metroda vaqondan çıxanda oturduğun yerə geri dönüb baxmaq, ayaqqabının kəmərini taxarkən səbirsizlik –  sənin qəhrəmanını milyonlarla tamaşaçı ilə eyniləşdirən detallardır.

                                         ******
1.2.3.4.5.6.7. həyatdır,1.3.5.7. ssenari

                                         ******
Ramiz Fətəliyev deyib: “qəhrəmana əvvəldə şillə dəyibsə, sonra şillə və təpik dəyməlidir, üçüncü dəfə isə şil-küt olmalıdır”. Hegel buna “tarixin spiralvari inkişafı” deyir.

                                         ******
Üç tərkibli alqoritmi qur. 3 saatlıq “Xaç atası” iki təkrarlanan alqoritmdir: səadət (qızının toyu), bəla (ataya sui-qəsd), qisas (Polisin qətli),.İkinci dəfə: səadət– Mayklın toyu, bəla – xanımının və qardaşının qətli, qisas – rəqib ailələrinin başçılarının qətli.

                                         ******
Olmaya bilərsə (səhnə, dialoq, mövzu), olmasın (ixtisar elə).

                                         ******
Ağ qarada bilinir, qara ağda. Qorxaq qəhrəmanını təhlükəyə at, cəsarətlini təhlükəsizlikdə rüsvay elə.

                                         ******
Əkilmişdim ki “tarap” yıxıldım, durub təzədən qaçırdım ki, “dadanq” qonşu qıza dəydim, əlindəki akvarium “babax” sındı”- “tarap”, “dadanq”, “babax” -sürprizlərdir, onlarsız ssenari olmur. Hiçkokun əla ssenari üçün tələb olunan 3 “S”-dən bəlkə də ən vacibi.

                                         ******
Həyat yoldur, ana bətnindən qəbirə, süjet də yoldur, giriş titrindən finala qədər.

                                         ******
Yaxşı uşaq poxundan bilinər: pox – ekspozisiyadır, filmin ruhu, duzu, mövzusu, təhlükəsi və gözləntiləri hamsı bu ilk “pox”dadır.

                                         ******
Qəhrəmanının peşəsi nədir? Peşəsi xasiyyətinə, geyiminə, çəkisinə, nitqinə, yemək manerasına, plastikasına, yoldaş seçiminə, sağlamlığına, həyat rejiminə necə təsir edib? Bu suallara cavab tapsan xarakterin 50 faizi (bəlkə də 70) hazırdır, filmin də 30 (bəlkə də 50) faizi.

                                         ******
Bütün süjetlər sevgi haqqındadır: pula, qadına, vəzifəyə, dövlətə, vətənə,anaya,məşuqəyə

Əli İsa Cabbarov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya