İNDİ OXUYUR
Ekran sənətimizin 60 yaşlı məbədi

Ekran sənətimizin 60 yaşlı məbədi

Bu il ekran sənətimiz üçün yetərincə əlamətdar ildir: Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 yaşı tamam olur…

Quru, cansız təsir bağışlayan bu rəqəmlər, əslində, ağlagəlməz dramatizmdən, uğur və uğursuzluqlardan, bənzərsiz sənətçi talelərindən, sonsuz axtarışlardan xəbər verir…

Keçilən yola nəzər salanda kinomuzda xeyli fəxrediləsi məqamların mövcudluğunu kimsə inkar edə bilməz…

Taleyin gərdişi, neft istehsalının və sənayenin inkişafı sayəsində Azərbaycan bir çox sənət sahələri üzrə nəinki Qafqazda, hətta bütün Şərqdə aparıcı mövqe turub, Bakı bu cəhətdən hətta Rusiya İmperiyası Qafqaz canişinliyinin mərkəzi, Tbilisini və Osmanlı imperiyasının paytaxtı İstanbulu belə xeyli qabaqlayıb. 1898-ci ildə “sinematoqraf”la tanış olmuş, yeni əsrin əvvəllərindən neft sənayesinin misli görünməmiş inkişafı sayəsində isə təkcə Qafqazın yox, həm də Rusiya imperiyasının əsas “sinematoqrafik mərkəz”inə çevrilmək yolunda iri addımlarlla adddımlayan Bakı ilk sənədli çəkilişlər, çəkiliş aparatlarının satışı, prokat kontorlarının açılışı, sinematoqrafların, yəni kinoteatrların inşası, ilk bədii film istehsalı cəhətdən də ilk sırada idi. Qafqaz və Orta Asiyada, hətta Yaxın Şərqdə ilk kino istehsalı şirkətinin – Pirone qardaşlarının “Filma” aksioner cəmiyyətinin də məhz Bakıda yaranması, bu regionda ilk bədii filmlərin çəkilişinin də Bakıda gerçəkləşməsi heç də təsadüfi deyildi. Bu cəhətdən ilk sənət birliklərinin məhz Bakıda meydana gəlməsi də qətiyyən təəccüb doğurmamalıdır.

Yaradıcılıq ittifaqlarını “Sovet quruluşunun bir parçası, totalitar sistemin vintciyi” adlandıranlar həqiqətdən yetərincə uzaqdırlar. Çünki belə birliklər sənətlərin mövcud olduğu hər yerdə, o cümlədən, Çar Rusiyası dövründə, təbii ki, teatr və kinematoqrafiya kimi sənət sahələrinin yarandığı vaxtlarda mövcud imperiyanın bir əyaləti kimi tanınan Azərbaycanda da təşkil edilib. Hələ 1887-ci ildə Bakıda “Artistlər İttifaqı”nın yaradılması, XX əsrin əvvəllərində belə sənət birlikləriun sayının sürətlə artması məlumdur. Həmin qurumlar yaradıcılıq məsələlərilə yanaşı, sənətçilərin ehtiyaclarını aradan qaldırmaqla, onları sənət ideallarına ruhlandırmaqla heç də az əhəmiyyətli olmayan missiyanı yerinə yetirirdilər.

Buna görə də Qafqaz və Orta Asiyada, hətta Yaxın Şərqdə ilk sinematoqrafçılar birliyinin də Bakıda yaranması da kimsədə təəccüb doğurmamalıdır. 1918-ci ildə kinematoqrafiyada çalışan qüvvələrin konsolidasiyası baş verdi – Bakı şəhərinin sinematoqrafiya və teatr qulluqçularının ittifaqı təşkil edildi. Bu, o zamanın ən diqqətəlayiq hadisələrindən biri idi. İttifaqa görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadə başçılıq edirdi. İttifaq siyasi qarışıqlıq dövründə ekran və səhnə xadimlərinin öz hüquqlarını müdafiə etmək, kinoteatrların və teatrların fəaliyyətini canlandırmaq, rejissor və aktyorların gündəlik problemlərini yoluna qoymaq, tədricən bütün kino və teatr sənətçilərini əhatə etmək yönümündə mümkün olan tədbirləri görürdü. Məhz belə tədbirlər nəticəsində dövrün mürəkkəb hadisələrindən az itkiylə çıxmaq mümkün olmuşdu.

Əlbəttə, zorakılıqla qurulan bütün rejimlər kimi, Sovet idarəetmə sistemi də sənət adamlarını nəzarətdə saxlamaq, onların yaradıcılığı ilə yanaşı, düşüncələrini də istiqamətləndirmək, meydanı azad yaradıcılıq birliklərinə buraxmamaq məqsədilə az sonra mərkəzdə və müttəfiq respublikalarda belə bir qurumların təşkilinə ehtiyac duydu. 1924-cü ildə Rusiyada meydana çıxan inqilabi kinematoqrafiya işçiləri ittifaqları bu sahədəki mövcud boşluqları doldurmaq məqsədi daşıyırdı. 1925-ci il martın 25-də Bakıda da Azərbaycan İnqilabi Kinematoqrafçılar Assosiasiyasının yaradılması məqsədilə şəhər kino işçilərinin və kino həvəskarlarının yığıncağı keçirilmişdi. Yığıncaqda Sovet kinematoqrafiyasının vəziyyəti və vəzifələri müzakirə olunmuş, Moskva qurumunun proqramı əsasında Azərbaycan İnqilabi Kinematoqrafçılar Assosiasiyası (Az.İKA) yaradılmasının zəruriliyi qeyd olunmuşdu. Lakin həmin dövrdə Sovet kinosunda hələ də idarəetmə sisteminin kifayət qədər formalaşmaması üzündən, həm də sənətçilər hələ də totalitar rejimi tam qəbul etmədiklərinə görə, həmin təşkilat qısa müddət sonra “öz işlərini qura bilmədikləri” bəhanəsi ilə ləğv edildi, ekran sənətinin və kino xadimlərinin taleyi incəsənət idarələri, kinematoqrafiya komitələri, kinematoqrafiya nazirlikləri yanında yaradılmış kollegiyalardan, əslində isə Sov.İKP MK və müttəfiq respublikaların MK-larının təbliğat-təşviqat və mədəniyyət şöbələrindən, kollegiyalardan, respublika partiya təşkilatlarının rəhbərlərindən, İ.Stalinin rəyindən asılı idi.

Rəhbərliyin 1930-cu illərdə kinematoqrafçıların ayrıca birliyinin yaradılmasına soyuq münasibəti, hər halda, əsassız deyildi. Çünki, məsələn, Azərbaycanda 1934-cü ildən yazıçılar və bəstəkarlar, 1940-cı ildən isə rəssamlar ittifaqları fəaliyyət göstərir, qarşıya çıxan bir çox problemlərin həllində yaradıcı adamlara yardım edirdi. Kino xadimləri isə belə maneələri aradan qaldırmaq üçün MK və inzibati idarələr nəzdindəki kollegiyalara üz tutmalı olurdular. 

1956-cı ildə İ.Stalinin “şəxsiyyətinə pərəstiş”in nəticələri aradan qaldırılmağa başlayanda, totalitar düşüncə tərzi bir qədər mülayimləşəndə kinematoqrafçılar fəallaşdılar. Nəhayət, İ.Pıryevin rəhbərliyi altında yaradılmış təşəbbüs qrupu belə bir birliyin yaradılmasında məqsədin “sosializm ideallarının təbliğində sanballı rol oynamaq” olduğunu bildirəndən sonra SSRİ Nazirlər Sovetinin 1957-ci il oktyabr, 1173 saylı qərarı ilə kinematoqrafçılar ittifaqlarının yaradılması rəsmi “xeyir-dua” aldı. Əlbəttə, Azərbaycan kinematoqrafçıları da dərhal həmin təşəbbüsə tərəfdar çıxdılar, həmin ilin dekabrında L.Səfərovun rəhbərliyi altında Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunu yaratdılar, ekran sənəti birliyinin yaradılması uğrunda çətin mübarizəyə başladılar.

Ölkənin siyasi rəhbərliyinin kinematoqrafçılar təşkilatının yaranmasına soyuq münasibəti bu prosesin 5 il (bəzi müttəfiq respublikalarda isə daha çox) uzanmasına səbəb oldu.Nəhayət, 1963-cü il yanvarın 9-11-də keçirilən təsis qurultayında rəsmi status aldı. Həmin vaxtdan da qarşısında qoyulan ideoloji tələblərə baxmayaraq, Azərbaycan  ekran sənətinin təbliği, inkişaf etdirilməsi, kino xadimlərinin maddi və mənəvi cəhətdən stimullaşdırılması yönümündə əvəzsiz xidmət göstərdi. İttifaq respublikada kinoya inzibati rəhbərliyi həyata keçirən Mədəniyyət Nazirliyi, Dövlət Kinematoqrafiya Komitəsi, film istehsalı ilə məşğul olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə milli kinomuzun formalaşmasına və inkişafına öz töhfəsini verdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 5 ildənbir keçirdiyi qurultaylarında, ildə iki dəfə baş tutan plenumlarında, konfranslarında, gerçəkləşdirdiyi digər çoxsaylı tədbirlərində kinematoqrafçıları mövcud sistemin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə səsləməklə yanaşı, sırf təşkilati və yaradıcılıq məsələlərini də müzakirə edir, mövcud problemlərin aradan qaldırılması üçün respublika rəhbərliyinə üz tutur, kinematoqrafçıların sosial vəziyyətinin yaxşılaşdırılması, istirahəti, ixtisaslarının artırılması, təhsili, yaradıcılıq ezamiyyətlərinin təşkili məsələlərilə yanaşı, yeni filmlərin təqdimi, müzakirəsi, ekran ustalarının tamaşaçılarla görüşü, kinematoqraflar arasında əlaqələrin yaradılması kimi vacib yönümlərdə fəaliyyət göstərirdi.

Təşkil prosesini və L.Səfərovun fəaliyyətini nəzərə almasaq, AKİ-nin rəsmən mövcud olduğu, az qala, 60 il ərzində quruma yalnız iki görkəmli sənət adamının H.Seyidbəyli və onun rəhbərliyi dövründə təşkilatçı kimi yetişib püxtələşmiş R.İbrahimbəyovun başçılıq etməsi unikal sənət hadisələrindən biridir. Obrazlı desək, L.Səfərov İttifaqın özülünü qoymuşdusa, H.Seyidbəyli həmin özül üzərində möhkəm bina ucaltdı, R.İbrahimbəyov isə o binanı qoruyub saxlamaq, eyni zamanda, genişləndirmək, təkmilləşdirmək, dövrün tələblərinə uyğun dəyişdirnək üçün əlindən gələni əsirgəmədi; L.Səfərov ekran ustalarına birliyin zərurətini təlqin etdisə, H.Seyidbəyli həmin birliyi gerçəkləşdirdi, R.İbrahimbəyov isə fəaliyyətini daha geniş məcraya yönəltdi; L.Səfərov kino xadimlərinin birlik haqqını təsbit etdisə, H.Seyidbəyli o birliyi Azərbaycan tarixinin və mədəniyyətinin danılmaz faktına çevirdi, R.İbrahimbəyov isə qurumun təbliğ etdiyi milli kinomuzu Azərbaycanın hüdudlarından kənarda tanıtdı.

H.Seyidbəyli də R.İbrahimbəyov da AKİ-yə rəhbərlik etdikləri dövrdə daim ehkamları dağıtmağı, bütün məsələlərdə ekran ustalarının yanında olmağı, kino xadimlərinin haqq və hüquqlarını qorumağa çalışıb, rəhbərlikdə də, yaradıcılıqda da varislik prinsipinə yox, qabiliyyət və istedad prinsipinə tərəfdar çıxıb, sənətdə nəsillərin davamlılığının qayğısını çəkiblər. Nəticədə, bütün dövrlərdə AKİ daim yeni nəsil kinematoqrafçıların üz tutduğu yer, kinomuzun və ekran ustalarımızın maraqlarını qoruyan mərkəzə çevrilib. H.Seyidbəyli də, R.İbrahimbəyov da həmişə gənc nəslə qayğıyla yanaşıb, istedadına, qabiliyyətinə güvəndikləri gənclərə əllərindən gələn köməyi əsirgəməyiblər.

Əlbəttə, Azərbaycan Kinematoqrafçılar İttifaqı da bütün yaradıcılıq təşkilatları kimi, partiya və dövlətin siyasi-ideoloji xəttinin yeridilməsinə yardım göstərmək üçün təsis edilmişdi, bununla belə, xüsusilə 1960-cı illərin sonlarında və 1970-1980-ci illərdə kinomuzun inkşafında şəxsiyyət amilinə böyük diqqət verilirdi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qurumun qurultay və plenumlarında iştirak edirdi. Onun təşəbbüsü ilə “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında xüsusi qərar qəbul edilmiş, “Dəli Kür”, “Uşaqlığn son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Axırıncı aşırım”, “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Nəsimi”, “Ad günü”, “İstintaq” kimi sanballı ekran əsərləri yaradılmış, ekran sənətçiləri yüksək fəxri adlara və mükafatlara layiq görülmüş, “Mozalan” satirik kinojurnalı, Kinoaktyor teatrı, “Debüt” yaradıcılıq birliyi təşkil edilmiş, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan kursu açılmış, kino mətbuatının fəaliyyəti təmin olunmuş, Ümumittifaq kino və televiziya filmləri festivalları keçirilmişdi.

AKİ müstəqillik dövrünə yeni nizamnamə ilə yanaşı, yeni fəaliyyət istiqamətləri ilə qədəm qoydu. Əslində, İttifaqın VI qurultayından (1986) “belə yaşamağın və fəaliyyət göstərməyin mümkün olmadığını” dərk edən təşkilat rəhbərliyi 1980-ci illərin axırlarında yenilənməyə, dövrlə ayaqlaşmağa, yeni tələblərə cavab verməyə başlamışdı, müstəqilliyimiz əldə ediləndən sonra da mövcud olanları yıxmaq kimi “inqilabi” kurs götürmədi, əksinə, onları qoruyub-saxlamaq, funksiyasını dəyişdirmək, milli maraqlarımıza, milli kinomuza, ekran ustalarımıza xidmətə yönəltmək əzmini nümayiş etdirdi. 1990-cı illərdə Azərbaycan kinosunun inkişafı sahəsində qanunların qəbulu, daha sonra, təkcə Azərbaycanın həyatında deyil, postsovet məkanında, eləcə də dünyada mədəniyyətimizə şöhrət gətirən Beynəlxalq “Şərq-Qərb” kimi kinofestivalların keçirilməsi, Beynəlxalq Kino Məktəbinin yaradılması, çoxsaylı layihələrin gerçəkləşdirilməsi R.İbrahimbəyovun böyük nüfuzunun və AKİ-nin təşkilatçılıq potensialının nəticəsi idi.

Müstəqillik illərində ölkə rəhbərliyi milli mədəniyyətimizin vacib sahəsi olan kinematoqrafiyaya diqqət və qayğısı daha da artdı. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev və onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kino sənətimizin daha da inkişafı üçün böyük xidmətlər göstərdilər. Artıq neçə illərdir ki, kino sahəsinin struktur və idarəetmə cəhətdən təkmilləşdirilməsi yönümündə ardıcıl və məqsədyönlü addımlar atılır, kino istehsalına dövlət dəstəyinin həcmi get-gedə artırılır, respublika Mədəniyyət Nazirliyinin xətti ilə festivallar və müsabiqələr keçirilir, kadr hazırlığı məsələsi diqqət mərkəzində saxlanır, ekran ustalarımızın səsi dünyanın çox nüfuzlu festivallarından gəlir. AKİ də öz ənənələrinə sadiq qalaraq bu prosesdə fəal rol oynayır.

AKİ-nin 2019-cu ildə keçirilən konfransı ilə təşkilatın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Yeniləşmiş, respublikamızın mədəniyyət məkanına inamla qayıdan İttifaq Kino Evinin, Beynəlxalq Kino Məktəbinin fəaliyyətini bərpa etdi. Təşkilat artıq bir çox kinofestivallara tərəfdaşlıq edir, maraqlı layihələrə maliyyə yardımı göstərir, ssenari müsabiqələri keçirir, ekran sənəti ilə bağlı sanballı nəşrləri, görkəmli kinematoqrafçıların ustad dərslərini və görüşlərini gerçəkləşdirir. BKM-nin fəaliyyəti, film təqdimatları, yeni nəsil kinematoqrafçıların yaradıcılığına diqqət, İttifaqın mətbu orqanlarının respublikamızda gedən kinoprosesi müntəzəm işıqlandırması AKİ-nin Azərbaycan mədəni məkanında tutduğu yeri aydın nəzərə çarpdırır.

AKİ-nin 2022-ci il mayın 31-də keçirilən konfransında isə uzun illər təşkilatın birinci katibi kimi səmərəli fəaliyyət göstərmiş, bacarıqlı təşkilatçı kimi formalaşmış görkəmli sənətçi, Azərbaycanın Xalq artisti Rasim Balayev yekdilliklə qurumun sədri seçildi. O, çıxışında sələflərinin ən yaxşı ənənələrini bundan sonra da davam etdirmək üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

AKİ peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır, Azərbaycan Respublikasının Konstitusiyası və AR “Qeyri-hökumət təşkilatları (ictimai qurumlar və fondlar)  haqqında” Qanunu və öz nizamnaməsi əsasında fəaliyyət göstərir, əsas məqsədi milli kinomuzun inkişafına və təbliğinə yardım göstərmək, başqa ölkələrin kino təşkilatları ilə yaradıcılıq və işgüzar əlaqələr həyata keçirmək, öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil, peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə etməkdir. AKİ eyni zamanda, ölkənin digər yaradıcılıq və ictimai təşkilatları ilə birgə dövlət orqanlarına milli mədəniyyətimizin inkişaf konsepsiyalarının işlənib hazırlanmasında da yaxından iştirak edir.

Müstəqillik dövründə respublikamızda ekran sənəti ilə bağlı müxtəlif qurumlar yaransa da, zəngin tarixi keçmişi olan AKİ kinematoqrafçıların əsl sənət məbədi kimi, öz yerini və nüfuzunu saxlamağı, mədəniyyətimizin inkişafında sanballı rol oynamağı bacarıb. Şübhəsiz ki, İttifaq qoruyub-saxladığı ənənələri bundan sonra da layiqincə davam etdirəcək.
 
Nəriman Əbdülrəhmanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya