Əhlətin tənhalığı
“Əslində bir o qədər də önəmli bir insan olmadığımız ortaya çıxanda niyə məyus oluruq ki? Buna bir aydınlanma, maariflənmə anı kimi yanaşsaq daha yaxşı olmazdımı? İnanmaq dediyim şey, əsasən insanın daxilində başlatdığı bir başqaldırma deyilmi? Və gözəlliyə, eşqə inanmaq qədər, ayrılığa da inanmaq, hazır olmaq gərəkdir. Bu o deməkdir ki hər gözəlliyin sonunda bir qırılma, bir ayrılıq pusquda gözləyir. Əgər belədirsə, onda başımıza gələn pis hadisələrə, bizi öz bilinməyən tərəflərimizlə üzləşdirən xoş niyyətli fəlakətlər kimi baxmağımız yaxşı olmazdımı?”
Həyatda müəyyən bir kamilliyə çatmış bir adamın cümlələrinə bənzəyən bu cümələr Nuri Bilgə Ceylanın 2018-ci ildə 71-ci Kann film festivalında tamaşaçı qarşısına çıxan “Əhlət ağacı” filminin baş rol ifaçısı Sinanın (Doğu Dəmirqol) dilindən səslənən cümlələrdir. Filmdə bu cümlələri səsləndirən Sinan nə düşünüldüyü kimi kamil, nə də radikal dünyagörüşünə sahib bir insan deyil. O sadəcə bu kamilliyə çatmaq arzusu olan, bunu da doğulduğu və yaşamağa məhkum olduğu yerdən qaçaraq bacaracağını düşünən, xilası təhsildə, incəsənətdə axtaran bir gənclərdən biridir.
Sinan təhsilini Çanaqqala şəhərində tamamlayaraq həmin şəhərin Çan əyalətinə, ailəsinin yanına qayıdan, buna məcbur olan, müəllimliyə namizəd gənc bir oğlandır. Film elə həmin gənc oğlanın evə qayıdışı ilə başlayır. O gənc oğlan ki, ömrünün sadəcə 3-4 ilini ailəsinin yaşadığı mühitdən kənar, əyalətə nisbətən biraz daha inkişaf etmiş bir yerdə – şəhər mərkəzində keçirdiyinə görə, parçası olduğu mühiti və ailəsini özündən daha aşağı görməyə başlamışdır. O gənc oğlan ki, olduğu adam ilə, olmaq istədiyi adam arasında dillemmalar yaşayarkən fərqində olmadan özü kimi olan hərkəsə düşmən kəsilmişdir. O gənc oğlan ki, əslində sevmədiyi, bəyənmədiyi, hər şeyin əslində özü ilə əlaqəli olduğunun fərqində olmadan hər gün taleyi ilə barışmaq məcburiyyətində qalmışdır.
“Əhlət ağacı”nda Sinan, Ceylanın daha öncəki filmlərindən “Uzaq”dakı (2002) obrazı Yusufdan və “May sıxıntısı” (1999) filmindəki Saffətdən, müəyyən izlər daşıyır. Saffət və Yusuf kimi Sinanın da çıxış yolu olduğunu düşündüyü başqa mühitlər, işıqlı yollar onun üzünə bağlıdır. Hər üç qəhrəman qəsəbədən bir müddətlik çıxa bilsə də, birdəfəlik xilasın olmadığını bilən, hələ yolun əvvəlində onları gözləyən gələcəydən bixəbər qəhrəmanlardır. Bənzərlikləri olsa da, Sinan bu iki obrazın arasında ən çox dilemmalara məruz qalan, vəziyyəti bir o qədər ürəkaçan olmayan, nə mənfi, nə də müsbət obraz deyə bilməyəcəyimiz, tamaşaçıda müəyyən məqamlarda ikrah yaradan bir obrazdır.
Sinan təhsilini tamamlayaraq, ailəsinin yanına qayıtdıqdan sonra hələ qəsəbə mərkəzinə ayaq basarkən problemlə qarşılaşır. Qızıl dükanı işlədən bir sahibkarın, Sinanın atası İdrisin (Murat Cəmcir) borcunu Sinana xatırlatması ilə baş tutur. Bu məqamda Sinanın qayıtdığı qəsəbənin necə bir yer olduğu, eyni zamanda hələ tamaşaçıya tanış olmayan atanın kim olduğu qismən məlum olur. Sinan evə gəldikdən sonra atasının pulla bağlı sıxıntısının səbəbi olan qumar oyununa davam etməsi, anasının buna görə atasının maaş kartını əlindən alması, dominant olan ananın şikayətləri və nüfuzdan düşmüş orta məktəb müəllimi olan atanın davranışları Sinanın yaşamalı olduğu mühit haqqında məlumat verir.
Sinan ya sevmədiyi atası kimi orta məktəb müəllimi olacaq, ya da yüksək maaş üzündən digər işsiz müəllimlər kimi polisliyə yönəlməlidir. Amma, əslində onun arzusu yazıçı olmaqdır. Belə ki, filmin irəliləyən dəqiqələrində Sinanın şəhərdə oxuduğu müddətdə bir kitab yazdığı və bu kitabı yaşadığı əyalətdə dərc etdirmək kimi bir məqsədi olduğu ortaya çıxır. Bu məqsəddən kənarda yaşamaq, Sinana görə, “dar düşüncəli, kobud və lobya dənəcikləri kimi bir-birinə bənzəyən insanlarla bir yerdə, onlar kimi yaşamaq” deməkdir. Buna görədir ki, universiteti bitirib, evinə qayıdan kimi yazdığı kitabı dərc etdirmək üçün yollar axtarmağa başlayır. Bu, onun yaşadığı mühitə qarşı çıxmasının, özünü müəyyən qədər üstün gördüyü cəmiyyətdən ayırmaq istəyərək hərəkətə keçmək arzusunun ilk cəhdi olaraq dəyərləndirilə bilər. Bu bir o qədər də asan başa gələcək bir istək olmasa da, Sinan, ətrafına baxıb onunla barışmadığı şeylərlə, başda ailəsi olmaqla, bütün o cəmiyyətlə mübarizə aparmaq üçün çətin olan bu yolu getməyə məcbur hiss edir özünü.
Tənhalığının, kobudluğunun və təcrübəsizliyindən irəli gələn davranışının da səbəbi mübarizəsidir. Sinanın, filmin adından gələn “Əhlət ağacı” ilə olan bənzərliyi də bu tənhalıqdan və kobudluqdan qaynaqlanır. Eynilə atası kimi.. İdrisin tənhalığı Sinanınkından da dərinə və keçmişə əsaslanan tənhalıqdır və filmin hekayəsi Sinanın kitab çıxarmaq uğrunda mübarizəsi kimi görünsə də, əslində, film uzun illərdir ədəbiyyatda mövzu olan “ata-oğul” münasibətlərindən qidalanır. Sinanın atası, onun gələcəkdə çevrilməkdən qorxduğu və Sinana ən çox bənzəyən insandır. Belə ki, ata fərsiz, hörmətsiz bir insandır. Dərs dediyi məktəbdəki heyət, qonşuları, ailəsi ona hörmət etmir. Amma Sinanın, atası haqqında pis danışdığı bir məqamda onun anası Asumanın (Bennu Yıldırımlar) dilindən atanın müdafiə olunduğunu görürük. Asuman, Sinana onun atasının keçmişdə çox fərqli olduğunu, puldan danışmayan, sadə, təbiətsevər, gözəl sözlər söyləyən bir insan kimi yaşayarkən, zamanla yorulub hər şeydən vaz keçdiyini deyir. Atanı qumarbaza və fırıldaqçıya çevirən şey, Sinanın isə məhkumluq kimi gördüyü və zamanla təslim olmaqdan, atası kimi olmaqdan qorxduğu həmin əyalətədir.
Sinanın başda atası olmaqla, əyalətdə ünsiyyətə girdiyi hamının Əhlətdən bir parça daşıdığını, amma heç birinin Sinan və İdris qədər mübariz, qəribə, tənha, yovuşmaz, eybəcər və həyata nəyin bahasına olursa-olsun bağlanmış olmadığını görmək mümkündür. Sinan və İdrisi digərlərindən fərqləndirən digər xüsusiyyət də əyalətdə hər kəsin həyatda qalmaq üçün bir yol seçdiyi halda, bu ata və oğulun öz yollarını hələ də tapmadıqları və bu axtarışdakı tənhalıqlarıdır.
S
inanın atasından savayı, özünü üstün gördüyü əyalət insanları kimlərdir? Bu, kitabını çap etdirmək üçün ilk olaraq müraciət etdiyi bələdiyyə rəisi Adnan bəydir (Kadir Çermik). O Adnan bəy ki, nə qədər dürüst və əyalət insanlarına qarşı əliaçıq olduğunu təfərrüatları ilə danışarkən, səs tonundan mimikasına və jestlərinə kimi hər şey onun nə dərəcədə qeyri-səmimi bir insan olduğunu incə detalına kimi aça bilir. Kitabın ilk 500 ədəd nüsxəsinə lazım olan 2000 lirəni verməmək üçün Adnan bəyin Sinanın qarşısında göstərdiyi kiçik tamaşa, onun öz işində nə dərəcə “peşəkar” olduğundan xəbər verir. Kitabın Adnan bəyə görə maliyyələşdirilə bilməməsi isə onun mövzusu ilə bağlıdır. Çünki Sinanın kitabı “fərdi üslubda yazılan azad bir əsər”dir.
Əyalət insanı, Adnan bəyin Sinanı başından eləmək üçün yanına göndərdiyi sahibkar İlhami (Kubilay Tunçer) bəydir. Oxumuş, savadlı adam kimi adı çəkilən İlhami bəy, kitab rəfində milliyyətçi bir neçə kitabdan başqa heç nəyi olmayan və ən azı Adnan bəy qədər səmimiyyətsiz və öz maraqlarından başqa heç nəyi gözü görməyən bir insandır. İlhaminin Sinanı başından etmək bəhanəsi isə, yalnız Çanaqqalaya məxsus qəhrəmanlıq və tarixi yazılar üçün dəstək verilə biləcəyi və Sinanın yazılarının buna uyğun olmadığı üçün hər hansı dəstək vermək ixtiyarının olmamasını səbəb gətirməsidir. Belə ki, Sinan hələ bələdiyyə rəisinin yanında olanda kitabının “fərdi üslubda yazılan azad bir əsər” olduğunu dilə gətirmişdi. İlhami bəy bu kitabın nə haqqında olduğunu soruşduqda isə Sinan, Çanaqqalanın “yaşamaq mədəniyyəti”dən bəhs etdiyini vurğulayır. Sinanın “yaşamaq mədəniyyəti” adlandırdığı anlayışın içində nə Adnan bəyin, nə də İlhami bəyin milliyyətçi, dar dünyagörüşünə xidmət edən ideyalarına yer yoxdur. Sinana görə, yaşamaq mədəniyyəti, çətinliklərinə rəğmən hələ də optimist və şən qala bilən, öz arzuladığı həyatı sadəlikdə tapan, insanları olduğu kimi qəbul edib, onlara hörmət edən və xoşbəxtliyin sirrini tapmış bir yaşlı kişinin bunun sirrinə necə vardığını araşdırmaqdır. Lakin nə Adnan, nə də İlhami bəy üçün bu və bunun kimi sərbəst əsərlərə – Sinanın adlandırdığı “meta-romanlara” dəstək vermək ağıla sığan deyil.
Yüksək təbəqə əyalət adamlarından sonra Sinanın ünsiyyətdə olduğu və əyalətdə yaşayan qadınların simvolu olan Xədicə (Xəzər Ərgüçlü) ilə qarşılaşması, filmdə əyalət qadınının taleyinə işıq tutur. Xədicə əyalətin gözəl qadını sayılır. Sinan məktəb illərində bir çox oğlan kimi Xədicəyə heyranlıq duyub, amma Xədicə Rıza adında gənc dəliqanlını sevib və illərlə bu sevgiyə sadiq qalıb. Ən azından Sinanın xatırladığı bunlardır. Amma zaman keçib, təkcə Sinan yox, onun ətrafındakı insanlar da dəyişib. Belə ki, Sinan Xədicəni görəndə onun evlənməyə hazırlaşdığını və nişanlısının Rıza yox, varlı bir zərgər olduğunu öyrənir. Xədicənin əyalət qadınlarının, başda Sinanın anası Asumanın sürdüyü səfil həyatını yaşamaq istəməyərək sevdiyi insandan ayrılıb varlı kişi ilə sevgisiz ailə qurmaq qərarı, onun gözündə bir mübarizə, çıxış olsa da, bu yenə əyalətin qadına verdiyi iki seçimdən biri olmaqdan uzağa getməyən bir taledir. Xədicə bunun fərqindədir, bunu onun davranışlarından, bəzən ağlayıb bəzən gülməsindən, ağac arxasında gizlənib siqaret çəkməsindən və gözləri parıldayaraq yaşamaq istədiyi həyatın xəyalını qurarkən birdən reallığa qayıdıb təkrar kədərlənməsindən müşahidə etmək mümkündür. “Niyə ən yaxınımızda olan həyatı yaşamalıyıq ki?… insanlarla dolu işıqlı küçələr, küləkli təpələr, dadlı yeməklər, uzaqlara gedən gəmilər, ilıq axşamlar, eşqlər, sərxoşluqlar, yağışın altında islanmalar..” Xədicənin dilindən səslənən bu ifadələrdən də anlaşıldığı kimi, başqa həyatlar da var, amma nə Xədicə nə də başqa bir qadın bunu seçmək azadlığına sahib deyil. Xədicənin bütün bu məcburiyyətə qarşı çıxmaq kimi bir istəyi yoxdur, lakin yenə də Sinanla bir anda öpüşərək sanki bir neçə saniyəlik də olsa qarşıdurmanın, azadlığın və intiqamın dadını duymaq istəyir. Buna görədir ki, o, Sinanın dodağına incə, romantik bir öpüş qondurmaq yerinə onu qanadır və bu hərəkətindən zövq aldığını göstərərək gülümsəyir.
Sinanın yazdığı kitabdan ilhamlanaraq desək, insan kimi yaşamağı, duymağı bacarmayan, cahil, savadsız, başqa bir ifadə ilə “lobya dənəcikləri”nə aid olan insanlardan digəri Sinanı alma oğurlayarkən görüb, zarafatla qorxutduğu gənc molla Veysəl və onun yanındakı digər molla Nazmidir. İki molla və Sinanın dialoqlarından ibarət olan səhnədə din, dinə bağlı dünyagörüşünün və əyalət insanının savadsızlığı ilə olan bağının uzun-uzadı açılmasının şahidi oluruq. İyirmi dəqiqəyə qədər uzanan bu səhnənin həm də əyalətin darıxdırıcı mühitini duymağımızda güclü bir təsiri var. Sinan, Nazmi və Veysəlin söhbətlərində inanc, dinin mənası, tövbə, vicdanlı insan, Yunus Əmrənin fəlsəfəsi, Həzrəti Əbüzər, Canet Ceksonun başını örtməsi, nəfsin tərbiyəsi, Şərq və Qərbin yaşam fərqləri, intihar və iman, insanın mənəviyyatı, mollanın yeni Ayfonu, texnologiya ilə onun gətirdiyi rahatlıq və nəhayət insanın yeganə çıxış yolunun İslama təslim olması kimi mövzulardan danışılır. Mollalardan biri Veysəl daha mühafizəkar və qapalı fikirli olan tərəfin simvolu kimi müzakirədə yer alarkən, Nazmi ona nisbətən dəyişməyə açıq, əsasən araşdırmağı, öyrənməyi üstün tutan tərəfin simvolu kimi özünü büruzə verir. Lakin hər iki mollanın fikirlərinin kəsişdiyi bir nöqtə var ki, o da insanın yaradılışdan eqoist olması fikrini təsdiqləmələridir. Bütün bunları təvazökarlıqla ifadə edən Veysəl, Sinanın gözündə, onun babasından neçə il öncə borca qızıl alıb qaytarmayan ikiüzlüdən başqası deyil. Belə ki, Veysəlin Sinanla yanaşı tamaşaçının gözündəki etibarı da onu öz motoskiletini sürməsi üçün verdiyi adamın üzünə xoş rəftarla danışıb, o gedən kimi arxasınca qeybət etməsi ilə itir.
Sinanın ünsiyyətdə olduğu və əyalətin digər siması da yazıçı Süleymandır. Süleyman, Sinanın öz babasının əlyazma şəklində olan hansısa dini kitabını satması üçün gətirdiyi mağazada qarşılaşdığı Çanaqqalanın ortayaşlı yazıçılarından biridir. Sinan və Süleymanın dialoqları, öncə Sinanın yazıçıya olan marağı əsasında başlasa da, tədricən Sinanın yazıçıya qarşı davranışı, iti sözləri ilə dəyişərək iki yazıçının söz güləşdirməsinə çevrilir. Sırf dialoqlara əsaslanan bu səhnədə rejissorun müasir dünyamızda “intellektual insan” profilini canlandırmaq istədiyini görmək mümkündür. O insan ki, dediyi hər sözün, ifadənin doğruluğunu vurğulamaq üçün hansısa yazıçının sözlərinə istinad edir. İstinadetməyə tez-tez güc verən bu insanlar bir-birini dinləyib anlamaq yerinə, bir-birlərini üstələməyə və əzməyə çalışan insanlardır. Bu əlbəttə ki, əsl intellektual insanın davranışı deyil, burada sözügedən intellektual insan üstün olduğunu göstərmək ehtiyacı duyan, əks halda, çoxluq içərisində nüfuzunun azalacağını düşünən və bu qorxu, komplekslə yaşayan kütlənin hörmətini qazanmış puç “intellektual” insanlardır.
Sinan və Süleyman “əyalət və ədəbiyyat” başlığı altında ədəbiyyatın mərkəzinin hara olduğu haqda müzakirələr edirlər. Süleymanla Sinanın söhbətlərinin ilk dəqiqələrindən, davranışı ilə əyalət insanının ədəbiyyatla olan əlaqəsini aşağı gördüyünü büruzə verir. Sinan isə “ədəbiyyatın mərkəzi – qələmlə kağızın görüşdüyü yerdir” deyərək Süleymanın mövqeyinin fərqində olduğunu bildirərək ona qarşı çıxır. Süleyman əvvəlcə Sinanın sözlərini, eqoist münasibətini ciddi qəbul etməsə də, tədricən Sinanın savadlı olduğunun və dediyi sözlərin müəyyən mühakimələr daşıdığının fərqinə vararaq, qarşı cəbhəyə keçir. Bu səhnə bugünkü Sinan və gələcəkdəki Sinan arasındakı mübahisəyə bənzəyir. O Sinana ki, yaşadığı əyaləti bataqlıq kimi görərək, onu həmin bataqlıqdan gəlmiş təcrübəsiz bir yazıçı kimi görən Süleymanın qarşısında müdafiəyə keçərək öz dilemmasını yaşayır.
Qayıdaq Sinanın gözündə əyalətin mədəniyyətsizliyinin ilk örnəyi olan və ya yaşamağı bacarmayan İdrisə. Sinan kimi İdris də kütləyə uyğunlaşmaq və orta məktəb müəllimi olmaq əvəzinə, kasıb bir qumarbaz olmağı seçmişdir. Sinanla İdrisin bənzərliyi uyğunlaşmaqdan qaçmaq olsa da, İdris ona verilən həyatın içində qalmış və buna görə də heç kimi günahlandırmadan yoluna davam etmişdir. Heç kimdə günah görməyən və həyatı olduğu kimi qəbul edən İdrisin səsləndirdiyi bu sözlər onun haqqında filmin ilk dəqiqələrindən bəri verilən mənfi və fərsiz insan obrazını müəyyən qədər sarsıdır:
“Nələr yaşadım, necə insanlar tanıdım. Bir çoxunu unutsam da, unutmağın özünün də cəzbedici bir tərəfi var məncə. İnsan bir az da zamanın içində axıb getməlidir. Yaxşı və pis xatirələri br-birinə qarışdırıb, görünməz olmalı və silinib getməlidir. Silinməyəcək şeylər də var təbii ki”…
Sinan isə İdrisdən fərqli olaraq insanları sözləri, davranışları və bəzən baxışı ilə mühakimə edə bilən, dəyərsizlik sindromu yaşayan biridir. Onun ən çox atasına qarşı olan alçaldıcı münasibəti filmin sonuna doğru Sinan üçün dəyişir. İdris yuxarıda verilən monoloqunun davamını belə gətirir:
“Sən öz kitabında bu mövzulara toxunmusan.(…) Yeri gəlmişkən, məndən bəhs etdiyin hissələri də anlamadığımı düşünmə. Çox da yaxşı bəhs etməsən də, təbii ki belə də olmalıdır. Gənclər özündən əvvəlki nəsilləri tənqid etməlidir. İrəliləyiş belə olur. Belə deyil?”
Sinan: “Ahlat ağacı” olan hissəni oxudun? Sənin məktəbdə danışdığın şeylərə istinadən yazmışdım onları”.
İdris: “Sənə bir xeyrimiz dəyibsə, nə yaxşı”..
Sinan: “Yamacda bir ahlat var idi, məktəbin qarşısında, ona baxa-baxa danışmışdın. Səni də, özümü də; hətta bəzi cəhətlərə görə babamı da bu ağaca bənzədirəm hərdən. Nə bilim, yovuşmaz, tənha, formasız”
İdris: “Hamının bir təbiəti var əlbəttə ki; ondan qaçış da yoxdur. Əsas məsələ bunu qəbul edib sevə bilməkdədir. Ahlatın meyvəsi də formasızdır, bəzən burada səhər yeməyi kimi həmin meyvəni yeyirəm, o qədər ləzzətli gəlir ki mənə”.
İdris başqalarına qarşı anlayışlı olduğu kimi, onu mühakimə edən oğluna qarşı da anlayışlı və səbirlidir. Belə ki, Sinan kitabını nəşr etdirmək üçün atasının yeganə dostu olan itini satıb, bəlkə indiyə kimi hətta atasının belə cəsarət edə bilməyəcəyi bir alçaqlıq etmişdir. İdris bəlkə bunu bilir bəlkə də yox, amma bu hadisədən sonra evindən uzaqlaşaraq tək daxmada yaşamağa başlayır. İdris filmboyu boş danışıqları, yalanları və ailəsini pərt edən davranışları ilə yadda qalsa da, filmdə yeganə şəxsdir ki, bir ideala bağlı qalan, heç kimin sözünə məhəl qoymayan, bəzən bir qurbağanın əzilməsindən qorxan, olduğu kimi görünən tək insandır. Onun həyatda əsaslı məqsədi olmasa da, xəyalını qurduğu tək şey var, bütün kəndin “su çıxmaz” dediyi quyudan öz əməyi ilə su çıxarmaq. Susuz quyunu qazmaq İdrisi məyus etmir, əksinə o bu xəyalla xoşbəxtdir. Bu cəhətdən o, Sinandan olduqca fərqli və üstündür.
Sinanın dəyişməsi atasının itini oğurladığı zamandan başlayır. Belə ki, o, ilk dəfə atasının nə qədər əziyyət çəkdiyini görür. Bu məqama kimi Sinan sanki atasından qisas almaq istəyirdisə, bundan sonra tutduğu işdən peşmanlıq duyur. Özünü reallaşdırmağın tək yolu kimi gördüyü kitabını nəşr etdirmək üçün atasının itini satan Sinanın kitabını nə anası, nə bacısı, nə də dükanda hər hansı kitab alıcısı alıb oxumur. O kitabı oxuyan yenə də İdris olur. Bu vəziyyət Sinanın özü ilə üzləşdiyi məqamı əks etdirir. Buna görədir ki, Sinan filmin sonunda atasının quyunu qazmaqdan əlini üzüb “yenə kəndlilər haqlı çıxdı” dediyi məqamda quyuya enərək onu qazmağa başlayır. Sinanı hərəkətə gətirən bir neçə məqam ola bilər. Onlardan biri, Sinanın atasına olan sevgisini nəhayət göstərmək niyyətidir. Lakin bununla yanaşı, Sinan atasının “yenə kəndlilər haqlı çıxdı” ifadəsindən sonra bütün əyalətə qarşı durmaq istəyini göstərdiyi düşünülə bilər. Atanın vaz keçdiyi məqamda onun yoluna davam etmək, Sinanın öz mübarizəsində təklikdən sıyrılıb, atası ilə əl-ələ verməyi əks edən bir məqamdır, ya da sadəcə ölümdür. Sinanın, İdrisin və onlar kimi hamının içində olduğu dibsiz, susuz quyuda hər gün bir az daha çox dərinə gedərək üzləşəcəyi ölüm.
“Ahlat ağacı” bir əyalətin və xilas yolunu kütlədən ayrılmaqda görən bir gəncin timsalında böyük bir cəmiyyətin həyat tərzini və yaşamaq mədəniyyətini əks etdirən filmdir. Filmboyu əsas qəhrəman olan Sinan çıxdığı yolda öz reallığı ilə addım-addım üzləşərək, getdikcə özünü və ona aid olan dünyanı qəbul edib zamanın içində süzülür. Eynilə ahlat ağacının formasız meyvəsi kimi. Belə ki, bu ağacın meyvəsi kal tökülür və ya dərilir, daha sonra dadlanması və yeyiləcək hala gəlməsi üçün bir müddət gözləmək lazım olur.
Leylaxanım Qənbərli