İNDİ OXUYUR
E.Rüstəmzadə: “Ssenari, mənə görə xəritədir”

E.Rüstəmzadə: “Ssenari, mənə görə xəritədir”

Müsahibimiz müasir Azərbaycan kinosu və xüsusilə teleserial sənayesində uğurlu işləri ilə imza atmış ssenarist və rejissor Elvin Rüstəmzadədir. Elvinlə kinomuzun bugünkü durumu, mövcud problemləri və perspektivləri barədə söhbət açmışıq.

– Elvin, kino sənayesi ilə bağlı, uzun illərdir problemlər var, burası aydındır. Amma bu gün gənc rejissorların qarşısında dayanan və həll olunması vacib hesab etdiyiniz məsələlər hansılardır?

– Mənə film verilsin deyə, heç vaxt kinostudiyaya müraciət etməmişəm. Rejissor dostum var. Ara-sıra kinostudiyanın qarşısındakı kafedə görüşürdük. Görüş yerini birlikdə təyin etmirdik. Adətən zəngləşəndə  deyirdi ki, gəl kinostudiyaya. Bir gün sual verdim: “Sən bütün gün burada neynirsən?” Dedi ki, ssenari vermişəm onun nəticəsini gözləyirəm. Bu cavabdan halım dəyişdi. Təbii ki, sarsıntımı daha çox içimdə yaşadım və o qədər də hiss etdirmədim. Kinostudiyanın həyətindəki skamyaları xatırladım. Və, o skamyalarda əyləşib aylardır nəsə yaxşı şey olacağını gözləyən dostumu. Dedim, niyə də? Nə məcburdur? Dedi ki, “bilirsən bura elə yerdir ki, burada görünməlisən, ortalıqda olmalısan, səni görməlidilər. Yoxsa əmələ gəlmir”. Bu lap pis təsir elədi mənə. Axı, bu peşənin sahibi, özlüyündə bir iqtidar sahibi olan şəxsdir. Rejissordur da. Bundan o tərəfə nə var ki? Filmin hər şeyi olan rejissor! Və, o peşə sahibi, studiyalar, TV-lər qapısında gözləyə-gözləyə ömrünü yola verməməlidir. Bu adam sabah çəkilişdə onlarla, yüzlərlə adama liderlik edəcək. Amma, siz onu gözlədə-gözlədə, yora-yora nə liderik həvəsi qoyursunuz qalsın, nə də ssenarisini sizə təqdim etdiyi ilk gündəki həvəsi. Hər şey konkret olmalıdır. Bir müddət sonra ya hə, ya da yox. “Qəbul etdik”, ya da “etmədik” deyilməli idi. Dostum kimi, onun timsalında bəzi rejissor həmkarlarım kimi olmağı seçmədim. Ona görə də, kinostudiya ilə əməkdaşlıq seçimindən uzaq durmağa çalışdım. Son iki-üç il isə tam dəqiqləşdirə bilmirəm nə baş verir. Yaxşı iddialar, fikirlər səsləndirilir. Amma nəticə yoxdur. Kino və mədəniyyət sektoruna təyin olunan yeni rəhbərlikdən özləri kimi yeni addımlarını gözləyirəm. Bir müddət sonra tam cavab verə bilərəm ki, hara doğru gedirik və nə etməliyik.  Ümumiyyətlə, mənim inkişafım nədən ibarətdir ki? Bu da konkretdir yəni. Pul ayrılır, düzdür? O pullara çox yaxşı minimalist filmlər çəkmək olar. Məsəlçün “4 Ay, 3 həftə, 2 Gün” filmi var. Bu film kimi onlarla nümunə çəkə bilərik. Kann mükafatçısıdır. Və, yaxşı filmdir. Qardaş, ssenari verirəm sənə. Doğrudan da, başı çıxan 3-5 adam təyin elə oxusun, təsdiqləsin, filmi çəkim. İllərdir onlarla rejissora təkrar-təkrar  pul vermisiniz, bərbad filmlər ortaya çıxıb. Eybi yox, onlara yenə şans vermisiniz, bizə elə bir dəfə verin bəsdir. Alınsa, lap yaxşı. Alınmadısa, heç nə.

Yaşınız bir rejissor üçün çox gəncdir. Misalçün, rəssam, bəstəkar, şair üçün yaş faktoru özünüifadə və istedadını tam göstərməsi baxımından o qədər əngəl deyil. Lakin rejissorluq yaradıclıq təcrübəsindən də çox həyat təcrübəsi tələb edir. “Dalan” tammetrajlı debütünüzü  24 yaşında çəkmisiniz. Film haqqında yazanda təcrübə məsələsi ilə bağlı tənqidi qeydlərim olmuşdu. Maraqlıdır, bu film rejissor kimi sizə hansı təcrübəni verdi? Nə qazandırdı? Ümumiyyətlə, işlərinizi təkrar izləyib analiz edirsinizmi?

– Bəli, “Dalan”ı çəkəndə 24 yaşım var idi. Mövzu xəyanətə aid idi. Ətrafımda mənə yaxın olan yaşca böyük həmkarlarım deyirdilər ki, “nə qarışıq mövzuya müraciət eləmisən. Hələ tez deyil?” Və, adətən yaşımı əsas gətirirdilər ki, azdır. Təcrübə və sair məsələlər..

O yaşın verdiyi arxayınlıq, eqoistlik obyektiv təhlil aparmağıma mane olurdu. Daha doğrusu, sonra bildim ki, mane olurmuş. Düşünürdüm ki, Sergey Eyzenşteyn  “Döyüş Gəmisi Potemkin”-ni 27 yaşında çəkib və bir çox kinotənqidçilərin fikrincə dünyanın ən yaxşı filmidir. O da rejissordur, mən də. Və yaş fərqimiz çox deyil… vəssalam, əladır hər şey! Bu kimi nümunələrlə özüm, özümə “dəstək” çıxırdım.  Necə ki bu cür hallara hazırda İncəsənət universitetinin kinorejissorluq və aktyorluq fakültəsində təhsil alan bəzi tələbələrdə şahid oluram.

Sonra yaşlandıqca, təcrübə topladıqca anladım ki, yox, elə deyilmiş. Eyzenşteynin reallıqları, mühiti başqa, mənimki tamam başqadır. Bir sözlə, indiki yaşımla və başımla deyə bilərəm ki, yaş önəmlidir. Çünki, yaş, təcrübəyə bərabərdir.  Açığı, “Dalan”ı yenidən çəkmək istəmərəm. O sifariş idi. Və əsas amillərdən olan ssenari, başqasının təcrübə məhsulu idi. Bir il sonra başladım seriallar çəkməyə. İlk serial işim 160 hissədən ibarət gündəlik serial idi. Yaradıcılıq baxımından mənə çox şey qazandırdığını deyə bilmərəm. Amma, sürətli düşünüb, həll tapmaq, texniki və aktyor komandasındakı şəxslərlə  ünsiyyət və.s baxımdan inkişafıma xeyli kömək etdi. Günə 20-25 səhnə çəkirsən və nə qədər şəxslə təmasda olursan. 20-25 səhnə çəkirdim deyəndə, bunu fəxr hissindən çox, məyusluqla deyirəm. Görün bu sektor necə vəziyyətdədirsə, rejissor öz yaradıcılığından daha çox, prodüserin mənfəəti üçün çalışır. Daha çox səhnə, daha az xərc… Sənə və komandana xeyri olmayan xərclərdən qənaət etmək cəhdi… Təbii, biz rejissorlarda da günah var. Adama deyərlər, çəkmə də qardaş. Amma, indi hərənin bir problemi və planları var. Nə deyə bilərəm?! Artıq, gündəlik seriallardan imtina etmişəm. Yəni, hələki vəziyyət belədir. Gələcəkdə necə olacaq, bilinmir.. Əsas səbəb, “çox səhnə, aşağı keyfiyyət” probleminə görədir bu imtina. Ümid edirəm ki, bu da həll olacaq. Ya gündəlik serial məsələsinə birdəfəlik son qoyulacaq, ya da prodüserlər 10 yox, 5 qazanmaqla kifayətlənərək, keyfiyyəti və “zavod işçisi” məntiqi ilə çalışdırdıqları sənət adamlarını düşünməyə başlayacaqlar.

“Dalan”, rejissor Elvin Rüstəmzadə


Hər halda “Simurq” serialı estetik keyfiyyəti, maraqlı xarakterləri baxımından uğurludur. Azərbaycanda keyfiyyətli serial çəkməyin ilkin tələbləri nədir? 

–  “Simurq” bir dönəm idi və o ərəfədə keyfiyyət meyarı kimi türk serialları göstərilirdi. Aktrisa və prodüser Sevinc Əliyeva təklif etdi ki, bir serial çəkək və fərqlənək. Məhz “fərqlənək” sözü məni cəzb etmişdi. Çünki, başqa serial işi görən prodüserlərdən buna bənzər cümlə eşitməmişdim. Onların cümləsi təqribi belə idi “Nə ediriksə edək reytinq versin”. “Heç aktyorları çəkmə, özün bilərsən. Çıxar ssenaristi kamera önünə, danışsın serialı, fərqi yoxdur. Əsas reytinq versin”. Bir sözlə, Sevinc Əliyeva, mən və Pərviz Seyidli birləşib “Simurq”u ərsəyə gətirdik. Simurq həm İTV kanalında, həm tamaşaçı, həm də illərini seriala xərcləyən sənət adamlarının böyük rəğbətini qazandı. Hətta, aktyorlardan bəziləri məni görəndə deyirdilər ki, “biz zövqsüz seriallarda xərclənirik. “Simurq” kimi nəsə olsun, bizi də çək”. Mən pis qarşılamırdım belə təklifləri. Deməli, özünün və iştirak etdiyi işin fərqindədir ki, yaxşısını istəyir. Uzun illərdir serial sektorundayam və təcrübəmdən deyə bilərəm ki, əsas məsələ ssenaridir. Artıq, ölkəmizdə yaxşı ssenarilər yazılmağa başlayıb. Mənə görə ssenari xəritədir. Əgər sənə verilən xəritə, yolu doğru göstərmirsə, yanlış istiqamətlənib azacaqsan. Qaçış yoxdur. Ssenari o deyilsə, pul və zaman onu dəyişib, lazım olan vəziyyətə gətirməyə tam şərait yaratmır. Və kanallarımız… İTV kanalı istisna olmaqla, digər kanallarımız keyfiyyətli iş barədə düşünmürlər. Biz neynirik? Baxırıq xarici seriallara, həvəslənirik. Yəni, etiraf edək ki, HBO, Netflix, Cinemax və.s şirkətlərin istehsalları dura-dura keyfiyyət meyarı türk serialları olmamalıdır. Türk serialları içərisində də yaxşıları var. Amma, inqilabedəcək sayda deyillər. Xülasə, həvəslənirdik, yazırdıq və kanallara təqdim edirdik. Çoxu bu cümləni qururdu: “camaat buna baxmaz”. Ey hörmətli məsul şəxs! Baxacaq da! Zamanla, yavaş-yavaş. Gec-tez necə deyərlər “gözü, könlü öyrəşəcək”. Çalış, mübarizə apar. Elə diliylə desək : “dirəş!” Axı sənin də bu xalq qarşısında məsuliyyətin var! Batmaz kanalın, qorxma! Kanalın bütün 24 saatının həftədə bir gününü ayıracaqsan, qorxma! 23 saatı sən istəyəndir, tam  ürəyincə olan şeylərdir.

– Serial təbii ki,  ilk növbədə prodüser layihəsidir. Bununla belə rejissor kimi serialda özünüzü nə qədər ifadə edə bilirsiniz?

– Hazırda prodüser Sevinc Əliyeva ilə çalışıram. Və düşünürəm ki, iş birliyimiz alınır. Yaradıcı məsələlərdə mənə müdaxilə etmir. Həm də dost olduğumuzdan məni yaxşı tanıyır. Yəni, başqa prodüserlərlə necə olacaq bilmirəm. Amma Sevinclə hər şey qarşılıqlı anlayış və diqqət çərçivəsində davam edir. Ümumiyyətlə isə prodüser diktəsini qəbul etmirəm. Əvvəlcədən elə bir halın yaşanacağını hiss etdiyim görüşlərin nəticəsi mənim “yox” cavabımla sonlanır. Prodüser, rejissoruna inanmalı və onun yaradıcı və administrativ istəklərini əlindən gəldiyi qədər reallaşdırmalıdır.

“Simurq” serialından kadr


İnstaqram səhifənizdə aktyrolarla bağlı tənqidi mətniniz vardı. “Simurq” serialında aktyorlardan yaxşı nəticə aldığınızı deyə bilərəm. Aktyorla işi necə qurursunuz? Sizi nə qane etmir və tənqidi mətni yazmağa sizi nə vadar elədi?

Ən çox tənqid etdiyim şəxs özüməm. Ən yaxınlarımın yanında belə tənqid edirəm. Özümə bunu rəva görürəmsə, aktyora beş qatını rəva görürəm. Bəzi aktyorlarımızı ətrafları aldadırlar. Dostu, həmkarları, nüfuzlu tanışları və s. Halbuki o şəxslərlə aktyorun münasibəti elə qurulmalıydı ki, o adamlar aktyoru tənqid etməkdən çəkinməsinlər. Amma, tənqidlər bəzədilmiş təriflərlə əvəz edilir. Çünki biz, “küsəyən”ik. Özünün fərqində olmalısan. Özünə tənqidi yanaşmalısan. Hətta şübhəylə yanaşmalısan. İstedadına və biliyinə güvəndiyin şəxslərin tənqidlərinə açıq olmalısan. Qayıdaq “Simurq”a. “Simurq”da iştirak edən aktyorların işlərindən razıyam. Amma bəzilərindən həm də narazıyam. Əslində narazı olacağım şəxs bir mənada həm də özüməm. Adətən universitetin yetişdirdiyi və teatrda çalışan aktyorlara inanmışam. Rahat, sərbəst olmaqlarına şərait yaratmışam. Düşünmüşəm ki, məktəb bitirmiş adamlardır, təhsil alıblar və nə etdiklərini bilirlər. Amma, sonra yanıldığımı başa düşmüşəm.

Gərək hər şeyi sən istiqamətləndirsən. Bu, kobud da çıxsa, “kukla oynatmaqdır”. Axı bu “aktyor sənəti” deyil… Hər kəsə aid deyil bu fikirlərim, əlbəttə. Amma neçə-neçə aktyorlarımız var ki, qətiyən özbaşına buraxmaq olmaz. Sözbəsöz, addım-addım başa salmaq lazım gəlir. Ümumi götürsək amma, zəhmətkeş, peşəkar aktyorlarımız az deyil. Necə deyərlər, “sənətlərinin vurğunları”.

– Hazırda “Almaz” serialının, səhv etmirəmsə, hazırlıq mərhələsindəsiniz. “Almaz” ideoloji kontekstdə yaranmış əsərdir, həmçinin film də. Bəs sizin yanaşmanızda necə bir Almazı görəcəyik? Və ümumiyyətlə nədən bu əsərə müraciət etdiniz?

– Ssenari Cəfər Cəbbarlının “Almaz” pyesindən təsirlənərək yazılıb. Amma, serialın adı “Vətəndaş A”-dır. Məncə bu kiçik detalın özü belə fərqli yanaşmanın olacağına işarədir. Ssenari müəllifi Asiman Ağa Rövşəndir. Çox uğurlu ssenari ərsəyə gətirib. Gəlin bu haqda çox danışmayım. Necə deyərlər, çıxsın baxaq.


–  “Storibord” qısametrajlı filminizdə sənət və müharibə qarşıdurmasının sürreal, abstrakt obrazlarla həllini vermisiniz. Burada fərqli Elvin Rüstəmzadə gördüm. Kinematoqrafiyada bu üslubu, yanaşmanı özünüzə daha yaxın hiss edirsiniz?

– “Storibord” qısametrajlı filmi özüm üçün də maraqlı təcürbə oldu.Təklif Abdulla Elşadlıdan gəldi. O həm də filmin ssenaristidir. Daha doğrusu, o, kinossenari yox, pyes formasında yazmışdı. Mən onu ssenari halına gətirdim. Abdulla həm  də filmin ikinci rejissorudur. Pyesi təklif etdi, oxudum və çox bəyəndim. Qeyd etdiyiniz sürreal və abstrakt yanaşma, artıq Abdullanın yazdığı formada özünü göstərirdi. Bu haqda bəzən düşünürdüm amma açığı yaxın zamanlarda belə bir film gerçəkləşdirmək fikri yox idi beynimdə. Abdullanın ssenarisi necə deyərlər, “göydəndüşmə” oldu. Biz birlikdə müzakirə etdik, “Prepradakşn” mərhələsini tamamladıq və çəkdik. Qeyd edim ki, mən o filmin rejissoru olmaqla yanaşı, həm də operator, montaj və rəng işini icra etmişəm. Yaxın zamanlarda mənim yaradıcılığımda bu cür filmlər gözlənilmir.

Praktika bu sənətdə vacibdir. Özünüinkişaf üçün başqa hansı vasitələrdən yararlanırsınız?

Praktikadan başqa hamı nə edirsə, onu edirəm. Oxuyuram, izləyirəm, araşdırıram.

Kinoda kumiriniz kimdir və daim baxmağa ehtiyacınız olan rejissorlar varmı?

– Kumirim yoxdur. Yaxşı saydığım, yaradıcı düşüncələrimə yaxın olan hər filmi izləyirəm.

Həyat yoldaşınız Sabirə Abdullayeva aktrisadır, kino üçün maraqlı fakturası var. Dünya praktikasında kişi rejissorların həyat yoldaşları ilə əməkdaşlığına dair nümunələr çoxdur. Həmin filmlərin keyfiyyətli alınması, rejissorun öz qadınını məişətdə, sosial həyatda və s. dəqiq müşahidəsi, hiss etməsi, potensialını bilməsi hesabına da başa gəlir. Əlinizdə belə fürsət varkən, niyə istifadə etmirsiniz? Ən azı kamera filmi çəkmək olar.

– Sabirə tək kino üçün yox, teatr üçün də lazımlı aktrisadır.Necə deyərlər : “O, səhnə üçün doğulub”. Mən rejissor olaraq onun potensialının fərqindəyəm. Əslində, birlikdə film planımız var. Hətta ssenari də hazırdır. Ümid edirəm yaxın zamanlarda reallaşar. Yəni, dediyiniz o fürsəti qaçırmıram. O, bu il universiteti bitirdi. Düşünürəm ki, teatrlar da sizin dediyiniz fürsəti tez zamanda dəyərləndirməli, və onu dəvət etməlidirlər. Yaxşı teatr rejissorlarımız var və əminəm ki, artıq Sabirənin fərqindədirlər.


– Mədəniyyət Nazirliyi 2023-2024-cü illər üçün film layihələri müsabiqəsi elan edib. Müsabiqədə iştirak edəcəksiniz? 

– Bu haqda düşünməmişəm. Prioritet məsələ deyil mənimçün. Ola da bilər, olmaya da bilər

Müsahibəni hazırladı: Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya