Döyüş nə vaxta qədər davam edəcək?

Ötən həftəsonu mənim üçün məhsuldar keçdi. Qızıldan qiymətli vaxtımdan 3 saat ayırıb amerikalı rejissor Pol Tomas Andersonun yenicə dünya prokatına çıxmış “Döyüş ardınca döyüş” (“One battle after Another”) filminə baxdım və böyük zövq aldım.
Düzünə qalanda, Andersonun yaradıcılığı ilə “Maqnoliya” filmindən tanışam. Hələ bir neçə il əvvəl “Maqnoliya”dakı qeyri-xətti süjet, təhkiyə tərzi ilə yanaşı miqyaslılıq da məni cəlb etmişdi. Bu xüsusiyyət Andersonun, məncə, bütün filmlərində var. Rejissorun bir neçə il əvvəl böyük rəğbətlə qarşılanmış “Orada qan töküləcək” (“Neft) filmi də eyni qəbildəndir, sanballıdır. “Döyüş ardınca döyüş”ün də ilk dəqiqələrindən sanbal sezilir.
Bu baxımdan Andersonun filmləri təkcə uzunluğu – xronometrajı – dərinliyi ilə deyil, eni ilə də, şaquli vektorları ilə yanaşı üfüqi vektorları ilə də seçilir. Yəni bu uzunluq tamaşaçını “nə vaxt bitəcək” intizarı ilə müşayiət etmək yerinə, beynini məşğul edir ki, görəsən, bu düyün nə cür çözüləcək?

Onu da deyim ki, “Döyüş ardınca döyüş” filmi Amerika “gözəgörünməz” postmodernist yazıçısı Tomas Pinçonun əsəri əsasında ekranlaşdırılıb. Lakin romanı oxuyanlar deyirlər, əsərdən filmə çox az şey qatılıb. Rejissor bundan əvvəl yazıçının “Anadangəlmə qüsur” (“Inherent vice”) adlı romanına müraciət etmişdi. Xoakin Feniksin baş rolda oynadığı bu detektiv süjetli film də maraqlı ekran işi idi.
“Döyüş ardınca döyüş”ün məzmununu danışmaq uzun çəkər, onun üçün süjetə toxunmayacağam, ümumi məğzi barədə fikirlərimi bölüşəcəyəm.
Qara komediya janrında çəkilmiş filmdə hadisələr hazırkı zamanda baş versə də, sanki paralel reallıqda cərəyan edir. Belə ki, səhnələrin heç birində müasir texnologiyalar tüğyan edib gözə girmir, qəhrəmanların əllərindəki smartfonlar da olmasa, hadisələri asanlıqla doxsan, səksən, lap yetmişinci illərə aid etmək olar.
Rejissorun mesajından belə başa düşmək olar ki, ABŞ və dünyada böyüyən mühafizəkarlığın fonunda sol cərəyanlar yeganə çıxış yolu kimi yenidən yüksələcək. Düzdür, Hollivud vaxtaşırı sol ideyanın istismarından, onun tirajlanmasından özü üçün kifayət qədər dividend götürür. Bu hiyləgərliyi Hollivud istehsalı olan müxtəlif filmlərdə görmək mümkündür. Lakin Pol Tomas Anderson elə rejissorlardandır ki, onun ərsəyə gətirdiyi işlər həm də özünün fikir adamı kimi ortaya qoyduğu qənaətlərin nəticəsidir. Bu baxımdan filmdə sol ideyanın yenidən dirçəlməsi heç də “fişka” kimi görünmür.

Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra ABŞ-də artan mühafizəkarlıq, onun heç nəyə məhəl qoymadan hansısa qanunları ləğv etməsi, xoşuna gəlməyən qurumları korrupsiya və başqa ittihamlarla günahlandırması fonunda “Döyüş ardınca döyüş” filmi xeyli cəsarətli mövzuya toxunub. ABŞ-nin Meksika ilə sərhədə divar hördüyü vaxtda, ana xətt kimi miqrasiya problemi filmdə əsas götürülüb. Düzdür, Trampın adı açıq şəkildə çəkilməsə də, Tramp rejimi və əllərindəki imkanlardan öz maraqları naminə istifadə edən, hətta özlərinin gizli təşkilatlarını yaratmış hakimiyyət nümayəndələri tənqid olunur.
Filmdə polis sistemi, qanunları öz xeyri üçün əyib ağlına gələn hərəkətləri edən və heç nəyə məhəl qoymayan qruplaşma kimi təsvir edilir. O, istədiyi yerə girir, istədiyi tədbiri pozur, istədiyi adamlarla istədiyi şəkildə davranır, bunu etmək üçün hər zaman “bəhanə”si olur. Bu cür davranış başqa bir ölkənin timsalında təqdim edilsəydi, bəlkə anlamaq olardı, amma dünyaya demokratiya və insan azadlıqları ixrac edən ölkədə görəndə təəccüblənməyə bilmirsən. Məsələ burasındadır ki, rejissorun təqdim etdiyi yozumda sol ideyanın daşıyıcıları olan “French 75” təşkilatının üzvləri də məsum deyillər. Onlar da heç bir qanun tanımamaqla yanaşı az qala özlərini bandit kimi aparırlar. Üstəlik bəd gün üçün “təxliyə” planlarını hazır saxlayan bu mütəşəkkil dəstənin üzvləri polisə düşəndə dərhal bir-birlərini ələ verirlər. Yəni bütün bu vakxanaliyanı törədən heç bir tərəf məsum deyildir. Mən vakxanaliya sözünü təsadüfən işlətmədim. Filmdə elə bir təhkiyə forması seçilib ki, bu qədər qanın, bu qədər şiddətin təsirindən tamaşaçının zərrə qədər də tükü tərpənmir. Əksinə, baş rol ifaçısı Leonardo di Kaprionun düşdüyü absurd vəziyyətlər və filmboyu əynindən çıxarmadığı dama-dama hamam xalatı tamaşaçıda gülüş doğurur.

Di Kaprio filmin baş qəhrəmanı kimi öz rolunun öhdəsindən əla gəlsə də, “Döyüş ardınca döyüş”ün ulduzu öz parlaq oyunu ilə mənim sevimlim Şon Penndir. Pen öz antaqonist qəhrəmanı Stiveni mükəmməl şəkildə canlandırır və mənə elə gəlir, özünün spesifik saç düzümü, mimika, jest və hərəkətləri ilə (məsələn, dodaqlarını əyməyi, darağı ağzında isladıb saçını daramağı, yeriyəndə çiyin atmağı) tamaşaçının diqqətini axıra qədər özündə saxlaya bilir.
Yaxşı oyundan danışırıqsa, ədalət naminə Benisio del Toronun da adını çəkmək yerinə düşər. Onun qəhrəmanı filmdə göstərilən iki qütbün ortasından keçən ekvator xəttinə bənzəyir. Del Toronun yaratdığı personaj ən çətin situasiyalarda belə təmkinli davranışını pozmur. O, ilk dəqiqələrdə istər Di Kaprionun qəhrəmanına, istərsə də onun qızı Çeyzi İnfinitiyə “nəfəs dərməyi” öyrədən karate müəllimi kimi ortaya çıxsa da, məlum olur ki, ABŞ-yə gələn meksikalı miqrantların başçısı məhz özüdür. Polis, əslində, hansısa sol ideyanın daşıyıcı olan “French 75”lə deyil, məhz onunla məşğul olmalıdır. O isə müdrik Şərq döyüş sənətini üzünə tutaraq gizli yollarla “fürsətlər ölkəsi”nə soxulan böyük bir miqrant ordusuna “nəfəs dərməyi” öyrətməklə, əslində, mövcud şəraitdən baş çıxarmağın yeganə yolunu göstərir. Filmdə göründüyü sonuncu kadrda polis onu saxlayan zaman etdiyi rəqs də bu amansız həyat mübarizəsindəki zəfərinin ifadəsidir.

Filmin sona qədər eyni gərginlikdə qalmasının ən vacib səbəblərindən biri də əvvəldən müşayiət edən musiqidir. Britaniyalı bəstəkar, “Radiohead”in solisti Conni Qrinvuda buna görə böyük “respekt” düşür. Deyərdim, filmin 162 dəqiqə boyunca gərgin, yüksək tempdə qalmasında rejissorla yanaşı, bəstəkarın da rolu danılmazdır. Əgər musiqi tərtibatı bu cür qurulmasaydı, film də bu qədər rəvan, axıcı olmayacaqdı.

Təhrif çıxsa da, mən “One battle after another” adını Rəsul Rzanın məşhur “Mübarizə bu gün də var, yarın da” misraları kimi çevirərdim. Nədən ki, SSRİ-nin süqutuna və qüdrətinə inananları hər dəfə reallıqda xəyal qırıqlığına uğratmasına, XX əsrin sonu, XXI əsrin əvvəllərində tənəzzül yaşamasına və etibarını itirməsinə baxmayaraq, davam edən istismara, kapitalizmin sərhədsiz tüğyanına qarşı yenə də yeganə çıxış yolu kimi sol ideya qalmaqdadır. Görünən odur ki, dövlətlərin və hakimiyyətlərin artan güclərinə, qanunları öz maraqları naminə asanlıqla yönləndirmələrinə və müasir texnologiyalar vasitəsilə ən yeni nəzarət mexanizmləri tətbiq etmələrinə baxmayaraq, sol mübarizə heç zaman məhv olub getməyəcək, özünün səhvləri-düzləri, dəlisovluğu ilə (filmdə bu nüansa işarələr az deyil) hər zaman yeganə çıxış və istinad yolu kimi qalaraq bir döyüşdən o biri döyüşə daim varlığını sürdürəcək. Beləliklə, istənilən şəraitdə solun mübarizəsi davam edəcək: bu gün də, sabah da.
Bunları isə mən yox, dünya kapitalizminin lokomotivində oturub xoş güzəranını yaşayan rejissor deyir və bəlkə, sol ideya haqqında öz təqdirəlayiq düşüncələrini Leonardo di Kaprionun çıxılmaz vəziyyətdə qalan qəhrəmanının dili ilə bu cür nöqtələyir: “Viva la Revolución”.
Mirmehdi Ağaoğlu