Dostluq gözəl nemətdir

Bəzən insanlar eyni masa arxasında oturur, yeyib-içib şənlənirlər, amma biri-birilərinə həmişə yad qalırlar. Rasim Ocaqovun 1977-ci ildə çəkdiyi “Ad günü” filmi məhz bu paradoksun izinə düşür.
Rüstəm İbrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələrinin motivləri əsasında ekranlaşdırılmış film gündəlik həyat fonunda insan münasibətlərinin dərin psixoloji və sosial qatlarını araşdırır.
“Ad günü” filmi iki paralel süjet xətti üzrə cərəyan edir: fəhlə Əlinin, oğlu Rafiqin ad günü münasibətilə təşkil etdiyi qonaqlıq və Şəkidən Bakıya konfransa gəlmiş Mustafa ilə şəhərli qadın Fəridə arasındakı təsadüfi tanışlıq. Bu iki süjet xətti müstəqil şəkildə inkişaf etsə də, final səhnəsində kəsişərək filmin əsas ideyasını müəyyənləşdirir.

Əli sadə və zəhmətkeş bir adamdır. Onun dostları isə ali təhsilli, ziyalı təbəqədəndir. Əli, oğlunun beş yaşını qeyd etmək üçün qonaqlıq təşkil etməklə təkcə atalıq borcunu yerinə yetirmir, həm də, özünü dostlarının qarşısında təsdiqləməyə çalışır. İnsanın özünü dərk etmək prosesi başqalarının onun varlığını qəbul etməsi ilə birbaşa əlaqəlidir. Əli, həqiqətən, dostları ilə xoş bir gün keçirmək istəyir, yoxsa onlara “mən də varam, buradayam” deməyə çalışır?
O, bazarda hər şeyin ən yaxşısını almağa səy göstərir. Lakin əlində daşıdığı yük təkcə bazarlıq torbaları yox, həm də sosial təbəqələşmənin görünməz ağırlığıdır. Bazar səhnəsi uzaq planda və uzun fokuslu obyektivlə çəkildiyi üçün kifayət qədər təbii alınıb.
Əlinin həyat yoldaşı Rəna bu hazırlıqları mənasız hesab edir və dostlarının ad günü məclisinə də biganə yanaşacaqlarını deyir. Əli isə onların laqeyd olduğunu qəbul etmək istəmir və hər dəfə onlara haqq qazandırmağa çalışır. Bu, zəiflikdən yox, sədaqətdən irəli gəlir.

Əli rolunu canlandıran aktyor David Uplisaşvili gürcü olsa da, tipik azərbaycanlı kişi obrazını son dərəcə inandırıcı formada təqdim edir. Onun jest və mimikaları, xüsusilə də, çay süfrəsi səhnəsindəki mizanı obrazın autentikliyini gücləndirir.
Filmin ikinci süjet xətti daha çox emosional və psixoloji müstəvidə inkişaf edir. Mustafa müəllimlə qatar bələdçisi Fəridənin təbəddülatlı, az qala, ekzistensial dialoqları iki fərqli dünyagörüşünü araşdırır.
Mustafa sadə, hamı ilə yola gedən və bir qədər də aciz obrazdır. Fəridə isə heç nədən çəkinməyən, iradəli, hətta bəzən azca kobud bir qadındır. Onların söhbəti xarakterlərindəki bu təzadların fonunda inkişaf edir. Mustafa da Əli kimi özünü sübut etməyə çalışır: “Babam müəllim olub”, – deyir və Şəkinin savadlı insanları ilə öyünür. Fəridə isə ona “kişi kimi ol!” deməkdən çəkinmir. Hətta vurğulayır: “Sən uşaq kimisən, diribaş ol!”. O öz peşəsini belə, “arvad işi” saymır. Bu cür səhnələr gender stereotiplərinin kiçik Sovet mənzərəsidir.

Fəridə və Mustafa arasında baş verənlər romantik bir hekayədən çox, iki tənha insanın müvəqqəti yaxınlığıdır. İş elə gətirir ki, Mustafa qayıtmalı olur. O, ağ plaşı ilə yağışın altında hara getdiyini bilmədən addımlayır. Kamera əvvəlcə Mustafanı arxadan, nisbətən yaxın planda izləyir. Bu texnika tamaşaçını sanki onun arxasınca addımlamağa dəvət edir. Kamera Mustafanı sadəcə müşahidə etmir, onunla birlikdə hərəkət edir. Ardınca Mustafa çörək sexinin qarşısında dayanır və vitrindən içəriyə – işçilərə baxır. İçəridə həyat davam edir, Mustafa isə sanki həyatın özündən bir qədər kənarda dayanıb onu izləyir. Leysanın altında çəkilən bu səhnələrdə ağacdan xəzan yarpaqları tökülür. Rejissor səhnəni maksimal dərəcədə təbiiləşdirməyə çalışır.
Digər tərəfdə isə Əlinin qonaqlığı çoxdan bitib. O, yuxudan oyananda artıq hamı gedib. Məyusluqla bildirilən “İstəyirdim, qarmon çalım onlara…” replikası filmin qırılma nöqtəsidir. Səmimiyyət olmayan yerdə musiqi də susur.

Dostluq anlayışı filmdə cizgiləri olan, lakin, əslində, mövcud olmayan bir məfhuma çevrilib. Əli onları “ən yaxın dostlarım” adlandırır, amma bu dostlar onun toyuna belə gəlməyiblər. Mustafa da oxşar münasibətin içindədir. Dostu onunla oturub söhbət etməyə belə həvəs göstərmir. Mustafa fikirlərini bölüşməyə çalışır, lakin bu, qarşı tərəfə qətiyyən maraqlı deyil. Onların dostluğu sadəcə yerinə yetirilməyən vədlərdən ibarətdir.
Filmin ən təsirli səhnələrindən biri məhz finaldır. Gecənin bir aləmi, leysanın altında Mustafa Bakının küçələrində itib. Balkonda dayanıb küçəni seyr edən Əli onu görür və evinə çağırır. Bir az əvvəl özgəlik içində buz bağlamış süfrə indi iki yad insanın səmimiyyəti ilə isinməyə başlayır. Onlar birlikdə içir, söhbət edir, “Ay bəri bax” mahnısını oxuyurlar. Əli qarmonda, Mustafa isə stulda ifa edir.
Filmboyu Əlinin “ata”, “ər”, “dost” kimi rolları var. Bunlar cəmiyyətin ona biçdiyi rollardır. Yalnız final səhnəsində o, sadəcə Əli kimi var ola bilir. Beləcə, bir-birinə yad olan iki insanın ruhən yaxınlaşması filmin əsas mesajını tamamlayır. Əsl dostluq illərin tanışlığına söykənmir, o, səmimiyyət və empatiya üzərində qurulur.
“Ad günü” filmi qətiyyən bəsit məişət hekayəsi deyil. Burada Sovet cəmiyyətində formal bərabərlik ideyasının altında yatan sinfi komplekslər ifşa olunur. Qonşunun “onlar böyük adamlardır” deyib, özünü Əlinin “dostlarına” tay tutmaması da bu kompleksin digər şəkildə ifadəsidir. Gender aspektində isə film patriarxal dəyərlərin həm kişi, həm də qadın personajlara necə təsir etdiyini göstərir. Bütün bunlara baxmayaraq, film empatiya ilə, heç kəsi tam günahlandırmadan danışır. Elə bu şəfqət hissidir ki, “Ad günü” filmini bu gün də dəyərdən düşməyə qoymur.
Filmdə kamera müşahidəçi mövqedə dayanır ki, bu da personajların həyatına müdaxiləsiz baxmaq imkanı yaradır. İşıq və rəng palitrası da simvolik funksiya daşıyır: Əlinin evi daha canlı və rənglidir, Fəridənin evi isə soyuq, tünd və susqundur. Emin Sabitoğlunun musiqisi isə atmosferi tamamlayır.
“Ad günü”, Rasim Ocaqovun yaradıcılığında “Ölsəm, bağışla” və “Bağlı qapı” kimi filmlərlə birgə mənəvi narahatlığın təcəssümünə çevrilmişdir. “Ad günü”, Rafiq üçün yox, unutmaqda olduğumuz dəyərləri bir anlıq xatırlamaq üçündür. Ad günləri keçir, adamlar gəlir-gedir, amma insanın içində təkcə bir şey qalır: o da doğmalığa olan ehtiyacdır.
Aytən Abdullayeva