Now Reading
Dörd ünsür, bir nəsil

Dörd ünsür, bir nəsil

“Hər şeyden əvvəl su var idi. Yer, Ay, Göy və Günəş yox idi. Yalnız Tanrı Kayra Xan (Kuday) var idi, ancaq tək idi və darıxırdı. Sudan bir səs ona “yarat”, dedi. O da özü kimi birini yaradıb ona “insan” dedi. İkisi də qara qazlar kimi suyun üstündən uçdu. Tanrı Kayra Xan heç bir şey düşünmürdü. O vaxt insan, küləyi tapdı və suyu dalğalandırdı. Kayra Xanın üzünə su sıçradı. Bunu etdikdə, Tanrıdan daha güclü olduğunu düşünürdü və daha yüksəyə uçmaq istəyirdi. Ancaq uça bilmədi, suya düşdü və dibə batdı. Boğulmaq üzrə idi. “Mənə kömək et!”, deyə qışqırdı və Kayra Xandan yardım istədi. Tanrı Kayra Xan icazə verdi, insan boğulmadan sudan çıxdı. Sonra Tanrı dedi, “Möhkəm bir daş olsun!”. Suyun dibindən bir daş qalxdı. Kayra Xan və insan bu daşın üstündə oturdular. Kayra Xan, “Suya dal və dibindən torpaq çıxar!” deyə, əmr etdi. İnsan, Tanrının əmrini yerinə yetirdi. Suyun dibindən qazdığı torpağı Kayra Xana apardı. Kayra Xan, insanın gətirdiyi torpağı suya səpərkən, “Yer olsun!”, dedi. Əmr yerinə yetirildi və Yer yaradıldı”.

Sonra Tanrı, torpağı yaratdı və üzərində insanları məskunlaşdırdı. İnsan isinmək və qorunmaq üçün odu kəşf etdi. Və tanrıları səmaya yerləşdirdi. Bəli, gördüyünüz kimi insan, tarixboyu təbiətsiz keçinməmiş, təbiət qanunları ilə yaşamış, bəzən isə onu ram etməyə çalışmışdır. Lakin təbiət insan həyatında yaradıcı və yıxıcı rolunu oynamışdır. Təbiət və insan münasibətlərinin mövzu alındığı filmlərdən biri də rejissor, aktyor və ssenarist kimi fəaliyyət göstərmiş, 1968-ci ildə İrəvanda Zaqafqaziya və Ukrayna Respublikalarının II Zona Kinofestivalıda “Uşaqlarla işə görə” diploma layiq görülmüş məşhur “Şərikli çörək” “Skripkanın sərgüzəşti”, “Əyri yolla qazanc” filmlərinin müəllifi Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmidir. Film dörd novelladan ibarətdir və bir nəslin dörd nümayəndəsi təbiətin dörd əsas elementini təmsil edir.


Birinci novella bütün ömrünü torpağa həsr etmiş və torpağı dədə-babanın mirası kimi görüb, bağban peşəsinə yiyələnən Kərim baba haqqındadır. Kərim baba torpağı simvolizə edir. Torpaq müqəddəsdir. Ondan gəlib, ona dönürük. Eynilə babanın nəvələri kimi. Onlar nə qədər ondan uzaqlaşsa da ondan bir parça daşıyırlar. İstər dənizin dibində ol, istər səmaya qalx, yenə də torpağa qovuşursan. Filmin ilk dəqiqələrində ağac daşıyan Kərim babanın məqsədi, nəvəsi Kamillə qəbiristanlıqda baş tutan söhbət zamanı üzə çıxır. Kərim babanın amalı filmin ideyası ilə səsləşir. Belə ki, Kərim baba ölümün yer üzərindəki hamını və hər şeyi tapacağınından əmindir. Canlı və cansız: İnsan və əşyaları. Bitki və heyvanları. Və qəbir daşları üzərinə çəkilən təsvirlərə baxaxraq “Mən kiməm və nə etmişəm?” suallarını verir. Kərim baba üçün insanın dünyada qoyub gedəcəyi iz “bağının bəhrəsi” olan alma ağaclarıdır.


İkinci novella, atasından fərqli olaraq, balıqçı olmağı seçən Əlidən bəhs edir. Əli, dənizi təmsil edir: Eynilə dəniz kimi bəzən coşqun, bəzən sakitdir. Digər personajlara nisbətən filmdə az görünsə də yaddaqalan obrazdır. Balıqçı Əli, oğlu Kamillə münasibətdə qayğıkeş atadır.

Üçüncü novellanın qəhrəmanı olan Kamil odu təmsil edir. Digər personajlara nisbətən Kamilin uşaqlıq və gənclik illərinə filmdə çox yer verilməsinin səbəbi kimi nefti təmsil etməsini göstərmək olar. Dayısının ona verdiyi alışqanın təsiri ilə neftçi olan Kamillə bağlı, tamaşaçı üçün düşündürücü olan səhnələrdən biri də qonşu qadının ölümüdür. Kamilin öz atası ilə neftin balıqlara ziyan vurmasına aid söhbəti yeni və köhnə nəsil arasındakı fərqin göstəricisidir. Anasının istəklərinə baxmayaraq, başqa qadınla ailə hayatı quran Kamilin toyunun ilk gecəsi müharibə  başlayir və onu da öz sıralarına alır. Cəbhə yoldaşı ilə birgə silaha sarılan Kamil, düşməni vurmağa çalışarkən, onunda şirin xəyallarının, ailəsinin, sevdiklərinin olmasını, ən əsası insan olduğunu xatırlayır. Lakin başını qaldırdıqda o, düşmən tərəfindən vurulur. Burada rejissor, bizə müharibənin son dərəcə amansız və qorxunc olduğunu, bəşəriyyətin məhvinə səbəbkar topların deyil, insanlarin bir-birinə qarşı nifrətinin olduğunu göstərir. Kamil müharibədən qayıtdıqdan sonra oğlunun ona qarşı “siz” deyə xitab etməsi hər nə qədər məzəli  səslənsə də, bir o qədər də nisgillidir. Müharibə səni sevdiklərindən alır və uzaqlaşdırır. Hər nə qədər doğma olsaq da, müharibə eyni zamanda insanları bir-birinə yadlaşdırır.


Dördüncü novellanın qəhrəmanı Murad, səmanı təmsil edir. Pilot dərslərinə gedərkən nənəsi ilə qarşılaşanda, nənəsinin ona dediyi “Az qala azacaqdım” sözləri Kamilin atası Əliyə söylədiyi “Burada neft var, artıq burada böyük şəhər olacaq” sözlərinin öz təsdiqini tapdığını göstərir. Nənənin gətirdiyi almalar bizə Kərim babanın əkdiyi ağaclardan yadigardır, Kərim baba, istədiyi kimi bu dünyada bir-birindən çox iz qoydu. Kərim babadan bu dünyaya qalan ən böyük iz Əli, Kamil və Muraddır. Onun pilot kimi səmaya qalxması ilə film bitir. Kamillə  Muradın ata-oğul münasibətləri digər ata və oğulların münasibətlərindən fərqli olaraq, Kamil yeni peşə seçimində ona qarşı çıxmır və dayısının ona verdiyi alışqanı oğluna verir. Filmin ana ideyası təbiət və insan arasındakı münasibətdir. Amma istər dəniz olsun, istər od, səma, hamısının yıxıcı tərəfləri də var. Kərim baba torpaga ağaç əkir. Lakin hər şeyi verən torpaq sevdiklərimizi alır. Ən yaxşı balığı bəxş edən dəniz bəzən gəmini öz qoynuna qərq edir. Od, neft insanı qorusa da, bəzən, uğrunda savaşmağa məcbur edir. Azadlığı təmsil  edən səmada bəzən təyyarələr partlayaraq insan həyatına son  qoyur. Amma filmdəki hər kəs, hətta düşmən səngərindəki üzünü görmədiyimiz əsgər belə, tamaşaçının yaddaşında iz qoyur. Film, mövzu etibarilə digər Azərbaycan filmlərindən fərqlənsə də, süjeti yarım qalan bəzi hissələr var. Məsələn, ailə Əlidən  xəbər gözləyir, lakin nə onun ölüm xəbəri gəlir nə də özü geri qayıdır, anası Kamili Sevda ilə evləndirmək istəsə də Kamil qayalıqda gördüyü qızla evlənir…


Filmin ssenari müəllifi Anardır. Filmdə Torpağı təmsil edən Kərim baba rolunu Ismayıl Osmanlı, Dənizi təmsil edən Əli rolunda Ələddin Abbasov, Əlinin oğlu Kamili Ələsgər Ibrahimov, Murad rolunu isə Fikrət Əliyev ifa ediblər. İlk səhnələrində qayaların təsviri, dənizdə tufan çıxanda qara çadralı qadınların narahatlığını təsvir edən səhnələri ilə fərqlənən filmin operatoru Rasim İsmayılovdur. Yeri gəlmişkən, yaşı az olmasına baxmayaraq, filmdə fərqli fikirləri və sualları ilə seçilən, Kərim babanın nəvəsi obrazını canlandıracaq şəxs Kamran Rəcəblidir. Aktyorun filmoqrafiyasina nəzər saldıqda, uşaq rollarının mahir ifaçısı adlandıra bilərik. Təsadüfi deyil ki, eyni zamanda tamaşaçının yaddaşında “Şərikli çörək” filminin Vaqifi kimi də qalmışdır.

Təbiət-insan münasibətindən bəhs edən filmlərdən biri də Aleksandr Dovjenko tərəfindən lentə alınmış “Torpaq” filmidir. Filmdə torpaq, sevdiklərimizi bizdən alaraq hər şeyi bəxş edən ünsür kimi təqdim olunur. “Torpaq, Dəniz, Od, Səma”dan fərqli olaraq, “Torpaq” filmində 3 nəsil var və burada insan təbiətdə iz qoymaqdan daha çox, təbiətin bir parçası kimi təqdim edilir.

Elza Axundova

Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top