İNDİ OXUYUR
Donmuş adamın iniltisi

Donmuş adamın iniltisi

Yuli Qusmanın “İlıq dənizdə buz parçası” bədii filmi neft mövzusunda çəkilən filmlərdən qəhrəmanın iş həyatının şəxsi drama çevrilməsinin, sosiumla münasibətin süjetin mərkəzi xəttini təşkil etməsiylə fərqlənir. Kinorejissor, teleaparıcı, aktyor, keçmiş KVN-çi Yuli Qusman Azərbaycanda istehsal olunan bir neçə filmin müəllifidir. Onlardan ən məşhuru, zamanında çox populyarlıq qazanmış “Qorxma, mən səninləyəm” (1981) musiqili macəra filmidir. Hərçənd, uzun illər sonra, 2013-cü ildə filmin davamının çəkilməsi (Qorxma, mən səninləyəm! 1919) ilk uğuru təkrarlaya bilmədi.

Yuli Qusman


Fürsətdən istfadə edib Qusmanın o qədər də tanınmayan iki filmi haqqında qısaca məlumat verim. 1976-cı ildə çəkilən “Günlərin bir günü” almanaxında (almanax iki novelladan ibarətdir, “Süita”nın ssenaristləri Rüstəm İbrahimbəyov, Revaz Qabriadze, rejissoru Rüstəm İbrahimbəyovdur) yer alan eyniadlı novella (ssenarist Maqsud İbrahimbəyov) perspektivli elmi işçinin naməlum obyekt görməsinə ətrafın inanmaması, psixoloji təzyiqi nəticəsində qəhrəmanın psixikasının pozulması haqdadır. Komediya janrından drama keçən hekayədə vurğulanan əsas problem insanın mənəvi təkliyi, doğmaları, onu əhatə edən mühitlə anlaşmamasıdır. Bu xətt rejissorun iki il sonra ekranlaşdırdığı “Bir ailəlik bağ evi” (ssenarist Rüstəm İbrahimbəyov) filmində fərqli bir ailə modelində əksini tapır. Övladlarla valideynləri arasında meydana çıxan ünsiyyət çətinliyi, bağların qırılması və anlaşılmazlıq, süjetin mərkəzi motivlərindən biridir.

1983-cü ildə Qusman Cəmil Əlibəyovun “Qış macərası” romanı əsasında ekranlaşdırdığı “İlıq dənizdə buz parçası” (ssenarist Pavel Finn) filmində analoji problemi qocaman neftçi Nəzərin (Həsənağa Turabov) həyatında əks etdirir. Süjetə görə, təqaüdə çıxmış qocaman neftçi Nəzər, işsizliyi ilə barışa bilmir, işə yararlı olduğunu məmurlara eşitdirsə də, onu kimsə dinləmir. Özünü cəmiyyətə yararlı hesab etməyən Nəzər ümidsizləşir, ailəsilə, dost-tanışıla, nə vaxtsa işlədiyi idarənin rəhbərlərilə dil tapa bilməyən qəhrəmanın təkliyi, ünsiyyət çətinliyi onun az qala faciəsinə çevrilir.


Ssenari vizual və dramaturji baxımdan kinoya yararlıdır. Sadəcə, Qusman ssenarinin imkanlarını tam dəyərləndirə bilməyib. Təqaüdə göndəriləndən sonra həyatının mənasını itirən, özünüifadə problemi yaşayan və kimsə tərəfindən başa düşülməyən Nəzərin  qarşılaşdığı apatik vəziyyətlə necə davranması, reaksiyası, özünü təsdiq üçün passiv mübarizəsini tədricən ekzistensial drama da çevirmək mümkün idi.  Yalnız  bir neçə epizod – dövlət tərəfindən xidmətlərinə görə mükafatlandırılmış, üstəlik, deputat olan ixtiyarın zaman-zaman boşluğa düşməsinin, rejissor, rəssam (Fikrət Əhədov), operator (Valeri Kərimov) işinin orqanik həlli ilə təsirli təsvirlərinə nail olunur. Ümumilikdə isə müəyyən faktorlar səbəbindən filmin həyati, təsirli, dərin drama çevirmək fürsəti əldən buraxılıb. Üstəlik, milli kinonun ən peşəkar, istedadlı aktyorlarından Həsənağa Turabovun potensialı da buna imkan verirdi. Usta Nəzər prinsipialdır,  öz imtiyazlarından istifadə edərək qəsəbənin digər sakinlərindən seçilmək, məişət problemlərini nüfuzu hesabına həll etmək istəmir, hamı kimi məişət qayğılarında yaşamağı seçir. O, qışqıra, əyilə, xahiş edə bilmir. Ona görə oğlunun (Rasim Balayev) problemlərini “hörmət”lə (rüşvətlə) həll etməsinə qarşı çıxır. Bir qayda olaraq, düzgün, prinsipial Sovet vətəndaşı obrazı Sovet kinosunda aşırı hissiyyatla, dramatizmlə oynanılır. Həsənağa Turabov isə mübarizəsini, dəyərlərinə sadiqliyini minimum emosiya ilə oynayır, seçdiyi sakit qiyamçı intonasiya və təmkinli bədən dili, obrazını didaktikadan təmizləyir,  qəzəb partlayışlarını daxili emosiyalarının süzgəcindən keçirərək açıq mətnlə oynamaqdan imtina edir və buna görə də inandırıcı görünür. Ümumiyyətlə, Turabov istənilən psixoloji tipləri, davranış modellərini dərindən mənimsəyən, obrazlarda əriyib özgələşə bilən aktyordur…


Ekspozisiya Nəzərin dəniz sahilində huşunu itirmiş vəziyyətinin təsviri ilə başlayır, o, ayılaraq ətrafa nəzər salır və sonra asta templə birbaşa kameraya-tamaşaçıya baxır. Müqəddimədə təklif olunmuş kadr düzümü  bir neçə məna ilə yüklənir. Onun ölgün bədən vəziyyəti filmboyu ruhi ovqatının təsviridir  və belə bir simvolik, sürreal səhnənin intonasiyası, “dördüncü divarın” yarılması ilə tamaşaçının nəsə narahat psixoloji hekayəyə baxacağını bildirir. Ekspozisiya eyni zamanda final səhnəsinin bir parçasıdır.

Titrlərdən dərhal sonra, ekspozisiyanın bədbin, boz rəngi və ovqatı ilə kontrast təşkil edən növbəti epizodda Nəzərin partiya funksionerləri tərəfindən təmtəraqla mükafatlandırılması, təqaüdə yolasalınma mərasimi əks olunur. Qırmızı rəngin mərkəzdə olduğu yolasalma mərasimi səhnəsi bürokratiyanın Nəzərə münasibətindəki zahiri dəyərləndimədir. Əslində, usta Nəzər sosial ədalətsizliyin qurbanıdır, o,  adi məişət komfortunun olmadığı qəsəbədə yaşayır və dövrün sosial ziddiyyəti, vətəndaşa ikili standartı Sovet ideallarına inanmış neftçinin həyatında əksini tapmasında nəsə bir ironiya sezilir.

Nəzərin dəyərlərə sadiqliyi, həyata baxışı onu dost-tanışla, ətrafla ziddiyyətli münasibətə, konfliktə aparır. Nəqliyyatın belə normal işləmədiyi, çovğunlu gündə qəsəbədə iki gənc bir qadını sırtıqcasına tovlayanda, yaşlılara hörmətsizlik nümayiş etdirəndə, hamı sussa da, o, dözmür. Yaxud məmurların yarıtımaz fəaliyyəti nəticəsində qəsəbəyə qaz verilməyəndə o, məsələyə əncam çəkmək üçün idarəyə gedir və etirazını bildirir. Amma yuxarıda qeyd etdiyim kimi o, passiv mübarizdir, daha çox susur, nəinki mübahisə edir, yaxud, haqlı olduğunu sübuta yetirməyə çalışır. İdarə müdirinin katibəsinin istehzası, hörmətsizliyi, snobluğu ilə qarşılaşanda ancaq yumruqlarını sıxmaqla kifayətlənir. İdarə rəhbəri (Həsən Məmmədov) ona verdiyi vədi unudanda, o, susaraq kabineti tərk edir. Keçmiş iş yoldaşı onu dinləməmək üçün radioda musiqini qoşanda da susur. Nəzərin həyatının leytmotivi işinə, peşəsinə aşırı sevgisi və ona vicdanlı müasibətidir. İş onun varolma forması, həyatına məna qazandıran nəsnədir. Bəlkə də Sovet dövrünün tələbləri olmasaydı, biz burada məmurların bürokratiyası, laqeydliyi üzündən ekzistensial boşluğa düşən, həyatın mənasını itirmiş qəhrəmanın dramını izləyəcəkdik. Lakin, rejissor hekayəni bu istiqamətə yönəltmir və nəticədə industrial, sosrealizm əlamətlərini daşıyan film xoşbəxt sonluqla bitir. Köhnə kateri təmir edən qəhrəman onunla Arxangelskdən gələn, neftçilərin fəaliyyətinə təhlükə törədəcək nəhəng buzu həyatı bahasına parçalayır, Və ekzspozisiyadakı boz səhnə rəngli, ümidli finalla bitir. Buz parçası ilə döyüşdən qalib çıxan, kimsəsiz adaya düşmüş Nəzər xilas edilir.   


Filmin təsvir dili Nəzərin mənəvi həyatına adekvat seçilir, kamera onun təkliyini tez-tez daha çox təkrar kardlarda vurğulayır: neft buruqlarına, mədənlərinə xiffətlə baxanda, gündəlik həyatın rutin işlərini yerinə yetirəndə… və bu kadrlar süjetboyu onun sabit, dəyişməyən həyatının dözülməzliyini eyhamlaşdırır.

Soyuq, darıxdırıcı qış mənzərələri, boz çöllük isə qəhrəmanın mənəvi təkliyinin vizual ekvivalenti kimi çıxış edir. Bəzən isə onun mənəvi həyatı boz neft sənayesi təsvirləri fonunda poetikləşdirilir. Və bu kadrları müşayiət edən lirik musiqi (Xəyyam Mirzəzadə) təsvirin dramatikliyini və mənasını  bəsitləşdirərək, qəhrəmanın yaşantılarını klip səviyyəsinə endirir. Neftçilərin əmək fəaliyyətinin əks olunduğu səhnələrdə isə Georqi Sviridovun “Zaman, irəli!” süitasının intonasiyasında səslənən industrial musiqi təbliğati-sənədli filmləri xatırladır. Təbii fəlakət xəbərinin informasiya proqramlarının estetikasında verilməsi isə filmin ümumi kompozisiyasına qəfil daxil olan yad element kimi görünür.    

Nəzərin dənizdə nəhəng buz parçası ilə mübarizəsi, onu katerlə parçalaması isə maraqlı həll olunaraq döyüş rəqs kimi qurulub.


Filmin ideya-problematikası hekayənin sonlarına yaxın  səslənir. Partiya iclasında cari məsələlərinin müzakirəsinin ritmini, Nəzərin cəmiyyətdəki laqeydliyə qarşı sakit səslə ifadə etdiyi üsyankar çıxışı pozur. O, müasir insanın maddiyyətə, vəzifəyə hərisliyini tənqid edir və  insan faktorunu qiymətləndirməsinin vacibliyindən danışır. Kameraya baxaraq, “insanlar, siz nə edirsiniz? Belə etmək lazım deyil. Hay-küy salmaq lazım deyil ki, ruhumuz xırdalanmasın, kiçilməsin” sözləri əslində tamaşaçıya ünvanlanır. Və “Ilıq dənizdə buz parçası” adı təbiət faktından çox, qəhrəmanın cəmiyyətdəki soyuqluğa, eqoizmə, laqeydliyə etirazının ifadəsi kimi meydana çıxır.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya