“DokuBaku”da yerli qısametrajlı filmlər
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının builki buraxılışı yekunlaşdı. Festivalda 33 ölkədən 60-dan çox film iştirak edirdi. Azərbaycan isə ümumilikdə bu festivalda 4 filmlə təmsil olundu. Bu 4 filmdən üçü mükafata layiq görüldü. İlkin Yusifin “Mən qəhrəman axtarıram” filmi festivalın “No-Main” müsabiqəsində “NewEYE” mükafatına layiq görüldü. Bu film həm də ölkəmizi festivalda təmsil edən yeganə tammetrajlı film idi. Film barədə daha əvvəl yazı yazdığım üçün bu dəfə həmin film barədə söhbət açmayacağam. Festivalda nümayiş edilən üç qısametrajlı filmə isə nəzər salmaq mütləqdir.
Festivaldan əliboş qayıdan yeganə Azərbaycan filmi Nihad İsanın rejissorluğunu etdiyi, Nigar Soltanova ilə birlikdə ssenarisini yazdıqları “Bədənimin danışacaqları var” oldu. Film “DanceAbility Azerbaijan”ının müəllim və tələbə heyətinin iştirakı ilə çəkilib. “DanceAbility” inklüziv dərslər və tamaşalar həyata keçirən bir qurumdur və dünyada 1987-ci ildən fəaliyyət göstərir. Bu filmdə də məhz həmin qurumun və müəllimi və tələbələri iştirak ediblər. Müxtəlif qruplara aid olan insanlar rəqs vasitəsilə sosiallaşır və ortaq bir fəaliyyətdən zövq alırlar.
“Bədənimin danışacaqları var” filmi də müxtəlif problemləri olan insanların öz problemləri ilə üzləşmə hekayəsini bizə göstərməyə çalışır. Bu insanlar üzləşdikləri çətinliklərə baxmayaraq, həyatda yaşamaq üçün məna və motivasiya tapmağı bacarırlar. Film ərzində onların hekayələrini eşidir, üzləşdikləri çətinliklərə qulaq asırıq. Bu danışılan hekayələr isə müxtəlif vizual həllər vasitəsilə tamamlanmağa çalışır.
Filmin əsas axsayan tərəfi də məhz vizuallığıdır. Sadəcə bir məkanda keçən, kitab, tor və başqa simvolik əşyalarla bütün hekayənin danışılma cəhdi heç də uğurlu alınmır. Üstəlik “slow-motion” çəkiliş üslubu insanı yormağa, hekayədən qoparmağa başlayır. Obrazların çoxluğu və onların hər birinin ayrı hekayəsi orqanik olaraq bir-birinə bağlanmır, sadəcə sözlərlə keçid baş tutur. Film qəhrəmanların danışmaq istədiklərini hekayə əskikliyi səbəbindən tam ötürməyi bacarmır. Nümayişdən sonra filmin ssenaristi və prodüseri olan Nigar Sultanova özü açıqlama verəndən və izah edəndən sonra aydın olur ki, filmin keçdiyi məkanda hər künc bir qəhrəman üçün ayrılıbmış və onlar özlərini, hekayələrini bütün bir otağa yığaraq danışmağa cəhd edirlər. Bununla da filmin sanki bir rəqsin, tamaşanın videoya çəkilmiş halı olduğu aydın olur. Rejissor bəzən hekayəyə başqa məkanlar vasitəsilə dərinlik qatmaq istəsə də, hekayə özü axsadığı üçün uğurlu alınmır.
Bütün bu nöqsanlarına baxmayaraq, “Bədənimin danışacaqları var” filmi inklüzivliyi, fərqli perspektiv və hekayələri kinomuza gətirməyə çalışdığı üçün dəyərlidir. Bu cür filmlər bizim kinomuzda tez-tez görülmür, əvəzinə filmin mövzusuna çevirdiyi insanlar görməzdən gəlinir, sanki yox imiş kimi davranılır, ya da cəmiyyətə adaptasiyada problemlər yaşayırlar. Ən azından bu kimi məqamların göstərilməsi diqqətəlayiqdir. Film baxımdan keyfiyyəti isə, yalnız davamlı çəkərək inkişaf etdirmək mümkündür.
Amil Amalın “Vulkan üzərində ev” filmi festivaldan “Xüsusi vurğu” (Special Mention) ilə geri qayıtdı. Bu film Binəqədi qəsəbəsində yerləşən Keyrəki palçıq vulkanından və orada yaşayan tənha bir qadının başına gələndən bəhs edir. Bu film mövzu olaraq mənə tamaşaçı kimi çox yaxın idi, çünki uşaqlığım, yeniyetməliyim məhz həmin ərazidə keçib. Bu palçıq vulkanı barədə hekayələr eşitmişəm, ətrafında gəzişmişəm, qamışlıqlarda oynamışam. Film özü də ilk kadrdan insanda məkana dair müəyyən hiss yaratmağı bacarır, insan səbirsizliklə qəhrəmanı tanımaq istəyir. Lakin bu gözlənti heç cür özünü doğrultmur.
Filmin qəhrəmanı ilə tanışlığımız dolayı yolla baş tutur. Məktəbdə keçirilən “Coğrafiya” dərsində mövzu “Palçıq vulkanları”dır və birdən şagirdlərdən biri qonşuluqda yaşayan qadından, onların evlərinin palçıq vulkanı partlaması nəticəsində yararsız hala düşməsindən bəhs etməyə çalışır. Rejissor qəhrəmanını tanıtmaq üçün belə yaradıcı olmayan bir fəndə əl atır. Bu gediş başadüşülən olardı, əgər həmin məktəbli uşaqların hekayə ilə üzvi bir bağı olsaydı. Təəssüf ki, həmin əlaqə qurulmur, uşaqların sadəcə informativ funskionallığa sahib olduğu aydınlaşır. Məktəblilərdən qadına keçiddən sonra da hekayə əsas problemini aydınlaşdıra bilmir. Sadəcə gündəlik qayğıları, çətinlikləri, insanların həmin ərazidə yaşamaq üçün üzləşdikləri müxtəlif məişət problemlərini görürük. Bu baxımdan, film müəyyən məqamdan etibarən ictimai problemləri işıqlandıran reportajları xatırlatmağa başlayır. Əgər filmin əvvəlində vizual olaraq maraqlı, diqqətçəkən məqamlar varsa, qəhrəmanla tanışlıqdan sonra həmin işartılar da itir, film adiləşir.
Filmin sonunda isə evlərin divarlarına yazılmış müxtəlif “Satılır” yazılarını göstərərək rejissor problemin kütləvi olduğunu, təkcə filmin baş qəhrəmanı ilə yekunlaşmadığını göstərir. Bu yanaşmanın özü də problemi səthi formada göstərir. Həyətdə, küçədə domino oynayan dayılar da filmin əvvəlindəki məktəbli uşaqlarla oxşar taleyi bölüşür, yəni filmin hekayəsinə xidmət etməyi bacarmırlar. Amil Amal filmdə ictimai problemləri o qədər qabardır, insanlara çatdırmağa çalışır ki, insan hekayəsini göstərməyi unudur.
Cəmiyyətimizə və problemlərimizə dair məqamların Azərbaycan filmlərində göstərilməsi çox vacibdir. Amil Amal nə yaxşı ki, buna cəhd edir. Lakin bu tərz filmlərin əsas maneəsi olan “insan faktorunu arxa plana atmaq” tələsinə düşür. İnsan faktorunu göstərə bilməyəndə film zəifləyir. Rejissorun növbəti filmlərində hekayəyə daha çox önəm verəcəyinə ümid edirəm.
Festivalda “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasında isə Mətləb Muxtarovun “12/35” filmi qalib seçildi. “12/35” rejissorun Sumqayıtda yaşadıqları binanın nömrəsidir və filmdə həmin binada yaşayan iki nəslin ümumi mənzərəsi tamaşaçıya çatdırlır. Film kifayət qədər radikal sayıla biləcək intim bir səhnə ilə başlayır. Rejissor öz anasından, atasının necə öldüyünü soruşur. Bu sorğu-sual yalnız otuz ildən sonra baş tutub və o öz ailəsində tabu olan mövzunu araşdırmağa qərar verir. Bu suallarla hekayənin digər qəhrəmanlarını da tanıyırıq. Onlar – rejissorun atası da daxil – çox erkən yaşlarında həyatdan köçüblər. Çoxu heç 50 yaşına çatmamış ölən bu insanların ölüm səbəbləri də demək olar ki ortaqdır – əksəriyyəti serrozdan vəfat ediblər. Bunun səbəbi, onların içkiyə, narkotikə qurşanmasıdır. Bircə rejissorun atası 20 Yanvar hadisələrində yaşadıqlarından təsirlənərək infarkt keçirərək vəfat edib.
Rejissor gah bizə gənc yaşında ölən bu insanları tanıdır, gah da öz həmyaşıdları ilə ortaq keçmişlərini xatırladır. Film, mövzusunu tapmaqda çətinlik çəkir. Müxtəlif xatirələr, görüntülər, hisslər tamaşaçının üstünə gəlir, lakin mövzuya dair olan konkret yanaşma aydın olmadığı üçün seçilən mövzularda dərinlik çatmır. Digər tərəfdən, rejissor narkotik və içki aludəçisi olan insanları qınamır, tənqid etmir. Filmin yalnız bir yerində onların niyə belə total depressiya yaşadığına toxunulur – rejissorun dostu deyir ki, bu insanlar fabrikdə işləyərək bütün həyatlarını başa vurmağı gözləyirdilər, lakin SSRİ-nin dağılması ilə insanlar işsiz qaldı. Filmin nümayişindən sonra da rejissor məhz bu məqamı vurğuladı və problemin insanlarda yox, onların düşdüyü çarəsiz situasiyanı yaradan sistemdə olduğunu bildirdi. Filmin özü isə bu məqamı kifayət qədər vurğulaya bilmirdi.
Film müəllifin şəxsi həyatından, travmalarından yola çıxaraq ətrafını, yaşadığı və böyüdüyü mühiti anlamaq cəhdidir. Bu cəhdlə insanın məkanla qurduğu əlaqə, məkanın insan həyatındakı rolu aydınlaşdırılır. Bu tərz sənədli filmlər dünyada da çox çəkilir, hətta müxtəlif arxiv görüntülərindən istifadə edilir, məkanın yenidən tarixi yazılır. Mətləb Muxtarov məkanın yenidən tarixini yazmasa da, sentimental sevgi məktubuna çevirdiyi filmi ilə doğma binalarını başqalarına da göstərməyə çalışır.
Ümumilikdə, “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında nümayiş etdirilən yerli sənədli filmlərimizi “yaxşı” və ya “əla” kimi dəyərləndirə bilməsəm də, bunun bir proses olduğunu da nəzərə almalı olduğumuzu düşünürəm. Sənədli filmlərin çəkilməsi, xüsusilə müstəqil sənədli filmlərin çəkilməsi təzəlikcə populyarlaşmağa, rejissorların müraciət etdiyi bir janr olmağa başlayır. Ona görə də növbəti illərdə bizi daha yaxşı – həm mövzu, həm də texniki baxımdan – filmlərin gözlədiyinə ümidvaram.
Hacı Səfərov