İNDİ OXUYUR
Doğrudanmı, başqa seçim yox idi?

Doğrudanmı, başqa seçim yox idi?

Rejissor Pak Çxan-ukun ən son işi olan “Başqa seçim yoxdur” (“No Other Choice”) tamaşaçılar tərəfindən geniş maraqla qarşılandı. Bu filmi səbirsizliklə gözləyirdim və rahatlıqla deyə bilərəm ki, gözləntilərim özünü doğrultdu. Filmin adı süjetin əsas xəttini birbaşa açır.

Rejissor bu dəfə diqqəti müasir cəmiyyətin konkret bir probleminə yönəldir: işsizlik və onun fərdlərə təsiri. Əsas obrazı Li Byön-hon canlandırır, o, “Squid Game” serialından geniş auditoriyaya yaxşı tanışdır. Yu Man-Su adlı personajın çalışdığı fabrik struktur dəyişikliyi edərək bir çox işçini ixtisar edir. Başlanğıcda Man-su özünü təhlükəsiz mövqedə hiss edir, hətta işdən çıxarılan dostlarını müdafiə etməyə də çalışır. İroniya isə ondadır ki, işdən çıxarılan elə özü olur.


Man-sunun ailəsi – həyat yoldaşı Li Mi-ri (Son Ye-jin) və iki övladından ibarətdir. Şi-van Mi-rinin ilk evliliyindəndir, Ri-van isə Man-su ilə ortaq övladıdır. Ri-van kontrabasda mahiranə ifa edir; onu canlandıran Çoi So-yulun real həyatda da kontrabas ifaçısı olması qəhrəmana əlavə autentiklik verir. Xüsusilə ifa səhnəsində bu təbiilik hiss olunur.

Man-sunun işdən çıxarılması ailədaxili sabitliyi pozur. Mi-ri evi satmağı, borcları bağlamağı və daha ucuz həyat tərzinə keçməyi təklif edir. Lakin Man-su doğulub-böyüdüyü evi satmaq istəmir. Burada filmin adı konkret məna qazanır: onun üçün “başqa seçim” yoxdur. O, çıxış yolu kimi radikal və qanlı plan qurur. Yapon kağız şirkətində açılan vakansiyanı son şans kimi görür. Bütün namizədlərin siyahısını əldə edir, CV-ləri analiz edir, kimin ondan daha şanslı olduğunu hesablayır. Pak burada rəqabəti fiziki və mənəvi məhv səviyyəsinə qaldırır. İş bazarındakı mübarizə həyati təhlükəyə çevrilir. Rejissor işsizliyi yalnız iqtisadi problem kimi yox, həmçinin ləyaqət anlayışının sınması kimi təqdim edir. Man-su artıq sadəcə işini deyil, özünü itirmək qorxusu ilə üz-üzə qaldığın üçün hərəkətə keçir.

Pak emosional manipulyasiyadan çox, struktur qurur: səbəb-nəticə zənciri sərtdir və qəhrəmanın seçimi mərhələli şəkildə qaçılmaz görünməyə başlayır. Burada əsas sual yaranır: doğrudanmı başqa seçim yoxdur, yoxsa Man-su bunu belə görmək istəyir?

“Başqa seçim yoxdur” satira ilə triller estetikasını birləşdirir. Man-suya nə tam bəraət qazandırılır, nə də o birölçülü cani kimi qələmə verilir. Kamera müşahidə edir, gülür, amma mühakimə etmir.


İlk qurban Bommo (Li Sonq-min), peşəsində səriştəli, sistemin qaydalarını yaxşı bilən biridir. Man-su onun evini günlərlə izləyir, gündəlik rutinini öyrənir, hətta həyat yoldaşının xəyanətindən xəbər tutur. Bir məqamda onu bu psixoloji yükdən “xilas etməyə” belə çalışır. Cinayət günü atasından qalan Şimali Koreya istehsalı olan silahını götürərək evə gedir. Lakin hadisələr gözlənilməz istiqamət alır: Bommonu Man-su yox, həyat yoldaşı öldürür. Vurulma səhnəsi klassik triller estetikasına uyğun qurulmayıb; burada Parka xas ironik ton və oyun elementi hiss olunur.

Filmdə diqqətəlayiq məqamlardan biri, hər personajın öz dramatik xəttinin olmasıdır. Biz Bommo və həyat yoldaşının tanışlıq hekayəsini izləyir, xarakterlərini tanıyırıq. Onlar sadəcə “uğura gedən yolda maneə” kimi təqdim edilmir, fərd kimi qurulurlar. Bu isə izləyicinin Man-suya kor-koranə haqq qazandırmasının qarşısını alır.


İkinci qurban Sico (Ça Sinq-von) bir uşaqlı, işsiz atadır. O, aciz və sosial baxımdan sıxışdırılmış bir obrazdır. Paradoks ondadır ki, Man-suya kömək etmək istəyərkən öldürülür. Qurbanların sayı artdıqca Man-sunun metodikası da dəyişir. Artıq daha sistemli hərəkət edir. Siconu öz evinin həyətində basdırması və cəsəddən gübrə kimi istifadə etməsi obrazın mənəvi deqradasiyasını açıq göstərir.

Üçüncü qurban isə hələ də fabrikdə işləyən Çoi Son-çuldur. Man-su onun zəif nöqtəsi olan içkidən istifadə edir. Digərlərindən fərqli olaraq onu silahla öldürmür; cinayəti daha detallı və planlı şəkildə icra edir. İlk mərhələdə hiss olunan tərəddüd və mərhəmət getdikcə yox olur, yerini soyuqqanlılığa verir. Burada yenə Paka xas olan “dişçəkmə” motivi var: son cinayəti törədərkən Man-su çürük dişini kəlbətinlə özü çəkir. Bu səhnə həm fiziki ağrının, həm də daxili çürümənin vizual ifadəsi kimi oxunur. Nəticədə bütün namizədlər aradan götürülür və Man-su işə qəbul edilir.

Filmdə klassik mənada karma mexanizmi yoxdur. Rejissor burada hakim mövqe tutmur, hökm çıxarmır, didaktik final qurmur. Kapitalizmin insanı necə öz “mən”indən uzaqlaşdırdığını, onu həm qatilə, həm də qurbana çevirdiyini göstərir. Tənqid ikibaşlıdır: sistem rəqabəti təşviq edir, “başqalarını keç” prinsipini normallaşdırır və bunun gətirdiyi zorakılığı dolayı yolla legitimləşdirir. Man-sunun cinayətlərinin başqa birinin üzərində qalması və heç kimin ondan şübhələnməməsi də bu mexanizmin bir hissəsidir. Pak bütün bunları qara yumorla təqdim edir; nəticə çıxarmağı isə tamaşaçıya buraxır.


Süjetin əsasında “Balta” (The Ax) romanı dayanır. Donald E. Vestleyk-in mətnini rejissor öz üslubuna uyğunlaşdırıb. Premyeradan öncə bəzi tamaşaçılar sinopsisi “Parazit” filmi ilə müqayisə edirdilər. Lakin “Başqa seçim yoxdur” ton, struktur və rejissor yanaşması baxımından fərqlidir; burada sosial tənqid satirik ifşa kimi qurulur.

“Başqa seçim yoxdur” ifadəsi filmboyu müxtəlif kontekstlərdə təkrarlanır və tədricən bəraət cümləsinə çevrilir. “Başqa seçim yoxdur” deyə-deyə hər kəs öz seçimini edir və məsuliyyəti öz boynundan atır. Man-su ilə bağlı soruşa bilərsiniz: bəs bu adamlar niyə başqa iş tapmır? Film məhz bu məsələni qaldırır. Bəli, alternativ variant mümkündür. Lakin bir peşəyə illərlə həyatını sərf etmiş insan üçün məsələ sadəcə maaş deyil. Kağızçılıq sahəsinin seçilməsi təsadüfi deyil: kağız həm yaddaşın, həm də təmizliyin simvoludur, eyni zamanda, texnologiya dövründə arxa plana keçən maddi bir daşıyıcıdır. Maddi olanın sıradan çıxması ilə insanın öz dəyərinin də sual altına düşməsi paralel qurulur.

Gülməli tərəfi ondadır ki, Man-su bu peşəyə olan sevgisini yoldaşına danışarkən birinci qurbanının sözlərini parafraz edir. Yəni əslində onun peşəsinə olan sevgisi də elə səthidir. Man-su başqa iş tapa bilərdi. Problem iş tapmaq deyil, özünü kim hesab etməsidir. O özünü kağızçılıq peşəsi ilə eyniləşdirir. İşini itirmək onun üçün kimlik itkisi deməkdir.

Filmin kastinqi xüsusilə qeyd olunmalıdır. Müntəzəm Cənubi Koreya kinosu izləyicisi üçün aydındır ki, Pak rolları populyarlıq prinsipinə görə bölüşdürmür. O, aktyor seçimində bazar dəyərindən çox, tipajın daxili uyğunluğunu əsas götürür.Man-sunu canlandıran Li Byonq-hun ulduz aktyordur, lakin film yalnız onun üzərində qurulmur. Hər obrazın öz mikro-hekayəsi, öz xarakter xətti var. Hətta epizodik görünən rollar belə funksional və yadda qalandır. Koreya kino sənayesi qəddardır, gözəllik standardlarına uyğun gəlməyən aktyorlar kənara atılır. Pakın filmlərində buna rast gəlmirik, əksinə, o, daha arxa planda qalan aktyorlara da imkan yaradır. Bu isə filmi ulduz mərkəzli layihədən ansambla çevirir.


Ansambl demişkən, filmin musiqi seçimi də diqqət çəkir. Pak saundtrekdə Ço Yonq-pilin “Red Pepper Dragonfly” mahnısından istifadə edir. Mahnının sözlərində “qırmızı bibər rəngli iynəcənin” küləkdə sərbəst uçuşu, kənd mənzərəsi, yay günəşi, hərəkət və azadlıqdan danışılır. Pak belə şən mahnını qətl səhnəsinin fonuna yerləşdirərək kontrast effektini artırır.
Filmin kinofestivallarda arxa planda qalması məsələsinə gəldikdə, bunu birbaşa ekran mətninin keyfiyyəti ilə əlaqələndirmək çətindir. Pak Çxan-uk uzun illərdir siyasi mövqeyi ilə tanınır və beynəlxalq kino sahəsində siyasi kontekstlər heç də neytral olmadığından, bu, müəllif üçün müəyyən maneə yaradır.

Bu əslində filmlə əlaqəli deyil. Bu, Çxan-ukun ABŞ-nin imperialist maraqlarına xitab etməməsi və Fələstin–İsrail mövzusunda uzun illərdir öz tərəfini bəlli etməsi ilə əlaqəlidir. Elə bu səbəbə görə filmin satirası daha realist və səmimi səslənir.

Filmin son səhnəsi öz fəlsəfi yükü ilə seçilir. Ri-van ilk dəfə ailəsinin yanında kontrabasda ifa edir. Lakin bir neçə dəqiqə sonra bu səs sənaye maşınlarının gurultusu ilə boğulur. Bu səhnə Man-sunun taleyi ilə paralel qurulur. O işə qəbul olunur, rəqiblərini aradan götürür və “qazanır”. Amma eyni anda insaniliyini itirir. Man-su təzə işinə başlayır. Film bitir, amma bizim üçün hələ də maraqlı qalır: doğrudanmı, başqa seçim yox idi, yoxsa o sadəcə daha çətin idi?

Aytən Abdullayeva

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya