Now Reading
Doğmalaşan yadlar

Doğmalaşan yadlar

Hollivudun illər keçsə də sənət dəyərini saxlayan bir neçə filmləri var. Sadə və bir o qədər də bəşəri ideyası, mövzusu olan bu filmlər bir qayda olaraq, insan talelərini, onun problemlərini bizə göstərir.  

Bir neçə nominasiyada Oskar mükafatı qazanmış “Kramer, Kramerə qarşı” filmi də bu sırada yer alır. Film 1979-cu ildə çəkilib və 1980-ci ildə 5 nominasiyada – “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı kişi roluna görə” və “Ən yaxşı ikinci dərəcəli aktrisa roluna görə” Oskar mükafatına layiq görülüb. Hollivud üçün çox ucuz sayılan – 8 milyon dollar büdcə ilə çəkilən film, 106 milyon dollardan çox gəlir gətirib. Filmin sonrakı məşhurluğu  hər kəsi təəccübləndirir və bu filmdən sonra ailə dramından bəhs edən filmlər çəkilməyə, daha doğrusu, bu mövzulu ssenarilərə büdcə ayrılmağa başlayır.


Everi Kormanın 1977-ci ildə qələmə aldığı eyniadlı romanı əsasında Robert Benton ssenari yazır və ekranlaşdırır. Roman 1970-ci illərdə Amerikada geniş yayılan feminizm hərəkatına qarşı yazılan antifeminist romandır. Robert Benton ssenarini yazarkən romandakı bəzi sərt yerləri çıxarmış, bəzi yerləri isə dəyişdirmişdir, hətta bu işdə Coanna rolunun ifaçısı Meril Stripin köməyindən istifadə etmiş və ikisinin sayəsində antiqadın, antifeminist fikirlər yumşaldılmışdır.

Film Ted və Coanna Kramerlərin ailə münasibətlərində yaranan problemlərdən və övladları Billinin himayədarlığı üzərində apardıqları mübarizədən bəhs edir.

Film, qaranlıqda yalnız üzü işıqlandırılan qadının kədərli siması ilə başlayır. Hadisələr inkişaf etdikcə  “qaranlıqda qalan tərəflərə” də “işıq” düşür. Qadının övladını qoyub getdiyini görəndə ilk ağıla gələn sual onu bu həddə çatdıran səbəbin nə olmasıdır. Film davam etdikcə başa düşürük ki, əslində o getmir, özünü xilas etmək, öz varlığını tapmaq üçün qaçır. Coanna getdikdən sonra ailənin düşdüyü çətin vəziyyəti nəzərə alsaq, onun ailədəki rolunu təsəvvür edə bilərik. Çünki burada ata, ancaq karyerası ilə məşğul olan və adi səhər yeməyini belə hazırlamağı bacarmayan bir şəxsdir. Ailə ortastatistik ailədir, amma Coanna orta düşüncəli qadın deyil. O həyatını dəyişmək, kim olduğunu anlamaq və ən əsası, ev qadını olmaqdan başqa şəxsiyyət kimi özünü tapmaq istəyir. Coannanın özünütəsdiqə ehtiyacı var. O hətta ailəni tərk etməsəydi belə bu münasibət uzunmüddətli olmayacaqdı, çünki bu ailədaxili boşluq sonda Tedi də ondan uzaqlaşdıracaqdı. Coanna eşidilməyə, var olduğunu hiss etməyə möhtacdır. Tedin ona olan münasibətində isə ancaq inamsızlıq var. O Coannanın gedəcəyinə inanmır və düşünür ki hətta getsə də tezliklə qayıdacaq. Tedin onun çamadanını qoyub zorla qapısını bağladığı şkaf Coannanın bağlanmış arzuları, istəkləri idi. O hər şeyi sadəcə yığıb saxlamışdı və bir gün səbri bitəndə hər şeyi geridə qoyub bu evə gəldiyi kimi də özünü götürüb gedir.


Bu ayrılıq hər iki qəhrəmanı müsbətə doğru dəyişir. Onların bir-birlərindən asılılıqları bitir. Aralarında yaranmış gərginliyə son qoyulur. Ted ata olmağı Coanna getdikdən sonra öyrənir. Oğluna sahib çıxdıqca özü də böyüyüb yetkinləşir. Nə qədər qəribə olsa da ayrılıq ailədəki fərdləri doğmalaşdırır.

Filmdə ən gözəl detal liftdir. İki insan arasındakı mənəvi uçurumu çox dəqiq ifadə edir. Üç səhnədə göstərilir və hər səhnədə də qəhrəmanları bir-birindən ayırır. Birinci – Coannanın Tedi tərk etdiyi səhnədə Coanna liftlə aşağı düşür. Bu səhnədə o mənəvi cəhətdən aşağı düşən, itirən kimi göstərilir. Əvvəla o “geriyə qayıdıb” çox şeyi yenidən başlamalı, ikincisi isə ana kimi onun çarəsizliyini bilsək də, oğlunu tərk etmiş təəssüratı yaratmasıdır və olduğu yerdə qalan, nə edəcəyini bilməyən isə atadır. İkinci – məhkəmədən sonrakı səhnədir və burada Tedin uduzacağına işarə olunur. Üçüncü və möhtəşəm səhnə – Coannanın, oğlunu öz evindən və atasından ayırmadığı səhnədir. O liftlə qalxır və həm ana kimi, həm də şəxsiyyət kimi yüksəlir. Və bu dəfə nə liftdə, nə də liftin qarşısındakı qəhrəman kədərli deyil. Lift yenə onların arasında uçurumun olduğunu göstərir, amma bu uçurum artıq əvvəlki kimi dərin və tikanlı deyil. Bu sadəcə yolları ayrı olan iki doğma insanı bizə göstərir. Bir damın altında yad olan bu insanlar ayrı damların altında doğmalaşırlar.


Filmin ən ağrılı səhnəsi məhkəmə səhnəsidir. Bu səhnə romanda yazıldığı kimi saxlanılıb. Burada vəkillərin qəddarlığı xüsusilə seçilir. Coannaya verilən sualların çoxu birbaşa onun şəxsiyyətini alçaltmağa yönəlmiş fikirlər idi. Burada qəhrəmanlar bir-birlərini anlamağa başlayır və sona qədər bir-birlərinə olan hörməti qoruyurlar.  

Təbii ki, filmdə ən təsirli səhnə Toninin, oğlunu məhkəmə qarşısına çıxarmaqdansa ona himayədarlığı itirməyi seçməsidir. Burada onun sevgisinin əsl sevgi olduğu, eqoistlikdən uzaq olduğu üzə çıxır. Və bu “qurbanvermənin” mükafatını Coanna ona qaytarır.

Filmin ata-övlad arasında və ümumilikdə ən gözəl səhnələrindən biri də dondurma səhnəsidir. Bu səhnədə Billinin inadkarlığı, atanın rəftarı onlar arasındakı sədləri dağıdır. İçlərində yığılıb qalan nifrəti bir-birinin üstünə “qusurlar” və sanki “yüngülləşirlər”. Bu səhnədən sonra onların arasındakı ata-övlad münasibəti düzəlir, Billi atasını sevməyə başlayır və eyni zamanda anasının ona görə getmədiyini öyrənir. Və burada Tedin oğluna Coanna ilə bağlı etirafı onun həm də özünə etdiyi etirafdır.

Filmdə əsas toxunulan məsələlərdən biri də uşağın, valideynlərin həyatındakı roludur. Övladın böyük məsuliyyət, qayğı tələb etdiyini belə bir situasiya ilə göstəriblər: Coanna, övladı yanında olmayanda Teddən daha çox gəlirli iş tapır, Ted isə övladına himayəlik edəndən sonra işini itirir və daha aşağı maaşlı işdə işləməyə məcbur olur.


Bu ayrılıq hər üçünü “böyüdür”. Tedin, övladının nəyi sevdiyindən, neçənci sinifdə oxuduğundan xəbəri yox idi. O təkcə ata kimi inkişaf etmir, həm də insan kimi bütövləşir, kimsəyə ehtiyacı olmayan, həyatının və övladının məsuliyyətini qəbul edən birinə çevrilir. Billinin indi əsl ailəsi var – atası və onu həmişə sevən anası. O atası ilə xoş anlar yaşamağa başlayır, parkda velosiped sürür, birlikdə əylənirlər, kişi kimi söhbət edirlər və s.

Film sadə hekayənin dərinliyində olan ağrını bizə hiss etdirir. İnsan münasibətlərində sosial problemlərin nə qədər böyük uçurum yarada biləcəyini görürük. Eyni zamanda, bu film illərin insan üzərində qoyduğu zorakı qaydanı da dəyişdirir. Atanı “bank” kimi ancaq pul qazanan, ananı isə ev işləri edəcək bir müstəvidən çıxarır. Atanın da qayğıkeş ola biləcəyini, sevgisini, qadının uğurlu karyera qura biləcək gücünü bizə göstərir. Film antiqadın, antifeminist yazılan romanın əsasında çəkilsə də, ssenari müəllifi və rejissor Robert Bentonun sayəsində insani hissləri özündə daşıyan dəyərləri bizə ötürür. Bu filmdən sonra Amerikada ailə dramları üzərində qurulan filmlərə büdcə ayırmaqdan çəkinməyiblər. Çünki buna qədər sosial problemin, insanlar arasında olan sevgisizliyin boşanmaya səbəb olacağını düşünmürdülər.  

Filmin pərdəarxasında maraqlı anlar yaşanıb. Rejissor Coanna roluna məşhur aktrisalardan çəkmək istəsə də müəyyən səbəblərdən alınmır. Bəziləri Coannanın övladını qoyub getdiyi üçün rolu qəbul etmir. Bütün rollar təsdiqləndikdən sonra Coanna roluna Meril Stripi dəvət edirlər.  Həmin vaxt M.Stripin sevgilisi Con Kazal vəfat etiyindən o çox gərgin günlər yaşayırdı. Və bu filmə dəvət edilmə səbəbi də onun, qəhrəmanın acısını çatdıra biləcəyini düşünmələridir. Rola təsdiqlənmə səbəbi isə M.Stripin romanı əvvəldən oxuması və sınaq vaxtı öz qəhrəmanı, ssenari ilə bağlı çoxlu suallar verməsidir. Aktrisa həmin vaxt məşhur olmasa da, bu filmdə ilk Oskar mükafatını qazanır. Dastin Hoffman isə həmin vaxt artıq kino ulduzu kimi məhurlaşmışdı. Məşhurluğun verdiyi eqoizmdən və M.Stripin təcrübəsizliyindən istifadə edən aktyor çəkiliş vaxtı aktrisanı incitməyə başlayır və hətta bir dəfə ona şillə vurur. Kafedə görüş səhnəsində bokalın divara çırpılması da ssenaridə olmayıb və bu hadisə M.Stripi qorxudub. Məhkəmə səhnəsində də M.Stripin – Coannanın kövrəlməsi üçün, vəfat etmiş sevgilisinin ona dediyi sözləri onun yadına salırmış. Bu ona pis təsir etsə də, həmin vaxt D.Hoffman boşanma ərəfəsində olduğu üçün aktrisa onu anlayışla qarşılayır. Çəkilişboyu aralarında dəfələrlə gərginlik yaşanmasına baxmayaraq, bu filmin mükəmməlliyinə mənfi təsir etmir.


Sadə mövzunu, ailə, məişət dramını incəsənətə çevirən və cəmiyyətin dərinliyində gizlənən problemləri bizə göstərən film, mövzusunun kədərli olmasına baxmayaraq tamaşaçını kədərləndirmir. İnsanın özünüinkişafını dəstəkləyən və yenidən başlamağın hər zaman mümkün olduğunu göstərir.

Ülviyyə Əhmədova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top