İNDİ OXUYUR
Diqqət! Spoyler var!

Diqqət! Spoyler var!

Hər hansı kitab, ya da film haqqında təəssüratınızı bölüşməyə başladığınız anda “Spoyler vermə!” xəbərdarlığını eşidəndə nə hiss edirsiniz? Mən nəzərə almağa çalışsam da, söhbəti davam etdirməyə həvəsim olmur.  

Son vaxtlar isə, böyük ehtimalla sosial şəbəkələrin də “xeyir-duası” ilə belə xəbərdarlıqlar qıcıqlandırıcı dərəcədə çoxalıb, hətta tez-tez təhdid həddinə çatır. “Taxt oyunları” serialının populyar olduğu dövrdə britaniyalı teleaparıcı Ceyms Korden, personajlardan birinin necə qətlə yetirildiyi barədə zarafat etdikdən sonra Tvitterdə ona qarşı əməlli-başlı hücum başlayıbmış. Serialın pərəstişkarları, efirdə spoyler verdiyinə görə Kordeni “yekəqarın əclaf” adlandırmaqdan tutmuş, oğluna qarğış yağdırmaqdan, uşağının xərçəng olmasını arzulamaqdan belə çəkinməyiblər. Belə saysız-hesabsız nümunələr var.

Doğrudanmı, hər hansı romanın, filmin süjetini, hekayəsini əvvəldən öyrənəndə daha onu oxumağa, ya da baxmağa ehtiyac qalmır? Bir əsəri sadəcə süjetlə məhdudlaşdırmaq, uydurma “gözlənilməz final” effektinə əsasən dəyərləndirmək həm onun yaradıcılarına, həm də tamaşaçıya haqsızlıqdır. Bəs sənətə dair o qədər nəzəri kitablar, cürbəcür janrlar, cərəyanlar, hər müəllifin özünəxas üslubu, ifadə vasitələri, aktyorlar necə olsun? Ümumiyyətlə, spoyler isteriyası necə yaranıb və niyə bu qədər aktuallaşıb?

Media araşdırmaları üzrə mütəxəssis Cudit Rozenbaum və professor Benjamin Conson “Spoyler xəbərdarlığı: hekayədə həzz məqsədilə spoylerdən istifadənin nəticələri..” (“Spoiler Alert: Consequences of Narrative Spoilers for Dimensions of Enjoyment, Appreciation, and Transportation” https://journals.sagepub.com/doi/10.1177/0093650214564051#con2) adlı araşdırmada spoyler məfhumuna belə tərif verirlər: “Əhvalatın finalı haqqında vaxtından əvvəl verilən arzuolunmaz məlumat”. Yəni, süjetin intriqasını, kobud şəkildə desək, məsələn, qatilin kimliyini başqasından eşitmək oxucu və ya tamaşaçının həyəcanını, əsərə marağını öldürür.

Spoyler sözünü indiki anlamında ilk dəfə 1971-ci ildə ssenarist Duqlas Kenni yumoristik “National Lampoon” jurnalında çıxan “Spoylerlər” məqaləsində istifadə edib. Kenni, sözügedən məqalədə Aqata Kristinin əsərləri, Alfred Hiçkokun filmləri də daxil olmaqla bir çox məşhur əsərlərin həlledici məqamlarını açıqlayıb. O, bunu oxucuların, tamaşaçıların vaxtına və puluna qənaət məqsədilə etdiyini yazıb.

Keçən əsrin 70-ci illərinə qədər kinematoqrafiyanın spoyler problemi olmayıb. Əksinə, “sarafan radiosu” – ağızdan-ağıza reklam ən effektiv üsullardan biri sayılırdı. Kütləvi mədəniyyət üzrə tədqiqatçı Riçard Qrin spoylerlərin mahiyyətindən bəhs edən “Diqqət! Spoyler var!” kitabında yazır: “Keçən əsrin 60-cı illərində heç kim spoyler barədə düşünmürdü. Bizim ağlımıza da gəlmirdi ki, süjetin ən həlledici yerini açıqlamaq pis şeydir. Hətta biz hadisələri daha tez danışmaq uğrunda yarışa girirdik və heç kim bundan nə inciyir, nə də etiraz edirdi. Bəlkə də bunun səbəbi 1960-cı illərdə spoyler konsepsiyasının mövcud olmamağı idi”. 

Hərçənd kino tarixində müxtəlif dövrlərdə spoyler xəbərdarlığı barədə faktlara rast gəlmək mümkündür. Məsələn, 1926-cı ilə aid səssiz “Yarasa” filminin titrlərində “Siz sirr saxlaya bilirsiniz? Onda “yarasanın” kimliyini gizli saxlayın. Qoy yeni tamaşaçılar bu tapmacadan özləri həzz alsınlar” xəbərdarlığı var. Fransız rejissoru Anri Jorj-Kluzonun 1955-ci ildə çəkdiyi “İfritələr” psixoloji trillerinin son kadrlarında isə müəllif, tamaşaçılara müraciətlə “Siz ifritələr kimi olmayın, dostlarınızın bu filmə marağını öldürməyin” deyir.

Və əlbəttə, Alfred Hiçkok. Saspensin mahir ustası, “Psixo” romanını ekranlaşdırmaq fikrinə düşəndə anonim şəkildə romanın müəlliflik hüquqlarını almaqla kifayətlənməyib, satışda tapa bildiyi bütün nüsxələrini də toplayıb. 1960-cı ildə film ekranlara çıxanda isə mətbuat konfransı keçirməkdən imtina edib, aktyorlara jurnalistlərlə danışmağı yasaqlayıb. Filmin treylerinə, sadəcə Vera Maylzın qışqırdığı kadr daxil edilib, yerdə qalan dəqiqələrdə Beytslərin evini gəzən Hiçkok göstərilib. Həmçinin rejissor kinoteatrlarda seanslara gecikən insanları – həmin şəxs İngiltərə kraliçası olsa belə – zala buraxmamağı tapşırıb ki, bu, Amerika üçün həddindən artıq cəsur bir hərəkət idi.


Həmin dövrlərdə ABŞ-də kinoteatrlar fasiləsiz giriş (“continuous admissions”) sistemi ilə işləyirdi; hər kəs istədiyi vaxt bilet alıb zala daxil ola, hətta zaldan çıxmadan ard-arda bir neçə filmə baxa bilərdi. Başlanğıcda kinoteatr sahibləri Hiçkokun tələbinə əməl etmək istəməsələr də, “Psixo” bir anda hitə çevrilir. Filmə gecikən insanlar növbəyə düzülüb növbəti seansı gözləyirmişlər.

“Psixo” filminin premyerası, 1960-cı il


1970-ci illərdə Hollivudda tənəzzül başlayır, kinoşirkətlər yarım milyarda yaxın pul itirir. Yeri gəlmişkən, bunda televiziyanın populyarlaşması da böyük rol oynayır. Hökumət tənəzzülün qarşısını almaq məqsədilə vergi güzəştlərini də nəzərdə tutan yeni sərmayə islahatları aparır, kino iqtisadiyyatına gənclər cəlb olunur, filmlərdə ekşn ön plana keçir. O cümlədən kinoteatrlar sistemi də yenilənir, blokbasterləri eyni vaxtda bir neçə seansda göstərmək imkanına malik multiplekslər çoxalır. İslahatların nəticəsi kimi, kinotənqidçi Devid Borduelin “mega-pictures” – “cəmiyyətdə hadisəyə çevrilən filmlər” adlandırdığı təzahür yaranır. Bu filmlər eyni anda minlərlə zalda nümayişə çıxarılır, KİV onlardan danışır, demək olar, uşaqdan-böyüyə hər kəs onları müzakirə edir. Tamaşaçılarda böyük maraq doğuran “Çənələr”, “Ulduz müharibələri”, “Xaç atası” kimi filmlərin davamı – sikvelləri çəkilir. Sözsüz ki, bu tip layihələrin həm istehsalat, həm də reklam büdcələri də kifayət qədər böyük olurdu. Studiyaların maliyyə riskləri, filmlərin prokatda uğursuz olmaq ehtimalı elə yüksək idi ki, tamaşaçını zallara cəlb etməkdən ötrü filmlərin süjet dönüşləri, finalları ciddi şəkildə qorunurdu. Amma əksər hallarda studiyalar qəsdən süjet ətrafında sirr pərdəsi yaradaraq insanların maraqlarını alovlandırırdılar. Beləliklə, Riçard Qrinin sözü ilə desək, yavaş-yavaş spoyler konsepsiyası formalaşmağa başlayırdı.

1980-1990-cı illərdə internet sürətlə kütləviləşməyə üz tutan zaman meydana çıxan müxtəlif forumlarda film müzakirələri zamanı spoylerlə bağlı o məşhur xəbərdarlıq da – “Diqqət! Spoyler var!” (Spoiler alert!) aktuallaşır. İnternetin kütləviləşməsi, eyni zamanda “qik-mədəniyyət” adlı yeni bir fenomenin yaranmasına təkan verir. Bu fenomenin əsasını qoyanlardan biri  “Ain’t it cool news?” platformasının yaradıcısı Harri Noulz idi. Sözügedən platformada xəbərlər, resenziyalarla yanaşı şayiələr, yalan məlumatlar da yerləşdirilirdi. Noulzun saytı “Ulduz müharibələri” tipli franşizalar haqqında xəbərləri, rəyləri hər kəsdən tez dərc edirdi. Tezliklə sayt, nəhəng kinolayihələri həm təbliğ, həm də məhv etməyə qadir bir qüvvəyə çevrilir, H.Noulz isə “Qik kralı” təxəllüsü alır. Hollivud studiyaları Noulz və onun kimiləri ilə hesablaşmağa, əvvəllər yalnız populyar nəşrlərin əməkdaşları dəvət olunan premyeralara onları da dəvət etməyə başlayırlar. H.Noulz sayəsində nəhəng studiyalar spoylerin əsl potensialını, doğru istifadə olunduğu zaman məhsula marağı artıracağını kəşf edirlər. Studiyalarda bu prosesə nəzarət edən xüsusi marketoloq şöbələri təşkil olunur, tizerlər meydana çıxır.

Sosial şəbəkələrin həyatımızı işğal etməyə başladığı 2000-ci illərdə spoyler qorxusu artıq əsl isteriyaya çevrilir. Sıravi tamaşaçılarla yanaşı media, kinoplatformalar da bu məsələyə xüsusi diqqət ayırırlar. Məsələn, məşhur mədəniyyət saytı olan “Vulture” 2008-ci ildən etibarən spoylerlə bağlı qaydalar tətbiq edir. Bu qaydaya əsasən, yalnız filmin premyerasından, təxminən, bir həftə sonra, növbəti bazar ertəsi xəbərdarlıqsız spoyler yazmaq olar, bir ay sonra isə spoyleri materialın başlığına çıxarmağa icazə verilir. Kino haqqında materiallara yer verən əksər platformalar rəyləri, tamaşaçı şərhlərini müxtəlif üsullarla gizlədərək spoylerə məruz qalıb-qalmamaq seçimini oxucunun ixtiyarına buraxır. Məşhur amerikalı kinotənqidçi Rocer Ebert isə 2005-ci ildə yazdığı “Tənqidçinin spoyler verməyə haqqı yoxdur” adlı məqaləsində (https://www.rogerebert.com/roger-ebert/critics-have-no-right-to-play-spoiler) həmkarlarını bu məsələdə diqqətli olmağa çağırır: “Bir çox oxuculardan filmlər haqqında həddindən çox məlumat verdiyimi eşidəndən sonra öz resenziyalarımda “spoyler var” xəbərdarlığını istifadə etməyə başlamışam. Hərçənd bəzən hadisələrin gedişatında sürpriz olduğuna eyham vurmaq belə, həddindən çox şey deməyə bərabərdir. “Milyon dollarlıq qız” filmi haqqındakı  resenziyamda belə yazmışdım: “Bu film boksçu haqqındadır. Mən bu əsərdə başqa nələr baş verdiyini, hekayənin necə dərin, emosional gücə malik olduğunu deyə bilmirəm, çünki  ona baxdığınız zaman yaradacağı təəssüratı korlamaq istəmirəm. (…) Bizim, başqa insanları təəccüblənmək imkanından məhrum etməyə haqqımız yoxdur”.

Son dövrlərdə spoyler qorxusu o qədər artıb ki, müəlliflər, studiyalar ən ağlasığmaz üsullara əl atırlar. Ssenarilər aktyorlara əlbəəl, kağızda təqdim edilir. Ya da ssenarinin studiyadan çıxarılmasına icazə verilmir və aktyorlar onu mühafizəçinin nəzarəti altında oxumalı olurlar. “Məxfi materiallar: inanmaq istəyirəm” filminin rejissoru Kris Karter, ssenarinin köçürülməsinin qarşısını almaqdan ötrü aktyorları gizli kamera ilə izləyirmiş. “Qisasçılar” silsiləsinin çəkilişlərində aktyorlar, adətən, kimə müraciət etdiklərini, kiminlə vuruşduqlarını bilmirlər, replikalar yaşıl fonda boşluğa ünvanlanır.

Spoylerdən sadəcə franşiza, blokbasterlərin yaradıcıları yox, arthaus müəllifləri də qorxurlar. “Dəccal”ın prodüseri Peter Olbek Yansenin təsadüfən filmin finalını ağzından qaçırması Lars fon Triyeri ağır depressiyaya salıb, çəkilişlər dayandırılıb və final dəyişdirilib. (Orijinal versiyada dünyanı iblis yaradır). Oxşar hadisə “İyrənc səkkizlik” filminin çəkilişləri zamanı K.Tarantinonun da başına gəlib. Rejissorun dostlarından biri ssenarini internetə qoyub və o, məcburən finalı yenidən yazıb. “Bir zamanlar…Hollivudda” filminin Kann festivalında nümayişindən sonra isə tamaşaçılardan sosial şəbəkələrdə filmdəki hadisələrdən danışmamalarını xahiş edib.

“Netflix”in spoylerlə bağlı keçirdiyi sorğu nəticəsində amerikalıların 76%-nin onu “qaçılmaz şər” saydıqları (Britaniyada 24%), 58%-nin isə spoyler verdikləri vaxt özlərini günahkar hiss etdikləri (Britaniyada 37%) məlum olub.  

Hazırda bu qorxu elə həddə çatıb ki, bir çox peşəkarlar onunla mübarizəyə başlayıblar, hətta “spoyler fobiyası” (“spoiler fobia”) termini də yaranıb. Rocer Ebert yuxarıda bəhs etdiyimiz məqaləsinin davamında “Spoyler var!” xəbərdarlığından sonra “Milyon dollarlıq qız” filminin süjetini ətraflı yazır. Çünki buna məcburdur, təhlil başqa cür mümkün deyil. Lindsi Kinq-Miller adlı müəllif “Spoylerə görə bu qədər narahat olmayın” (“Stop Caring So Goddamn Much About Spoilers” https://www.vice.com/en/article/gyb73j/stop-caring-so-goddamn-much-about-spoilers?utm_source=vicetwitterus) adlı köşə yazısında sənət əsərlərində toxunulan problemlər barədə söhbətlərin spoyler divarına dirəndiyini deyir: “Spoyler xəbərdarlığına mübtəlalıq, sənətlə bağlı vacib müzakirələri aparmağımıza mane olur”.

Əslində, bir az fikirləşsək, spoylerin əsassız, beyinlərimizə yeridilmiş süni bir məfhum olduğunu görmək çətin deyil.  Əks təqdirdə, sevdiyimiz kitabları təkrar-təkrar oxuyub, sevdiyimiz filmlərə dəfələrlə baxa bilməzdik. Hələ klassikanı demirəm. Məsələn, yanvar ayında Rusiyada, Bulqakovun “Ustad və Marqarita” əsərinin növbəti ekranizasiyası prokata buraxılıb. Büdcəsi 1,2 milyard rubl (təqribən, 19-20 milyon manat) olan film ilk iki həftədə 1 milyard rubldan çox gəlir gətirib. Spoyler konsepsiyasına inansaq, “Ustad və Marqarita” filmi uğursuzluğa düçar olmalı idi, çünki Bulqakovun eyniadlı romanında baş verənləri əksəriyyətimiz əzbər bilirik. Üstəlik, əsər dəfələrlə ekranlaşdırılıb.   

 2011-ci ildə Kaliforniya universitetinin alimləri Nikolas Kristenfeld və Conatan Livit spoylerin təsir gücünü müəyyənləşdirmək məqsədilə bir qrup insana məşhur yazıçıların əsərlərinin iki nüsxəsini veriblər. Nüsxələrdən birinin əvvəlinə, yaxud ortasına, əsərin finalı ilə bağlı spoyler qoyulub. Təcrübənin sonunda iştirakçıların bir çoxu spoylerli əsəri oxumağın daha maraqlı olduğunu bildirib. Nəticələri analiz edən alimlər belə qənaətə gəliblər ki, finalı əvvəlcədən bilmək əsəri daha dərin dəyərləndirməyə imkan yaradır, hadisələrin bu və ya digər finala hansı yollarla çatdığını öyrənmək istəyini gücləndirir.

Göründüyü kimi, spoyler məfhumu kapitalist dünyasının, məhsulun daha çox istehlakına hesablanmış marketinq fəndlərindən biridir, ondan qorxmağa ehtiyac yoxdur. İstənilən sənət əsərinin oxucuda, tamaşaçıda müəyyən bir təəssürat yaratmasının səbəbi nədən danışıldığından – süjetdən, hekayədən daha çox onun necə danışıldığı – ifadə, təsvir vasitələri, xüsusi effektlər, üslub, aktyor oyunu və sairdir. Bunu hətta “Ulduz müharibələri” kimi franşizalara, Marvel məhsullarına da aid etmək olar. Odur ki, paxıl dostumuzdan qatilin kimliyini eşitmişik deyə özümüzü əbəs yerə şahidlik həzzindən məhrum etməyək.       

Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya