Diaqnoz: yaramaz
El gücü – sel gücü. Düşünürəm ki, daim müsbət mənada işlənən bu məsəl həyatın müəyyən məqamlarında neqativliyi də xarakterizə edə bilər. Fikrim bu el məsəlinin əsl mahiyyəti ilə təzad təşkil edə bilər. Ancaq el və sel sözlərinin arasındakı ziddiyyət də dərində bir yerdə fikrimə haqq qazandırmaq üçün çalışır. Baxın, bir tərəfdə – eşidəndə dodaqlarımızı azca tərpədən, boyun əzələlərimizi ehmalca yığıb başımızı dikəldən, qürur və güvən hissi aşılayan “el” sözü; digər tərəfdə – sözü eşidər-eşitməz qaşlarımızı astaca çatan, baş verə biləcək bədbəxtliklərin ehtimalları ilə beynimizi məşğul edən “sel” sözü. Lakin fikrimin əsası bu sözlərin leksik mənalarında yox, tamamilə başqa müstəvidə – fərd və cəmiyyət qarşıdurmasında qərar tutub. Elə bir qarşıdurma ki, fərdin şəxsiyyət kimi formalaşmasına cəmiyyət amansızca müdaxilə edir, öz şərtlərini diktə edir. Necə ki, selə tutulan ağac parçası daşdan-daşa dəyərək, qol-budağı sistemsiz şəkildə budanaraq, bəkarət qabığı soyularaq yeni formaya düşür. Əlbəttə, bu kimi yeni formalar ağacın ölçüsündən, gövdə gücündən, selin sürətindən asılı olduğu kimi, fərd və cəmiyyət münasibətlərində də insan öz iradəsindən, dövrün şərtlərindən, əhatəsindəki cari ictimai tendensiyadan və s. birbaşa asılıdır. Bu təşbehdəki son nəticələr fərqli məna yükü daşısa da proses mahiyyətcə eynidir. Qeyri-ixtiyari transformasiyaya uğramaq. Bu gedişatda isə maneələrin, münaqişələrin əhatəsində incəsənət əsəri üçün yeni qəhrəman meydana çıxır. Ya sözün əsl mənasında qəhrəman, ya da “balaca adam” konsepsiyasının daşıyıcısı, amma bununla belə əsərdəki fəaliyyəti ilə tamaşaçıda emosional hisslər yaradan, mövcud olduğu şəraitin incəliklərini bizə dərk etdirən, nəticə çıxarmağımıza kömək olan qəhrəman. Bax bu – ikinci tip qəhrəmanla tanış ola biləcəyimiz əsrarəngiz ekran əsərlərindən biri də “Yaramaz” filmidir.
Film 1988-ci ildə rejissor Vaqif Mustafayev tərəfindən lentə alınıb (ssenari: Ramiz Fətəliyev, Vaqif Mustafayev). Tragikomediya janrında olan bu filmi kinoşünas Aydın Kazımzadə Azərbaycanda tragikomediya janrının başlanğıcı hesab edir. Film “Azərbaycan Dövlət Mükafatı” yanaşı, bir sıra nüfuzlu kino mükafatlarına da layiq görülüb.
Bu ekran əsəri Sovet ideologiyasının “yenidənqurma” siyasətinin tətbiq olunduğu dövrdə lentə alınmaqla, ölkədəki ictimai mühitin mənəvi böhran gerçəkliyinə güzgü tutmuşdur. Bu ifadə cəhdini Fernando Solanas və Oktavio Getinonun “Üçüncü kinematoqrafa doğru” adlı məqalələrindəki tezislərlə eyniləşdirərdim. Onlara görə, “üçüncü kinematoqraf” nümayəndələri tamaşaçıların yaşadığı bölgənin hadisələrindən bəhs edən, əsasən senzuradan keçməyən filmlər çəkməklə passiv tamaşaçını fəallaşdırır, siyasi mübarizəyə qoşulmağa sövq edir. Amma demək olmaz ki, bu film onların tezisləri ilə birəbir uyğunluq təşkil edir. Belə ki, “üçüncü kinematoqraf” manifestinin müəlliflərinin qeydində olan “burada müəllif özünüifadədən imtina edib ümumi ideyaya qoşulur, reallığı birəbir tamaşaçıya çatdırır” fikri “Yaramaz” filmi üçün keçərsizdir. Çünki bu film incə yumoru, qəhrəmanın gözlənilməz emosiyaları, kəskin montaj üslubu, gerçəklik və xəyal arasındakı harmoniyası ilə müəllif özünüifadəsinin bariz nümunəsidir. Elə buna görə də bu ekran əsərini həm “ikinci (müəllif) kinematoqrafa” həm də “üçüncü kinematoqrafa” aid edərək hibrid bir istiqamət kimi dəyərləndirərdim.
Film sonluqla başlayır. Sanki daha əvvəlki, heç vaxt haqqında bilməyəcəyimiz bir hekayənin finalı yeni hekayədə giriş rolunu oynamaqla bizə nəyisə çatdırmaq istəyir. Məkan səs-küylüdür, yalvarışlar, təhdidlər, tənqidlər qarışıb biri-birinə. Adını eşidib üzünü görmədiyimiz Hətəm (Mamuka Kikaleyşvilli) adlı personajın ailə həyatı bitir, daha doğrusu, bitirilir. Qız tərəfi doluşub evə, bir yandan əşyaları daşıyır, bir tərəfdən də Hətəmi səsləyirlər. Hətəmin isə izi-tozu görünmür. Bir hekayəsi bitmək üzrə, digəri başlamaq üzrə olan, amma hələ də ekranda görünməyən personaja olan maraq durmadan artmaqdadır. Elə ilk səhnədəcə mənəviyyat və maddiyyat arasındakı münaqişə özünü büruzə verir. Hətəmdən ayrılmaq istəməyən, onun “Dezdemona” xitabından daim məst olduğunu deyən həyat yoldaşı, atasının “ Otello əvvəl Dezdemonanı geyindirib-kecindirdi, sonra boğdu, bəs Hətəm sənin üçün nə edib?!” cümləsi ilə susdurulur. Bununla da Hətəmin incə mənəviyyatı fonunda maddi çətinliyinə işarə sezilir. Bununla yanaşı cəmiyyətdə fərdlərin öz müqəddəratını təyinetmə haqlarına ətrafın təzyiqi müşahidə olunur. Odur ki, bizim üçün məchul qalacaq hekayə Hətəmin məğlubiyyəti ilə bitir. Ancaq, film təzə başlayıb və tamaşaçı əmindir ki, irəlidə onu yeni hekayə, Hətəmi isə yeni həyat gözləyir. Bax bu məqamda, köhnə ilə yeninin ayrıcında filmin qəhrəmanı Hətəm ekranda doğulur. Bəli, məhz doğulur. Geridə qoyduğu həyatın simvolu olan dolabın içindən bomboş mənzilə, yeni və ümidsiz həyata zühur edir. Qəhrəmanın bu cür effektiv təqdimatını adətən Çarli Çaplinin filmlərində görmək olar. Hər ikisi “kinoda balaca adam” konsepsiyasının daşıyıcısı, gücsüz, sadəlövh, uşaq qəlbli qəhrəman. Niyə də olmasın?
Hətəm ekranda görünər-görünməz, onun əlindəki oyuncaq diqqəti çəkir ki, bu detal da onun uşaq qəlbli xüsusiyyətinə işarə edir. Onsuz da filmboyu xəyallarında öz uşaqlığını yaşadan Hətəm incə ruhlu olduğuna dair şübhəyə yer qoymur. Bela Balaşın “Filmin ruhu” əsərindəki “Uşaqlıq insanlıq üçün itirilmiş dünyadır” fikrini xatırlayaraq bu mizanları, eləcə də Hətəmin “çuk-çuk-çuk-çuk” deyə dodaqaltı mızıldanaraq mənzildə o baş-bu baş qatar sürmək imitasiyasını yetkin insanın itirdiyi uşaqlıq dünyasını geri qaytarmaq və ya ona doğru yol almaq cəhdləri kimi xarakterizə edərdim. Necə ki, Akira Kurosavanın “Qatar təkərlərinin səsi altında” (Dodeskaden) filmindəki əqli çatışmazlığı olan personaj “do – des – ka – den” hecalarını yorulmadan təkrarlayaraq xəyali tramvayını sürüb təxəyyülündəki dünyasına səfər edir. Əslində isə nə o dünya var, nə o qatar, nə də o tramvay. Məzlumun öz dürüstlüyü ilə əzildiyi, yalanın və talanın hesabına güc yığanların isə “at oynatdığı”, fərdi azadlığı qəliblər arasına alan, onu öz yönündə hərəkətə sürükləyən amansız cəmiyyətin hökmranlıq etdiyi gerçək dünya var əvəzində.
Köhnə ilə yeni arasındakı məngənədə sıxılan qəhrəman çıxış yolunu yeni həyata uyğunlaşmaqda gördüyündən ilk addım olaraq köhnə həyatı təmsil edən dolabı yandırmağı qərara alır. Elə bu səhnədəcə amansız həyatın şirnikləndirici hədiyyəsi – Lilit arxetipi ilə “mükafatlandırılır”. O qadınla ki, Hətəmi özünəqəsdə təhrik edən son damla olacaqdı. Miflərə əsasən, kişilərdən Adəmin qisasını alan Lilit arxetipi, həm də, gecə xəyalı, gecə iblisi olaraq xarakterizə olunur ki, filmdə də Hətəmi bu qadınla yalnız gecələr birlikdə görmək mümkündür. Ən Arzulanan qadının – Lilitin obrazı olan İradə (Larisa Borodina) Hətəmə vurduğu zərbədən sonra belə cazibəsini onun gözündə itirmir. Hətəm yenə də ona sahib olmaq istəyir. Hələlik, olacaqlardan xəbərsiz olan, bilinməyənə doğru, bildiyi yolla addımlayan Hətəm, Ziqmund Freydin də dediyi kimi məlumluq və naməlumluğun ziddiyyətindən qorxu hiss etməkdədir. Bir yandan da fərqində olmadan qorxu ilə mübarizə aparmaqdadır. Baxın, metrodan – yer altından qorxduğunu, amma yenə də bura düşməyin xoşuna gəldiyini deyir. Niyə? Ona görə ki, yer altındakı bilinməzliyi dəf edərək, qorxuya qalib gəlir və özünü məmnun hiss edir. Metrodakı psixiatrla keçən dialoqda sadəlövhlüyü də nəzərdən qaçmır. Psixiatrın həmsöhbətinin psixoloji konsultasiyaya ehtiyacının olduğunu görməsiylə onu öz “müayinəxanasına” dəvəti Hətəmin də qeyri-adekvat olaraq həkimi öz evinə dəvəti ilə cavablandırılır. Hətəmin bu sadəlövhlüyü iş yoldaşlarının ona aşağılayıcı münasibətinə də səbəbdir. Onunla edilən amansız zarafatlar nəhayət onun işdən qovulmasına şərait yaradır. İlk dəfə iş yerində bizə rast gələn “bağışlayın, arxam sizə oturmuşam” etik ifadəsi isə filmboyu bizi müşayiət edəcək. Əvvəl bunu etik davranış norması olaraq qəbul etdim. Lakin Hətəmin ətrafında baş verənləri gördükcə, cəmiyyətin iti dişlərini işə salıb həyatdaqalma instinkti ilə sosial məsuliyyətlərindən boyun qaçıraraq daim qarşı tərəfi parçalamağa kökləndiklərini anladıqca bu ifadəyə başqa mahiyyət yükləməyə başladım. Ölkədəki mövcud böhran vəziyyəti cəmiyyəti o qədər azğınlaşdırıb ki, onlar “arxadanvurulma” təhlükəsi ilə yaşayır və buna görə də arxadan gələcək zərbələrə qarşı belə bir müdafiə üsulu yaradıblar. “Bağışla, arxam sənədir” – dedikdə, əslində, “Arxamda olduğunun və hər an zərbə üçün məqam gözlədiyinin fərqindəyəm, bir gözüm arxadadır” – deyərək nəzarəti buraxmadıqlarını bildirirlər.
Sovet ideologiyasının böhrana uğraması nəticəsində ölkədə “yenidənqurma” siyasətinin tətbiqi, məsələnin həllindən daha çox, xaosa aparan istiqamət təsiri bağışlayırdı. Hətəm kimi fərdlərin də bu xaosda ayaq altında qalmaq təhlükəsi var idi. Məhz bu cür şəraitdə Hətəmin özünü “yenidən qurması” labüd görünür. Necə ki filmdə deyir: “Ətrafı yenidən qurmaq üçün əvvəlcə özünü yenidən qurmalısan”. Ona bu yolda dəstək olan qonşusu Maşallah (Yaşar Nuri) özünün gəldiyi “doğru” qənaətlə Hətəmə “masterklass” keçməkdədir. Deyir ki, qonşumuz Cəfər müəllim səndən kömək istəsə, “ Yeri, cəhənnəm ol” deməlisən. Əgər hamıyla bu sistemlə rəftar etsən, onda işlərimiz yaxşı olacaq. Maşallah öz ailəsi ilə yaşadığı mənzilin darısqallığından şikayət edən, məqsədi uğrunda öz miqyasında öz üsulu ilə mübarizə aparan “dövr adamıdır”. O, qoca babası Mirzəni öz evlərinə gətirərək onu mənzilə qeydiyyata aldırmaqla yaşayış sahəsini genişləndirmək niyyətindədir. Bunun üçün hazır dreli də var ki, hökumət onun tələbinə məhəl qoymadığı təqdirdə qonşuluqda olan boş mənzili “fəth etsin”. Çox güman, bu inqilabçı xarakteri babasından alıb. Mirzə babanın (Ağahüseyn Kərimov) filmboyu dilindən düşməyən “İnqilabi düşüncə” ifadəsi, dövlət əmlakına təəssübkeşliyi, xalq məhkəməsi qurmaq cəhdləri ilə çöküşünü yaşayan Sovet ideologiyasını təmsil edən personaj kimi diqqəti çəkir. Bununla belə, o da artıq zamanın yetişdiyinin, hətta yenidənqurma siyasətinin də imdada çata bilməyəcəyinin, cəmiyyətin maddi və mənəvi böhran içində olduğunun fərqindədir. Bu şəraitdə Hətəmin saflığından nigaran qalaraq həyatda ona çətin olacağı mesajını da verir. Hələ onun tamaşaçıya da bir mesajı var. Belə ki, Mirzə baba simvolizə etdiyi, çöküşdə olan ideologiyanın bədii obrazı kimi “artıq ölmək vaxtıdır” deyib dünyadan köçür. Beləcə, Sovet hakimiyyətinin çöküşünü rəmzi olaraq sənət əsərində həyat gerçəkliyindən daha öncə görmək şansımız olur.
Mirzə babanın ölərkən verdiyi nəsihəti səhv anlayan Hətəm, Qəzənfər (Həsən Turabov) müəllimə yaxınlığı ilə sürətli karyera imkanlarına yiyələnir. Artıq Hətəmin xarakterində də müəyyən dəyişiklikləri, aqressiyanı görmək mümkündür. Bu dəyişiklik nəinki onun xarakterində, artıq yeni iş həyatında da açıq-aydın sezilməkdədir. Sel artıq Hətəmi ağuşuna alıb “budaya-budaya” aparmaqdadır. Həyatdaqalma instinkti bütün mənəvi dəyərlərini mühasirəyə alıb. “İti dişlilərlə” onların dili ilə danışır, onların qaydaları ilə oynayır. Amma nə yaxşı oyunçudur, nə də əvvəlki saf insan. Artıq bir Yaramazdır o. Əhatəsində olan cəmiyyətin əsəri, gözümüzün önündə, addım-addım yaranan Yaramaz. Bəs cəmiyyətin təqsiri varmı? Xeyr. Çünki cəmiyyət ayrı-ayrı fərdlərin cəmini təşkil edir. Və o fərdlərin də hər biri sosial varlıq olaraq, cəmiyyətin diktəsilə hesablaşmalıdır. İndi bu şəraitdə insanları hansı sifətlə xarakterizə etmək olar? Sizi bilmirəm, yaramaz Hətəm belə deyir: “İnsanlar yazıqdır”.
Xəyal Əfəndi
Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.