Diaqnostikanın güzgüsündə İlahi Komediya

Cari ilin festival trendlərini bizim yerli kino şəbəkələrdə görmək nadir rast gəlinən, demək olar ki, ekzotik bir hadisədir. Festival filmlərinin repertuara düşməsi burada qaydadan çox, istisnaya çevrilib. Yorqos Lantimosun “Buqoniya” (2025) filmi isə sui-qəsd nəzəriyyələrinin və müxtəlif konspirologiya pərəstişkarlarının ruhunu oxşayan bir əsərdir. Lantimos, Cənubi koreyalı Çan Çjun Hvanın “Yaşıl planeti xilas etmək” (2020) filmi əsasında, lakin tamamilə sərbəst bir yanaşma ilə yaxşı əsaslandırılmış elmi-fantastik nağıl yaradıb.
Yunan rejissorun yaradıcılığının, təhkiyəsinin əsas xüsusiyyəti, müəllif dəstxəti qara yumor janrının rekonstruksiyasıdır və “Zavallı bədbəxtlər” (“Poor things”; 2023) kimi möhtəşəm filmlərdə öz kulminasiyasına çatır.
“Buqoniya”da müəllif ilk baxışda bu dəstxətə tamamilə yad görünən bir material əsasında — forma qarşısında heyranlıq və bir az da oyunbazlıqla — özünün ilk (qeyri) müəllif filmini çəkib. Amma mahiyyətcə bu film də alleqoriyadır: burada da reallıq əyri güzgülər səltənətində müəllifin özünəməxsus ironik rakursunda sınır və dəyişir.

“Buqoniya” filmi iki sosiopatın yadplanetli olduğunu düşündükləri insanı qaçırmasından bəhs edir. Lakin bu sadə süjetin altında başqa, daha dərin oğurluq gizlənir: ətraf aləmin oğurlanması, reallığın insanın öz qorxuları və kollektiv illüziyaların təzyiqi altında dağılması.
Ola bilsin ki, rejissor özünə yad süjetə həddindən artıq istinad edərək müəllif kinosunun qaydalarını pozur, amma hər şeyə rəğmən öz estetikasına xilaf çıxmır — buna görə də, başqasının hekayəsi çərçivəsində öz üslubunu qorumağı bacarır və radikal dəyişikliyə imkan vermir.
Lantimos gözlənildiyi kimi və özünə tam arxayın şəkildə artıq uzun illər – Bodriyarın simulyakrın başladığını elan etdiyi vaxtdan bəri intizarla naməlum bir dövrün gəlişini gözləyən insanın təbiəti və bəşəriyyətin apokaliptik sonu barədə çox iddialı fikirlər səsləndirməyə girişir.
Filmin elə ilk kadrlardan etibarən göstərdiyi makrofokus — güllərin və arıların hiper-yaxın təsviri (buradan “Məxməri” Linçə salam) — vizual dəqiqliyi ilə bir növ cəmiyyət və arı pətəyi arasında alleqorik bir bağ yaradır: xaotik, daim hərəkətdə olan bir sistem.
Bundan başqa, filmin mifoloji adı da ölü buğanın cəsədindən doğulan arılar haqqında qədim yunan əfsanəsini yada salır, həyatın dövrü olduğunu, yenidən doğulmanı və materiyanın əbədi hərəkətini simvolizə edir.

Heyif ki, düz finala qədər tamaşaçını eksperimental improvizasiyalara baxdığı hissi tərk etmir – sanki Lantimos vərdiş olunmuş (dis)komfort zonasının sərhədini keçib, amma bunu öz təbii üslubunun tərkib hissəsi olan tərəddüdlü müəllif əminliyi ilə edib. Burada uydurmanın saxta absurdu və sadə (qeyri) insani paranoya arasındakı sərhəd çox incə, demək olar ki, şəffafdır.
Nəticədə, janr pərdəsi – qara komediya, triller, elmi fantastika – örtüyə yox, alətə çevrilir, dünyanı hüceyrələrinə qədər parçalamaq, başqalarını asanlıqla, böyük həvəslə yadplanetli adlandıra bilən, bununla da öz kölgələrindən qorxan insanları göstərmək üçün bir vasitə olur.
Nəticə etibarilə, “Buqoniya” yadplanetlilər haqqında fantastik bir hekayə kimi yox, insanların öz qorxularını başqasına proyeksiya etmək meylini araşdıran tənqidi bir model kimi işləyir. Film Lantimos estetikasının sərhədlərini genişləndirmir, lakin onları daha da dəqiqləşdirir və bununla da müasir kollektiv təxəyyülün vəziyyəti haqqında epik bir şərhə çevrilir.

Məhz buna görə əsərin strukturu ikilidir: həm remeyk və müəllif mövqeyi arasında, həm də janrın şərtiliyi ilə fəlsəfi tezis arasında qərar tutan bir formadır.
Ülvi Mehdi