Çoxbucaqlı sevgilər
Amerikalı kinorejissor, komediya aktyoru, prodüser, dördqat “Oskar” mükafatı laureatı, çoxsaylı hekayə və pyeslərin müəllifi, ədəbiyyat, kinematoqrafiya, musiqi bilicisi və həmçinin caz klarnetçisi olan Vudi (Heyvud) Allen dünya kinematoqrafiya tarixinin klassiklərindən biri kimi xüsusi şöhrətə sahibdir.
V.Allen digər quruluşçu rejissorlardan fərqlənən və hərdən absurd və satira elementləri daşıyan dərin mənalı komediyaları ilə tamaşaçıların damağında xoş kino dadı buraxan, minnətdarlıq duyğusu və xüsusi bir zövqlə ayırd etdiyimiz özünəməxsus stilistikası, kinorejissor kimi öz dəsti-xətti ilə seçilir. O, həmçinin İnqmar Berqmanın yaradıcılığının təsirlərini özündə əks etdirən psixoloji dramları ilə də şöhrət qazanmışdır. Və beləliklə o, öz üslubu, zövqü və kino anlayışı ilə ən sevdiyi yolla gedərək iki janrın vəhdəti ilə özünəməxsus “intellektual komediya” janrını yaratmışdır.
Allenin verdiyi bütün quruluşlarında teatr estetikası müşahidə olunur – vizuallaşdırılan səhnənin kamera ilə hərəkətli müşahidəsi. Aktyorlar sanki teatr səhnəsindəymiş kimi hərəkət edən kameranın qarşısında rollarını daha sərbəst və obyektiv şəkildə ifa edə bilirlər. Bunun səbəbi isə Allenin öz yaradıcılığına sadəcə ssenarilər yazmaqla yox, həmçinin teatr rejissoru kimi başlamasıdır. 1966-cı ildə sonralar 598 dəfə səhnəyə qoyulmuş “Bu suyu içməyin” adlı pyesi, onu Brodveyin ən uğurlu dramaturqlarından birinə çevirdi.
Bu məqalədə mənim əsas məqsədim Allenin hər kəsə tanış olan yaradıcılığını və qazandığı ümumi ehtiramı bütünlüklə işıqlandırmaq deyil, başlıca vəzifəm onun kino obrazı kimi göstərdiyi kişi və qadınların arasındakı qarşılıqlı münasibətlərin tematikasını, ideyasını və təhlilini açmaqdır.
Rejissorun bütün filmlərində qadın və kişi ovsunu olduğunu nəzərə alsaq çox düşünmədən onun bir sıra təsvirlərini subşəxsiyyətlər kimi açmaq yerinə düşərdi. Qeyd üçün bildirim ki, onun yaradıcılığında bütün həyatını keçirdiyi və ən gözəl əsərlərində tərənnüm etdiyi Nyu-York şəhəri xüsusi yer tutur (xüsusilə “Enni Hol”, “İnteryerlər” və “Manxetten” kimi filmlərin daxil olduğu “Nyu-York” trilogiyası).
Vudi Allenin 2010-cu ildə çəkdiyi “Sən əsrarəngiz, yad bir adamla qarşılaşacaqsan” filmində uzun müddət (40 il) bərabər yaşamış və bir-birindən soyumağa başlayan Alf və Helenin obrazında orta-statistik bir ailədən bəhs edilir. Bu kontekstdə Allen sanki boşandıqdan və ailəsindən uzaqlaşdıqdan sonra yeni eşq macəralarından kənarda qalmamağa, tənhalığa düşməməyə və özündən sonra bir vərəsə qoymağa çalışan – qarşısındakı pis yollardan nisbətən daha yaxşısını seçir, evdən gedib təsirinə düşdüyü Şarmeyn adlı bir fahişə ilə tanış olur və onunla evlənir – qocalığa doğru irəliləyən Alfiyə bəraət qazandırır və onunla həmfikirdir. Bu, tamaşaçıya tanış olan sadə, həyati, ağrılı bir xətdir və rejissor da bunu başa düşür, amma o, bu məsələnin həllini birmənalı şəkildə təqdim etmir.
Ziddiyyətlər və geniş imkanlar şəhəri olan Nyu-Yorkda hansısa məqamda artıq bir qadınla qənaətlənməyən və yeknəsəq ailə həyatından doyaraq dünyəvi erotik zövqlərə yönələn, poliqamik fikirlərinə qapılan, mötəbər bir kişi olan Alfi üçün tamaha, müxtəlif cür seçimlərə və həzlərə qarşı tab gətirmək çətin olur.
Beləliklə Allenin “fəndi” qəhrəmanında alter-eqo qismində işə düşür– o, yüksək materiya və potensialın daşıyıcısı olan kişidir – məhz “bunun üçün” arzularla imkanların ziddiyyət təşkil etmədiyi, absurd və tamamilə axmaq gerçəkliyin toqquşmadığı yaşa qədər yetkinləşmişdir (həddindən artıq həssas və stimullaşdırıcı həblərin köməyi ilə). Müdriklik alması başına düşmüş Alfi bunu dərk edəndə müxtəlif bəhanələr uyduraraq, və yaxud özünə bəraət qazandıraraq xəcalətli şəkildə öz ailəsinə, Helenə geri qayıtmaq istəyir, amma təəssüflər olsun ki, həyat yoldaşının yatağında ona daha yer yoxdur.
Göründüyü kimi Allenin buradakı eyhamı açıq-aydın hiss olunur – gəzmək istəyirsənsə gəz, amma öz şəhvət dolu ehtiraslarının uğrunda ailəni tərk etmə, üstəlik də Allah eləməsin ki, başını itirib ilk tanış olduğun qadınla evlənəsən. Bəs yaşlı qadın olan Helen Şepric əri ilə ayrılıq prosesi zamanı nə edir və tamaşaçılar bu barədə hansı qənaətə gəlir? O, falçılara üz tutur, mediumların yanına gedir və tədricən özünü okultizmə daha çox qapdırmağa başlayır.
Qadın əslində mahiyyətcə və obraz olaraq monoqamdır, mövcud vəziyyət ona evlilik həyatında nə qədər də əxlaqlı və təmiz qalmağa imkan yaratsa da, bu hal hadisələrin vəziyyəti onu məhdudlaşmış ailə çərçivəsinə sığdıra bilməyənə qədər davam edə bilir. Allenə görə qadının qəlbinə şeytan girənə qədər təmiz və əxlaqlıdır, o, ocağın, hüzurun və səadətin qoruyucusudur. Helen şüuraltı olaraq ailəsi və evliliyi ilə əlaqədar bütün sualların cavablarını falçıda axtarır – məhz elə buna görə onlarla bu barədə danışıb rahatlıq tapmaq istəyir. Mediumla müzakirələrdə iştirak edir – həyat yoldaşına özünü daha yaxın hiss etmək, onun ruhuna daxil olmaq, daxili aləmini duymaq, düşüncələrini və daimi azad ürəyini oxuyaraq beyninə nüfuz etmək üçün. Bu halda Allen mazoxizmə düşən, çarəsizlik içində ötəri cəfəngiyyatlarla məşğul olaraq ona qətiyyən faydası olmayan, uydurduğu şeylərin keçici dünyasına qərq olan Helenin timsalında qadının mahiyyətini açır. Amma Allen ailə münasibətlərinin və güclü bağların qorunub saxlanması uğrunda, ailənin rifahı və evlilik institutu naminə özünü oda-közə yaxan qadın tipajlarına simpatiyasını göstərsə də, bunları bütünlükdə bir absurd kimi təqdim edir. Bu fənd onun müəllif üslubuna uyğun olaraq “göz yaşları arasında gülüş” təsiri bağışlayır. Bu tapmacada isə məna və həqiqət yatır. O, demək olar ki, bu dəst-xəti bütün filmlərində qoruyur – insan münasibətlərinin qorunması və hər an partlaya biləcək sevgi balonu intellektual oyunun tərs və düz üzləri kimidir.
Alfi ilə mənəvi bağlarını qopararaq hər tərəfdən onu sərbəst buraxanda Helenin gözləri açılır. O, demək olar ki, hər qadın kimi böyük amma tənha meqapolisdə yeni bir insanla əlaqə quraraq şəxsi həyatındakı dibi olmayan girdab kimi boşluğu boşalmış ruh kimi (bədən burada totemdir) sublimasiya edərək (amma dələduz falçının öncəgörücülüyü kimi yox “sən əsrarəngiz, yad bir adamla qarşılaşacaqsan”) yeni münasibətlərlə doldurmağa başlayır.
Vudi Allenin mistikası ondadır ki, qadın qəhrəmanının şüurunun dərinliklərinə dalaraq özünü onun yerinə qoyur. Buna görə də onun ərsəyə gətirdiyi ssenarilər belə həqiqi, maraqlı və öyrədici olur. Bu səbəblə Vudi Allenin öz personajlarına qarşı bəslədiyi humanist və asanlıqla qura bildiyi empatiya hissi urbanistik Nyu-Yorkun müasir, kütləvi ictimai mədəniyyətinin portretləri kimi həqiqətə uyğundur. Bu portretlər rejissor tərəfindən düzgün kompozisiya və rəng həlli ilə fundamental klassik rəssamlığın ən incə detallarına bənzər şəkildə işıqlandırılır.
Tamamilə uzaqlaşma, parçalanma və dayaz düşüncə Şepricin ailəsini bütünlüklə məhv edir. Onların yeganə qızları Salli, qonşuluqdakı gənc bir qızla vaxtını keçirən, Roy adlı uğursuz bir yazıçı ilə evlidir. Rəsm qalereyalarından birində işləyən Salli özü isə öz müdiri Qreqin ona qarşı bəslədiyi hisslərin təsiri altına düşür. Müəllifin ideyasına görə ictimai mühitdə maddiyyatdan asılılıq, cah-calala tamah, orta və aşağı təbəqə üçün əlçatan olmayan, amma labüd olan komfort və məişət zəminindəki bitib-tükənməyən problemlər dominantlıq etdiyi zaman ər-arvad xəyanəti ön plana çıxır. Bu vəziyyətdə ailə rifahının və xoşbəxtliyin ümumi sosial tablosu lokal şəkildə ailə institutunu sarsıdan kişi və qadın münasibətlərindən daha çox zərər görür. Pis nümunə yolxucudur və o, xəyanət və boşanma kimi bədbəxt prosesləri azad sevgi münasibətlərinə, məsuliyyətsiz başlanğıclara çevirərək bütün normativ dəyərləri zəncirvari reaksiya ilə aradan qaldırır – cəmiyyətdə qəbul olunan pis xarakterli ölümcül xüsusiyyət kimi.
“Sən əsrarəngiz bir adamla qarşılaşacaqsan” adlı bu filmdə sevgi üçbucaqlarının sonsuz ardıcıllığı ara vermədən bir-birini əvəz edir. Allen nümayişkaranə şəkildə “üçüncü”-yə işarə edir. Üçüncü biri var, üçüncünü axtarın, üçüncü ilə görüş – bu rejissorun işlərinin təməlində ayrıca yerə sahib olan sonsuz üçbucaq karuselinə açıq-aydın bir eyhamıdır. Roy və Salli isə, övladları olmayan cütlüklərin azad şəkildə bir-birinə “mütləq” xəyanət etməli olduqlarını müdafiə edən xəstə ruhlu sosiumun bir növ bilbordu, antireklam lövhəsidir. V.Allen buna, özünəxas sarkazmla, skeptisizmlə, ironiya və qara yumorla yanaşır. Salli baş verənlərin məntiqsizliyini başa düşərək bu quruluşu yalanlayır: “Hərdən illüziyalar həblərdən daha çox kömək edir”.
Allen ümumi mənzərəni V.Şekspirin sözləri ilə xülasə edərək tamaşaçılara yekun əxlaqi nəticəni çatdırır: “Həyatda çoxlu qalmaqal və ehtiraslar var, amma heç bir məna yoxdur”. Əgər ümumbəşəri sistemdə yoluxma kimi artan boşanmalar trendə çevrilmişdirsə, bu təbii olaraq hər şeyə dərin diqqət yetirən Allenin işlərində ironiya ilə işıqlandırılaraq əks olunan müşahidələrindən yan keçə bilməzdi. Onun məşhur sitatı bu fikri bariz şəkildə ortaya qoyur: “Biz nə etməli olduğumuzu düşündük: Bahama adalarına gedək, yoxsa boşanaq. Amma sonda qərar verdik ki, Bahama adaları sadəcə iki həftəlik zövq verir, amma yaxşı bir boşanma ömür boyu davam edir”. Yaradıcı insanlar tez-tez öz əsərlərində bu, və ya digər şəkildə antirealistik istiqamətlərə yönəlirlər – qlamur həyatın ruh düşkünlüyü ilə səciyyələnən dekadansiya və tematikasına.
F.Fellini öz dövründə pozulmuş bohemanın ədəbsiz atmosferini, zənginlik və özbaşınalığın əxlaqsız dünyasını “Şirin həyat” (1960) adlı filmində ifadəli tərzdə ələ salırdı. Allen də öz hekayəsini digər formada, fərdi nöqteyi-nəzərdən çatdıraraq bu aktual mövzuya müraciət edib. “Elitar həyat” (digər tərcümə versiyaları – “Gözəl insanlar”, “Klub publikası”, “Dünyəvi Cəmiyyət”) – 2016-cı ildə Allenin öz ssenarisi əsasında çəkdiyi melodramatik komediyadır. Bu film quruluşçu rəssamlar gildiyasının mükafatını almış və “Ən yaxşı xarici film” kateqoriyasında “Qızıl qartal” mükafatına layiq görülmüşdür. Süjetin təməlində iş tapmaq üçün Nyu-Yorkdan Hollivuda məşhur kinoprodüser olan dayısı Filin (Stiv Karel) yanına gedən, işsiz Bobbi Dofmanın hekayəsi yatır. O, qəbul şöbəsində cazibədar katibə Vonni (Kristen Styuart) ilə tanış olur, onların arasında sevgi münasibətləri yaranır və əlbəttə ki, Allenin məharətlə tərənnüm etdiyi məşhur sevgi üçbucağı buradan da yan keçmir. Bu dəfə isə “üçüncü şəxs” Vonninin sadəcə dostu olan Fildir. Kinematoqrafiyaya xas olan səciyyəvi və standart situasiyalarda “vakant fiqurlar” məhz katibələrdir. O, səriştəli bir rejissorun əlində bir növ “pazlın son parçası”na çevrilir. Əgər kişi öz coğrafi lokasiyasını səs-küylü, basırıq şəhərdən düzgün, dünyəvi bir bohem həyatına bir müddətlik dəyişirsə o, sadəcə “yeni” məişətin rahatlığında başını itirmir, həmçinin “yeni” duyğulara qərq olub gedir.
Evli Fil sevgilisi olan Vonniyə həyat yoldaşından boşanacağını vəd edir və sonunda boşanıb onunla evlənir. Bu süjetdə isə üçüncü tərəfin mövqeyini Filin həyat yoldaşı daşıyır. Nyu-Yorka geri qayıdan Bobbi isə yenicə öz ərindən boşanmış, gözəl qadın Veronika (Bleyk Layvli) ilə tanış olur və onunla evlənir.
Allenin də mahiyyətini açıq-aydın şəkildə göstərdiyi kimi kişilərin və həm də qadınların təbiətində bir ifratçılıqdan digərinə keçid kimi səciyyəvi xarakter gizlənir. İtirilmiş konkret bir insanın yerinə başqasını qoyaraq, bu boşluğu başqa bir obyektlə dolduraraq, yeni duyğular yaşayan bir insandan digərinə qaçmaqda sözün əsl mənasında xoşbəxtliyin, mütləq bir həzzin son instansiyası mövcuddur.
Nə üçün Allenin filmlərindəki bütün münasibətlər mütləq nəticəyə, kulminasiya aktına, münasibətlərin qanuniləşdirilməsi və nikahın bağlanmasına aparır?
Perfeksionist və maksimalist olan V.Allenə görə hər şey və hər kəs öz yerinə dəqiq oturmalıdır (vaxtı gələnə qədər). Kontekstdəki bütün münasibətlər öz forma və vacibliyinə görə yerində olmalıdır. Buna görə də kişi və qadın, ər və arvad ağlını itirmiş dünyada ağlı başında olan geri qalanların istinad etməli və əsaslanmalı olduqları xəyanətin, aldatmağın, təhriketmənin və bədbəxtliyə aparan tamahkarlığın alovudur.
Buna baxmayaraq evləndikdən və öz həyat yoldaşları qarşısında öhdəlik götürdükdən sonra Bobbi və Vonni görüşürlər və Mərkəzi Parkda gəzərək öpüşürlər, amma nəticədə qərara gəlirlər ki, aralarındakı münasibəti sonlandırsalar daha yaxşı olar.
Allen ailə və evlilik əxlaqı ilə əlaqədar prinsiplərinə sadiq qalaraq filmin finalında kişi və qadını ehtiras və sevgi macərasının girdabına düşməkdən çəkindirərək, bu baxımdan onların ortaq həvəslərini məhdudlaşdıraraq və şeytanın tabulaşmış xəyanət fitnəsinə qadağa qoymaqla ər-arvad xəyanətinin qarşısını alır.
Allen seksual cəhətdən azadlığı təsvir edən “Viki Kristina Barselona” (2008) adlı filmində astaca “dördbucaqlıya” keçid edən və hətta Dak personajının timsalında beşinci bucağı da olan sevgi üçbucağının daha əvvəl işlənmiş ideya xətti üzərində süjeti daha da mürəkkəbləşdirir. Mariya Yelenanın (bu filmdə köməkçi rolu ifa edən, “Oskar” mükafatına layiq görülmüş Penelopa Krus) keçmiş əri olan rəssam (Xaviyer Bardem), Barselonaya (adına göndərmə) gələn kimi onunla qarışıq bir eşq macərasına düşən iki amerikalı qızla tanış olur. Filmin kamertonu və mərkəzi nöqtəsi Mariyanın ikili adında gizlənir (İsanı dünyaya gətirən, İsanın anası, bakirə Mariya, mübarək bakirə, Madonna – xristianlıqda İsa Məsihin dünyəvi anası, ən çox hörmət bəslənən şəxsiyyətlərdən biri və xristianlıqdakı müqəddəslərin ən alisi. Tarixi kilsələrdə və bir sıra digərlərində ona İsanın anası, Cənnət Kraliçası kimi sitayiş edilir) – Yelena (yunan mənşəli addır. Tərcümədə “müqəddəs gün” mənasını verir. Möhtəşəm Yelena – Leda və qu quşu cildindəki Zevsin qızı, Troya müharibəsinin nifaq alması. Apostola bərabər Yelena – Konstantinin və bizans xristianlığının anası. Rus nağıllarındakı altı dənə alovlu ilanın qoşulduğu qızıl arabada müdrik Yelena: onun tapmacasını tapa bilməyən edam edilir).
Mariya-Yelena cütlüyü özlüyündə süjetdən kənar bir intriqa daşıyır. Bəlkə də Allen öz qəhrəmanına buna görə belə bir ad verib. Mariya-Yelena obraz və fiqur kimi (adətən mifik və aldadıcı) allensayağı qeyri-mövcudluğun bütöv bir nümayişidir. Mariya-Yelenanın ikona kimi donuq üzünün ifadə anlaşılmazlığı, digərlərinin bir-birinə yaxşı tanış olan mimikaları ilə dəyişilir ki, meşşan varlığın pərdəsi altında təmizliyi görmək sadəcə olaraq yadırğanır.
Antonio öz istedadına xas azad bir rəssam orijinallığı ilə açıq və dürüst münasibət qurmaq üçün əvvəlcədən hər iki qız ilə yatmaq istədiyini açıq şəkildə bildirir. Qarabuğdayı Viki (Rebeka Hol) və sarışın Kristina (Skarlet Yohanson) ilə. Bu filmdə rejissor hələ də bir-birini sevən, amma aralarında kəskin duyğuların, spontan və xaotik formalı ekstrimin olmadığı keçmiş ailə cütlüyünün həyatını bizə açır. Allen müəyyən bir evlilik dövrü və birgə yaşadıqları müddət ərzində bir-birindən doyan qadın və kişilərin şəxslərarası münasibətlərində seksopatoloq kimi bir eksperiment aparır. Mariya-Yelenanın sözlərinə görə onun Xuan Antonio ilə münasibəti həmişə sevgi dolu olsa da stabil olmayıb, çünki aralarında özlərinin belə cavabını tapa bilmədiyi nəsə, hansısa sirli bir element çatışmırdı. Kristinanın özünün də çevrildiyi bir növ zəncirin əskik halqası, çatışmayan element. Və onlar qarşılıqlı razılıqla seksual üçlük yaradırlar. Artıq bu üçlük yaranana qədər Antonio, Dakla nişanlı olmasına baxmayaraq sevgiyə qarşı münasibətinə və öhdəliklərinə daha ciddi və praktiki yanaşan Viki ilə eşq yaşayırdı.
Rejissor yanaşmasına görə bütün bu münasibətlərin axırı süquta və xəyal qırıqlığına aparır. Sadəcə filmin verdiyi adrenalin effekti və emosiyalar tamaşaçılara onu öz seksual fantaziyalarında dərindən təsəvvür etməyə kömək edir. Kinomanlara görə kompleks şəkildə duyğu axını yaxşı bir filmoterapiyadır. Bu mürəkkəb vəziyyətdən çıxış yolu deyil, ruhumuzu məhv edən hormonlar və azğın şəkildə macəralar axtarışında olmaqdır, deməli, sadəcə özümüzü yeni problemlərin ağuşuna atmaqdır. Dolaşıq əlaqələrdir – sadəcə olaraq heç bir yaxşı və xüsusi cəhəti olmayan bir qarışıqlıqdır. Və filmin final səhnəsi bunun bariz bir örnəyidir, hər üç personaj, Viki, Kristina və Dak Barselonadan ABŞ-yə qayıdır. Başladıqları yerdə də macəralarını bitirirlər. Çıxış nöqtəsinə geri qayıdırlar.
Allenin məqsədi kişi və qadının zəiflik anlarında meydana çıxan yalnızlıq fobiyasını ifşa edərkən “xuliqanlıq” etmək deyil, o, seksual olaraq insanları xətalara sövq edən fürsətlərin gülüş doğuran arsenalının mənasızlığını ortaya qoyur. O, özü də ironiya ilə təsdiq edir ki, “bu cür münasibətlər irrasional çılğınlıqdır, amma biz hamımız bunu yaşayırıq, çünki ədviyyatı (karri) sevirik.”
Vudi Allen hər iki cinsə qarşı şəxsi hörmətinin əminliklə vurğulandığı yüngül və əyləncəli romantik filmlərin yaradıcısı və komedioqraf kimi nüfuza malik olmasına baxmayaraq, mənim zənnimcə, onun filmlərində ekstravaqant amorallıq, marketinq yanaşması və fikir yayındıran manevrlər yoxdur, çünki o, sanki feminizmə eyham vurmadan, çılpaqlığın yaratdığı ehtirasların və digər vasitələrin tilsiminin fetişi olmadan iki sevən insanın adi bir hekayəsini danışmaq istəyir, sadəcə olaraq qeyri-adi bir hekayədən adi bir hekayə yaratmaq istəyir. Şübhəsiz ki, o, sadə və təvazökar şəkildə, amma xüsusi ehtiras duyğusu ilə bütün dünyaya hadisələrin mənasız tavtologiyası və ironiyalı həyatın məğzi kimi nə olur-olsun bütöv və ayrılmaz, bir-birinə zidd olan iki substansiyanın fəlsəfəsini daşıyan “İn və Yan” anlayışını çatdırmağa çalışan, sözün əsl mənasında böyük bir sənətkardır.
Elçin Əsədov