Çölçü

“Mükafat” rubrikamızda bu dəfə, Azərbaycan Respublikasının Xalq artisti, “M” teatrının rəhbəri, aktyor və rejissor Vidadi Həsənovun “Çölçü” ədəbi ssenarisini təqdim edirik. Ssenarinin pritçavari hekayəsi çöldə yaşayan, həyatlarını dəvə saxlamaqla keçirən Ulu və Çölçü adlı iki insandan bəhs edir. 2012-ci ildə rejissor Şamil Əliyev sözügedən ssenari əsasında eyniadlı bədii tammetrajlı film çəkib. Filmin premyerası 12 fevral 2013-cü ildə “Nizami” Kino Mərkəzində baş tutub və eyni ildə “Humay” Milli Mikafatına layiq görülüb. 2014-cü ildə film, Milli Oskar Komitəsi tərəfindən Oskar mükafatına təqdim olunub. “Çölçü” filmi ekranlara çıxdığı gündən 50-dən çox beynəlxalq festivalda iştirak edib və “Ən yaxşı ssenari” nominasiyası da olmaqla müxtəlif mükafatlar qazanıb.
Ç Ö L Ç Ü
ssenari müəllifi Vidadi Həsənov
- NAT. ÇÖL. AXŞAMÇAĞI
ÇÖL… axşamın alatoranlığında uzaqdan görünən çöl.
Külək uğuldayır… dəli külək ucu-bucağı görünməyən çöldə tüğyan edir.
… və toz – tozanaq aləmi bürüyüb…
… kol-kos az qala kökündən qopacaq və…
Dəvələr nərildəyir… haradansa eşidilən və küləyin uğultusuna qarışan dəvələrin nəriltisi yarğanlarda əks – səda verir.
Kolların arasında tüyünən ÇÖL SİÇANI… qəfil hiss etdiyi təhlükədən hürkür və bir xeyli qaçıb yuvasına girir.
Bayaqdan eşidilən xışıltı səsi getdikcə güclənir… külək dəvətikanı koluna ilişib, xışıltıyla yellənən SALAFAN TORBANI, nəhayət, qoparıb – uçurur.
Çöl boyu burulub-dolanan FIRFIRA… qarşısına çıxan hər şeyi havaya sovura-sovura mor dağlara tərəf irəliləyir.
Salafan torba uçur… qalxıb-enərək uzaqlaşır və itib gedir.
Uzaqda sıralanan MOR DAĞLAR… dağların üstündən çölə qara buludlar sürünür.
… və topa – topa buludlar sürünür…
… buludlar sürünür – sürünür və…
Ətrafı bürüyən qaranlıqda əcaib görünüşlü SAL DAŞ peyda olur… yaxınlaşdıqca o, daha çox şöngəmiş dəvəyə oxşayır, (uzaqda – düzəngahın ortasında zorla nəzərə çarpan Yurd Yeri, naşı əllə çəkilmiş qrafik lövhəni xatırladır) nəhayət, sal daş qaranlığa bürünüb qeyb olur.
Çöl… uzandıqca – uzanan çölə zülmət çökür. … və şimşək çaxır…
… göy guruldayır və… Bir anlıq aydınlaşan çöldə… külək uğuldayan çöldə YEMİŞAN KOLU diyirlənir.… və diyirlənir… … diyirlənir və… Çöl yenidən zülmətə qərq olur… külək uğuldayır.
2. NAT. ŞOSSE. GECƏ
Külək uğuldayır… müxtəlif markalı maşınların səsi küləyin uğultusunu eşidilməz edir.
Zorla görünən ŞOSSE… maşınların gözqamaşdırıcı işıqları bir – birini əvəz edir.
Lap yaxından keçən maşınlar… gözlərimiz qarşısından şütüyüb, dərhal da yox olan maşınlar. … və ağırtonnajlı yük maşını… … xarici minik maşını və…
Tırıltıyla irəliləyən AVTOBUS… içərisində sərnişinlər mürgüləyən avtobus uzaqlaşdıqca haradansa musiqi sədası eşidilir. …və dalğa itir… yenidən düzəlir və… Yaxınlaşan işıq şüasında tək-tük yağış damcıları parıldayır… damcılar yol kənarındakı lövhəyə çırpılıb – sıçrayır.
Lövhədə yazı:
İPƏK YOLU
242-ci km
Lövhənin həndəvərində vurnuxan AXSAQ İT… güclü siqnal səsindən hürkür və səndələyə-səndələyə qaçıb – gedir.
Şosseyə birləşən torpaq yol… torpaq yolda köhnə, ora-burası əzilmiş “Jiquli ” markalı maşın dayanıb, (uzaqda yaşayış məskəninin sayrışan işıqları və evlərin dam örtüklərinin qaraltısı sezilir) çəpəki dayanmış “Jiquli “ ötüb-keçən maşınların işığında görünüb-itir.
… və musiqi sədası güclənir…
… xarici müğənni oxuyur və…
Yoldan uzaqlaşan axsaq it… zingildəyə – zingildəyə, ( onun zingiltisi müğənninin belkantosu ilə həmahəng səslənir ) səndələyə – səndələyə “Jiquli“nin yanından qaçıb-gedir.
Hərəkət edən işıq şüası… maşının içərisində mübahisə edən QISA SAÇLI QIZI və İDMAN GEYİMLİ OĞLANI işıqlandırır.
“ Jiquli “nin kapotuna düşən növbəti işıq şüası… ön şüşədən içəri düşür, (bir az əvvəl mübahisə edən cütlük artıq bir-birinə sarılıb ) şüa aramla maşının üstündəki quraşdırma yük yerini də işıqlandırıb – keçir.
Uzaqdan görünən şosse… qarşı – qarşıya şütüyən maşınlar.
Zülmətə qərq olmuş səma… yağış güclənir. … və şimşək çaxır…
… göy guruldayır və…
3. NAT. YURD YERİ. GECƏ
Bir anlıq YURD YERİNDƏ hər şey işıqlanır… alçaq damını yağış döyəcləyən BALACA DAXMA, daxmanın tinində göy gurultusundan hürkmüş yəhərsiz AT, aralıda uzun, qalın tirlərlə çəpərlənmiş axurda vurnuxan DƏVƏLƏR, tək – tənha axurun küncünə qısılıb – qalmış AĞ DƏVƏ – hər şey, şimşək işığında
aydınlaşıb – görünür.
Yenidən zülmət çökür… küləyin uğultusu vahimə doğurur.
… və yağış daha da bərkiyir… … leysan yağmağa başlayır və…
Lap yaxınlıqda dəvə nərildəyir… dəvənin tükürpədici nəriltisindən qulaq tutulur.
Daxmada işıq yanır… şüşəsi sınmış – sınıq yerinə əski dürtülmüş kiçik pəncərədən zəif işıq süzülür, (kimsə işığın qabağından keçir) pəncərədən düşən işıqda yağış damcıları parıldayır.
Daxmanın qapısı açılır… alt paltarda, maykada, ayaqyalın – başıaçıq çölə atılan arıq, yöndəmsiz bir uşaq – BALACA ÇÖLÇÜ şıdırğı yağışa düşərək, yerindəcə donub – qalır.
Onun sısqa çiyinləri arxasında görünən ensiz qapı cırıltı ilə açılıb – örtülür… külək qapını oynatdıqca, daxmanın qabağı ışıqlanıb – qaranlıqlaşır.
Balaca Çölçü qımıldamadan dayanıb… onun palçığa batmış ayaqları və çılpaq dizləri, islanmış gen – alt paltarı və nimdaş maykası, udqunduqca
qalxıb – enən ulğumu və gərilmiş sifəti qapının hərəkətinə uyğun görünüb – itir.
Necə gəldi qırxılmış saçlarından yağış damcıları süzülür… qaşları çatılıb, ( başı üstündən, ilğım kimi görünən yəhərsiz at boynundakı kəndirdən azad olmaq üçün dartınır ) uşağın qəfil bərələn gözləri az qala hədəqəsindən çıxacaq.
… və çənəsi titrəyir…
… dişləri – dişlərinə dəyir və…
Soyuqdan titrəyən Balaca Çölçü bir göz qırpımında yox olur… ayaqlarını yerə döyən yəhərsiz at dəlicəsinə çırpınır.
… və şahə qalxır…
… kişnəyir və…
Taqətdən düşüb ayaqlarını yerə qoyur və maddım – maddım daxmanın qapısına tərəf baxır… hövlnak daxmadan çıxan Balaca Çölçü əlindəki “ dəmiryolçu fənəri “ni qurdalayır, axır ki, onu yandırır və axura tuşlayır.
Fənərin işığı silkələnə – silkələnə axura yaxınlaşır… axurda palçığa bataraq tüyünən dəvə ayaqları, bir – birinə sürtünə – sürtünə vurnuxan dəvələr, qürurla dayanıb gövşəyən BAŞÇI DƏVƏ və uzaq küncdə şöngəmiş ( üstünə düşən işıqdan hürküb – boylanan ) AĞ DƏVƏ aydın görünür.
Qaranəfəs axura çatan Balaca Çölçü dayanır… tövşəyə – tövşəyə dikəlir və əlindəki fənəri birtəhər dirəyə keçirir.
Bir sıçrayışla tirin üstünə qalxır… çaşqınlıq içərisində, gah daxmaya, gah da axurun içərisinə tərəf baxır.
Aramla tirin üstünə çökür… beynindən keçənləri danışırmış kimi dodaqları tərpənir, amma səsi çıxmır, ( fənər işığında görünən Ağ Dəvə aramla başını yerə qoyur ), hirsindən alt dodağını gəmirən Balaca Çölçü yerə atdanır.
Ayağı sürüşüb – yıxılır… cəld qalxır və daxmaya tərəf qaçır.
Balaca Çölçü örtülməkdə olan qapını itələyib, başılovlu daxmaya girir… zərbədən az qala çərçivəsindən çıxacaq qapı onun arxasınca örtülür.
Yorğun at qulaqlarını sallayıb… tənbəl – tənbəl quyruğunu yelləyir.
4. İNT. DAXMA. GECƏ
Daxmanın damını döyəcləyən yağış damcılarının aramsız taqqıltısı, tövşəyən uşağın qeyri – ixtiyari hıqqıltısı, xorna çəkən adamın zəhlətökən zıqqıltısı bir – birinə qarışaraq, içəridə əcaib bir kakafoniya kimi səslənir.
Rəngli naxışlarla bəzədilmiş qədim SANDIQ… sandığın üstündə NEFT LAMPASI közərir, (hisli lampa şüşəsinin arxasında – şirəsi tökülmüş divarda tüfəng qundağı görünür) lampanın işığı oynayır: gah artır, gah da azalır.
Qapı ağzında dayanmış Balaca Çölçü tir – tir əsir… palçıqlı əlinin dalı ilə burnunun seliyini silir. … və qaşları çatılıb… … gözlərini qıyıb baxır və…
Onun baxdığı küncdə – yerdə sərilmiş çirkli, nimdaş yorğan – döşəkdə kimsə yatır; üzü divara yatan, bükülüb – bürələnmiş adam xoruldayır, zıqqıldayır.
KADRARXASI BALACA
ÇÖLÇÜNÜN SƏSİ
Ulu!.. Ayıl, ay Ulu!..
Yatan adam daha da ucadan zıqqıldayır… qurdalanıb yorğanı yaylıq bağlanmış başına çəkir, onun qısa döşəkdən çıxan ayaqları və çatlamış dabanları görünür.
… və şimşək çaxır… … göy guruldayır və…
Əsgi dürtülmüş pəncərədən düşən ani işıq içərini işıqlandırır… göy gurultusunun uzaqlaşan əks-sədası kəsilir.
Balaca çölçü
Ulu!.. Ağ dəvə!.. Boğazca doğur!..
Yorğanı üstündən atan ULU ÇÖLÇÜ donquldana – donquldana qalxıb -oturur… ora – burasını qaşıyır, başına çəkdiyi yaylığı çıxardıb, balışın altına soxur. Turşumuş sifətindən zəhrimar yağır… hövsələdən çıxmış halda dizlərini büküb, tumanının balağını qatlayır, əlini köynəyinin dar yaxasından salıb, uzun -uzadı qoltuğunun altını qaşıyır. Nəhayət, əlini qoynundan çıxarır və sandığa tərəf yayxanır… sandığın yanındakı vedrəni yaxına çəkir, deyinə – deyinə vedrənin böyründən asılmış qulplu parçı doldurub başına çəkir. … və birdən çeçəyir… … boğula – boğula öskürür və…
Parçın içindəki su dağılır… yaxasına, tumanının qabağına dağılmış suyu çırpır və parçı tolazlayır. Havada uçan parç pəncərəyə çırpılır… sınıq pəncərənin qalan şüşəsi də çiliklənir, qırıntıları ətrafa səpələnir.
ULU çölçü
Mərətə qalmış!.. Cəhənnəmə doğur, gora doğur!.. Doğmağa vaxt tapıb, damazdığı qurumuş!.. öhö… öhö!.. Qoy, doğsun, onun dalını dağlamasam… gavuram!..
Əl – qolunu ölçə – ölçə danışan Ulu Çölçünün divardakı kölgəsi tavana doğru uzanır… sandığın qapağı cırıltıyla açılır, kimsə orada eşələnir və yenidən cırıltıyla örtülür.
Kölgəsi aramla qısalan hirsli qoca döşəyin ayaq ucunu qaldırır, ordan çıxardığı şalvarını geyir… döşəyin o biri tərəfini qaldırıb, papağını götürür.
İri bir balınc sınıq pəncərəyə yaxınlaşır… palçığa batmış arıq, sısqa qollar onu boş çərçivəyə dürtüşdürür.
Pəncərə ilə əlləşən Balaca Çölçü pəncələri üstünə qalxır… islanmış maykasının bir qolu sallanır, gündəyməzinə yapışan tursikinin balağından su damcılayır.
KADRARXASI ULU ÇÖLÇÜNÜN SƏSİ
Qoy doğsun, kəsib ətliyə verəcəm!.. Eləməsəm, goruma çaqqal daraşsın!.. Mərət!..
Balıncı çərçivəyə yerləşdirib çevrilən Balaca Çölçünün baxışları qapıya zillənir… nə isə demək istəyir, amma sözü ağzında qalır: qəfil bir ayağını qaldırıb ufuldayır.
ULU ÇÖLÇÜ
Sən yıxıl – yat!..
Ulu Çölçü arxaya baxmadan daxmadan çıxır… qapı çırpılır.
Neft lampası çırpılan qapının küləyindən az qala sönəcək… sandığın ala -bəzək naxışları zorla sezilir.
Aramla oturub, sandığa söykənən Balaca Çölçü ağrıdan qovrulur… ufuldaya – ufuldaya yırğalanır.
Qışqırmasın deyə alt dodağını gəmirir… dabanına batmış şüşə qırıntısını çıxarır.
Ağrıdan özünü sandığa çırpır… Neft Lampası yırğalanır.
Burnunu çəkən Balaca Çölçünün ağzı açıla qalıb… qapıya zillənmiş gözləri yaşarır.
Daxmada qaraltısı gözə dəyən hər şey… qapının altından torpaq döşəməyə sızan yağış suyu və astanada necə gəldi atılıb-qalmış nimdaş ayaqqabılar, qapının üstündə baş-ayaq vurulmuş köhnə at nalı və yan çərçivəyə bağlanmış üzərrik topası, üzərriyin böyründə: çəpəki yapışdırılmış əzik-üzük meşə fotoşəkli, balınc tıxanmış pəncərə və pəncərənin məhəccərində işıldayan şüşə qırıntıları, şirəsi tökülmüş divarda dikinə asılan qoşalülə tüfəng və güllə ilə dolu patrondaş, hətta sönməkdə olan lampa və sandıq da içəridəki alatoranlıqda qarabasma kimi görünür.
Palçıqlı dizlərini qucaqlamış Balaca Çölçü çənəsini dizinə dayayaraq oturub… gözləri qapıya zillənib.
5. FLEŞBEK. NAT. ÇÖL. GÜNDÜZ.
Günorta günəşi yandırıb – yaxır… bayaqdan bəri sal daşın üstündə hərəkətsiz dayanmış ŞANAPİPİK birdən şanasını açıb – yığaraq oxuyur, daşın kölgəsində əlləşən Balaca Çölçü quşu qovur.
Alnının tərini silən Balaca Çölçü dərindən köks ötürüb işinə davam edir… düzəltdiyi əşyanı diqqətlə nəzərdən keçirir, (havada fırlanan taxta parçası insan həmayilinə oxşayır) ciddi – cəhdlə onun tilişkəsini təmizləyir, üfürür, sığallayır.
Dəvə sürüsü keçib – gedir… getdikcə qatılaşan tozanaq daşın kölgəsində əlləşən Balaca Çölçünü yavaş-yavaş görünməz edir, (yaxınlıqda at kişnəyir) toz qalxdıqca səngiyib – seyrəkləşir.
Orğun – orğun ətrafa boylanan Balaca Çölçü nədənsə həyəcanlanır… tələm – tələsik bıçağı qatlayıb cibinə soxur, düzəltdiyi əşyanı hövlnak daşın altında gizlədir.
Burnunu çəkə – çəkə sal daşa söykənir… qıyılmış gözləri uzaqlara zillənir.
… və toz seyrəkləşir…
… seyrəkləşib çəkilir və…
Çöldə vurnuxan Ağ Dəvə boynunu qovzayır… rəqs edirmiş kimi ayaqlarını yerə vura – vura qəribə hərəkətlər edir: yorğalanır, fırlanır, şöngəyir, qalxır, nəhayət, boynunu irəli uzadıb bozlayır.
Eyni tərzdə boynunu uzadıb, şahanə addımlarla irəliləyən Başçı Dəvə gəlib onunla üzbəüz dayanır… başını qovzayıb nərildəyir, (Ağ Dəvə sakitləşir) boynunu onun qarnına, yançağına sürtür və fınxıra – fınxıra Ağ Dəvənin arxasına keçir.
Təşviş içərisində çaşıb – qalmış, nə baş verdiyini anlamayan Balaca Çölçünün gözləri az qala hədəqəsindən çıxacaq… heyrət içərisində başını aşağı salır, (onun şalvarının qabağı qalxıb – enir) nəfəsi təngiyə – təngiyə udqunur, öz -özündən abırlanıb ayaqlarını qucaqlayır və çənəsini dizlərinə dayayır.
6. İNT. DAXMA. GECƏ
Qapı ağzında dayanmış Ulu Çölçü çim – su içindədi… uşağa tərəf zillənmiş baxışlarından qəzəb yağır,(çərçivədən asılmış üzərrik topası yırğalanır) qoca hıqqıldaya – hıqqıldaya əlindəki fənəri küncdəki kətilin altına atır, palçıqlı ayaqqabılarını çıxardır, kətilin üstündəki teşti götürür və yorğan – döşəyin yanında yerə qoyur.
Balaca Çölçü aramla qalxır… sandığın böyründəki vedrəni ayağı ilə teştə tərəf itələyir…
… və vedrə sürüşür…
… yenidən sürüşür və…
Hər itələyişdə vedrəyə çırpılan qulplu parç cingildəyir… parçı su ilə dolduran Balaca Çölçü dikəlib müntəzir dayanır.
Teştin üstünə uzanan palçıqlı əllər… süzülən su, yuyunan əllər, teştə tökülən lehmə.
Balıncın altından çıxardığı yaylıq ilə qurulanan Ulu Çölçü… əsəbi halda onu lehmənin içinə atır, papağını götürüb sıxır və döşəyin altına soxur.
Balaca Çölçü boş vedrəni yerinə itələyir… dinməz – söyləməz dayanıb, lampanın işığına tamaşa edir, hövsələdən çıxaraq, əlindəki parçı vedrənin içinə atır, (vedrədən boğuq taqqıltı səsi çıxır) sual dolu baxışlarla qocaya tərəf çevrilir.
Güc – bəla ilə bədəninə yapışmış köynəyini çəkib – çıxardan Ulu Çölçü onu teştin içinə fələzləyir… tumanının balağını aça – aça çəmkirir.
Ulu Çölçü
Demədim, yıxıl – öl!..
Gərilmiş sifəti birdən – birə dəyişən, eyni açılan Balaca Çölçünün, hətta dodağı da qaçır… qırımına uyğun gəlməyən şuxluqla Neft Lampasını götürüb yerə qoyur, bir hərəkətlə sandığın qapağını açır, qəfildən çevrilib taxçaya tərəf gedir, (şüşə batmış dabanını yerə basa bilmədiyi üçün atdana–atdana yeriyir) ləmədən götürdüyü dəmir qabla döşəməyə səpələnmiş şüşə qırıntılarını bir tərəfə çəkir, (Ağ Dəvənin qarasınca deyinən Ulu Çölçünün sözləri hərdənbir aydın eşidilir) qabı taqqıltı ilə ləməyə atan Balaca Çölçü sandığa yaxınlaşır.
KADRARXASI ULU
ÇÖLÇÜNÜN SƏSİ
Özü kimi, həmzat, bir də özüdü, qarnı yırtılmış!.. Anası da beləydi!.. Vaxtsız höyürə gələrdi, bivaxt yerikləyərdi… bunların mayası zaydı.
Sandıqdan çıxardığı döşəyi pəncərənin altında yerə sərən Balaca Çölçü… qollarını açıb gərnəşir, (Ulu Çölçü zıqqıldayır) əsnəyə-əsnəyə oturur və üst-başının təpimiş palçığını təmizləyir.
Ulu Çölçü qurcalanır… bürüşüb – bürələnir və üzü divara tərəf çevrilir.
Sandığın yanındakı Neft Lampası his eləyir… qaralmış şüşədən çıxan qurum havaya qalxır.
Ayaqlarını qucaqlamış Balaca Çölçü çənəsini dizlərinə dayayıb dodağını gəmirir… gözlərini qırpmadan Neft Lampasına baxır.
Ulu Çölçü donquldana – donquldana yorğanı üstündən atıb oturur… ora -burasını qaşıya – qaşıya qınayıcı nəzərlərlə Balaca Çölçüyə baxır, sandığa tərəf yayxanır, onu yorğan – döşəyin qabağına çəkib hiqqana – hıqqana qalxır, sandıqdan çıxardığı xırda, naxışlı kilimi qapağın qabağına sərir.
Balaca Çölçü hələ də gözlərini qırpmadan baxır… onun gözlərində izaholunmaz bir kədər sezilir.
Kilimarası oyununun qurğusunu xatırladan sandıq… kilimin yerə toxunan ucu qatlanıb, (tumanını dartıb yançağını qaşıyan Ulu Çölçü sandığın qabağından keçir) kilimin üstünə düşən işığın istiqaməti dəyişir.
Neft lampasını ləməyə qoyan Ulu Çölçü uzun – uzadı öskürür… donquldana – donquldana qayıdıb, sandığın arxasında dizləri üstə çökür.
Balaca Çölçü qurcalanır… yerini rahlayır.
… və qaşları çatılır…
… dodaqucu qımışır və…
Gözlərini qıyır… maraqla tamaşa edir.
Sandıq ehmalca silkələnir… qapağın arxasından peyda olan insan həmayili o tərəf – bu tərəfə çevrilir, (arxadan nağıl danışan Ulu Çölçünün səsi eşidilir) həmayıil atdana – atdana o baş – bu başa “ gedib “ dayanır.
KADRARXASI ULU
ÇÖLÇÜNÜN SƏSİ
Biri varmış, biri yoxmuş (öskürür)
Deyəsən, soyuq tutdu məni, zəhrimar!..
Bir cavan Çölçü varmış… gedir çölü gəzməyə… az gedir, çox gedir, çatır sal daşın yanına… daşın kölgəsində oturub yuxuya gedir…
Həmayillə üzbəüz yaylıq görünür… yaylıq bir neçə dəfə qalxıb – enir, nəhayət, həmayilə tərəf gedir, uçurmuş kimi onun yanına “ qonur “.
KADRARXASI ULU
ÇÖLÇÜNÜN SƏSİ
Çölün düzündə bir quş peyda olur… Çölçünü görür… uçub qonur yanına… dönüb olur gözəl bir qız…
Uzaqdan eşidilən qatar təkərlərinin taqqıltısı getdikcə yaxınlaşır… qocanın səsi yavaş – yavaş eşidilməz olur, qatarın fit səsindən qulaq tutulur.
Balaca Çölçü dik atılır… ayağının ağrısını da unudub bir göz qırpımında daxmadan çıxır.
… və qapı çırpılır…
… lampa sönür və…
7. NAT. ÇÖL. SÜBHÇAĞI
Mor dağların arxasından çıxan sübh günəşi… günəş səmanı al – qımızı rəngə boyayıb.
Sübh günəşinin hənirtisindən qızınan çöl buğlanır… xəfif meh əsən çölün qurtaracağı gedib üfiqə dirənir.
Qəfildən gözümüz önündə canlanan SAL DAŞ… indi o uzaqlaşdıqca şöngəmiş dəvəyə oxşayır, (uzaqda – düzəngahın ortasında zorla nəzərə çarpan Yurd Yeri isə, indi yarımçıq natrimortu xatırladır) sal daş göründüyü kimi də qəfildən yox olur.
Meh vurduqca asta – asta yırğalanan dəvətikanı kolu… kol silkələndikcə budaqlarında bərq vuran axşamkı yağışın damcıları qopub düşür.
… və damcı qopur…
… qopub düşür və…
Sıx budaqların arxasında bəlirməz – görünməz bir şey kola doğru hərəkət edir… getdikcə yaxınlaşır, səndələyə – səndələyə irəliləyir,( arabir meh vurduqca, yenə də damcılar qopub – düşür ) artıq aydın görünən axsaq it uzun bir yol qət edərək gəlib kola çatır, onun dibini imsiləyə – imsiləyə vurnuxur, nəhayət, ayağını qaldırıb dızqırda – dızqırda işəyir.
Dızqırtıyla axan şırnağ… şırnağ kolun budaqlarını silkələyir…
8.NAT.YURD SƏHƏR.YERİ.
Qövsvari axan şırnaq… kolun budaqları silkələnir.
Arxasından köynəyi sallanan Balaca Çölçü üzü gündoğana dayanıb işəyir… işəyib qurtarır, ( onun başı üstündən görünən günəş artıq xeyli qalxıb ) aramla qollarını qaldırıb əyilə – düzələ gərnəşir.
Onsuz da gödək olan şalvarını bir az da qaldırır… düz sinəsinə qədər çəkdiyi şalvarını bağlaya – bağlaya daxmaya tərəf cumur, ( dabanını yerə basa bilmədiyi üçün onun qaçmağı çox məzəli görünür ) qaça – qaça daxmanın yanından – balınc dürtülmüş pəncərənin qabağından keçir.
Daxmanın qabağında atla əlləşən Ulu Çölçü, axır ki, yüyəni onun başına keçirir… hıqqana – hıqqana divardan asılmış yəhəri götürüb atın belinə qoyur, ( axur tərəfdən dinşəyən, fınxıran dəvələrin səsi eşidilir ) yalmanına ilişən qapazdan hürkən at kişnəyir.
Balaca Çölçü
Höy-höy!.. Hööyy, çərdəymişlər!..
Cır – cılız səsini başına alıb qışqıran Balaca Çölçü o baş – bu başa qaçaraq dəvələri teyləyir… arabir əyilib, əlinə keçəni axurun qapısında toplaşmış dəvələrin dalınca atır.
Başlarını qovzayıb axurdan çölə daraşan dəvələr… itələşən, dinşəyən, fınxıran dəvələr, nəhayət, axırıncı dəvə də axurdan çıxır.
Axurun küncündə bağlanmış Ağ Dəvə qapıya tərəf dartınır… dartınır, vurnuxur, yavaş – yavaş sakitləşir və tirə sürtünə – sürtünə bozlayır.
Gözlərini qıyıb maddım -maddım baxan Balaca Çölçünün ağzı açıla qalıb… onun çaşqın baxışları axurun əks küncünə yönəlir.
Axurun o biri küncündə zərif ayaqlarının üstündə güclə dayanan KÖŞƏK kövrək addımlarla anasına tərəf gedir… bir neçə addım atıb dayanır, ( fınxıran dəvə səsi eşidilir ) Köşək hürküb dal – dalı çəkilir.
Balaca Çölçü
( daxmaya tərəf qışqırır )
Ulu!.. Ağ Dəvə… köşəyi yaxın buraxmır!..
Ulu Çölçü tələsmədən quşqunu atın quyruğunun altına keçirir… üzəngini yəhərin üstündən aşağı salıb, ağızdolusu tüpürür və donquldana – donquldana daxmaya girir.
Dirəşən dəvəni darta – darta axurun ortasına qədər çəkib – gətirən Balaca Çölçü yorulub – əldən düşür… əyilib əllərini dizlərinə dayayır, nəfəsi kəsilə -kəsilə dəvəni şöngədir.
Balaca Çölçü
Hüt – hüt!.. Hüüt!..
Ağ Dəvə gövşəyə – gövşəyə başını qovzayır… qəfildən boynunu uzadıb tüpürür.
Üzü tüpürçəkli Balaca Çölçü quruyub – qalıb… kəndiri buraxıb üzünün tüpürcəyini təmizləyir.
Daxmadan çıxan Ulu Çölçü qətiyyətlə axura tərəf gəlir… axurun qapısında dayanmış Balaca Çölçünü itələyib – keçir.
Zorla ayaq üstə qalan Balaca Çölçü özünü toparlayıb, bir sıçrayışla tirin üstünə atdanır… ayağını aşırıb oturur.
Onun ayaqları arasından görünən Ulu Çölçü Ağ Dəvənin qarşısında sallağı oturur… əlini cibinə salır.
Cibindən çıxardığı yaşıl rəngli əski parçasını asta – asta yerə qoyan Ulu Çölçü qurcalanıb oturuşunu rahlayır… ovcunun içinə tüpürüb əllərini bir – birinə sürtür.
Gün işığında işım – işım işıldayan ipək parça… qocanın qırışmış, gündən qaralmış əli ehmalca onun hər ucunu bir səmtə açır, ( parçanın içərisində bir tikə çörək və bir topa duz görünür ) qocanın əli bir çimdik duz götürüb çəkilir.
Ulu Çölçü
Ay heyvan, and!.. Ağ Dəvə, and içirəm!.. Bax bu duz, bu da çörək, bu duz – çörəyə and içirəm!.. o köşək sənin balandı!..
Ulu Çölçü duzu çörəyin üstünə səpir… onu üç dəfə öpüb gözlərinin üstə qoyur, dua edirmiş kimi nəsə mırıldanır və duz – çörəyi ağzına salıb çeynəyir.
Başını gah bu, gah da o yana əyib qarşısındakı adama baxan Ağ Dəvə yırğalanır… aramla qalxır, tükürpədici bir səslə nərildəyir və köşəyə tərəf yorğalayır.
Tirin üstündə oturmuş Balaca Çölçü dikəlir… dodağını gəmirir.
Axurun küncündə köşəyi əmizdirən Ağ Dəvə bozlayır… onun gözlərindən yaş süzülür.
… və köşək əmir…
… köşək əmir və…
KADRARXASI ULU
ÇÖLÇÜNÜN SƏSİ
Qoy köşək süddən kəsilsin, onun dalını dağlamasam… gavuram!..
Qocanın arxasınca baxa – baxa gülümsəyən Balaca Çölçü tirin üstdən atdanır… axurun əyriş – üyrüş budaqlardan düzəldilmiş qapısını örtür.
Örtülmüş qapı hələ də silkələnir… budaqların arxasından günəş şüası süzülür, ( uzaqlaşan ayaq səsləri ) qapı artıq tərpənmir.
9. NAT. ÇÖL. GÜNDÜZ
Çöl… mor dağların ətəyindən başlanıb, göz yetməyəcək boşluqda bitib -tükənən çöl.
Çölə səpələnmiş dəvə sürüsü… başını sallayıb otlayan, dayanıb gövşəyən, döyükən, vurnuxan, şöngəyib yatan dəvələr.
Sürünən İLAN… ilan qıvrıla – qıvrıla sürünür.
… və başını qaldırır…
… fısqırıb yenidən sürünür və…
Şöngəmiş CAVAN DƏVƏ hürkür… tabayaq qalxıb götürülür.
Yançağı görünən dəvənin quyruğu yellənir… quyruq şappıltı ilə dəvənin tükü tökülmüş paçasına çırpılır ( uzaqda – çöl boyu qaralan şossedə şütüyən maşınlar ) dəvənin qərtmək bağlamış paçasında oturan milçəklər vızıltıyla uçurlar.
Dəvə ayaqlarının altında qalan, xırçıltıyla sınan kol – kos… dördayaq qaçan Cavan Dəvə gəlib sürüyə çatır, sürünün arasında tüyünərək, dəvəsayağı şıltaqlıq edir: boynunu uzadıb yellədir, ayaqlarını yerə vura – vura fırlanır.
Bir – birinə sürtünən iki dəvə… dəvələrdən biri yaxınlaşan rəqibini qovur, tək qalmış dəvə yırğalana – yırğalana gedir.
Ayaqların hərəkətinə uyğun ləngər vuran donqarlar… donqarlardan biri yana əyilərək saat kəfkiri kimi yellənir.
Başını qavzayıb gövşəyən Başçı Dəvə… aramla çevrilir, gövşəməyini saxlayıb iri gözlərini üzümüzə zilləyir.
10. NAT. ÇÖL. QÜRUBÇAĞI.
Allanıb – qızaran günəş… günəş dəvə donqarını xatırladan sıra dağların arxasında qürub edir.
Lap uzaqda görünən, təkərlərinin taqqıltısı zorla eşidilən qatar… işıqlı pəncərələri bir – birini əvəz edən vaqonlar.
… və qatar şütüyür…
… şütüyür keçir və…
Karvan tutub irəliləyən dəvələr… qürub günəşinin önündən keçən, soldan – sağa yazılan ərəb hərflərini xatırladan dəvələrin qaraltısı da keçib – gedir.
Günəş qürub edir… çöl zülmətə qərq olur.
11. NAT. YURD YERİ. SƏHƏR
Axurun qapısı bağlıdır… əyri – üyrüş budaqların arasından günəş şüası süzülür, ( vedrə qulplarının ritmik cırıltısı və yaxınlaşan addım səsləri eşidilir ) yerə qoyulan vedrələrin içindəki su ləpələnib dağılır və ayaqları görünən adamın balağını isladır.
Addımbaşı bir ayağını qaldırıb, havada balağını yellədə – yellədə axurun qapısına yaxınlaşan adam dayanır… onun güclü qolları, yoğun biləkləri, iri əlləri qapını yüngül bir çöp kimi qaldırıb kənara itələyir, ( bayaqdan bəri sakit, fağır dayanmış dəvələr birdən–birə canlanırlar ) toz basmış, qaytanlı çəkmələr çevrilib gedir.
Daxmadan çıxan Ulu Çölçü əlindəki papağı çırpıb başına qoyur… ağzını ayırıb əsnəyir, ( o qocalıb ) çevrilib qapını örtür, ( beli azacıq bükülüb ) əlini gözünün üstünə qoyub, ( amma qıvraqdı ) axura tərəf baxır, divara dirənmiş çomağını götürüb küncdəki dirəyin yanından keçir, ( at artıq yoxdur ) qoca daxmanın arxasına burulur.
Nohurun bir başından tökülən su axıb o biri başına çırpılır… ikinci vedrədən tökülən su nohuru daha da ləpələndirir, ( əyilib su içən dəvələrin nohur boyu sıralanmış başları görünür ) nohurun suyu aramla azalır.
Şalvarını darta – darta daxmanın dalından çıxan Ulu Çölçü gəlib dirəyə söykənir… dərindən köks ötürüb, çomağı çənəsinin altına alır,( divardan asılmış yəhəri toz basıb ) axura tərəf baxa – baxa qımışır.
KADRARXASI NAMƏLUM
ADAMIN SƏSİ
Höy-höy!.. Hööyy, çərdəymişlər!..
Axurdan çıxıb çölə üz tutan dəvələr… dinşəyən, fınxıran, itələşən dəvələr, nəhayət, sonuncu dəvə də keçib gedir.
Ortasında nohur görünən boş axur… uzun, qalın tirlərlə çəpərlənmiş axur indi çox böyük görünür.
Dəvənin belində iri cüssəli, qədd – qamətli bir adam oturub… uzun, qıvrım saçları enli kürəklrinə dağılıb, ( onun tanış sifət cizgiləri Balaca Çölçünü
xatırladır ) alt dodağını gəmirir, daxmaya tərəf baxan bu adam artıq boya – başa çatmış CAVAN ÇÖLÇÜDÜR.
CAVAN ÇÖLÇÜ
Ulu!.. sal daşın yanına gələrsən!.. Höy -höy!..
Dəvə tərpənir… dördayaq çapan dəvənin belində oturmuş Cavan Çölçü uzaqlaşır.
… və çapıb gedir…
… gedib gözdən itir…
Daxmanın pəncərəsi günəş şüasında bərq vurur… divarın şirə çəkilmiş tini ovulub – tökülüb, daxmanın qabağında – o başda asılmış yəhərin üzəngiləri sallanır.
Ulu Çölçü hələ də dayanıb, qocanın yerdəki kölgəsi də tərpənməz qalıb, kölgənin üstü ilə, dal-dalı, yumrulanmış təzəyi dığırlayan PISPISA birdən dayanır, cəld torpağı eşib gizlənir.
12. FLASH–BACK.
NAT. Çöl. GÜNDÜZ
KADRARXASI BALACA
ÇÖLÇÜNÜN SƏSİ
Ulu… mənim adım var?
Qövsvari uzanan kəndiri arxasında çarpazladığı əlində didişdirən Balaca Çölçü başını aşağı salıb irəliləyir… onun yaşına uyğun olmayan həyəcanı kürəklərində hiss olunur.
Dəvə belində mor dalğalara tərəf baxan Ulu Çölçü ( bu, dəvəyə and içən çölçüdü ) aramla çevrilir… qaşlarını çatıb donquldanır, amma onun nə dediyi eşidilmir.
BALACA ÇÖLÇÜ
Adım?..
ULU ÇÖLÇÜ
Var.
BALACA ÇÖLÇÜ
Nədi?
ULU ÇÖLÇÜ
Çölçü…
BALACA ÇÖLÇÜ
Adım yoxdu?
ULU ÇÖLÇÜ
Var.
BALACA ÇÖLÇÜ
Nədi adım?
ULU ÇÖLÇÜ
Çölçüdü!
BALACA ÇÖLÇÜ
Axı bu?
ULU ÇÖLÇÜ
Bu sənin adındı! ( bağırır )
Sən çölçüsən!
13. NAT. ÇÖL. GÜNDÜZ
Naxışları bozarmış köynəyin qırçınında çapalayan pıspısa… daşın kölgəsində yuxulamış Cavan Çölçü dik atılır, ( yaxasındakı pıspısa düşür ) gözlərini döyə – döyə bir xeyli ətrafa baxır, özünə gəlib bir sıçrayışla yerindən qalxır, ayaqları üstünə çevrilən pıspısa qaçıb daşın altına girir.
Dəvə belində cövlan edən Cavan Çölçü, çölə səpələnmiş sürünü toparlayır… o baş – bu başa çaparaq bağırır.
CAVAN CÖLÇÜ
Hööyy!.. Höy – höy!..
Karvan tutub yorğalaya – yorğalaya gedən dəvələr… getdikcə addımlarını ləngidən sürü, nəhayət, aramla, tənbəl – tənbəl irəliləyir, ( qovzanmış boyunların, yırğalanan donqarların arasından görünən Cavan Çölçü çaparaq uzaqlaşır ) sürünün arxasınca qalxan tozanaq mor dağları görünməz edir.
14. NAT. YURD YERİ. GÜNDÜZ
Yurd Yerinə çatan Cavan Çölçü gedə – gedə dəvənin üstündən atdanır… bir – iki addım atıb dayanır,( arxasında görünən dəvə daxmaya tərəf baxır ) indi hər ikisinin gözündə eyni ifadə var: nə baş verdiyini başa düşmürlər.
Çomağını çənəsinin altına almış Ulu Çölçü hələ də eyni cür dayanıb… divara düşən kölgəsi də qımıldanıb – eləmir, daxmanın torpaq döşənmiş damında saralan otlar yüngülcə titrəşir.
Cavan Çölçü aram – aram yaxınlaşır… qoca ilə üzbəüz dayanır.
Ulu Çölçünün gözləri açıla qalıb… rəngi qaçmış sifətinə qarışqalar daraşıb, ( yaxınlıqda dəvə bozlayır ) başı üstündə milçəklər vızıldaşır.
Cavan Çölçü gözlərini qırpmadan baxır… alt dodağını gəmirir.
Daxmaya tərəf baxan dəvə çevrilib gedir… gedib axura girir.
Daxmanın divarında “ Kölgə “ teatrının personajlarına bənzəyən iki — biri dolu və yekə, o birisi isə cılız və balaca — komik kölgə görünür, onların sonrakı hərəkətləri kölgə oyununu xatırladır… YEKƏ KÖLGƏ əllərini irəli uzadır, köynəyinin qollarını qatlayır, əvvəl bir ayağını qaldırıb – qoyur, sonra o biri ayağını qaldırır, BALACA KÖLGƏNİN çənəsindən uzanan nazik kölgəni vurub -salır, Balaca Kölgə yarı qatlanır, Yekə Kölgə onu qaldırır, çevrilib yerdən nazik kölgəni götürmək istəyir, Balaca Kölgə başını onun gündəyməzinə qoyur, Yekə Kölgə onu bir də qaldırır, qollarının arasına alır, oyuncaq kimi götürür, bir neçə dəfə fırladıb yerə qoyur, ( divarda əyilmiş dirəyin kölgəsi peyda olur ) Yekə Kölgə qəfil çöməlir, Balaca Kölgə onun çiyninə yıxılır, Yekə Kölgə qalxır və gedir, dirəyin kölgəsi üstünə qonan quş oxuyur: “ o-du! “, “ o-du! “.
Bayaqdan axurun qabağına toplaşıb bu oyunu seyr edirmiş kimi dayanan dəvələr… yavaş – yavaş hərəkətə gəlib, dinşəyə –dinşəyə, fınxıra – fınxıra axura girirlər, nəhayət, axırıncı dəvə də qapıdan keçir.
Axurun açıq qalmış qapısının əyriş – üyrüş budaqları arasından görünən çöl yavaş – yavaş qaranlıqlaşır… çölə zülmət çökür.
… və hardasa çaqqallar mırıldaşır…
… çaqqallar ulaşır və…
Səmada ulduzlar sayrışır… təzə doğan ay – aypara halələnib.
Daxmanın pəncərəsinə düşən ayın surəti… içəridə işıq yanır, ayın surəti itir, pəncərənin balaca çərçivəsindən görünən mənzərə impressionist tablonu xatırladır: sandığın üstündə yanan Neft Lampasının şüası hər tərəfi bürüyüb, şüanın arxasından görünən Cavan Çölçü ayaqlarını qucaqlayıb arxası pəncərəyə oturub, çənəsini dizlərinə dayayıb, uzaq ilğım kimi görünən Ulu Çölçü nimdaş yorğan – döşəyində uzanıb.
15. NAT. ÇÖL. SÜBHÇAĞI
Çöl… səhər günəşində al-qırmızı rəngə çalan çöl, xəfif külək əsir: ucsuz –bucaqsız çöl dəniz kimi ləpələnir.
Addım səsləri eşidilir… ayaq altında qalan kol – kos xırçıldayır, özü görünməyən adam irəlilədikcə nəzərə çarpan hər şey – saralmış otlar, yırğalanan kollar; kolların budaqlarına ilişib – yellənən Salafan Torbalar,
topa – topa DƏVƏ YUNU, otların arasında görünən əzilmiş Konserv Qabı, lap uzaqda parıldayan MAŞIN BUFERİ – hər şey, aramla irəliləyən adamın hərəkətinə uyğun yaxınlaşır və gözdən itir.
Kolların arası ilə sürünən KÖLGƏ… qısa saçlı, cazibədar vücudlu Naməlum Qızın kölgəsi əl – qolunu ölçə – ölçə danışır, ( bəzi sözlərin axırıncı saitini uzadaraq, oxuyurmuş kimi tələffüz edən məlahətli qız səsi eşidilir ) kölgənin görünməyən paltarının ətəyi yellənir.
Saralmış otları ayaqlayan taykeş ayaqqabılar – bir tay kişi, bir tay alçaqdaban qadın ayaqqabıları… irigüllü donun ətəyi yellənir, yaraşıqlı ayaqlar arabir dayanır, çevrilir, yenidən yoluna davam edir.
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Adın nədi – i?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Adım…
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Hə – ə?..
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Heç nə…
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Nə – ə?!.
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Bilmirəm…
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Səni – i necə çağırırla – ar?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Çölçü…
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Axı bu – u?..
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Bu mənim adımdı!
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Mənim isə adım Qumrudu – u… Belə bir quş var, görməmisə – ən?.. Doğruda – an?.. Öz adımdan zəhləm gedi – ir!.. Qumru – u! Yox bir, qaşqalda – aq!.. Uşaq vaxtı – ı nənəm mənə “ şanapipik “ deyərdi – i… Şanapipik görmüsən?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Görmüşəm…
KADRARXASI NAMƏLUM
QIZIN SƏSİ
Doğruda – an?.. Gözəl quşdu – u!..
O oxuyanda – a başındakı şanası-ı
açılıb – yığılır…Yelpənək kimi – i…
Şanapipiyin əfsa – anəsini eşitmisən? Yox!..
Sən lap çölçüsən ki – i!.. Yaxşı, mısmırığını
sallama – a, qulaq as danışı – ım…
İrigüllü donun yellənən ətəyi yavaş – yavaş gözdən itir… xəfif külək əsən çöldə bir – birini əvəz edən mənzərələr: sıx – sıx bitən kollar, daşlı – çınqıllı çalalar, alçaq – yastı təpələr, hələ də, Naməlum Qızın getdiyi tərəfə hərəkət edir.
Saralmış otları ayaqlayan kişi başmaqları… nimdaş şalvar, naxışları bozarmış köynək geyinmiş Cavan Çölçü, sıxılsa da, özünü toxtaq tutmağa çalışaraq aramla irəliləyir.
Əllərini arxasında çarpazlayıb… onun barmaqları arasından sallanan kəndirin bir ucu – qısa ucu – saat kəfkiri kimi yellənir, kəndirin qövsvari uzanan o biri ucu isə yırğalanan dəvə boynuna bağlanıb, dəvə gövşəyə – gövşəyə addımlayır, bir tayı sallanan donqarının arasında nimdaş yorğana bükülü nəsə var, dəvənin qısa quyruğu arabir şappıltı ilə tükü tökülmüş paçasına çırpılır, milçəklər vızıldaşır.
Xəfif külək əsən çöldə bir – birini əvəz edən mənzələr: hər şey – pırıltıyla uçan ÇƏYİRTKƏLƏR, haçansa qurumuş gölməçələrin çat-çat olmuş yeri, köhnə –sınıq dəmiryolu arabasının – “ DREZİNA “nın üstündə görünən İLAN QABIĞI – hər şey, yenə də dəvənin getdiyi səmtə hərəkət edir.
Belində yorğana bükülü nəsə görünən əyridonqar dəvə… dəvəni yedəkləmiş, əllərini arxasında çarpazlamış Cavan Çölçü dayanır, aramla çevrilib arxaya baxır.
16. NAT. ŞOSSE. GÜNDÜZ
Şossedə hərbi maşın karvanı hərəkət edir… əks istiqamətdə müxtəlif markalı maşınlar keçir.
Lap yaxından şütüyən maşınlar… gözlərimiz qarşısından ötüb, həmən də yox olan maşınlar.
… və daş aparan “ KAMAZ “…
… qara rəngli “ QAZ-31 “ və…
Artıq bir dəfə – yağışlı gecədə gördüyümüz Yol Nişanı… yol nişanının yanında dayanıb, tez – tez o tərəf – bu tərəfə boylanan Cavan Çölçü, nəhayət, fürsət tapıb yolu keçir, hərəkət edən maşınların arasından görünən yüklü dəvə, şossenin o tayındakı enişdə yavaş – yavaş gözdən itir.
Üstündəki yazıdan Türkiyədən gəldiyi bilinən ağırtonnajlı “ TIR “… açıq pəncərəyə dirsəklənən YAŞLI SÜRÜCÜ sürəti dəyişib, oturacağın arxasına söykənir.
Əks istiqamətdən ağ rəngli “ CİP “ hərəkət edir… maşındakı kompaniya – İKİ OĞLAN və İKİ QIZ xarici musiqinin sədaları altında deyib – gülür, əylənirlər.
Yaşlı Sürücü uzun – uzadı siqnal verir… qəfil rulu döndərir, (əvvəlcə qulaqbatırıcı əyləc, sonra isə toqquşan maşınların səsi eşidilir ) yolun kənarına çıxan “ TIR “ nəyə isə çırpılıb çəpəki durur.
Ətrafda dayanan maşınlar… maşınlardan düşüb hay-küylə köməyə tələsən adamlar.
“ Cip “in arxa qapısı açılır… AĞ KÖYNƏKLİ OĞLAN düşüb qaça-qaça maşının arxaçına burulur, oğlandan sonra düşən CİNS ŞALVARLI QIZ halsız -heysiz “ kalpakı “ çıxmış təkərə söykənib oturur, ( atrıq adamların hay – küyündən qulaq tutulur ) köməyə gələn adamlardan biri güc – bəla ilə əzilmiş qabaq qapını açır, hava şarının sıxdığı SÜRÜCÜ OĞLANI içəridən çıxarmağa çalışır, dizini tutub qışqıran MİNİ YUBKALI QIZIN qolundan yapışan Ağ Köynəkli Oğlan onu o biri qızın yanında otuzdurur.
Alnından qan sızan Yaşlı Sürücü adamların arasında vurnuxur… anlaşılmaz səs – küyün içərisində onun türkcəsi aydın eşidilir.
YAŞLI süRücü
Ulan, sen ne yapdın?!. Apdal erif!.. Nereye getdiyini görmüyormusun?!. Allah – allah, olur gibi diyil! Tanrıya şükür, beladan iyi kurtulduq!..
Bayaqdan sirenası səslənən POLİS MAŞINI gəlib dayanır… maşından düşən YOL POLİSİ İŞÇİLƏRİ qəza yerinə tələsirlər.
… və adamları yara – yara keçirlər…
… qəza yerinə çatırlar və…
“ Cip “ maşınının yanındakı adamlarla nəsə danışırlar… polislərdən biri polis maşınına tərəf cumur.
SəsgücləndiRicidən
eşidilən polisin səsi
Xahiş edirik, hərə öz maşınına yaxınlaşsın!
Xahiş edirik, yolu boşaldın!.. Ə, nə gözünü döyürsən, get maşını xodda də!.. Sür, sür, saxlama! Tez olun, tez olun, sürün!
Yolda dayanmış maşınların sayı artıb… əməlli – başlı tıxac yaranıb, siqnal səsi aləmi bürüyüb.
İşə düşən mühərriklərin səsi… maşınlar yavaş – yavaş hərəkətə gəlib uzaqlaşırlar, “ TƏCİLİ YARDIM “ qəza yerinə çatıb dayanır.
17. NAT. YAŞAYIŞ MƏNTƏQƏSİ. GÜNDÜZ
Quş uçuşundan görünən YAŞAYIŞ MƏNTƏQƏSİNİN plansız və pərakəndə tikilmiş evləri… geniş bir ərazidə səpələnmiş balaca və köhnə, böyük və müasir evlərin əksəriyyətinin damında “ boşqab antenna “lar ağarır, ( hardansa gələn azan səsi bütün Yaşayış Məskəninə yayılır ) əyri – üyrü küçələr labirinti xatırladır, daş hasarlı həyətlərdə AT ARABASI, QOŞQULU TRAKTOR, MİNİK AVTOMOBİLLƏRİ gözə dəyir, evlərin qurtaracağında dəmiryolu xətti uzanır, ehtiyat xətdə sınıq – salxaq VAQONLAR dayanıb, vaqonlardan o yana şumlanmış əkin sahələri görünür.
18. NAT. KÜÇƏ, GÜNDÜZ.
Yaşayış Məskənində küçə… addımbaşı gözə dəyən asfalt “ adacıqlar “ bu kələ – kötür küçədə nə vaxtsa asfalt örtüyü olmasından xəbər verir, küçə boyu daş hasarlar çəkilib, rəngi solmuş dəmir darvazaların qapısı bağlıdır, hündür ağacın kölgəsində müçük ( altına dairəvi qurğuşun bərkidilmiş dairəvi dəri ) çiləyən UŞAQLAR mübahisə edirlər, küçə “ MİNİ SUPER MARKET “ yazılmış, qabağında güllü xalatlar asılmış, plasmas məişət əşyaları yığılmış mağazaya çatıb burulur.Mağazadan çıxan KƏLAĞAYLI QADIN gedə – gedə çevrilib, kimi isə çağırır… qapıda görünən, güllü xalat geymiş KÖK QADIN əlindəki plasmas ləyəni içəridən çıxan HİCABLI QIZA verərək, əl – qolunu ölçə – ölçə düdüləyib danışır, Hicablı Qız minnətdarlığını bildirir və Kəlağaylı Qadının dalınca qaçır. Tindən burulan köhnə “ Jiquli “ cüyüldəyib dayanır… pəncərədən görünən İdman Geyimli Oğlan hırıldayır, ( bu, şossenin qırağında dayanan həmin maşındı ) qəfil siqnal səsi eşidilir.
Siqnal səsi:
– Ələsgər?!
– Ə, nə var ey, Ələsgər, Ələsgər!..
Əlindəki tozyığanla xalatların tozunu alan Kök Qadın diksinir… deyinə -deyinə əlini qaldırıb, sürücü ilə salamlaşır. Maşının içərisində şaqqanaq çəkən İdman Geyimli Oğlan birdən ciddiləşir… yerindən götürülən “ Jiquli “nin təkərləri altından qalxan xırda daşlar plasmas qablara çırpılır, Kök Qadın əl-qolunu ölçə-ölçə maşının dalınca qarğış yağdırır. “ Jiquli “ yolun kənarı ilə gedən Kəlağaylı Qadının və Hicablı Qızın yanından ötüb-keçir… yüklü dəvəni yedəkləmiş Cavan Çölçüyə çatar – çatmaz yenə də siqnal verir, toz – tozanaq qaldıraraq gözdən itir. Yüklü dəvə boynunu sallayıb, tənbəl – tənbəl irəliləyir… Cavan Çölçü yanından keçən maşina məhəl qoymadan, başını aşağı salıb addımlayır.
KADRARXASI HİCABLI
QIZIN SƏSİ
Bismillah, bu kimdi belə?!. Elə bil, ibtidai adamdı!..
KADRARXASI KƏLAĞAYLI
QADININ SƏSİ
Aaz ey!.. Başını sal aşağı, qələtini elə! Namaz qılan adamsan, görmürsən, naməhrəmdi?!.
Kəlağaylı Qadın alnına dağılan saçını örpəyinin altına yığır… Hicablı Qızın qolundan dartıb tələsdirir, ( yolun o tərəfində görünən Cavan Çölçü keçib gedir ) mısmırığını sallamış qız yüklü dəvə ilə bərabərləşir, birdən əlini qaldırıb burnunu tutur.
HİCABLI QIZ
Püff, boğuldum!.. Bu nə iydi belə?!.
KƏLAĞAYLI QADIN
Aaz, vəhşi çölçüdü də!.. Nə hamam tanıyır, nə çimmək bilir… fuu, meyid iyi verir… kafir!
Cavan Çölçü mağazaya çatıb dönür… yüklü dəvə də yırğalana-yırğalana küçəni burulur.
Ağacın kölgəsində müçük çiləyən Uşaqların hay – həşiri küçəni başına götürüb… əlində plasmas vedrə mağazadan çıxan Kök Qadın hələ də deyinir, deyinə – deyinə də mağazanın qabağına su çiləyir.
19. NAT. MƏSCİDİN HƏYƏTİ. GÜNDÜZ.
İkilaylı taxta darvazanın üstündə quraşdırılmış “ reproduktor “dan azan sədası yüksəlir… darvazanın balaca – yuxarısı qövsvari qapısı açıqdır, ƏSALI QOCA və AHIL KİŞİ qapının hündür astanasını adlayıb, MƏSCİDİN HƏYƏTİNƏ girirlər.
Başına “ əsgər panaması “ qoymuş bənna – USTA dəmir çəlləklərin arasına uzadılmış taxtanın üstü ilə addımlayır… əyilib, HÜNDÜRBOY FƏHLƏnin qaldırdığı daşı alır, aparıb ayaqaltının o başında düzülmüş daşların yanına qoyur.
Hündürboy Fəhlə gəlib palçıq tutan ARIQ FƏHLƏNİN yaxınlığında qalaqlanmış daşlardan birini götürür… Arıq Fəhlə hıqqana – hıqqana palçıq qarışdırır.
… və bel palçığa batır…
… bel palçığı qatır və…
KADRARXASI ƏSALI
KİŞİNİN SƏSİ
İşiniz avand olsun!
KADRARXASI AHIL
KİŞİNİN SƏSİ
Allah qolunuza qüvvət versin!
Palçıq qarışdıran Arıq Fəhlə əl saxlayır… gülümsəyib nə isə demək istəyir, amma sözü ağzında qalır.
Əlindəki daşı taxtanın üstünə qoyan Usta dikəlir… alnının tərini silir.
USTA
Sağ olun! Allah namazınızı qəbul eləsin!..
( Arıq Fəhləyə ) A gədə, nooldu palçıq?!. Bir azdan bayır axşam olacaq!
Nəsə danışa – danışa həyətin o başındakı balaca tikiliyə – KÖHNƏ MƏSCİDƏ tərəf gedən kişilər… Ahıl Kişi qocanın qolundan tutub saxlayır, iş gedən səmti göstərib, həvəslə, ağızdolusu danışır, ( onların uzaqdan eşidilən danışıqları hərəkətlərindən daha aydın oxunur ) qoca əlini yuxarı qaldırır, başını qovzayır, əsanı Köhnə Məscidə tərəf uzadıb, astaca həmsöhbətinin kürəyinə vurub gedir.
Ahıl kişi
Məşədi, halal olsun bu işçilərə! Belə getsə, inşaallah, payıza hörgü qurtarar!
Əsalı Qoca
Allah kərimdi!.. Əsas odu ki, camaat təzə axunda inanır. Gedək! Nə bilmək olar, bəlkə mənə də təzə məsciddə ibadət qismət oldu.
Məscidin qapısına çatan Ahıl Kişi tələm – tələsik ayaqqabılarını çıxardır… onları ayağı ilə bir kənara itələyir, ayaqqabısını çıxaran qocanın qolundan tutub kömək eləyir, onu qabağa buraxıb, özü də içəri keçir.
Cavan Çölçünün heç nə ifadə etməyən sifəti… tərki – dünya baxışları harasa zillənib, (azan səsi kəsilir, indi lap yaxınlıqda iki nəfərin danışığı eşidilir) o, arxasında görünən çadırın küncündə – yastı daşın üstündə oturub.
KADRARXASI XIRILTILI
KİŞİ SƏSİ
Örtüyü gətir!.. Ə, nə durmusan Mıxməmməd kimi?!. Sal üstünə! İndi o… şeyi gətir!..
KADRARXASI KƏKƏLƏYƏN
YENİYETMƏ SƏSİ
N – nəyi?
KADRARXASI XIRILTILI
KİŞİ SƏSİ
O… andırı!..
KADRARXASI Kəkələyən
YENİYETMƏ SƏSİ
T – t – tiyəni?
KADRARXASI XIRILTILI
KİŞİ SƏSİ
Hə!.. Qırx ildi meyid yuyuram, amma bu zibilin adı yadımda qalmır ki, qalmır!.. Qoy qarnının üstə! Yapış ayaqlarından! Qaldır! Ayaqlar Qibləyə tərəf olmalıdı. Ə, ölmüsən, qaldır da! Gözünü sığa! Çənəsini bağla!
Aramla qalxan Cavan Çölçü darvazaya tərəf gedir… qəfil dayanır, (darvazanın o tayında dəvə bozlayır) nəsə fikirləşib qayıdır, qapı əvəzi asılmış həsiri aralayıb baxır.
20. İnt. Mürdəşirxana. Gündüz.
Altında ocaq qalanmış iri, hisli qazana tökülən su… qazanın altında çırtıldayan odunlar tüstülənir, (həsirin arasından görünən MÜRDƏŞİRXANA tüstü–duman içindədir) əlini qazana salan YENİYETMƏ MÜRDƏŞİR suyun isti -soyuqluğunu yoxlayır, vedrəni qazanın içinə salıb doldurur.
Həsirin arasından baxan Cavan Çölçü gözlərini qıyıb… alt dodağını gəmirir…
Mürdəşirxananın ortasındakı taxtın üstündə uzadılmış Ulu Çblçünün cənazəsi… tüstü – duman çəkildikcə yarıörtülü cənazə daha da aydın görünür.
Dizini taxtın üstünə qoyan YAŞLI MÜRDƏŞİR Yeniyetmə Mürdəşirin baş tərəfindən qaldırdığı cəsədi sinəsinə söykəyib, qarnını ovur… cəsədin başı onun arıq çiynində tərpənir.
Cavan Çölçü həsirin arasından baxır… gözləri heyrətdən bərəlib.
Yeniyetmə Mürdəşir ikiəlli yapışdığı meyidin başını ehmalca taxtın üstünə qoyur… köynəyinin ətəyini qaldırıb, burnunu silir.
… və dodaqları səyriyir…
… tər – su içindədi və…
Yaşlı Mürdəşir əlindəki verdəni taxtın üstünə əndərir… dərindən köks ötürüb cənazənin ayaq ucunda oturur.
YAŞLI MÜRDƏŞİR
Eh, Allah kəssin belə işi!.. İydən adamın bağrı çatlıyır! Şəhərdə mürdəşirxananın yanından keçəndə məst olursan… sidr qoxusu adamı hayıl – mayıl eləyir!.. Orda ölünü bizim kimi paltar sabunu ilə yumurlar, “ hatmi “ ilə yuyurlar!..
YENİYETMƏ MÜRDƏŞİR
“ H – h- hatmi “ nədi?
YAŞLI MÜRDƏŞİR
Canına azardı, nə bilim?!. Dəsmalı gətir!
21. NAT. məscidin həyəti. Gündüz.
Enli kürəkləri görünən Cavan Çölçü həsirin arasından içəri baxır.
Həsiri tutan əli tir – tir titrəyir.
Nəhayət, həsiri örtüb çevrilir və işçilərə tərəf baxır.
… və vedrəyə dolan palçıq…
… vedrəyə palçıq dolur və…
Palçığa sancılan belin sapını çənəsi altına alan Arıq Fəhlə bərk – bərk tövşəyir.
Hündürboy Fəhlə başına çəkdiyi su qabını ona tərəf atır, vedrəni götürür, aparıb Ustaya verir, Usta onu hörgünün üstünə qaldırır.
KadRaRxası xıRıltılı
kişi səsi
Kəfəni gətir! Kafur hanı?!.
KADRARXASI Kəkələyən
yeniyetmə SƏSİ
M-m-məndə.
KADRARXASI XıRıltılı
kişi SƏSİ
Hə – ə, yavaş – yavaş adam olursan. Başa,
saqqala kafur qoyurlar! Alına da… buruna
da… əllərə, dizlərə də… ayaqlara da kafur
qoyulur. Bilirsən niyə?
KADRARXASI KƏKƏLƏYƏN
YENİYETMƏ SƏSİ
Y – y – yox!
KADRARXASI XIRILTILI
KİŞİ SƏSİ
Hardan biləsən, a yetim?!. Deyirəm, yadında qalsın! İnsanın bu əzaları onun səcdə yeridi!.. Yaxşı, gətir o cındır – pasax yorğanı… yu – təmizlə, sonra da bük bu zibilə… heyf, bizim zəhmətimizdən!
Başında “ qaragül “ papaq, çal saqqallı, hamı kimi sadə geyimli, yaraşıqlı Cavan Axund Köhnə Məscidin qapısında görünür.
Darvazaya tərəf gedən camaata səslənir.
Becid addımlarla mürdəşirxanaya yaxınlaşır… Cavan Çölçü ilə salamlaşıb, həsiri aralayır.
CAVAN AXUND
Ay camaat, dağılışmayın! Ölən var, Allah rizasına, cənazə namazına qalın!
Mürdəşirxananın yanında qalaqlanmış köhnə – külüş…
Dəmir – dümür, taxta – tuxta, taxtaların arasındakı balaca lövhənin bir hissəsi görünür: üstündəki yazılar axıra kimi oxunmur.
Lövhədə yazı:
Yuyulma qiymət…
- Su pulu –
- Sabun…
CAVAN AXUND
( Cavan Çölçüyə )
Allah rəhmət eləsin!.. ( camaata )
Yaxınlaşın, ay camaat, iş xətmdi.
Dal -dalı həsiri itələyən Yaşlı Mürdəşirin yançağı görünür… o, ikiqat əyilib, əlində bükülü yorğan içəridən çıxır, Yeniyetmə Mürdəşir də eynilə, amma bir az da əziyyətlə, yorğanın o biri ucundan tutaraq çıxır, onlar birtəhər cənazəni gətirib, darvazanın kölgəsində yığılmış adamların qabağına uzadırlar.
Cavan Axund keçib, toplaşanların önündə dayanır… hamının müntəzir olduğunu görub, namaza başlayır: səssiz qılınan “ Cənazə Namazı “na duranlar onun hərəkətlərini təkrarlayırlar, Cavan Axund əllərini çiyinləri səviyyəsinə qaldırıb, “ təbkir “ edir.
Cavan Çölçü hələ də çadırın yanında dayanıb… birdən qaşlarını çatır, təşviş içərisində gözlərini döyür.
Dodaqaltı “ Fatihə ” surəsi oxuyan Cavan Axund gözləri ilə Cavan Çölçüyə tərəf nəsə işarə edir… eyni işarəni əli ilə də göstərir: onu meyidin yanına dəvət edir və ucadan dua oxuyur.
Cavan Axund
Allahumməğ – fir ləhu vər – həmhu və afihi vafu anhu, və əkrim nuzuləhu və vassi mudxaləhu, vəğ – filhu biməin və səlcin və bəradin, və nəqqihi minə – l – hataya kəmə yunəqqa – s – səubu – l – əbyadu minə –
d – dənəsi…
( Allahım, onu bağışla, ona rəhm et, onu günahlardan uzaqlaşdır, onun günahlarından keç, yeni məskunlaşdığı yerini onun üçün sərfəli et, daxil olduğu qəbrini genişlət, onu su, qar və dolu ilə yu, onu günahlardan ağ paltarı kirdən təmizləyən kimi təmizlə… )
Cavan Çölçü təəccüblə dua edən adamlara baxır… bir xeyli eşələnib, cibindən çıxardığı pulu yastı daşın üstünə qoyur.
Cavan Axund gözlərini ağardır… yenə də işarə ilə ona pulu götürməsini bildirir.
Cavan Çölçü aramla irəliləyir… adamların yanından keçir, darvazadan çıxır, indi namaza duranlardan biri çevrilib, təəccüblə onun arxasınca baxır.
Birdən – birə qıvraqlaşan Arıq Fəhlə əlindəki beli kənara atıb, vedrəni götürən Hündürboy Fəhlənin qolundan yapışır.
ARıq fəhlə
( astadan )
Gördün?!. O gicbəsər ora pul qoydu! Gəl, Ustaya deyək, Axunddan bir az pul alsın! Könlümə yaman vurmaq düşüb, axşam yaxşıca yeyib – içək! Nə deyirsən?!.
Cavan axund
… və ədülhu dəram xayran min dərihi və əhlən xayran min əhlihi və zəucən xayran min zəucihi, və ədxilhu – l – cənnətə və əizhu min azəbi – l – qabri, və azəbi –
n -nər!
( Onun evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver, onu Cənnətə daxil et, ona qəbr əzabından, cəhənnəm odunun əzabından sığınacaq ver! )
Cavan Axundun son kəlmələri əks – səda kimi səslənir… darvazanın üstündəki “ reproduktor “ susur.
… və səma aydındı…
… səma təmizdi və…
22. NAT. YAŞAYIŞ MƏSKƏNİ. GÜNDÜZ.
Səma aydın və təmizdir.
Yaşayış məskəninin alçaq, yöndəmsiz evləri… (Cavan Axundun avazı hələ də əks-səda kimi səslənir )
Zibil topasında eşələnən axsaq it başını qaldırır.
Yıxılmaqda olan cənazəni düzəldən Cavan Çölçü yoluna davam edir.
KADRARXASI CAVAN
AXUNDUN SƏSİ
… Allahummə mən əhyəytəhu minnə fə əhyihi alə – l – isləmi, və mən təvaffəytəhu minnə təxvaffəhu alə – l – iymən!
( … Allahm, bizlərdən yaşatdığını müsəlman kimi yaşat, öldürdüyünü də imana gətirib öldür! )
23. NAT. ŞOSSE. GÜNDÜZ.
Əllərini başının altına qoymuş UŞAQ ot tayasının üstündə uzanıb… başına yaylıq bağlamış YAŞLI KİŞİ ot yüklənmiş arabanı dartan eşşəyə çubuq çəkir, arabanı örtüb – keçən maşınlardan bəzisi siqnal verir.
Şosseyə birləşən torpaq yol… torpaq yolda çəpəki dayanmış tanış
“ Jiquli “, ( uzaqdan xarici musiqinin sədası eşidilir ) maşındakı adamlar – İdman Geyimli Oğlan və Qısa Saçlı Qız zorla sezilir: onlar çılğınlıqla mübahisə edirlər.
… və dalğa itir…
… yenidən düzəlir və…
CAVAN ÇÖLÇÜ üzünə qonan ağcaqanadı öldürür… qarşısına çıxan zibil
“ təpəciyini “ dolanır, ( musiqinin səsi güclənir ) başını aşağı salıb yaxınlıqda görünən maşını ötüb – keçir.
“ Jiquli “nin qabaq qapısı açılir… Qısa Saçlı Qız düşüb, qapını çırpır, alt dodağını əyib, gözünün üstə düşən telini üfürür, bu yerlər üçün o qədər də uzun olmayan donunun ətəyini çəkir, onun yaraşıqlı, ağappaq budları görünür, ayağını dizdən büküb, ayaqqabısının bir tayını çıxardır, onu aramla, təmkinlə əlində fırladır, ( biz bu alçaqdaban ayaqqabını çöldəki Naməlum Qızın ayağında görmüşdük ) gözlənilmədən, var gücü ilə maşının üstünə, yanına, qabağına zərbələr endirir, yorulub əldən düşür, səndələyə – səndələyə kənara çəkilir.
Hirsindən çatlayan, göz yaşlarını boğmağa çalışan Qısa Saçlı Qız ayaqqabısının daban bağını çeynəyir… onun arxasında – ön şüşədən görünən İdman Geyimli Oğlan əllərini musiqinin taktına uyğun rula döyəcləyir, siqnal verir.
Siqnal səsi:
– Ələsgər?!
– Ə, nə var ey, Ələsgər, Ələsgər!..
Hövlnak maşından düşür… qapıya söykənir, ağzında oynatdığı çöpü tüpürür.
İDMAN GEYİMLİ OĞLAN
Hirsin soyudu?.. Di gəl, gedək!
QISA SAÇLI QIZ
Cəhənnəm ol!
İDMAN GEYİMLİ OĞLAN
Axı, hara gedəcəksən, ay?!. Kimdi sənə yaxın duran?! Hamı, hər şeyi bilir!.. Kişinin qızı ər istəyir!.. yaxşı, hardan tapacaqsan o axmağı?.. Hardadı o biqeyrət?!.
QISA SAÇLI QIZ
Burda!
İDMAN GEYİMLİ OĞLAN
Aaz ey, ağzını dağıtma, qancıq!.. Gəl otur maşına, səni dincəltməyin yolunu bilən bir kişi var…
QISA SAÇLI QIZ
Ağzını yaxala!.. Oğraş!!!
Göz yaşları içində xırıldayan Qısa Saçlı Qız dəlicəsinə bağırır… əlindəki ayaqqabı tayını maşina tərəf tolazlayır.
Havada fırlanan ayaqqabı tayı… ayaqqabı tayı şappıltı ilə şüşəyə çırpılır, şüşə xıncım – xıncım olur.
Qapıya söykənmiş İdman Geyimli Oğlan diskinir… zərblə çırpılan qapı maşını sirkələyir.
İDMAN GEYİMLİ OĞLAN
Sənin lap!.. Hara?!. Dayan, qancıq!..
Bir tay ayaqqabıda, atdana – atdana qaçan qızın ayaqları… kənardan bu qaçış çox naqolay görünür.
KADRARXASI İDMAN
GEYİMLİ OĞLANIN SƏSİ
Sənin əcəlin çatıb!.. Dayan!.. Dayan deyirəm, qancıq!.. Öldürəcəm səni, tikə -tikə doğrayacam!.. Dayan!..
Ağlını itirmiş İdman Geyimli Oğlan qızın arxasınca qaçır… yerdən tapdığı armatur parçasını havaya qaldırıb ağzı köpüklənə – köpüklənə, söyüş söyə – söyə qaçır.
Arabir çevrilib arxaya baxan Qısa Saçlı Qız qaranəfəs qaçır… nəyə isə ilişib yıxılır, tələm – tələsik ayaqqabısının o biri tayını da çıxardır, bir təhər qalxır.
… və qorxudan əsir…
… gözləri bərəlib və…
Əlində bir tay ayaqqabı götürülür… axsaya – axsaya yüklü dəvənin yanından qaçıb – keçir.
Qarşısına çıxan çalanın üstündən atdanan İdman Geyimli Oğlan qəfil dayanır… müvazinətini güc – bəla ilə saxlayıb, ayaq üstə qalır, onun gözlərində cin – şəyatin görmüş adamın qorxusu sezilir.
Qorxan oğlanın nəzərləri ilə baxanda daha da azman görünən Cavan Çölçü dinməz – söyləməz dayanıb… onun təmkinli, biganə baxışları qarşısındakı adama zillinib, ( yekəpər çiyinləri arxasında şosseyə qalxan yoxuş görünür: Qısa Saçlı Qız ayağını darta–darta yoxuşu qalxıb gözdən itir ) Cavan Çölçü hələ də gözlərini qırpmadan baxır.
Onun baxışlarına tab gətirməyən İdman Geyimli Oğlan naəlac çevrilib gedir… əlindəki armatur parçasını qəzəblə yerə çırpıb, addımlarını yeyinlədir.
Yoxuşun başında dayanan yüklü dəvə… tez – tez o tərəf – bu tərəfə baxan Cavan Çölçü, nəhayət, fürsət tapıb yolu keçir, yüklü dəvə onun arxasınca gedir.
Şosse ilə şüşə daşıyan “ Qazel “ markalı maşın hərəkət edir… maşının yük yerindəki şüşəyə düşən günəşin gözqamaşdırıcı şüuası bir andaca hər şeyi görünməz edir.
24. YUXU.
Nat. Mürdəşirxana. GÜNDÜZ
Gözqamaşdırıcı şüa fırfıra kimi fırlanır… burulub sivrilmiş dibinə doğru çəkilir, çəkilib bir nöqtədə itir.Qaranlıqda görünməyən bir quş uçur… “ o-du! “,
“ o-du! “ deyərək oxuyan quş səsi eşidilir.
Taxtın üstündə uzadılmış Ulu Çölçü gözlərini açır… qəfil sıçrayışla qalxır, içini çəkə – çəkə, boğulurmuş kimi tez – tez, dərindən nəfəs alır, xırıldaya -xırıldaya tövşəyir, ( bu dəvəyə and içən çölçüdü ) o, tər-su içindədi.
ULU ÇÖLÇÜ
Qızdıra bildin?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Hə.
ULU ÇÖLÇÜ
İstidi?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Hə.
ULU ÇÖLÇÜ
Əskiyə bükmüsən?
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Hə.
ULU ÇÖLÇÜ
Gətir! Qoy kürəyimin altına!
Soyuqdəyməninki isti daşdı! Oxay!..
Balaca Çölçü həsirin arasından baxır… gözləri heyrətdən bərəlib.
Ulu Çölçünün yarıörtülü cənazəsi tüstü – duman içində zorla sezilir… Yeniyetmə Mürdəşir köynəyinin ətəyi ilə burnunu silir, Yaşlı Mürdəşir köks ötürüb, cənazənin ayaq ucunda oturur.
YAŞLI MÜRDƏŞİR
İndiki dirilər ölüdən pisdilər!..
YENİYETMƏ MÜRDƏŞİR
N – niyə?
YAŞLI MÜRDƏŞİR
Bax bu bədbəxt bilir ki, ölüb!.. Amma onlar ölməklərindən bixəbərdilər!.. Pul!.. Pul gözlərini örtüb!..
YENİYETMƏ MÜRDƏŞİR
M – m – mənə pul l – lazım d – deyil!..
M – mən m – m – mürdəşir olacam… amma, ö – ölüdən q – q – qorxuram!
YAŞLI MÜRDƏŞİR
Mən də qorxuram!.. Amma ölümdən qorxmuram!..
Balaca Çölçü həsirin arasından baxır… Yaşlı Mürdəşirin çiynində tərpənən baş gözlərini açır, bic – bic qımışır.
ULU ÇÖLÇÜ
Oxayy!.. Heyvan kimi yaşadım, amma adam kimi ölürəm!.. Çimmək nə yaxşı şeymiş!.. Yavaş, a zalım!.. Qarnımı deşərsən, ehtiyyatlı ol!.. Al bunu, kəfən puludu! ( əlindəki pul qalağını həsirə tərəf atır ) Məni çöldə basdırırsan! Dəvə yolunda!.. ( uşaq kimi zırıldayır )
Ba – ğış -la məni, Ağ Dəvə!..
Həsirin arasından içəri uzanan dəvə boynu… dəvənin başı getdikcə böyüyür, nəhəng ağzı açılır, tükürpədici bir səslə nərildəyir.
25. İNT. DAXMA. GECƏ
Daxmanın küncündə yerdən sərilmiş nimdaş yorban – döşəkdə bürüşüb -bürələnib yatan Cavan Çölçü hövlnak qalxır… gözlərini döyə – döyə bayırdan gələn səslərə qulaq kəsilir, ( dəvələr narahatdı, əcayıb mırıltı səsi eşidilir ) daxmanın pəncərəsindən bədirlənmiş ay görünür, ulduzlar sayrışır.
Cavan Çölçünün turşumuş sifətindən zəhrimar yağır… dizlərini büküb, tumanının balağını qatlayır, (onun hər bir hərəkəti bizə Ulu Çölçünü xatırladır) donquldana – donquldana əlini köynəyinin dar yaxasından salıb, tələm – tələsik qoltuğunun altını qaşıyır, başındakı əskini balıncın altına dürtür, yayxanıb kətilin altındakı “ dəmiryolçu fənəri “ni götürür, hıqqına – hıqqına qalxır.
… və ağzını ayırıb əsnəyir…
… qollarını qaldırıb gərnəşir və…
Divardan asılmış tüfəngi doldurur… asta – asta daxmadan çıxır.
26. NAT. YURD YERİ. GECƏ
Daxmadan çıxan Cavan Çölçü fənəri tindəki dirəyin üstünə qoyur… yandırıb axura tərəf tuşlayır.
Axur işıqlanır… hürkmüş dəvələr bir – birinə sürtünə – sürtünə vurnuxurlar.
Təəccüblə baxan Cavan Çölçü çaşqınlıq içərisindədi… birdən duruxur, ( çöl tərəfdən mırıltı səsi eşidilir ) tabayaq fənəri çölə tuşlayır.
Çöl işıqlanır… çöldə – fənər işığının seyrəldiyi məsafədə İKİ ÇAQQAL görünür… çaqqallar mırıldaya – mırıldaya uzunsov, alçaq təpəciyi eşirlər.
Cavan Çölçü irəli atılır… silahı qaldırıb, atəş açır.
Güllə təpəciyin yanında yerə sancılır… çaqqallar hürküb qaçır, ( yenə atəş açılır ) çaqqallar mırıldaşa – mırıldaşa çölün qaranlığında itib – batırlar.
Daxmaya tərəf qayıdan Cavan Çölçü ağızdolusu tüpürür… fənəri götürüb söndürür, qapıya çatıb dayanır, fənəri yenidən yandırıb axura tuşlayır, hövsələdən çıxıb qapıya bir təpik ilişdirir.
Ay işığında görünən axur… dəvələr hələ də narahatdılar, Başçı Dəvə nərildəyir.
Cavan Çölçü hövlnak daxmadan çıxır… fənəri tələm – tələsik dirəyin üstünə qoyub axura tuşlayır, iri addımlarla axura tərəf gedir, qəfil dayanır.
Axurun küncündə dayanmış Başçı Dəvə boynunu qovzayır… onun ayaqları arasından görünən NAMƏLUM QARALTI qurcalanır.
Cavan Çölçünün gözləri qıyılır… silahı aramla qaldırır, çiyninə dayayır.
Naməlum Qaraltı hərəkətə gəlir… ləngər vura – vura işığa doğru irəliləyir.
Cavan Çölçü alt dodağını gəmirir… gözləri qırpınır, asta – asta qundağı çiynindən götürür, tüfəngi aşağı salır.
Fənər işığında dayanmış Qısa Saçlı Qız… o, əlindəki bir tay ayaqqabının daban bağını əlləşdirir, üst – başı toz – torpaq içindədi, dağılmış saçlarında ot -ələf sallanır, qorxu – hürkü dolu gözləri nəmlidi, dodağına qonan ani təbəssüm, həmən də yox olur.
Qəfil çevrilən Cavan Çölçü fənərə tərəf cumur… onu gedə – gedə qamarlayıb, daxmaya təpilir və arxasınca qapını çırpır.
27. İNT. DAXMA. GECƏ
Qapı ağzında quruyub-qalmış Cavan Çölçünün dodaqları tərpənir… o, öz -özünə nə isə danışır, amma səsi çıxmır, “ danışıb həll etdiyi “ məsələni başı ilə
“ təsdiqləyir “, məmnun qaldığı “ qərarını “, əlinin arxası ilə burnunu silərək
“ imzalayır “, qətiyyətlə sandığa yaxınlaşır, (qapıya nəsə çırpılır) təntidiyindən asmaq üçün qpldırdığı tüfəngi əlindən salır, sandığın üstündəki lampanın şüşəsi çilik – çilik olur.
28. NAT. YURD YERİ. GECƏ
Qapı az qala yerindən qopacaq… Cavan Çölçü fısıldaya – fısıldaya bayıra atılır, yerdəki ayaqqabı tayını vurub – tolazlayır, dişlərini qıcıyıb qızın üstünə cumur, getdikcə addımları ləngiyir, nəhayət, dayanır.
Dəhşət içərisində dal – dalı çəkilən Qısa Saçlı Qızın qaçmağa yer gəzən gözləri dörd olub… getdikcə onun da addımları ləngiyir, nəhayət, dayanır.
… və sinəsi qalxıb – enir…
… döşləri qabarıb – çəkilir və…
Qısa donunun cırılmış ətəyi yellənir… dizindəki toz – torpağa bulaşmış yarasından qan damır.
Cavan Çölçü gözlərini qaldırır… onun təmkinli, biganə baxışları uzaqlara zillənir.
Mor dağların arxası allanır… dan yeri sökülür.
Əlacı kəsilən, ümidi üzülən Qısa Saçlı Qız başını aşağı salır.
İçin – için hıçqırır, ( onun zərif çiyinləri arxasında dan yeri sökülür ) o, aramla çevrilib gedir.
Havada uçan əski parçası onun kürəyinə çırpılıb yerə düşür.
Yerdə görünən əski – bu, Ulu Çölçünün başına çəkdiyi yaylıqdır.
29. NAT. YURD YERİ. GÜNDÜZ
Gün günortaya əyilib… səmada təkəm – seyrək bulud görünür.
Xəfif külək daxmanın damındakı otları titrədir… şığıyıb daxmanın küncünə qonan ŞANAPİPİK oxuyur, oxuduqca şanası açılıb – yığılır.
Axurdakı dəvələr narahatdı… bir dəstə dəvə qapının ağzında vurnuxur, Başçı Dəvə tüklü sinəsini tirə söykəyib təmkinlə gövşəyir, çənəsinə dinclik vermək üçün ağzını ayırır.
Ağzını ayıran Cavan Çölçü sinədolusu əsnəyir… qollarını qaldırıb, əyilə -bükülə gərnəşir, yumruğunu sinəsinə vurur, bir ayağını dizdən büküb paçasına sıxa – sıxa o biri ayağının üstə yüngülcə tullanır, təntiyə – təntiyə daxmanın tinini burulur.
Tindəki dirəklə daxmanın arasında gözə dəyən bir tay qadın ayaqqabısı… çəkməli kişi ayağı ayaqqabını basdalayıb burxulur.
Büdrəyən Cavan Çölçü özünü tarazlayıb daxmanın divarına söykənir… o yenə də öz – özünə nəsə danışır, amma bu dəfə “ nitqi kəsilir “, ağzı ayrıla qalır.
… və gözlərini döyür…
… gözlərini qıyır və…
Nəhayət, yavaş – yavaş toxtayır… daxmanın tinindən boylanır.
Qısa Saçlı Qız şirəsi tökülmüş divarın dibinə qısılıb yatıb… bir əlini dirsəkdən bükərək başının altına qoyub, xəfif külək alnına düşmüş telini oynadır, gözəl sifətində əzab qarışıq bir məsumluq donub, nəfəs aldıqca açıq yaxasından görünən ağ sinəsi qalxıb – enir, balaca, yumru döşləri qabarıb -çəkilir, dirsəkdən bükülü o biri əli ayaqlarının arasına doğru sallanıb, incə belinə yığılmış donu çox yuxarı çəkilib, yerdə çarpaz sərələnmiş ayaqları, ( onlardan birinin dizi baş yaylığı ilə sarınıb ) ağappaq, dürüst ayaqları cazibədar və şəhvətli görünür.
Daxmanın tininə qısılmış ayağın balağı islanır… balaqdan süzülən sidik tozlu çəkmənin üstündə xətt salıb axır, tozlu ayaqqabılar bir göz qırpımında yox olurlar, nəm torpaq buğlanır.
Havada yellənən çomaq… çomaqla axurdan qovduğu dəvələri vuran Cavan Çölçü havalanmış kimi bağırır.
CAVAN ÇÖLÇÜ
Hööyy!.. Höy – höy – höy!..
Ağac zərbəsindən böyürən dəvələr qapıdan çıxırlar… nəhayət, axırıncı dəvə də çıxır.
Çölə tərəf teyinən dəvələr üzünsov, alçaq təpəciyi ayaqlaya – ayaqlaya keçirlər… nəhayət, sonuncu dəvə də keçir.
Təpəciyə çatan Cavan Çölçü dayanır… çomağı çənəsinin altına alır.
Təpəcik tapdalanıb, dağılıb… ayaqucu eşələnib – qazılıb.
KADRARXASI ULU
ÇÖLÇÜNÜN SƏSİ
Məni çöldə basdır! Dəvə yolunda! Qəbr gərək itsin! Qəbr itən yer yurd olar.
Cavan Çölçü daxmaya tərəf baxır… alt dodağını gəmirir.
Uzaqdan görünən Qısa Saçlı Qız qurcalanır… üzünü divara çevirir.
Cavan Çölçü toz – torpaq qaldıran sürünün arxasınca tələsir… arabir gündəyməzinə yapışan şalvarının arxasını çəkə – çəkə irəliləyir.
30. NAT. SU QUYUSUNUN YANI. AXŞAMÇAĞI
Quyunun dibinə çırpılan nəsə həmən də batır… sallanan kəndir birəl – birəl dartılır, sudan çıxan şey: aşılanmış, enli dəri şişib, qalxdıqca içərisindəki su ləpələnib dağılır.
Qısa Saçlı Qız quyudan çıxartdığı su ilə dolu dərini vedrəyə boşaldır… artıq ikinci vedrə də dolur, ( vedrə qulpunun ritmik cırıltısı getdikcə uzaqlaşır ) yırğalanan vedrədən dağılan su qızın yalın ayaqlarını isladır.
Qurşaqboyu hündürlüyündə dairəvi hörülmüş su quyusunun ağzı… quyunun ağzında qalaqlanmış kəndirin bir ucu yerdəki yekə çay daşına bağlanıb, o biri ucundan aşılanmış, enli dəri sallanır, dərinin altında “ ağırlı “ bağlanıb.
31. NAT. YURD YERİ. AXŞAMÇAĞI
İçərisində su ləpələnən nohur… vedrədən tökülən su nohuru doldurub -daşırır, kötüyün qıraqlarından su süzülür.
Yaylıqla sarınmış ayağını darta – darta axurun qapısına tərəf gedən Qısa Saçlı Qız duruxur… həyəcandan sifəti gərilir, (uzaqdan sürünün səsi eşidilir) başılovlu götürülür.
Atdana – atdana qaçan Qısa Saçlı Qız əlindəki vedrələri hara gəldi tullayır… daxmaya çatıb dayanır, çaşıb – qalıb.
… və döyükür…
… xoflanır və…
Qaçıb daxmanın arxasına burulur… bir azdan ordan da çıxıb su quyusuna tərəf cumur.
32. NAT. SU QUYUSUNUN YANI. AXŞAMÇAĞI
Qısa Saçlı Qız ayağını darta-darta qaranəfəs quyuya çatır… təşviş içərisində çevrlib arxaya baxır və bir sıçrayışla hörgünün arxasında yox olur.
Su quyusunun ağzında sallanan dəridən su damcılayır… asta – asta başını çıxardıb boylanan qız daha da həyəcanlanır, yenidən gözdən itir.
33. NAT. YURD YERİ. AXŞAMÇAĞI
Cavan Çölçü gedə – gedə dəvənin üstündən atdanır… bir – iki addım atıb dayanır, ( arxasında görünən dəvə də daxmaya tərəf baxır ) indi hər ikisinin gözündə eyni ifadə var: nə baş verdiyini başa düşmürlər.
Daxmanın üstündə yorğan – döşək sərilib… döşəyin hər tərəfində bir balınc qoyulub, ( saralmış otlar gözə dəymir ) yorğanın bir ucu sallanır.
Tindəki dirəkdən yəhər asılmış çüyə qədər yuyulmuş paltarlar asılıb… dirəyin bəri tərəfində ocaq çatılıb, ocağın üstündə qazan buğlanır, qazanın qapağı yarıaçıqdı.
Daxmanın qabağı hamarlanıb, süpürülüb… kollardan bağlanmış süpürgə qapının yanına söykədilib.
Cavan Çölçü gözlərini qırpmadan baxır… alt dodağını gəmirir.
Daxmaya tərəf baxan dəvə çevrilib gedir… gedib axura girir.
Daxmanın qapısı bağlıdır… qapının üstünə baş – ayaq nal vurulub, yan tərəfdə üzərrik topası asılıb, qapı cırıltı ilə açılır, Cavan Çölçü asta – asta içəri daxil olur.
34. İNT. DAXMA. AXŞAMÇAĞI
Alaqaranlıq daxmada gözə dəyən hər şey… döşəməyə sərilmiş kilim və yuxarı başa çəkilmiş sandıq, sandığın üstündə qoyulmuş kişi papağı və
“ dəmiryolçu fənəri “, şüşəsi yuyulmuş pəncərə və pəncərəyə tutulmuş qısa, ağ pərdələr, qapının kənarında düzülmüş ayaqqabılar ( onların arasında bir tay qadın ayaqqabısı da var ) və yalnız qocanın paltarının yerində necə gəldi asılmış liftçikdən başqa hər şey, incə zövqlü qadın səliqəsi ilə yerləşdirilib.
Cavan Çölçünün gözlərində qan çalxalanır.
Bir hərəkətlə liftçiyi götürür.
… və inildəyir…
… mırıldayır və…
Liftçiyi param – parça edir… bayıra fələzləyir…
Qollarını qaldırıb, başını qovzayır və dəli bir nərə çəkir.
35. NAT. SU QUYUSUNUN YANI. AXŞAM
Bəbəklərində ay işığı parıldayan Qısa Saçlı Qız diksinir… titrəyən dizlərini qucaqlayaraq bir az da bükülür, ( daxmadan nərilti və dağılan, sındırılan qab –qacaq səsi eşidilir ) o, əsim – əsim əsən əlləri ilə qulaqlarını tutur, gözlərini sıx -sıx yumur.
36. NAT. YURD YERİ. AXŞAM
Axurda döyükən dəvələr… Başçı Dəvə gövşəyə – gövşəyə daxmaya tərəf çevrilir, ( əvvəl döşəməyə çırpılan teştin tappıltısı, sonra isə sınan pəncərənin cingiltisi eşidilir ) səs – küydən hürkən dəvələr vurnuxurlar.
Üstündə yorğan – döşək sərilmiş daxma yavaş – yavaş qaranlığa bürünür… tində asılmış paltarlar asta – asta yellənir, ( içəridən gələn səs səngiyir və kəsilir ) daxmanın qapısı hələ də açıqdır.
Ürkək addımlarla daxmanın tinindən çıxan Qısa Saçlı Qızın ayağı nəyə isə ilişir… əyilib barmağının arasına keçmiş əski parçasını qaldırır, ( bu, cırılmış liftçiyin bir hissəsidir ) qışqırmasın deyə əli ilə ağzını tutur.
… və divara qısılır…
… nəfəsi təngiyir və…
Təsadüfi ehtiyatsızlığa görə peşmançılıq keçirir… nəhayət, toxtayıb qalxır və yavaş – yavaş qapıdan boylanır.
37. İNT. DAXMA. AXŞAM
Cavan Çölçü daxmanın ortasında, qırışmış kilimin üstündə oturub… əlləri ilə başını tutub, ( yaxınlaşan qatar təkərlərinin taqqıltısı eşidilir ) o, qolunun arxası ilə burununu silib qurcalanır.
Qapıdan boylanan Qısa Saçlı Qızın kədərli baxışları ona zillənib… qəfildən gözləri bərələn qız, bir andaca yox olur.
38. NAT. YURD YERİ. AXŞAM
Divara qısılmış Qısa Saçlı Qız tövşəyir… sinəsi tez -tez qalxıb – enir,
( qatar təkərlərinin taqqıltısı güclənir, fit səsi eşidilir ) qorxudan az qala ürəyi ağzına gələcək.
Daxmadan atılan Cavan Çölçü ocağın üstündəki qazanı vurub – aşırır… çölə doğru qaçır.
Ocaqda közərən kösövlər… xəfif külək külü havaya sovurur.
… və kül sovrulur…
… kül sovrulur və…
39. NAT. YURD YERİ. SƏHƏR
Ağzını ayıran Qısa Saçlı Qız sinədolusu əsnəyir… qollarını qaldırıb gərnəşir, amma qolları havadan asılı qalır, təəccüb dolu baxışlarla axura tərəf baxır, gözlərini döyür.
Axur boşdu… qapısı açıqdı.
Qısa Saçlı Qız, baş verənləri indi başa düşürmüş kimi, halsız – heysiz qapının yanına söykənir, alt dodağını əyir və gözünə düşmüş telini üfürüb çölə tərəf baxır, ətəyinin sallanan ucunu dartıb cıraraq, qətiyyətli addımlarla çölə doğru irəliləyir.
40. NAT. ÇÖL. SƏHƏR
Ucsuz – bucaqsız çöldə uzaqdan görünən Qısa Saçlı Qız… o hənirsiz və donuq boşluqda yeganə hərəkət edən varlıqdır.
… və o tez – tez yeriyir…
… inamla addımlayır və…
41. NAT. ÇÖL. GÜNDÜZ
Uzaqdan görünən sürü… sürü çölə səpələnib, (özü görünməyən qız tez –tez tövşəyir ) vurnuxan, otlayan dəvələr.
Tövşəyə – tavşəyə yeriyən qızın hərəkətinə uyğun görünüb – itən
kol – kos… hərdən ayaq altında qalan budaqlar xırçıldayır.
Gedə – gedə alnının tərini silən Qısa Saçlı Qız birdən dayanır… dəhşət içərisində quruyub – qalır, nəfəsi təngiyir.
Başını qaldıran İLAN fısqırır… fısıldaya – fısıldaya qıza tərəf sürünür.
Qorxudan gözləri bərəlmiş Qısa Saçlı Qız dal – dalı çəkilir… qışqırmaq üçün ağzını açsa da, səsi çıxmır, birdən nəyə isə ilişib arxası üstə yıxılır.
İlan daha da sürətlə sürünür… başını qaldırıb fısqırır, ( qızın qışqırığı çölə yayılır ) ilan onun üstünə tullanır.
Havada ikən ilana çırpılan çomaq onu kənara fələzləyir… yerə düşən ilan çabalayır, bir həmləyə onun boynundan yapışan Cavan Çölçü dikəlir, əlində sallanan ilan qıvrılır.
CAVAN ÇÖLÇÜ
Burda gəzmirlər!..
Cavan Çölçünün sözü ağzında qalır… o, abırlanıb başını aşağı salır.
Hannan – hana özünə gələn Qısa Saçlı Qız çılpaq ayaqlarını örtməyə çalışır… donunun qısa ətəyi ilə bunun mümkün olmağını görüb, dizini sarıdığı yaylığı açıb ayaqlarının üstə atır.
CAVAN ÇÖLÇÜ
Bura ilan mələşəndi!..
Cavan Çölçü əlindəki ilanı fələzləyir… tələsmədən çevrilib gedir.
… və ilan sürünür…
… sürünüb – gedir və…
Qısa Saçlı Qız sıçrayıb qalxır… Çölçünün arxasınca cumur.
42. NAT. YURD YERİ. AXŞAM
“ Buğ pərdəsi “ arxasından görünən axur… Başçı Dəvə sinəsini tirə söykəyib baxır…
Dəvələr axurun bir tərəfində toplaşıb, o biri tərəfində Qısa Saçlı Qız sallağı oturub Ağ Dəvəni sağır.
Cavan Çölçünün xumar gözləri yumulub – açılır… dalğın baxışları harasa zillənir, ( qazan poqquldayır ) gözləri aramla qıyılır.
Ocağın üstündə buğlanan qazan… qazan poqqa – qopla buğlanır…
Yarıaçıq qapağın arasından buğ çıxır, buğ havaya qalxaraq, gözlərimiz qarşısına “ buğ pərdəsi “ çəkir.
QISA SAÇLI QIZ
A – al iç!
Cavan Çölçü başını qaldırır… mat – məəttəl qarşısında dayanan qıza baxır, ( yaxınlaşan qatar təkərlərinin taqqıltısı eşidilir ) çölə tərəf çevrilir.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Süd xoşlamırsa – an?.. Çölçüyə bax da – a!
Cavan Çölçü yerindən atılır… çölə tərəf cumur, ( qatar təkərlərinin taqqıltısı güclənir, fit səsi eşidilir ) qaça – qaça qaranlıqda gözdən itir.
43. NAT. SAL DAŞININ YANI. GÜNDÜZ
Üst – üstə qoyulmuş iki belibağlı şələ… qalın çör – çöpdən, kolların yorğun gövdəsindən, quru budaqlardan tutulmuş şələlər.
Cavan Çölçü daşın kölgəsində əlləşir… qatlama bıçaqla əlindəki taxta parçasını yonur, onu gözləri önünə qaldırıb, diqqətlə nəzərdən keçirir, ( havada fırlanan taxta parçası qadın həmayilinə oxşayır ) həmayil havada donub qalır, onun silueti yaxınlaşan Qısa Saçlı Qız görkəmi ilə üst – üstə düşür.
QISA SAÇLI QIZ
( ucadan )
Bu gün sizi-i tez tapdım.
Cavan Çölçü tələm – tələsik bıçağı qatlayıb cibinə soxur… əlindəki əşyanı hövlnak daşın altında gizlədir.
Bir tay qadın, bir tay kişi ayaqqabısı geyinmiş Qısa Saçlı Qız gəlib çırpı şələsinin üstündə oturur… gülümsəyə – gülümsəyə başındakı yaylığı açıb ayaqlarının üstünə atır.
QISA SAÇLI QIZ
Yaman istidi – i… Çöl, elə bil,
cəhənnəmdi – i!..
Cavan Çölçü dinməz – söyləməz oturub… aramla başını aşağı salır.
QISA SAÇLI QIZ
Şəhərə yolu – um düşəndə, həmişə çölə – ə baxardım… Çöl məni va – aleh eləyərdi, dəvələrə he – eyran olardım… fikirləşərdim ki – i, kaş çöldə yaşayaydım… qalaçalar kimi – i… indi bilirəm çö – öl nədi?!. Dəvələr də ən adi – i, iy verən heyvanlardı – ı!..
CAVAN ÇÖLÇÜ
Get!
QISA SAÇLI QIZ
Bağışla – a… Mən elə – belə – ə… danışmaq xətrinə – ə…
CAVAN ÇÖLÇÜ
Get burdan!
QISA SAÇLI QIZ
Mənim getməyə yerim yoxdu – u… qayıtsam o – o… gicbəsər –
məni – i öldürəcək!
Cavan Çölçü başını qaldırır… gözlərini qırpmadan baxır.
Qısa Saçlı Qız aramla qalxır… ayaqlarını sürüyə – sürüyə gəldiyi tərəfə gedir.
… və birdən dayanır…
… nəsə fikirləşir və…
Səmtini dəyişib götürülür… qaçıb gedir.
Cavan Çölçünün heç nə ifadə etməyən sifəti… tərki – dünya baxışları harasa zillənib.
44. NAT. ŞOSSE. GÜNDÜZ
Uzaqdan görünən şosse… şossedə müxtəlif maşınlar hərəkət edir.
Başıalovlu şosseyə tərəf qaçan Qısa Saçlı Qız… o qəfil büdrəyir, amma yıxılmır, birtəhər ayaq üstə qalaraq, səndələyə – səndələyə qaçır.
45. NAT. YURD YERİ. AXŞAM
Dəvə yolundakı uzunsov, alçaq “ təpəcik “ gözə dəymir… ay işığının alatoranlığında, hamar torpağın üstündə adda – budda dəvə izləri nəzərə çarpır.
Qəfil görünən dəvə ayaqları torpağı basdalaya – basdalaya keçirlər… nəhayət, sonuncu ayaqlar da keçib – gedir.
İtələşə – itələşə axura doluşan dəvələr… Cavan Çölçü söngəmiş dəvənin belindəki çırpı şələlərini götürür, dəvəni qaldırmaq üçün yançağına bir qapaz ilişdirir.
Yoğun, güclü biləklərin qaldırıb apardığı axurun ağır qapısı yırğalanır… küncdəki dirəyə çırpılan qapı bir xeyli sirkələnir.
Cavan Çölçü qucağında şələ iri addımlarla daxmaya tərəf gedir… dirək basdırılmış tini burulub gözdən itir.
Ay işığında görünən dirək bir az da əyilib… daxmanın divarına düşən solğun kölgəsi zorla sezilir.
Dal – dalı, astagəl-astagəl daxmanın tinindən çıxan Cavan Çölçü birdən dayanır… onun qəribə duruşundan görünür ki, yenə də qucağında nəsə var, o ehmalca çiyinlərini tərpədib, aramla çevrilir.
Aramla çevrilən Cavan Çölçünün sifəti qucağındakı yükün ağırlığından gərilib… çaşqınlıq içərisində alt dodağını gəmirir.
Onun güclu qolları üstündə sərələnmiş Qısa Saçlı Qız mışıl – mışıl yatır… sallağı qalmış qolu yellənir, ayaqlarında taykeş ayaqqabılar görünür.
Cavan Çölçü ehtiyatla addımlayır… ayağının ucu ilə daxmanın qapısını itələyir, ( qapı, nədənsə cırıldamır ) bir neçə cəhddən sonra, axır ki, içəri girir.
46. İNT. DAXMA. AXŞAM
Qucağındakı yuxulu qızı ehtiyatla küncdəki yorğan – döşəyə uzadan Cavan Çölçü qapının ağzında ayaq saxlayır… aramla çevrilib hər tərəfə göz gəzdirir.
Daxmanın içərisində görünən hər şey… döşəməyə sərilmiş kilimdən tutmuş, ta pəncərəyə çəkilmiş qısa, ağ pərdələrə qədər, təkcə pəncərənin çərçivəsinə dürtülmüş balıncdan başqa, hər şey burda zövqlü qadın səliqəsi ilə yerləşdirilib.
Cavan Çölçü pəncərəyə yaxınlaşır… cibindən çıxardığı nəyi isə məhəccərə qoyub gedir.
47. NAT. YURD YERİ. GECƏ
Quş uçuşu hündürlüyündən görünən Yurd Yeri… daxmanın damı, axurdakı dəvələr, su quyusu və torpağa qarışmış qəbrin başında oturmuş Cavan Çölçü zorla görünür.
48. NAT. YURD YERI. SÜBHÇAĞI
Qəbir itən yerdə əyilə – bükülə oturmuş – adam kölgəsi… donuq kölgənin üstü ilə tüyünə – tüyünə qaçan pıspısa. Dəmir camda qaysaq bağlamış süd… sübh günəşinin şuasında qızılı rəngə çalan süd birdən ləpələnir, südün içinə düşmüş pıspısa çabalayır. Cavan Çölçü ayaqlarını qucaqlayıb, çənəsini dizlərinə dayayaraq oturub… yuxulu baxışları cama zillənib, ( uzaqdan vedrə qulplarının cırıltısı eşidilir ) o, ağzını ayırıb sinədolusu əsnəyir, səs gələn tərəfə çevrilib, gözlərini qıyır.
Qısa Saçlı Qız, qolları qırıla – qırıla gətirdiyi su dolu vedrələri axurun ağzında yerə qoyur… nə illah eləsə də – ha qaldırsa da, ha dartsa da, axurun qapısını aça bilmir, əlacı kəsilib, pərçimlənərək əyrüş – üyrüş budaqların arasından keçir, vedrələri də ölüm – zülüm suyu dağıla – dağıla, üst – başını islada – islada içəri keçirir və aparıb nohura boşaldır. Nohur boyu sıralanmış dəvə donqarları… nohura əyilmiş dəvə boyunları, ( sözləri istədiyi kimi dəyişən, melodiyanı öz bildiyi kimi oxuyan Qısa Saçlı Qızın mızıltısı eşidilir ) hortultuyla su sümürən ləmbə – ləmbə dəvə dodaqları.
KADRARASI QISA
SAÇLI QIZIN SƏSİ
Ay lələ, balabanı,
Üfülə balabanı.
Hamının dəvəsi var,
Bəs mənim dəvəm hanı?..
Axurun qapısına doğru irəliyən Qısa Saçlı Qız qətil dayanır… üzündəki qayğısız xoşbəxtlik ifadəsi birdən – birə iti – gedir.
… və ürkək gözləri parıldayır…
… inadkarcasına parıldayır və…
Axurun qapısı açılıb… arxasında daxmanın tini görünən Cavan Çölçü dinməz – söyləməz qıza tərəf baxır, çənəsində südün qaysağı ağarır.
QISA SAÇLI QIZ
Mə – ən… qayıtdı – ım… Pulu – um
yoxdu – u. Qalmağımın əvəzində – ə işləyə bilərə – əm. Mə – ən… hə – ər şey…
su gətirərəm, axuru – u təmizləyərəm, qa -azmanı yığışdıraram, istəsə – ən dəvələri də otara – a bilərəm!..
Sözü ağzında qalan Qısa Saçlı Qız duruxur… əllərini açıb havadan düşən camı asanlıqıla tutur.
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Qazmanı yox, daxmanı!
Qısa Saçlı Qız yolunun üstündə dayanmış Cavan Çölçünün yanından keçir… gedə – gedə onun çənəsinə yapışmış südün qaysağını silir, camı sinəsinə sıxa – sıxa daxmaya tərəf cumub içəri təpilir.
49. İNT. DAXMA. SÜBHÇAĞI
Divardakı ləmədə səliqə ilə yığılmış qab – qacaq… zərif qız əli camı qabların üstünə qoyur,( dəvələri axurdan teyləyən Cavan Çölçünün səsi eçidilir ) camı qoyub qalxan zərif əl havadan asılı qalır. Pəncərəyə tərəf baxan Qısa Saçlı Qız donub – qalıb… bir az əvvəl, axurda olarkən, onun üzündə gördüyümüz qayğısız xoşbəxtlik ifadəsi, yenidən geri qayıdır.
Məhəccərdə yeni əşya gözə dəyir… ağ pərdənin arxasından boylanan qadın həmayili ona tərəf “ baxır “.
50. NAT. YURD YERİ. AXŞAMÇAĞI
Daxmanın damında içi torpaqla dolu, yanları qatlanmış dəri sərilib… ıhıldaya – ıhıldaya əlləşən Cavan Çölşünün səsi eşidilir.
Damdan görününən Qısa Saçlı Qız axurda işləyir… o, kənardan lap aydın sezilən nümayişkəranə canfəşanlıqla axurun təzəyini kürəyir.
Yançağı görünən dəvə… dəvənin quyruğu yellənir,(milçəklər vızıldaşır) dəvənin ayaqları arxasında buğlanan təzək.
Təzəyi götürən kürək gözdən itir… yenidən elə həmən yerə bir loppa təzək çırpılır.
Kürəyi var gücü ilə fələzdəyən Qısa Saçlı Qız hirsindən inildəyə – inildəyə cumub, nohurun üstündə oturur… suluqlamış əllərinə baxa – baxa ufuldayır, zarıyır.
Cavan Çölçü dəridəki torpağı damın üstünə əndərir… ayaqları ilə yayxayıb, tapdalaya – tapdalaya axura tərəf baxır.
Damdan görünən Qısa Saçlı Qız hölvnak qalxıb kürəyə tərəf cumur… onu götürüb canfəşanlıqla işinə davam edir.
51. İNT. DAXMA. GÜNDÜZ.
Qısa Saçlı Qız alt dodağını əyərək, gözünə düşən telini üfürür… dizlərini yerə qoyub, palçıq dolu vedrəni yanına – sandığın əvvəlki yerinə yaxın çəkir, ikiəlli qamarladığı palçığı şappıltı ilə şirəsi tökülmüş divara çırpır, növbəti dəfələrdə bunu daha da əsəbiliklə edir, palçığını vedrənin kənarına çəkdiyi əlinin altı ilə kələ – kötür divarı hamarlayır.
52. NAT. ÇÖL. AXŞAMÇAĞI.
Şöngəmiş dəvənin kölgəsində uzanan Cavan Çölçü əlindəki çöpü qarışqa yuvasına salır…qarışqa daraşmış çöpü dodaqları ilə somurur, ağzını marçıldada -marçıldada çeynəyir.
Qısa Saçlı Qız əlindəki yaylığl yellədə – yellədə çölə səpələnmiş dəvələri toparlayır…o tərəf – bu tərəfə qaçaraq cır səslə bağırır.
QISA SAÇLI QIZ
Höy – höy!.. Hööyy, çərdə – əymişlər!..
Qurcalanıb yerini rahlayan Cavan Çölçü başını dəvənin qarnına dayayır… dodaqlarını yalaya – yalaya gözlərini yumur.
53. NAT. YURD YERİ. GÜNDÜZ
Axurda boynunu qovzayıb şöngəmiş dəvə… yunqırxan qayçını tez – tez, məharətlə işlədən əl şöngəmiş dəvənin sinəsindən sallanan uzun tükləri qırxır. Dəvənin qovzanmış boynu arxasından görünən Cavan Çölçü sallağı oturub… o, tər – su içində, ciddi – cəhdlə öz işiylə – qırxınla məşğuldur. Qısa Saçlı Qız əlində bükülü dəri yeyin – yeyin gəlir… gəlib bükülü dərini şöngəmiş dəvənin yanında yerə sərir. Yerə sərilmiş dəri… dərinin içinə atılan bir qucaq yun. Yun topasının üstündən görünən Cavan Çölçü tər – su içində işləyir… qayçı tutduğu əlinin dalı ilə alnının tərini silir. Sallağı oturmuş Qısa Saçlı Qız qalxır… belinə bağlanmış yaylığı aça – aça Cavan Çölçüyə yaxınlaşır, gözlənilmədən yaylığı onun üstünə atıb başını, üzünü, boynunu qurulayır, nəmlənmiş yaylığı bir neçə dəfə çırpıb yenidən belinə bağlayır, yun dolu dərini dalına alır. Cavan Çölçü hələ də quruyub – qalıb… bu gözlənilməz hərəkət onu çaşdırıb: bilmir özündən çıxsın, yoxsa… dodaqucu gülümsəyir… başını yüngülcə bulaya – bulaya qayçını yanına qoyur, dəvəni qaldırır, qırxılmış sinəsini sığallayır, yancağına bir qapaz ilişdirib küncdə toplaşmış – qırxılmış dəvələrin yanına teyləyir. Axurun qapısına çatar – çatmaz qətil yerə mıxlanır… şarıltı ilə üst -başına çırpılan sudan diksinir. Əlində boş vedrə dayanmış Qısa Saçlı Qız gülür… şaqqanaq çəkib uğunur. Cavan Çölçü suyu süzülə – süzülə dayanıb… bu gözlənilməz hərəkət onu tamam çaşdırıb: bilmir özündən çıxsın, yoxsa… nəhayət, o da qımışır.
… və gülür… … şaqqanaq çəkir və…
Daxmanın qabağı yun sərilmiş dərilərlə doludur… Yurd Yerində ucalan gülüş səsləri əks-səda verir.
54. NAT. YURD YERİ. GECƏ
Ocaq yanır… alov dilimləri oynayır.
Ocağın kənarında – dirəyə söykənib ayaqlarını uzatmış Qısa Saçlı Qız, əlindəki çubuqla ocağı qundalayır… addım səsinə çevrilir. Ocağın o başında yerə basdırılmış budaqların üstündə köynək asılıb… köynəyin arxasında mil dayanmış – yarıçılpaq, pəhləvan cüssəli Cavan Çölçü əllərində tutduğu həmayilləri oynadır, onun üz – gözündə qayğısız xoşbəxtlik ifadəsi sezilir.
Cavan Çölçü köynəyin arxasında çökür… ciddi – cəhdlə göstərəcəyi oyuna hazırlaşır, ( o, Ulu Çölçünün kilimarası oyununun hərəkətlərini eynən təkrarlayır ) həyacandan qurumuş boğazını arıtlayır, öskürür.
CAVAN ÇÖLÇÜ
Biri varmış, biri yoxmuş… Bir cavan Çölçü varmış. Çıxır çölü gəzməyə. Yorulub sal daşın kölgəsində yatır.
Bir quş uçub gəlir. Dönüb olur gözəl bir qız…
Cavan Çölçünün sözü ağzında qalır… çılpaq çiyninə toxunan zərif əl onu asta – asta itələyib, köynəyin arxasına yıxır. Alt dodağını əyib gözünün üstünə düşən telini üfürən Qısa Saçlı Qız gülümsəyir… o da yavaş – yavaş köynəyin arxasında yox olur.
… və ocaq yanır…
… alov dilimlənir və…
Qətil köynəyin arxasından görünən Cavan Çölçünün çiyinləri
qalxıb – enir… tövşəyə – tövşəyə dodaqlarını yalayıb udqunur, aramla başını aşağı salıb harasa baxır, amma, bu dəfə abırlanmır, göründüyü kimi də, qətildən yoxa çıxır.
Tirə söykənmiş Başçı Dəvə nərildəyir… axurdakı dəvələr ağız – ağıza verib nərildəyirlər.
… və ocaq gurlaşır…
… alov güclənir və…
55. NAT. ÇÖL. GECƏ
Çölün dərinliyinə doğru çapan dəvə… dəvəni qovan Cavan Çölçü dəlicəsinə nərildəyir.
Çapan dəvə ayaqları… ayaqların tappıltısına qarışan qatar təkərlərinin taqqıltısı getdikcə güclənir.
Cavan Çölçü çapa – çapa çölün zülmətində itib-batır… uzaqdan gələn fit səsi çölə yayılır.
… və ulduzlar sayrışır…
… ay gizlənir və…
Çölün qaralığında uzanan fənər işığı… işıq gah bir, gah da başqa bir tərəfə tuşlanır.
Yeriyən adamın hərəkətinə uyğun silkələnən işıq… işıqda görünən kol -kos, ot – ələf, çala – çuxur.
Qısa Saçlı Qız çaladan atdanıb irəliləyir… fənəri qaldırıb hara gəldi tuşlayır.
QISA SAÇLI QIZ
( qışqırır )
Çölçü – ü!.. Çölçü – ü!..
Çöl zülmətə qərq olub…xəfif külək əsir.
Qısa Saçlı Qız sal daşın üstünə qalxır… fırlana – fırlana ətrafa işıq salır.
QISA SAÇLI QIZ
( bağırı r)
Çölçü – ü!.. Çölçü – ü!..
56. NAT. TƏPƏ. GECƏ
Çöldə görünən alçaq təpə…təpədə bitən kollar yırğalanır,( qatar təkərlərinin taqqıltısı eşidilir ) hardansa peyda olan çöl siçanı qaçıb gözdən itir.
KADRARXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
( təkərlərlə həmahəng mızıldanır )
Taq-taq, taq-taq, taq-taq-taq,
Taq-taq, taq-taq, taq-taq-taq.
Qatar gəlir uzaqdan,
Gözləyirəm bayaqdan…
Səsə doğru tələsən Qısa Saçli Qız təpəni qalxır… yıxıla – dura təpənin başına çatır.
Uzaqdan görünən qatar… yaxınlaşdıqca onun gur işığı ətrafa yayılır. Xəfif külək təpənin ətəyində oturmuş Cavan Çölçünün kürəyinə dağılmış saçlarını tərpədir… o, qatar gələn tərəfə baxa – baxa mızıldayır.
CAVAN ÇÖLÇÜ
Tələs-tələs, ay qatar,
Məni özünlə apar.
Taq-taq, taq-taq, taq-taq-taq,
Taq-taq, taq-taq, taq-taq-taq!..
Qısa Saçlı Qız onun yanında oturur… indi hər ikisinin üzündə eyni ifadə – qayğısız xoşbəxtlik ifadəsi var, ikisi də ötən qatara tamaşa edirlər. Qatar şütüyür… vaqonların işıqlı pəncərələri bir – birini əvəz edir, ( pəncərədən görünən fraqmentlər tez-tez dəyişən kinokadrları xatırladır ) təkərlərin taqqıltısı güclənir. Gözlərimiz önündə canlanan hər bir fraqment… kitab oxuyan EYNƏKLI KİŞİ, əl – ələ tutmuş OĞLAN və QIZ, balaca körpəni oynadan GƏNC AİLƏ, qolsuz maykada yatağını düzəldən KÖK KİŞİ, burnunu pəncərəyə dirəyib baxan BALACA UŞAQ – bütün bu fraqmentlər ani olaraq görünüb – itir.
Qatarın pencərəsindən görünən təpə… təpənin ətəyində oturub qatara tamaşa edən Cavan Çölçü və Qısa Saçlı Qız – onlar da ani olaraq görünüb – itirlər.
Qatar təkərlərinin səsi uzaqlaşır… uzaqlaşan sonuncu vaqon da gözdən itir.
57. NAT. ÇÖL. GECƏ
Xəfif külək əsir… çöl zülmət içindədi…
Qaranlıqda ağ nöqtə – quş uçuşundan görünən fənər işığı aramla irəliləyir… Cavan Çölçünün və Qısa Saçlı Qızın danışığı eşidilir.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Mənim adı – ım…
KADRAXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Sənin öz adından acığın gəlir.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Hə – ə! Nənəm mənə – ə…
KADRAXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Şanapipik…
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Hə-ə, şanapipik deyərdi – i… Sən nədi – i o… şamansan?..
KADRAXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Mən çölçüyəm.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Adın nədi – i?
KADRAXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Bu mənim adımdı.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Çölçü -ü!.. gözəl səsləni – ir…
o nağılın ardı necədi – i?..
KADRAXASI CAVAN
ÇÖLÇÜNÜN SƏSİ
Çölçü ayılıb qızı görür. Onu sevir. Qız da ona vurulur. Çölün düzündə gol – boyun olub sevişirlər.
Ağ nöqtə sönür… çöl zülmətə qərq olur.
58. NAT. BAZAR. GÜNDÜZ
Yaşayış Məskənində yerləşən BAZARDA qələbəlikdi… tərəvəzdən tutmuş mal – qarayacan, çərəzdən tutmuş pal – paltaracan, hər şey satılan bazarda ağız deyəni qulaq eşitmir: mövsümə uyğun pencək, gödəkcə, plaş geyinmiş adamlar qaynaşırlar, satıcıların, alış – veriş edənlərin, xırdavatçıların səs – küyü bir – birinə qarışıb.
Başında Ulu Çölçünün papağı, əynində sırıqlı dəvənin yedəyini çəkən Cavan Çölçü aramla irəliləyir… qabağında qadın geyimləri asılmlş dükanın yanından keçir, yedıyindəki dəvə – adamların aralanıb yol verdiyi dəvə yüklüdü, onun belindəki iri, şişman dərilər yırğalanır.
Yüklü dəvənin arxasınca gələn qadının əcayib görkəmi keçənləri təəccübləndirir… adamlar heyrətlənir, pıçıldaşıb gülüşür, lağ – lağı edirlər: donunun üstündən, Ulu Çölçünün qolları uzun, çiyinləri sallanan pencəyini geyinmiş Qısa Saçlı Qız heç kəsə məhəl qoymadan, başını dik tutub addımlayır, bir düyməsi bağlı pencəyin ətəkləri arasından, artıq hamilə olduğu hiss olunacaq qədər, qabarmış qarnı görünür, donunun altdan geydiyi şalvarın balağı yerlə sürünür, taykeş ayaqqabıları onu bir az da gülünc göstərir, yedəyindəki yüklü dəvə başını qovzayıb nərildəyir.
59. NAT. XIRDAVAT SATILAN YER. GÜNDÜZ
KADRARXASI NAMƏLUM
QADIN SƏSİ
Zəhrimar!.. Belə şey olar?!. Hələ siftə eləməmişəm!.. Bu da elə böyürdü, az qala ürəyim ağzıma gəlsin!..
Yerdə – əskinin üstündə göyərti dəstələri sərilib… dəstələrə su çilənir…
… və su gah fısqırır…
… gah dayanır və… Plasmas qabdakı suyu, qapağındakı deşiklərdən fısqırdaraq göyərtini isladan ARIQ QADIN birdən dikəlir… təəccüblə qarşısından keçən adamlara baxa-baxa kiməsə səslənir.
ARIQ QADIN
Bıyy, bismillah!.. Bunlar kimdi, azz?!.
Qatıq, süd, pendir dolu qab – qacaq – qazanlar, dəmir camlar, bankalar, balonlar yan – yana düzülüb… ağartı satan KÖK QADIN oturub tum çırtdayır.
KÖK QADIN
Tfu!.. Çölçülərdi.
ARIQ QADIN
Nə millətidilər?!.
KÖK QADIN
Bunların milləti olmur. Çölçüdülər,
vəssəlam, tfu!..
60. NAT. YUN DÜKANIN QABAĞI. GÜNDÜZ
İçi yunla dolu ağzı açıq kisələr düzülmüş dükanın qabağı… dükanın tinindəki “ qapan “- tərəzinin arxasında dayanmış BƏSTƏBOY QOCA eynəyini burnunun ucuna çəkib, əlindəki “ karkulyator “un düymələrini basa-basa qışqırır.
BƏSTƏBOY QOCA
Ay uşaq, əlli tərpən!..
Dükandan KEPKALI OĞLAN çıxır… qaçaraq tərəzinin üstündəki içi dolu dərini sürüyüb aparır.
Cavan Çölçü yaxınlaşıb qucağındaki dərini “ qapan “ın üstünə qoyur… əyilmiş papağını düzəldib kanara çəkilir.
BƏSTƏBOY QOCA
Hə!.. Bu da belə!.. İndi bunu vururuq bu-na… vəssalam – şüttamam! Allah xeyir versin!..
Bəstəboy Qoca dərini sürütdəyən Kepkalı Oğlana yol verib, Cavan Çölçüyə yaxınlaşır… eşələnib cibindən çıxartdığı pulu saya-saya danışır.
BƏSTƏBOY QOCA
Allah rəhmət eləsin, Ulu yaxşı kişiydi, halal adamıydı!.. Hə, bu da haqq – hesab, xeyirliyə xərclə!.. Ay qırışmal, heç demirsən o yanındakı “ köşək “ kimdi elə?!.
Dərini sürütləyən Kepkalı Oğlan dükanın astanasına ilişib-yıxılır… dərinin ağzı açılır, içindəki yun dağılır.
… və yuyulmuş yun göz oxşayır…
… didilmiş yun adamı valeh edir və… Cavan Çölçü pulu dəstələyib cibinə qoyur… sırıqlısının yaxasını bağlaya -bağlaya gedir.
Dağılmış yunu dəriyə yığan Kepkalı Oğlan başının üstündə dayanan qocaya tərəf çevrilir… günahgarcasına altdan yuxarı baxır.
KADRARXASI BƏSTƏBOY
QOCANIN SƏSİ
Hamısı belədi?
Kepkalı Oğlan başı ilə “ hə “ deyir… yunu yığır.
Yüyürə – yüyürə Cavan Çölçüyə çatan Bəstəboy Qoca onun qolundan yapışıb saxlayır.
Nəfəsini dərib, əlindəki pulu sırıqlının cibinə basır.
BƏSTƏBOY QOCA
Didilmiş yunun qiyməti başqadı… al bunu, qoy halallıq olsun!.. Elə sənin bu halalına da halal olsun!.. Yaxşı arvad evin bir bərəkətini beş eləyər.
61. NAT. PALTAR DÜKANININ QABAĞI. GÜNDÜZ
Qısa Saçlı Qız paltar dükanının qabağında dayanıb… alt dodağını əyib gözünün üstə düşən telini üfürür, ( arxasındakı dəvə də dükana baxır ) indi hər ikisinin gözündə eyni ifadə var: onlar həsədlə baxırlar. Cavan Çölçü yaxınlaşır… dükana baxan qızı görüb, sırıqlısının cibindən çıxardığı pulu ona uzadır.
62. NAT. ƏRZAQ DÜKANININ QABAĞI. GÜNDÜZ
“ Ərzaq “ yazılmış dükandan çıxan Kəlağaylı Qadın çevrilib kimi isə çağırır… qapıda görünən Hicablı Qız onun arxasınca qaçır, içəridən çıxan Cavan Çölçü əlindəki bir – birinə bağlı kisələri aparıb dəvənin belinə atır, dükanın qapısında görünən Qısa Saçlı Qız onu içəri səsləyir.
63. NAT. DONDURMA ARABASININ YANI. GÜNDÜZ
Əlindəki dondurmalardan birini Qısa Saçlı Qıza verən DONDURMA SATAN UŞAQ, o birisini Cavan Çölçüyə uzadır… Cavan Çölçü əlindəki pulu uşağa verib, dondurmanı alır, Qısa Saçlı Qız ləzzətlə dondurmanı yalayır.
… və dondurmaya toxunan dil…
… dondurmanı yalayan dil və…
Dondurmanı dişinə çəkən Cavan Çölçü qəfil onu yerə tullayıb, ağzını tutur…
Qısa Saçlı Qız və Dondurma Satan Uşaq bir – birinə qoşularaq şaqqanaq çəkirlər.
64. NAT. AVTOHİSSƏ DÜKANININ QABAĞI. GÜNDÜZ
“ Jiquli – Zapçast “ yazılmış dükandan çıxan İdman Geyimli Oğlan dükanın qabağındakı pillələri enir, damağındakı siqareti götürmək üçün qaldırdığı əli havada qalır.
65. NAT. DONDURMA ARABASININ YANI. GÜNDÜZ
Cavan Çölçü bilmir ağzındakı dondurma ilə neyləsin… nəhayət, onu tüpürür, Qısa Saçlq Qız daha da ürəkdən gülür.
66. NAT. BAZAR. GÜNDÜZ
Bazarda qələbəlikdi… adamlar qaynaşır, ağız deyəni qulaq eşitmir.
67. İNT. DAXMA. GECƏ
Təpələmə plov buğlanır… plov kilimin ortasında, güllü müşənbənin üstündəki ləyəndə buğlanır.
Cavan Çölçünün heyrətdən bərəlmiş gözləri… o, alt dodağını gəmirir. Qısa Saçlı Qız gözünə düşmüş telini üfürür… onun güllü yaylıgı çənəsinin altından bağlanıb, təzə koftası əndamına yapışıb, uzunətək, qırçınlı yubkası onu daha da ucaboy göstərir, ayağında üstü bantlı başmaqlar var. Təzə qara şalvar, qat yeri görünən ağ köynək geyinmiş Cavan Çölçünün nəfəsi təngiyir… yerində qurcalanaraq, boğazını sıxan köynəyinin düyməsini açır, udquna-udquna süfrəyə baxır.
Plova sancılan qaşıq… qaşıqdakı düyünü dəmir cama çəkən Qısa Saçlı Qız onu Cavan Çölçüyə uzadır.
Cavan Çölçü camı alır… əli ilə yeməyə başlayır.
Qısa Saçlı Qız sifətini turşudub “ öhüldəyir “… müşənbənin üstündəki qaşığı götürüb ona verir, tənbehedici nəzərlərlə baxaraq başını bulayır, birdən gülümsəyir.
Qaşığı ovcunun içində tutan Cavan Çölçü, yenə də əli ilə yeyir… barmaqlarının arasındaki düyünü ağzına təpir.
QISA SAÇLI QIZ
Vayy!.. Aşın qara – ası!.. Yadımdan
çıxı – ıb!..
Qısa Saçlı Qız tabayaq qalxır… hövlnak bayıra cumur. Cavan Çölçü yeyir… acgözlüklə yeyir.
… və barmaqları ağzına təpilir…
… ağzından düyü tökülür və…
68. NAT. YURD YERİ. GECƏ
Qapını örtüb ocağa tərəf cuman Qısa Saçlı Qız qəfil üstünə düşən maşın işığından duruxur… xoflanaraq əlini gözünün üstünə qaldırır, təsviş içərisində döyükür, lap yaxınlıqda tappıltı ilə yerə nəsə düşür. Ləyəndə buğlanan qovurma… ocağın yanında bir tay alçaqdaban ayaqqabı görünür.
Qısa Saçlı Qız diksinir… dal – dalı çəkilərək daxmanın divarına dirənir. İdman Geyimli Oğlan sırtıqcasına gülümsəyə – gülümsəyə daxmaya tərəf gəlir… gözlərindəki istehza nifrətə çevrilir, birdən sifəti dəyişir, amma üz – gözünə çökən qorxu əlaməti həmən də keçib-gedir.
Cavan Çölçünün heç nə ifadə etməyən sifəti… tərki – dünya baxışları harasa zillənib.
Maşının qapıları açılır… maşından düşən üç oğlan, İdman Geyimli Oğlanın arxasında dayanırlar, onlardan biri – ÜZÜTÜKLÜ OĞLAN əlindəki dəyənəyin birini İdman Geyimli Oğlana atır, KEÇƏL və UZUNBURUN oğlanlar da dəyənəklərini havaya qaldırırlar.
İDMAN GEYİmLİ OĞLAN
Hə, pəzəvəng, indi biz bərabərik!.. Görürsüz, uşaqlar, o heç qorxmur!.. Kişidi buu!.. Elə bilir, o qancığın qarnını bu dombaldıb, yooxx, ay hərif çölçü, onun qarnını bu lələşin dombaldıb!.. İndi bildin sən kimsən, ay heyvan?!. Oğ – raş!.. Başqasının artığına tamah salan oğraşsan!!!
İdman Geyimli Oğlan dəyənəyi qaldırıb hücuma keçir… onu var gücü ilə Cavan Çölçünün başına endirir.
Havada tutduğu dəyənəkdən ikiəlli yapışan Cavan Çolçü qollarını irəli uzadır… gözlərini qıyıb rəqibinin üzünə baxır. İdman Geyimli Oğlan da dəyənəkdən eyni cür yapışır… o da rəqibinə baxır: gözləri az qala həqədəsindən çıxacaq. Savaşanlar bi r -birinə güc gələ – gələ dövrə vururlar… qəfil dəyənəyi çevirən Cavan Çölçü, əlləri boşda qalan İdman Geyimli Oğlanın kürəyinə tutarlı bir zərbə endirir, dəyənəyi qaldırıb irəli cumur.
İdman Geyimli Oğlan yerə sərələnir… bir neçə dəfə diyirlənir.
… və diyirlənir…
… diyirlənir və…
Cavan Çölçü vurnuxa – vurnuxa geri çəkilən oğlanların üstünə gedir… qorxudan hərəsi bir sifətə düşmüş, dal – dalı çəkilən oğlanlar dəyənəkləri irəli-geri edərək, boş – boşuna yellədirlər.
Arxadan qısıla – qısıla yaxınlaşan İdman Geyimli Oğlan şığıyıb Cavan Çölçünün ayaqlarından yapışır… onu tir – tap yerə sərir. Gözləri qızmış oğlanlar amansız zərbələr endirir… yerdə qıvrılan Cavan Çölçü qollarını qaldırıb zərbələrdən qorunur. Daxmaya tərəf addımlayan İdman Geyimli Oğlanın qana susamış gözləri parıldayır… o addımlarını yeyinlədir, qəfil açılan atəş səsindən donub qalır. Daxmanın qabağında dayanmış Qısa Saçlı Qız ikinci tətiyi çəkir… tüfəngi İdman Geyimli Oğlana tərəf tuşlayıb atəş açır, çiynindəki patrondaşdan çıxartdığı güllələri tüfəngə doldurur.
KADRARXASI İDMAN
GEYMLİ OĞLANIN SƏSİ
Minin maşına!.. Bu qancıq vəhşiləşib, çölçüyə dönüb!.. Tez olun, getdik!..
Arxa təkəri yeri eşən maşın fırlanır… sürət yığıb çölə tərəf şütüyür. Atəş səsi… ikinci atəşdən sonra arxa təkəri partlayan maşın toz – tozanaq qaldıraraq gözdən itir.
… və toz qalxır…
… aləmi bürüyür və…
69. NAT. MƏLUM MƏKANLAR. MÜXTƏLİF VAXTLAR
Çöl… çölə qar yağır.
Bu da Sal Daş… ağ qara bələnib Sal Daş.
Təpə ağappaqdı… indi qar təpəsidir.
Quşbaşı qar yağır… qar yağdıqca itir ayaq izləri, su quyusuna çatar -çatmaz bitir ayaq izləri.
Ayıq-sayıq dəvələr… axurları qarlı, soyuq dəvələr.
Daxmanın pəncərəsi sırsıradı, sırsıra… naxış – naxış naxışlanıb pəncərə.
Dam üstündə damı yox… öz torpaq damı hanı, dam üstünə yorğan çəkib – qar yorğanı.
Qapısı bağlı daxma… bürünmüsən qara, daxma, ay üzü qara daxma.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
O daxmada bir səyyad yaşayırdı… ov ovlardı, quş quşlardı… Səyyadın çox gözəl arvadı vardı: aydan arı – sudan duru… Hər axşam oturardı daxmanın qabağında, tökərdi çiyninə qulac – qulac saçlarını, ərinin bağışladığı gümüş şanayla, saçlarını darayardı, hər gələn səsə boylanıb
“ o-du! “, “o-du! “ – deyə -deyə, ərinin dönəcəyi, günləri sanayardı.
Çöldə yağışdı… bu yağış deyil, leysandı.
Dəli külək uğuldayır… tuğyan edir.
Kollar az qalır sına… çöl sıçanı qaçıb girir yuvasına.
… göy quruldayır…
… şimşək çaxır…
Yağış döyən dəvə yolu… diyirlənir – diyirlənir yemşan kolu.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
O elatın bir koxası da vardı, əzazil, haramzada!.. Sən demə, göz qoyub Səyyadın arvadına, fürsət gəzirmiş, demə… Bir gecə, gizlicə – gizlicə alır başının üstünü, basmarlayıb salır onu altına. Səyyadın arvadı, ha yalvarır, ha yaxarır, amma xeyri olmur, koxa nəfsini öldürüb gedir.
Çöldə yazdı… çölün – düzün yaz günüdü.
Bu da Sal Daş… daşın da saz günüdü, qızınır günəş altda.
Dəvələr… çöldə pərən – pərən dəvələr, azman – ərən dəvələr.
Bərq vurur nohurun suyu… quyu öz yerindədi, hörgüsü də öz yerində.
Ay başı şanalı quş… hardan uçub gəlirsən, bu dirək sənin deyil, elə bu Yurd Yeri də.
Qapısı bağlı daxma… damı ot-ələf daxma, ay əziz xələf daxma.
KADRARXASI QISA
SAÇLI QIZIN SƏSİ
Səyyadın bədnam olmuş, rəzil olmuş arvadı göylərə əl açır… Allahım, məni qara daşa döndər deyir… Allah ona rəhm edir, quşa döndərir, başında da şanası… Adamlar buna görə, ona “ şanapipik “ deyirlər. O quş hələ də, hər yerdə öz səyyadını axtarır, uçub hara qonsa, onun qayıdacağı günləri sanayır.
70. NAT. YURD YERİ. SÜBHÇAĞI
Daxmanın qapısı açılır… Balaca Çölçü qapıdan çıxır, ( saçlari çiyinlərinə dağılmlş uşağın sifət cizgiləri Cavan Çölçünü xatırladır ) ağzını ayırıb sinədolusu əsnəyir, qollarını qaldırıb, əyilə – bükülə, gərnəşir, ( o, təxminən Cavan Çölçünün uşaqlıq yaşındadı ) yumruğunu sinəsinə vura – vura axura tərəf qaçır.
Daxmadan çıxan qadın… ayaq saxlayıb uşağın dalınca baxır, ( bu artıq yaşa dolmuş Qısa Saçlı Qızdı – ÇÖLÇÜ ARVADIDI ) əlindəki dəsmalı daxmanın tinindəki dirəyin üstünə atır, o biri əlində qəhvədan, kimisə gözləyirmiş kimi, müntəzir dayanır.
Dəri ayaqqabı, qara şalvar geyinmiş bir adam daxmanın dalından çıxıb ona yaxınlaşır… qollarını çərməyir, ovcuna tökülən suyu üz – gözünə çırpa – çırpa yuyunur, dirəyin üstündəki dəsmalı götürüb qurulanır, onu Çölçü Arvadının üstünə atır, ( bu isə, artıq yaşlaşmış Cavan Çölçüdü – indi o, ULU ÇÖLÇÜDÜ ) köynəyinin qollarını salıb bağlayır.
KADRARXASI BALACA
ÇÖLÇÜNÜN SƏSİ
Hööyy, çərdəymişlər!.. Höy – höy!..
Ulu Çölçü vaxtı ilə yəhər asılmış mıxdan sallanan papağını götürür… onu başına qoyub axura tərəf gedir.
Çölçü Arvadı güllü xalatının ciblərini eşələyir… əyilib üstündə qəhvədan qoyulmuş ocağı qalayır.
Əlində çomaq dəvələrin arxasınca gedən Ulu Çölçü qəfil çevrilir… onun qıyılmış gözlərindən qəzəb yağır.
Burnunu qurdalaya – qurdalaya gələn Balaca Çölçü həsdəyir… qorxa -qorxa başını aşağı salır.
Çölçü Arvadı bayaqdan bəri axura tərəf baxır… o qınayıcı baxışları ilə Ulu Çölçünü yola salıb, yaşarmış gözləri ilə Balaca Çölçünü axtarır.
Balaca Çölçü yoxdu… axur boşdu.
71. NAT. DAXMA. GECƏ
Plov buğlanır… plov kilimin ortasında, güllü müşənbənin üstündəki ləyənin içində buğlanır.
KADRARXASI ÇÖLÇÜ
ARVADININ SƏSİ
Hə -ə!.. Bu da a – aşın qarası – ı!..
Çölçünün Arvadı aşın qarasını süfrəyə qoyur… plov çəkib, əvvəl Ulu Çölçüyə, sonra Balaca Çölçüyə verir, onlara tamaşa edə – edə gülümsəyir.
ÇÖLÇÜ ARVADI
Bu gün Balaca Çölçünün on yaşıdı!.. Gözün aydın, Ulu!..
Ulu Çölçünün aş dolu qaşığı havada qalır… əvvəl Çölçü Arvadına, sonra Balaca Çölçüyə baxır.
Balaca Çölçü yeyir… barmaqlarının arasına doldurduğu düyünü ağzına təpə-təpə yeyir.
… və barmaqları ağzına təpilir…
… ağzından düyü tökülür və…
Ulu Çölçü qaşığı cama qoyur… camı süfrəyə çırpıb, Balaca Çölçüyə bir qapaz ilişdirir.
ULU ÇÖLÇÜ
Aşı qaşıqla yeyərlər!..
Hölvnak qalxıb daxmadan çıxır… daxmanın qapısı çırpılır.
72. NAT. ÇÖL. GÜNDÜZ
Çölə səpələmiş dəvələr… otlayan, vurnuxan, şöngəyib yatan dəvələr.
Ulu Çölçü Sal Daşın kölgəsində oturub… çomağının ucu ilə yerdəki pıspısanı oynadır.
Nəhayət, onu basıb əzir, başını qaldırıb ətrafa baxır.
BALACA ÇÖLÇÜ
Höy – höy!.. Hööyy!..
Balaca Çölçü dəvələri toparlayır.
Əlini gözünün üstünə qoyub baxır və Sal Daşa tərəf qaçır.
Ulu Çölçü onu yanında otuzdurur, başını sığallaya – sığallaya nəsə danışır, ərklə onun çiynindən vurub, ilan mələşəni göstərir.
Balaca Çölçü tabayaq qalxıb qaçır.
Ulu Çölçü dəridən köks ötürüb, ölü pıspısanı oynadır.
Onu çomağın ucu ilə vurub kanara fələzləyir.
KADRARXASI ÇÖLÇÜ
ARVADININ SƏSİ
Dayan! Balaca Çölçü, dayan!..
Qaranəfəs qaçan Çölçü Arvadı ilan mələşənə yaxın Balaca Çölçünü haqlayır… onu çəkə – çəkə deyinir.
ÇÖLÇÜ ARVADI
Burda gəzmirlər!.. Bura ilan mələşəndi!..
BALACA ÇÖLÇÜ
Məni Ulu yolladı!..
Çölçü Arvadı ilan vurmuş kimi dayanır. Əlindəki boxçanı yerə çırpır, boxçadaki yemək dağılır.
73. NAT. YURD YERİ. AXŞAMÇAĞI
Ulu Çölçü dəvədən enir… bir – iki addım atıb dayanır, ( onun arxasındakı dəvə daxmaya tərəf baxır ) indi hər ikisinin gözündə eyni ifadə var: nə baş verdiyini başa düşmürlər.
Daxmanın qapısı açıqdı… ocaq yanmır.
Ulu Çölçü daxmaya tərəf gedir… qapıya çatıb, içəri boylanır.
74. İNT. DAXMA. AXŞAMÇAĞI
Sandığın qapağı açıqdı… kilim qırışıb, qapının ağzında güllü şal
düşüb – qalıb.
75. NAT. ANADƏVƏ PİRİ. GECƏ
… və ulduzlar sayrışır…
… ay işıq saçır və…
Ay işığında apaydın görünən ANADƏVƏ PİRİ… dairəvi hasarının daşları yer – yerdən uçub – tökülüb, hasarın içərisindəki qol – budaqlı ağaç quruyub, ağacın altında qaralan hücrənin damı yatıb, Pirin ortasında ağ daşdan yonulmuş Anadəvənin iri bütü ağarır.
Pirin dəmir alaqapısı cırıltı ilə açılır… Çölçü Arvadı və Balaca Çölçü asta -asta içəri girirlər, ( Çölçü Arvadının əlində iri boxça var ) alaqapının ağzında dayanıb Anadəvəyə baxırlar.
Çölçü Arvadı gəlib Anadəvənin qarşısında diz çökür… Balaca Çölçü
çəkinə – çəkinə yaxınlaşıb, onun yanında dayanır.
Çölçü Arvadı boxçasından nəsə çıxardır… onu aramla yerə qoyur.
Yerdəki yaşıl rəngli əskiyə uzanan qadın əli… onun hər ucunu bir səmtə açır, əskinin içində bir tikə çörək və duz var.
Çölçünün Arvadı duzu çörəyin üstünə səpir… dua edirmiş kimi nəsə mızıldanır.
ÇÖLÇÜNÜN ARVADI
( hıçqıra-hıçqıra )
Anadəvə!.. And içirəm!.. Bax, bu duz, bu da çörək… Bu duz çörəyə and içirəm, bu uşaq Çölçünün balasıdı!..
Çölçünün Arvadı hönkürür… duz – çörəyi öpüb, yaş süzülən gözlərinin üstə qoyur, ( lap yaxınlıqda dəvə tınxırır ) o içini çəkib diksinir və səs gələn tərəfə çevrilir.
Alçaq hasarın arxasında boynunu qovzamış dəvə göyşəyir… dəvənin belində oturmuş Ulu Çölçü alt dodağını gəmirir.
Çölçü Arvadı tələm – tələsik əskini yerdən götürüb boxçaya dürtür… uşağın əlindən tutub alaqapıdan çıxır.
Alaqapının yanında dayanmış dəvə bozlayır… onun üstündə heç kəs yoxdu.
Ay işığının alatorağınında çölə tərəf gedən Ulu Çölçü… o, arxasına baxmadan gedir.
Dəvənin yedəyini çəkə – çəkə onun arxasınca addımlayan Balaca Çölçü tələsir… dəvə ləngər vura – vura irəliləyir.
Çölçünün Arvadı göz yaşını silə – silə gəlir… gəlib dəvəyə çatır.
Ay işığında apaydın görünən Anadəvə Piri… hasarın içərisindəki qurumuş ağacın olmayan yarpaqları xışıldayır, pirin ortasında ağ daşdan yonulmuş Anadəvə bütünün ətrafında işıldaquşlar uçuşur.
… və qatar təkərləri taqqıldayır…
… fit səsi eşidilir və…
Uzaqdan görünən qatar… qatarın gür işığı çölü aydınlaşdırır.
Ulu Çölçü çevrilir… Balaca Çölçünü qucağına alıb dəvəyə mindirir, keçib dəvənin yedəyindən yapışır, Çölçü Arvadı qaça-qaça gəlib ona sığınır…
… və hər şey donur…
… bu da son və…
Bu donuq mənzərə son ola bilərdi, çünki elə burdaca bu poetik hekayət bitir, amma, gözlərimiz qarşısında uzun müddət canlanacaq bu mənzərə, bizə hələ, çox şeyləri xatırladacaq.
SON