İNDİ OXUYUR
Coker: Gözüyaşlı qəhqəhələr

Coker: Gözüyaşlı qəhqəhələr

Biz insan varlığının mahiyyəti, onun zəif və güclü tərəfləri, onun psixo-fiziki vəziyyəti və onun Ali “Mən”i haqqında nadir hallarda düşünürük. 

İzinli səddi və ya qadağan edilmiş həddi keçməyə insanı vadar edən nədir? İnsanın özü-özünü kiçicik xatirə belə qoyub getmədən unutdura bilmək, eyni zamanda özünün və cəmiyyətin gözündə fövqəlinsana çevrilərək “göylərə ucalmaq” xüsusiyyəti var.

İnsan, mahiyyəti etibarilə dünyaya gələrkən ya əsilzadə nəslinə aid olur, ya da sadə bir ailəyə. Və o qədər də vacib deyil ki, bu karma, tale kodu onun genlərində bərqərar olub, ya yox, çünki mütləqlik bütün yolverilən anlayış və meyarların zəminində var. Tarixdə zirvədəkilərin, həmçinin, yüksək mövqelərə çatmış ortababların zaman keçdikcə aşağı pilləyə enmələrinə aid nümunələr az deyil. Dində bu barədə birbaşa xatırlatma qeyd olunub: “Sonuncular birinci, birincilər isə sonuncu olacaqlar”. İlahi çevrilmənin bu modeli günlərimizədək gəlib-çatıb və bu daim mövcud olacaq. Təbiətcə yox, mahiyyətcə insan ya şahdır, ya da təlxək! Adəm oğlu ya fövqəlinsandır, ya da yeraltı dünyadan yer üzünə qalxmış Cokerdir!

2019-cu ildə rejissor Tod Filipsin (ssenari həmmüəllifi: Skott Silver) yazdığı və çəkdiyi psixoloji triller “Coker” prokata çıxdı. Filmin süjetini “DC Comics” şirkətinin komikslərindən tanınan, Betmenin antaqonisti Cokerin ilkin hekayəti təşkil edir.


Hoakin Feniksin qəhrəmanı (Coker) Artur Flek, uğursuz stendap-komik, işdən çıxarılmış kloun və psixi cəhətdən qeyri-sağlam adamdır. Qeyd etmək lazımdır ki, Artur Fleki yersiz məqamlarda qeyri-ixtiyari gülməyə məcbur edən xəstəlik – psevdobulbar sindromudur (РВА). Bu, emosional pozğunluğun bir növü olub nəzarətdən çıxmış gülüş və ya ağlamaq tutmaları şəklində özünü büruzə verir və mütləq şəkildə nevroloji xəstəliklərlə əlaqəli olur. 

Filmin reallığı bizi 1981-ci ilin Qotem-Sitisinə aparır. Uğursuz komik Artur, xəstə anası Penni ilə yaşayır. Arturun kumiri populyar teleaparıcı Mürrey Franklindir (Robert de Niro), anası ilə birlikdə hər gün onun axşam şousuna baxır. Günləri bir-birindən fərqlənməyən həyatını sürərkən o, qonşusu, tənha ana Sofi ilə rastlaşır və onlar görüşməyə başlayırlar. Filmin konsepsiyası prinsipcə orijinallığı ilə fərqlənməyərək dramaturji ssenarini əsaslandırılmış düyündən qurtulma məqamında açır. 

Artur, kloun həmkarı Rendaldan tapança alaraq metroda bir qıza davamlı şəkildə sataşan və arada diqqətlərini Artura yönəldib onu ələ salan üç sərxoş kişini qətlə yetirir. Həmin vaxtda Qotemin meri, milyarder Tomas Veyn bu qətl hadisəsini pisləyir. Aydın olur ki, öldürülənlər onun korporasiyasının menecerləridir. Veyn, uğurlu adamlara paxıllıq edənləri “kloun” adlandırır və onun sözləri kütləvi etirazlara səbəb olur. 

Cəmiyyətin özü və sosial şərait, vətəndaşı sosiopata, sosial cəhətdən ətrafdakı insanlar üçün uyğunsuz təlxəyə, reallığı rədd edib nifrətlə yanaşdığı təlxəyə çevirir. Əbəs yerə deyil ki, Mürrey Franklinin klounların hərəkatı haqqında qıcıqlandırıcı sualına cavab olaraq Artur, siyasi partiyalara, fraksiya və hərəkatlara işarə edərək ikimənali cavab verir: “Mən kloun deyiləm ki özümün hərəkatım olsun”.


Arturun heç cürə idarə edə bilmədiyi gülüş, yaradılışın qaçılmazlıgını qəhqəhə atəşinə tutmaqdır, mükəmməllikdən uzaq cəmiyyətə isterik ismarışdır, bu həm gülüşdür, həm də insan həyatı üstündə acı bir ağlaşmadır. Qeyri-sabit, müvəqqəti, dayanıqsız insan həyatı üstündə! Bu sosial həyatın sərt şəraitilə barışmaz mövqedə olan hər bir sadə bəşər övladının honkürtüsüdür! 

Filmdə və “Coker”in süjetində hər şey qəribə və uydurma, gerçəkləşməyəcək xəyal və fantaziya təsirindədir: Penni, Arturun doğma anası deyilmiş, onu sadəcə olaraq oğulluğa götürübmüş; Arturun doğma atası hesab etdiyi Tomas Veyn, əslində, heç də onun atası deyilmiş, Penninin xəstə təfəkkürünün qavrayışı imiş. Arturun sanki görüşdüyü Sofi də Arturun təsəvvürününn məhsulu imiş.  

Bütün bu fərz edilən efemer faktlar reallığın pərdəsi arxasında qalır. Hətta Mürrey Franklinin sou-proqramı da reallıqdan uzaq, qeyri-şüuri karnaval, kütləni azdıran, məchulluğa aparan verilişlər silsiləsinin fırlanğıcı kimi görünür. Filmdə real və fəaliyyətdə olan təzahür, sosial təminat proqramlarının böhranı səbəbindən etiraz edənlər və özünün empirik təfəkkürü ilə Arturun özüdür! 

Coker şərti reallıqda yalnız özü üçün və eyni zamanda, özündən kənarda yaşayır. Onun dünyası “mənim” və “sizin”, “özümün” və “özgənin” hücrələrinə bölünüb. Hegel varlıq haqqında fikir yürüdərkən, varlığın, ilk növbədə, geniş məkanlı olduğunu, daxili və zahiri xassə daşıdığını deyir, buna görə onun dünyasında hər şey “özümdə”, “özümdən kənar”, “özüm üçün”, “başqası üçün” anlayışları mövcuddur, “özünün qeyrisini” ehtimal edir və onunla münasibət qurur.

“Əvvəl” və “sonra” kəlmələri nadir hallarda işlənir, amma onlarda ilk növbədə, məkan geniş sahəli məzmun daşıyır və yalnız ikinci növbədə müvəqqəti. Və yalnız genişməkanlılıqla özünü doğrultmur, həm də Hegel mütləq idealizminin “İdeya hər şeydir” nöqteyi-nəzərincə bərqərar olur.

Artur Flek burada kontekstdən kənardır, onun Cokeri ədalətli, mütləq idealizmin özüdür. Artur Flek ilkin anlayışda qəbul edilmiş zalım biri deyil. O, cəmiyyətin əlində çıxılmaz vəziyyətdə işə saldığı qisas alətidir sadəcə. Arturun özünü doğuran və onun ədalətli cəza marşrutunu çəkən də həmin bu cəmiyyətdir. Bu yolda bütün kiçik “qəddarlıqlar” və “çətinliklər” onun Yüksək İdealları qarşısında solğunlaşır! 


Hegel “Ruhun fenomenologiyası’ əsərində yazır: “Əgər Şərlə Xeyir eyni nəsnədirsə, onda məhz Şər heç də Şər deyildir, Xeyir isə Seyir deyildir, biri, digərinin əksidir”.

Buradan belə çıxır ki, cəmiyyətin Xeyir və Şər haqqındakı təsəvvürü etika adlanır. Etika, filmdə bu iki anlayış – Xeyirlə Şər arasındakı fərqi müəyyənləşdirməyə imkan verir.

“Coker” filmi Xeyir və Şərdən bəhs edən filmdir, buradakı qəhrəman günaha batmaq və mənəvi parçalanma kimi ilkin zəmində estetika və konstruksiyanı özündə daşımır. Buradakı Şər ilkin xassəli dəlisovluq, klounada və paranoya rolunda çıxış edir və bütün bu xassələr, cəmiyyəti kütlə halına salan hakimiyyətin Yüksək Sosial İnstitutunun xislətindədir. Onlar xalqa yalnız sədəqə və sosial müavinətlər rica etməyə izin verirlər, sanki bütöv bir xalq böyük bir manejdəki təlxək və dilənçilərdən ibarətdir. Artur kimi daim iqtidar sahiblərindən asılı olmaq, zəruri dava-dərmandan məhrumluq deməkdir.

Filmin əvvəlində Artur küçə xuliqanlarının hücumuna, daha sonra, metroda üç nəfərin aşağılayıcı davranışına və uydurma ata-merin şilləsinə məruz qalır, psixi-mənəvi tərkib hissəsi ilə heyrətamiz metamorfoz oyunu sərgiləyir. Artur əzəldən və birmənalı şəkildə xeyirxah kloundur, onun hər kəsə aydın olmayan qara yumoru, zərif qəlbinin və təbiətinin sübutudur. Heç də əbəs deyil ki, rejissor onun mahiyyətini uşaqların dünyası ilə müqayisə edir, orada Artur sevimli balaca varlıqlar qarşısında müxtəlif oyunlar göstərir. Və bu da aşkardır ki, onda cinayət özəyi yoxdur, çünki onun daxilində psixikası şikəst edilmiş balaca uşaq oturub. Filmin əsas xüsusiyyəti, Xeyirin Şərə qarşı mübarizəyə qalxması və ən əsası, bu mübarizədə Şərin tərzindən və qaydalarından istifadə etməsidir.  

Arturun anasını öldürməsi, özündə Edip kompleksinin gizli formasını saxlayır. Anası və onunla birlikdə yaşayan, uşaq vaxtı onu döyən kişi tərəfindən tərbiyə edilən Arturda bu adam bəhsə girmək hissi oyadır və bu, rəqabət hissi kimi qavranılır. Balaca arturun 3-5 yaşlarında döyülməsi ilə psixoseksual inkisafı eyni vaxta düşür. Və dolayı yolla mühüm, hələ anlamadığı seksual cazibə onu anasının qucağına ataraq yamandan-yaxşıya yönəlmiş əks-effekt doğurur.Şərdən Xeyirə üz tutmuş sublimasiya effekti.


Artur, anasının Tomas Veynə yazdığı məktubu əldə edib oxuyur. Məktubdan məlum olur ki, Artur, Tomas Veynin nikahdankənar doğulmuş oğludur. Artur, anasını həqiqəti gizlətdiyinə görə qınayır. Əvvəlcə eşikağası Toması inandırır ki, Penni psixi xəstədir və hər şeyi uydurub. Özünü xidmət personalının nümayəndəsi kimi təqdim edərək (burada yenə də başqa bir “Mən”ə, bir qeyrisinə çevrilmə qanunu işə düşüb), Artur Veyn-Hollun binasına daxil olub Tomas Veynlə görüşür və o eşikağasının mülahizəsini təsdiq edib deyir ki, Penni sayıqlayır, əslində Artur onun doğma oğlu deyil. Və Artur “Arkhem” xəstəxanasının sənədlərini araşdırıb öyrənir ki, Penni onu oğulluğa götürüb. O, özünü xəstəxanaya, Penninin yanına çatdırır və yastıqla onu boğub öldürür.  

Bu qətlin əsas səbəbi, Arturun, yetimliyi aydın dərketmə və gələcəyin məchulluğu qarşısındakı fobiyasıdır. İndi o, heçlikdən boy atmiş nəhəng daş divarın qarşısında dayanıb. Divarın o biri üzü, həyat adlanan labirintə aparan yoldur. Necə deyərlər, divara dirənmiş perspektiv və hələ öyrənilməmiş böyük dünya qarşısında qorxu.  

Rejissor Todd Fillips “Coker”də təhrif edilmiş, patoloji reallığa, saxta gerçəkliyə və super irrasionallığa metodoloji mərc kimi yanaşır, bu isə filmə qavrayış üçün psixoloji cəhətdən ağır çəkili mətləb səciyyəsi verir. Hoakin Feniks “Coker” filmindəki roldan ötrü özünü 52 kiloya kimi arıqladıb ki, görünüşü “ideal zalım” görünüşünə tam uyğun olsun.

Bir qədər “təlxək” sözünün etimologiyasının ilkin mənasından bəhs edək. Dəqiq məlumdur ki, “təlxək” və “Coker” böyük məna etibarilə aralarında fərq olmayan sinonimlərdir.  

Ənənəvi olaraq, təlxək, qotazlı papaqla təsvir olunur. Papağın üç uzun ucluğu ulağın qulaqlarını və quyruğunu simvolizə edir – erkən Orta Əsrlər dövrünün “Ulaq mərasimlərinin” və Roma Saturnaliyalarının karnaval kostyumlarının atributu. Təlxəyin əlində çox zaman cingildəyən oyuncaq olur. Bu ləvazimatdan təlxəklər hələ qədim Roma dövründən bəri istifadə edirdilər. Rusiyada da təlxəklərin əsas atributu noxudlu çubuq olub. 

Hələ Böyük Pliniy ellinist çarı I Ptolomeyin sarayındakı təlxəkdən bəhs edir. Bununla belə, “təlxək”, əsasən, Avropa Orta əsrlər dövrü ilə əlaqələndirilir. Təlxək kralın rəmzi əkizi idi. Təlxəyin hüquqları daha üstün idi, zarafat adı altında o, başqalarının dilə gətirməyə ixtiyarı çatmayan mətləblərdən bəhs edə bilərdi. Bir qayda olaraq, təlxəyin toxunulmazlıq hüququ var idi. Təlxəyi sərt qaydada cəzalandırmaq və ya edam etmək yolverilməz davranış tərzi sayılırdı (amma belə hallar az da olsa baş verirdi). 

Orta əsrlər Avropasında söz azadlığı olmadığı üçün zadəganlar, kralı açıq tənqid edə bilmirdilər, kral isə nüfuzlu zadəganlara heç də həmişə nəyisə irad tuta bilmirdi. Bütün bunları onların əvəzinə təlxəklər edirdilər. Əksər hallarda təlxəyin dilindən çıxan tənqid və iradlar pərdələnmiş şəkildə səslənirdi. Və əgər təlxəklər hədlərini aşırdılarsa, zadəganları deyil, təlxəkləri cəzalandırırdılar. Təlxəklərin qıvrılmaları və boşboğazlıqları vasitəsilə Orta Əsrlər elitasının nümayəndələri bir-birinin və kralın diqqətinə iradlarını, tənqidlərini, şikayətlərini və ya xüsusi riskli xarakterə malik təklif və ideyalarını çatdırırdılar.  

Rusiyada təlxəkliyin qədim ənənələri var. Rusların Səfeh İvan (ingiliscə Fool Joker) adlı məşhur qəhrəmanı əksər süjetlərdə nəsə sirli bir bilgiyə malik olması ilə çara qarşı qoyulur. Bəzi tədqiqatçılar Orta Əsr təlxəklərini qədim ənənələrin və sirli biliklərin daşıyıcısı kimi nəzərdən keçirirlər. Qədim Rusiyada yarmarka təlxəkləri – skomoroxlar da (məsxərəçilər) olub. (məsələn, A.Tarkovskinin 1966-cı ildə çəkdiyi “Andrey Rublyov” ekran əsərində Rolan Bıkovun canlandırdığı məsxərəçi obrazı belə təlxəklərə aiddir). Rus ənənəvi leksikonunda “şeytan” (qara qüvvə) sözünü “təlxək” kəlməsi əvəz edir.  

Rəngkarlıqda İeronim Bosxun 1495-1500-cü illərə aid olan “Axmaqlar gəmisi” dahiyanə əsəri məlumdur. Bu tablo Luvrda sərgilənir. Rəsm başdan-ayağa kəskin sosial və siyasi satiradan ibarətdir, bu, tablonun adından da görünür: «Narrenschiff» («Narr» – axmaq, təlxək). rəsmin qəhrəmanlarından biri olan təlxək, günahları, mənəviyyatsızlıqları başlarından aşan insanlarla dolu gəminin arxa hissəsində tək-tənha oturub.  

Maraqlıdır ki, oyun kartlarının standart dəstində təlxək bir rəmz olaraq iki Coker şəklindədir. Təlxək təsvirli bu kartlar oyunçunun istəyi ilə kombinasiya təşkil edib istənilən digər bir kartı əvəz edə bilər.

Salvador Dali bir kəlamı özünün həyat devizinə çevirmişdi. Maraqlıdır ki, həmin kəlam “Coker” filminin konsepsiyasını xüsusi dəqiqliklə vurğulayır: “Əgər mudrikləşməyi arzulayan bu qədər təlxək varsa, Müdrik niyə Təlxək olmasın ki?”.

“Coker”i dəfələrlə seyr etmədən “İlin ən yaxşı filmi” nominasiyasında “Oskar”a layiq görülmədiyinə heyrətlənməmək mümkün deyil! Əvəzində, Hoakin Feniksin dəliliyin təcəssümü, mənəvi deqradasiya və təbii etibarlılıqla hörülmüş oyununun obraza girmək bacarığı sərgiləyən nöqsansız aktyorluq istedadı və bacarığına hədsiz heyranlıq hissi tamaşaçını tərk etmir. 


2020-ci ildə “Coker” “Ən yaxşı kişi roluna görə” “Oskar”a, BAFTA mükafatına, “Dramatik obrazın ən yaxşı kişi roluna görə” “Qızıl qlobus”a, ABŞ kinoaktyorlar gildiyasının mükafatına, “Tənqidçilərin seçimi” mükafatına və “İnsan həyatına etinasızlıq və ictimai mülkiyyətə etinadsızlığına görə” “Qızıl moruq” mükafatına layiq görülür. 

Əlavə edək ki, tənqidçilərin neytral rəylərinə baxmayaraq, film çoxlu sayda mükafat qazanıb. “Oskar”ın 92-ci təqdimetmə mərasimində “Coker” ümumi hesabla on bir nominasiya üzrə namizədlər sırasında idi. Bunlara “Ən yaxşı film” və “Ən yaxşı rejissor işi” kateqoriyaları daxil idi ki, film bunlardan yalnız ikisində qalibiyyətə yetə bildi. Bir daha təkrar edək ki, Hoakin Feniks “Oskar”a “Ən yaxşı kişi rolu” nominasiyasında layiq görülüb. Filmin bəstəkarı Hildur Qudnadouttir isə müvafiq olaraq “Ən yaxşı musiqiyə görə” nominasiyasında bu mükafatı qazanıb. Dəqiq statistika naminə qeyd edək ki, mükafat və nominasiyaların ümumi sayı 228 nominasiyada 73 mükafatdan ibarətdir. 


“Coker”in siyasi sətiraltı mənası və ümumbəşəri ismarışı filmin əvvəlindən sonunadək qüvvədə qalır və beləliklə, ekran əsərinin həyat qüvvəsinin zahiri qatına nüfuz etmək effekti doğurur. Faktura, musiqi duyumu, rəqəmsal təsvir, kostyumlar – hamısı bir harmoniyada, kinotəzahürün quruluşunda və yekcins olmayan kino dilində vəhdət daşıyır. 

Bununla yanaşı, rejissor yanaşması unikal, əsas qəhrəmanın oyunu isə universaldır. Todd Fillips bir mərkəzi xətti əsas götürərək kontekstdən kənara çıxmır və tamaşaçını azdıracaq, yaxud, son dərəcə məyus edəcək nəyəsə yol vermir. “Oskar” rəhbərliyi və komitəsi “Coker”ə “İlin ən yaxşı filmi” mükafatını verməkdən ədalətsizcəsinə vaz keçir. Səbəb aydındır: fərqli düşüncə, küfr, həqiqət carçısı olması – o həqiqət ki, çarmıxa çəkilməkdən yayınmaq üçün onu ört-basdır etmək lazımdır və ümumbəşəri dəyərləri beyinlərdə darmadağın etməsi, hətta belə «iddiasız» filmlə olsa da. Buna görə də Todd Fillips, yığdığı xalları və nail olduğu mövqeyi əldən vermək fikrində olmayaraq, 2024-cü ildə Hoakin Feniks və Ledi Qaqanın iştirakilə filminin davamını, “Coker:  İki nəfər üçün çılğınlıq” ekran işini çəkir.

Todd Fillipsin filmi qəddar, ədalətsiz, çirkaba bələnmiş və kinli cəmiyyətə qarşı şəxsiyyətin qiyamıdır. Rejissor, ədalət uğrunda mübarizəyə qalxdığı üçün onun şəxsiyyətinin ruhuna bəraət qazandırmaq istəyi çox güclüdür və buna görə də bədxah Tomas Veyn və onun xanımı Marta qətlə yetirilir, oğulları Brüsə isə toxunulmur. Bu hadisə, onlar kinoteatrdan çıxıb Hotemin narahat küçələri ilə keçib sakit bir döngəyə burulanda baş verir; orada onlar kloun maskasında olan etirazçılardan birinə tuş gəlirlər, bu etirazçı həm də “Coker”in davamçılarındandır.

Və kinoideyanın dahiyanə transformasiyası baş verir – indi Hotemin lideri “Coker” kimi tanıdığımız Artur Flekin özüdür – o, avtomobilin kapotunun üstündə rəqs edərək dünyaya bəyan edir ki, tezliklə bədbəxtliklərdən və zülmdən qurtulacaq, eyni zamanda, o özü də Xeyir naminə Şəri seçərək başqalarının bəxtiyarlığı uğrunda öz xoşbəxtliyini qurban verir. Və bu zaman Coker, üzündə qanla təbəssüm şəkli çəkərək “budur, qan bahasına qazanılmış təbəssüm belə olur!” ismarışını bəyan edir.


Əbəs yerə deyil ki, “Coker”in ilk dəqiqələri Artur Flekin, onu müalicə edən psixiatrın qarşısında oturduğu epizodla başlayır. Bir-birinə bənzəyən yeknəsəq suallar adamı sakitləşdirir və yuxu təlqin edir. Həkim burada məsələnin kökünü açmağa çalışan müstəntiq rolunda çıxış edərək, bu rola xas olan pasiyentin ayıq-sayıqlığını zəiflətmək metodunu işə salır, bu metod isə Arturun xəstəliyinin vəziyyəti haqqında hesabatdan daha çox, müvafiq nəticəli ehtirassız istintaqa bənzəyir. Psixiatr/pasiyent, mütləq qaydada ekran işinin konstruksiyasına xidmət edir, bu konstruksiyada isə süjetin ssenari ilə məqsədli yekdilliyi, heç bir iddialılıq, mübaliğə, pafos yoxdur. Və əbəs deyil ki, film psixiatrın kabinetində başladığı kimi orada da başa çatır. Belə sonluq Hotemin bütün sakinlərinin ictimai-psixoloji vəziyyətini daim əlində saxlayaraq geniş əhatəli nəzarətçi missiyasını yerinə yetirən həkimin yaranmış vəziyyət üzərində tətbiqi yolverilməz olan nəzarəti kimi nəzərdən keçirilə bilər.

Filmin son kadrlarında psixiatrı öldürən Artur (qətl səhnəsi bilərəkdən tamaşaçı üçün məxfi saxlanılır, çünki bu gözəgörünməz Şər qüvvə ilə, naməlum məxluqla, məfhumla mubarizədir), bütün məlum sahələrdə artıq çoxdan çürümüş bürokratiya və süründürməçilik sisteminin kökünü kəsir. 

Sonda Arturu ələ salıb “Coker” adlandırmaqdan ötrü dəvət edən Mürrey Franklinin populyar axşam tok-şousundakı gözlənilməz və şokedici səhnə haqqında qeydi əlavə etmək və xatırlatmaq istəyirəm. Bu şou-proqram, əslində, həyatımızın şousudur və bu günədək bütün dünyada davam edir. Bu şou özündə psixoloji qidanın yeridilməsini, daha doğrusu, tullantıların şüurumuza yerləşdirilməsini ehtiva edir ki bu da kütləvi təfəkkürün çirkabla yuyulmasından başqa bir şey deyil. 

Auditoriyadaki tamaşaçılar Mürreyin Artura ünvanlanmış zarafatlarına gülürlər. Artur isə Qoqolun “Müfəttiş” komediyasındaki şəhər valisi kimi zala səslənmək istəyir: “Nəyə gülürsünüz? Özünüzə gülürsünüz!”. Lakin “Coker” daha əvvəl düşünülmüş intihardan Mürreyin öldürülməsindək heyrətamiz ikili gediş edir və elə buradaca növbəti pis adamı öldürərək milyonların xilası naminə cəmiyyəti murdarlıqdan, günah və özbaşınalıqdan xilas edir, təntənəli şəkildə teletamaşaçılara şounun sloqanı ilə üz tutub deyir: “Həyat belədir”. Həyatda isə, kinoda olduğu kimi Xeyir Şərə mütləq qalib gəlməlidir!

Elçin Əsədov / Tərcümə: Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya