İNDİ OXUYUR
Cənnətdən qovulanlar

Cənnətdən qovulanlar

Bir zamanlar Anadoluda” filmi haqqında

Çox uzaq-uzaq zamanlarda, lap elə əntiq dövrlərdə, hər şeyin təzə olduğu vaxtlarda mövzular da bakirə idi. Düşünmək olardı ki, ədəbiyyatda yalnız təzə mövzular, təzə süjetlərlə də uğur qazanmaq olar. Lakin hər şeyin təzə olduğu o vaxtlarda da forma, necəlik önəmli idi. Bu necəlik necə dərinlərdə gizlənibsə, min illərdir axtarılır, tapılır,  ədəbiyyat, kino, teatr, rəsm, musiqi  rəflərinə yığılır; şairlər, yazıçılar, bəstəkarlar, dramaturqlar, rəssamlar, rejissorlar, aktyorlar tanıtdırır, məşhuri-cahan edir, amma bitib tükənmək də bilmir. Bu üzdən “necə” sualı çox vacibdir; peşəkarlıq məsələsidir. “Bir zamanlar Anadoluda” filmində olduğu kimi…

“Bir zamanlar Anadoluda” filmindən kadr

 Bəri başdan deyək ki, Nuri Bilgə Ceylanın bu filmi ifadə tərzi etibarilə əvvəlkilərdən fərqlənir. Əlbəttə, naturada çəkilmiş uzun, musiqisiz kadrlar Nuri Bilgənin üslubudur, amma “Bir zamanlar Anadoluda”, aktyorun üzərinə əvvəlkilərdən daha artıq bir vəzifə qoyub. Aktyor, təbii oyunla yanaşı,  iştirak etdiyi, amma ona bir o qədər də dəxli olmayan hadisədə qəhrəmanının bütün həyatını göstərməlidir. Qısası, hər aktyor bir film oynamalıdır; göründüyü qədər deyil, göründüyündən daha artığını deməlidir.

“Bir zamanlar Anadoluda”, başqa filmlərdən fərqli olaraq, tamaşaçıda “kino üçün oğurlanmış zaman” təəssüratı yaratmır. O öz təbii, həyati detalları, yüksək peşəkarlıqla çəkilmiş bütün uzun kadrları ilə “həyatdan kəsilib götürülmüş zaman” hissini aşılayır. “Bir zamanlar Anadoluda” – bir zaman kəsiyidir. Gecəyarısından başlamış, günorta saatlarınadək uzanan bir zaman… Gecə ilə səhər arasındakı o sehrli məqam, küləyin, gecənin, yağışın, ildırımın səsinin də qoşulduğu bir zaman…

Filmin baş qəhrəmanı məhkəmə ekspertizası həkimidir. Qatil, müstəntiq və polis əməkdaşları ilə birlikdə üç avtomobilə doluşub, qətlə yetirilmiş adamın basdırıldığı yeri axtarırlar. Arada yemək və isinmək üçün tanış kənddə bir muxtara qonaq olurlar. Qayıdarkən qatil, meyiti basdırdığı yeri göstərir. Cəsədi çıxarıb torpaqdan təmizləyir, protokollaşdırırlar. Soyuqqanlılıqla.  Diqqətli tamaşaçısa film boyunca  onların – həkimin, müstəntiqin, rəisin – həyatında “qazıntı” aparır, «torpaqdan təmizləyir», onların necə canlı meyit olduğunu görür.

 «Bir zamanlar Anadoluda» həyatın özü kimi təsadüfi detalların çoxluğu ilə uzanır, amma elə həyatın özü kimi burada da təsadüfi heç nə yoxdur. Detallar çox sadə və təbiidir, söhbətlər canlıdır. O qədər canlı ki, elə bil o adamlara qoşulub qatilin meyiti basdırdığı yerləri gəzirsən, söhbətlərdə iştirak edirsən. Məsələn, yol boyu maşındakılar polis rəisi ilə hansı pendirin daha dadlı olması barədə mübahisə edirlər. Qatili də öz aralarında oturdublar, onu bu doğma isti söhbətlərdən kənarlaşdırmayıblar. Onları bu qatillə fərq qoymadan, özlərindən biri, hətta doğma bir adam kimi davranmağa məcbur edən nədir? Belələrini çox görmələrimi? Bəlkə onlar da cəza çəkirlər? Bəlkə bu cəza çəkmək məqamında onlar qatillə bir müstəvidədirlər?

“Bir zamanlar Anadoluda” filmindən kadr

 Filmi həyatdan götürülmüş bir parçaya oxşadan bir cəhət daha var – musiqi yoxdur. Əhvalatın, daha doğrusu, əhvalatların stixiyasını tutmaq üçün külək, ağacların xışıltısı, su səsi, yarpaqların uçması bəs edir. Sanki rejissor hər hansı bir detalı, məsələn, almaların çaya yuvarlanmasını, meyitin qanının həkimin üzünə sıçramasını hansısa bir fikrə xidmət etmək üçün seçib ssenariyə salmayıb, sanki o almalar qadın əməli, Həvvadan qalan günah və cəza rəmzi kimi seçilməyib, sadəcə, küləyin dığırlatdığı almaların gözəlliyinə vurulub. Onu çəkmədən keçə bilməyib. Oysa…

Müstəntiq həkimə bir əhvalat danışır: Gözəl bir qadın hamiləykən ərinə sözarası “mən filan tarixdə öləcəyəm” deyir və həqiqətən o tarixdə, uşağı doğulandan sonra körpəsini əzizləyir, yerinə qoyur və “artıq ölə bilərəm” deyib ölür. Bu qəribə əhvalatı danışan müstəntiq qadının ölüm səbəbini tapmadıqlarını söyləyir. Amma film boyunca qadının ərinin ona xəyanət etdiyini, qadının, əslində, intihar etdiyini və bu intiharıyla ərini – müstəntiqi əbədi cəzalandırdığını öyrənir tamaşaçı. Əbədi cəzaya məhkumlardan biri müstəntiqdir. Çaya yuvarlanan almalardan biri onundur.

Qatilin əhvalatısa tamam başqa bir filmdir. Qurbanı ilə yeyib-içərkən “o biricik oğlunun əsl atası mənəm” deyib guya kefli-kefli… Sonrası məlum — mübahisə və qətl. Amma işin əslinin bir az başqa cür olduğunu öyrənir tamaşaçı. Qatillə qadının baxışlarından öyrənir. Qatil – uşağın doğma atasıdır, bunu nəqd edir tamaşaçı; Uşaq daşla onun gözünə vurarkən, əslində, qatilin gözü yox, ürəyi yaralanır sanki.

Filmdəki kişiləri birləşdirən qadın amilidir — onların hamısı qadınlar tərəfindən cəzalandırılır. Film boyu qadın bir fəlsəfi obraz kimi kadrdan-kadra dolaşır. Arada kənd muxtarının evində lampa işığında ruh kimi zühur edir və dərin bir təəssürat buraxıb yox olur – “Bir zamanlar Anadoluda” deyilərkən xatırlanmaq üçün. Kişilərin qadından sonra nə qədər yetim qaldığını anlatmaq üçün…

QADIN bu filmin baş qəhrəmanı, ən yuxarı qütbüdür. Sevdiyi kişini – qatili də qadın cəzalandırır, (son kadrlarda qətldə onun əlinin olduğu aşkar bilinir), sevdiyi, ancaq ona xəyanət edən ərini – prokuroru da qadın cəzalandırır; öz müəmmalı ölümü ilə qisas alır. Həkimə də fotolardan baxan qadın cəza verir; bizə məlum olmayan hansısa səbəbdən həkimi buraxıb getmiş, onu tənhalıqla əbədi cəzalandırmış qadının şəkillərini görürük həkimin kompüterində. Bunu heç kim demir. Tərk edildiyini, yalnız buraxıldığını həkimin üzündən oxuyuruq.

   Bu əbədi cəzaları Tanrı yox, Qadın kəsir. «Bir zamanlar Anadoluda» filmində kişilər məzlum, susqun, cəzalı, əbədi məhkum və bədbəxtdirlər. Onlar qadından cəza alıb qadın adlanan cənnətdən qovulublar. Ona görə də filmin ortasında, qatilin ölünü basdırdığı ehtimal olunan yerdə, almalar su arxıyla çaya dığırlanır. Həvvanın, bu günah təhrikçisinin Adəmdən istədiyi alma – cəza predmeti, günah obyekti kimi yozulan meyvə – əzəli bir başlanğıcda- su arxında üzür, hərəkət edir, başqa almalara qoşulur. Yəni qatilin günahı üzə-üzə başqa günahlara və cəzalara (prokurorun, həkimin və s.) qovuşur.

Bir yerdə Nuri Bilgə açıq işarə verir:  həkim aralanıb bir təpə yaxınlığında işəyərkən ildırım bir flaş işığı kimi qayada yonulmuş nəhəng qadın sifətini – filmin ən əsas obrazını olan QADINI işıqlandırır. Bu iri ölçülü, nəhəng sirli sima həkim qədər Nuri Bilgəni də sarsıdır… Nuri Bilgəyə görə, qadın əzəli səbəbkardır, Həvvadan bəri zərrəcə dəyişməyib, o, qorxmaq gərəkən varlıqdır, göründüyü qədər deyil, göründüyündən daha artıqdır.

Elə ona görə də filmdə qadın çox az gözə dəyir – cəmi dörd qadın görürük və onlardan heç biri bir kəlmə də danışmır: biri ruh kimi gələn, ağzından bir söz belə çıxmayan, bununla da küləyə, qaranlığa, zəif işığa bir az da sirr qatan (bir düşünün: “Coca-cola” içkisini bu ucqar cəhənnəmdə hardan tapır bu qadın?) qadındır, kənd muxtarının gözəlliyi ilə hamını heyrətə salan qızı Cəmilədir; o biri ölümü, daha doğrusu, həm də sanki prokuror üçün məxsusi müəmma qataraq hazırladığı intiharı ilə ondan intiqam alan, üzü görünməyən, haqqında “gözəllər gözəli” deyilən qadındır — prokurorun qadınıdır; üçüncüsü, qətlə yetirilən kişinin arvadıdır- kədər deyiləni adlamış, hadisələri seyrçi kimi ardıcıllığı itirmədən izləyən, bununla da qatillə əlbir olduğu ehtimal edilən susqun qadındır; sonuncu isə həkimin kompüterindəki şəkillərdən – o uzaq günlərdən baxan qadındır. Həkimin bu şəkillərdən başqa getməyə yeri yoxdur.

Əsas konflikti gizlidir “Bir zamanlar Anadoluda…” filminin. Qatili də, qurbanı da, hadisə yerini də ilk kadrlarda göstərəndə bəlli idi bu, zatən. Bəs konflikt haradadır? O yerdə ki, qadınlar susur, kişilər əzab çəkir – “Bir zamanlar Anadoluda”…

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya