İNDİ OXUYUR
Cənnətdəki cəhənnəm

Cənnətdəki cəhənnəm

Insan ölkəsini dəyişməklə məhkum olduğu həyatdan xilas ola bilər mi? Yazılışını bilmədiyimiz gözəliyi həyatımıza  daxil etmək mümkündürmü? İnsan doğulduğu ölkədən qaçmaqla taleyə qalib gələ bilər?

Qancığ sevgi (2000), 21 qram (2003), Vavilon (2006) və Bördmen (və ya Cahilliyin gözlənilməz fəziləti) (2014) kimi uğurlu filmləri çəkmiş Alexandro Qonzalez Iyaritunun dördüncü tammetrajlı filmi olan “Biutiful” da tamaşaçının diqqətini bu suallara yönəldir. Rejissor digər filmlərində olduğu kimi “Biutiful”da da yaşam tərzi, maddi sıxıntılar, şəhərin kənar küçələrindəki həyatlara fokuslanır. Filmin baş qəhrəmanı Uxbel, Barselonanın kənar məhəllərindən birində iki uşağı ilə yaşayır. Rejissor,  Uxbelin həyatını göstərməklə yanaşı, cənnət xəyalı ilə ölkələrindən Barselonaya gəlib cəhənnəmi yaşayan miqrantların həyatına da işıq salır. Uxbel bu insanlara kömək etmək məqsədilə qeyri-qanuni işlər tapsa da, bəzən bu yaxşılıq etmək istəyi uğursuzluq və ölümlə nəticələnir. Uxbelin həyat yoldaşı – Marambra ruhi xəstə olduğu üçün uşaqları ilə tək yaşayır və psixoloji problemləri ilə mübarizə aparır. O, miqrantların böyük ümidlərlə gəldiyi bu ölkənin qaranlıq üzünü bizə təqdim edir. Həyat qayəsi və maddi sıxıntıların içində boğulan insanların daxilən neçə parçalandığını və çökdüyünü təsvir edir. Bəzən tamamilə yaxşı bir insan və ana olur lakin bu vəziyyət müvəqqətidir, bir müddət sonra uşaqları ilə sərt davranan və ərinə xəyanət edən qadına çevrilir. Xəstəliyi ucbatından yaxşı və pis tərəfləri bir biri ilə kəsişir və bu mübarizədə özü və uşaqları arada qalır. Onun əksi olaraq Uxbel inanclı biridir, özündən və tanrıdan əmin bir şəkildə hərəkət edərək, tanrının ona verdiyi xüsusi güc ilə insanlara və ölülərə kömək edir. Ən azından çox zaman faciəyə səbəb olsa da, hərəkətləri bu düşüncə ilə başlayır. Uxbelin bir ay ömrü qaldığını anlaması ilə hadisələr düyünlənməyə başlayır. Artıq Uxbel sadəcə uşaqları üçün pul qazanmaq üçün yox, eyni zamanda onları əmanət edəcək birini tapmaq üçün də çalışmalıdır. Yeganə doğma adamı olan qardaşı ilə yalnız iş üçün görüşür. Tito, qardaşından fərqli olaraq miqrantlarla yox, onlardan gələn pulla maraqlanır. Onun həyatı pul və özündən ibarətdir, buna görə də Uxbeldən daha xoşbəxt və şanslıdır.


Ölkə Uxbel kimi miqrantlarla da xeyirxah davranmır. Çinlilər üçün gətirilən isidici onların sonu olur. Min bir xəyalla, əziyyətli yolla bu ölkəyə gələn insanlar son nəfəslərini köhnə bir yerdə qaz boğulmasından verirlər. Öz ölkələrinin onlara vermədiyi şansı başqa bir ölkədə də tapa bilmirlər. Təssüf ki filmdəki bu səhnələr bütün reallığı ilə bu gün də yaşanmağa davam edir. Daha yaxşı bir həyat ümidi ilə “cənnət” ölkələrinə gələn bu insanlar burada kapitalizmin qulu kimi çalışır və ölürlər. Çinlilər kimi qanunsuz çanta satan zəncilərin polis tərəfindən tutulma səhnəsi də dəhşətvericidir. Qaçmaqlarına və yıxılmaqlarına baxmayaraq, yollarda sürüklənərək həbs olunurlar. Eyni hadisə çinli ailənin tutulmasında da baş verir. Polislər bu insanlarla sanki ikinci irqmiş kimi vəhşicəsinə davranırlar. Filmdə həyatda qalmaq uğrunda mübarizə göstərilir və bu mübarizədə bir tərəfin faciəsi digəri üçün ümid olur. Igenin ərinin ölkəsinə göndərilməsi, Uxbelin uşaqları üçün yeni bir şans olur. Tamaşaçının Ige üçün ürəyi yansa da, digər tərəfdən Ana və Mateo üçün sevinir. Çünki, İge hər nə qədər sevdiyi adamdan ayrı düşmüş olsa da Ana və Mateo üçün yeni baxıcı ola bilər, həm də bu ölkədə oğlu üçün bir gələcək şansı var. Ananın doğum günündə  Uxbel uşaqları üçün onları qoruduğuna inandığı ya da ümid etdiyi  iki qara daş hədiyyə edir və qızının yanında vəfat edir. Filmin sonunda “görəsən İge onlara sona qədər baxacaqmı? Və ya qara kristallar onları həqiqətən qoruyurmu? suallarının cavabı yoxdur. Finalı rejissor tamaşaçıya həvalə edir.


Filmdə yaxşı ilə pis arasındakı fərq bəzən görünməz olur hətta Uxbelin uşaqları üçün verdiyi qara kristalların  bir-birinə son dərəcə oxşar növləri mövcuddur. Bəzi qara daşlar pislik və mənfi enerji gətirirsə, bəziləri bu enerjiləri uzaqlaşdırır. Yəni tamaşaçının xoşbəxt günlər üçün ölkəyə gələn miqrantlar kimi  ümid etməkdən başqa şansı yoxdur. Uxbel ölümündən sonra ilk səhnə yenidən təqdim olunur . Qarların arasında olan oğlan onun atası olduğunu bilərək izləyirik. Uxbel atasının üzünü realda xatırlamır, yalnız şəkillərdə və mumiyalanmış şəkildə yanmamışdan əvvəl görür. Filmboyu uşaqlarının onun üzünü unutmasından qorxur. Son nəfəsini isə qızının yanında verir. Atası ilə söhbətində gördüyümüz bayquş mifologiyada Xeyir və Şər kimi yozulur. Yunan mifologiyasına görə bilik və zəkanı təmsil edən bayquş Roma miflərində ölümə və bədliyə işarədir. Bu hekayədə isə bayquş Uxbelin özüdür, ilk səhnədə can verən, son səhnədə ölən bu quş filmboyu Uxbelin istəmədən səbəb olduğu faciələri, ölülərlə danışmaq bacarığını təmsil edir. Alverçi zəncilərlə polis arasındakı qaçış səhnəsində yol boyu sıralanan böyük mağazaları görürük. Bu mağazalar ekranı örtərək polislərdən qaçan insanları gizlədirlər. Kapitalizmin təsirinə inkar olaraq göstərilən bu səhnələrdə yol boyu bizi kafelər, mağazalar və onların əsiri olmuş ətrafındakı hadisələrə duyğusuz olan insanlar təsvir olunur. Həmçinin polislərin miqrantlara olan münasibəti də qəddardır. Həm alverlçilərə, həm də çinli miqrantlara onlar xüsusi qəddarlıq göstərirlər. Dövlət dairələrindəki rüşvətxorluğa da diqqət çəkilir. Uxbel işçilərə toxunmasınlar deyə polisə pul verir, həmin polisin “mənim də ailəm və baxmalı olduğum uşaqlarım var” sözləri ölkənin sadəcə miqrantlara yox, öz vətəndaşları üçün də ideal olmamasına işarə edir. Polislərin bu insanlara göstərdikləri qəddarlıqların, əslində, ölkələrinə olan  nifrətlərinin bu addımı atmağa vadar etdiyi anlaşılır. Kənardan cənnət kimi görünən bu ölkə hər halı ilə tanış olan polislər və ya arxa məhəllələrdə yaşayan vətandaşları üçün cəhəmnəmdən fərqlənmir. Bütün bunlar arasında çinli miqrantların sudan çıxarılmasının xəbərlərdə faciə kimi göstərilməsi də media riyakarlığına işarədir.


Gözəllik içində pisliklə yaşayan, filmboyu uşaqları üçün işləyən Uxbel rolunda Xavyer Bardem heyrətamiz oyun nümayiş etdirmişdir. Onun sakitliklə qarışıq faciəli üz ifadələrinə şahid oluruq. Bir çox səhnədə acizlik hissini müvəffəqiyyətlə tamaşaçıya çatdıra bilmişdir. Bardem bu filmdəki Uxbel roluna görə Oskar mükafatına layiq görülüb. Marisel Alvaresin Marambra rolunu da qeyd etmək mütləqdir. Filmdəki çirkinliyin ən təsirli təzahürü Uxbelin həyat yoldaşı Marambadır.


Marisel Alvares psixoloji problemləri olan narsisliyi, hirsi və özünü günahlandıran depressiv qadın rolunu uğurla ifa edir. Tamaşaçı Marambranı günahlandır bilmir və ona yazığı gəlir. Filmdə tamaşacıya gözəllik naminə heç nə göstərilmir. Bu məhəllədəki insanların həyatında heç bir gözəllik tam mənası ilə qüsursuz deyil. Eynilə Uxbelin yazılışını bilmədiyi “biutiful” kimi gözəllik tam mənası ilə doğru deyil. Rahat yaşaya bilməyəcəkləri bir ölkədə dünyaya gəlməsinə qarşı çıxaraq, bu insanlar başqa yerdə yaşamağa çalışırlar, amma bu mübarizə burada da bu insanları rahat buraxmır. Uxbelin ailəsi isə heç vaxt tamamlanmır, daim yemək yeyəkən süfrədə bir xaos yaşanır. Ailə fərdləri bir-birlərini sevsələr də bu sevgini tam mənası ilə yaşaya bilmirlər. Ayrılıqda yaxşı insan olan bu fərdlər masa arxasına toplandıqda gərgin atmosfer yerini xaosa verir, eynilə ölkənin vətandaşları ilə miqrantlar arasında baş verən gərginlik kimi. Marambra bu ailə üçün miqrant rolunu oynayır hər nə qədər həyatının bu hala düşməsində Uxbelin rolu olsa da, onun ailəyə geri dönmək cəhdləri qurulmuş vəziyyəti dağıdır.

Səkinəxanım Vəliyeva

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya