Cənnətdə vakansiya var!

Elio Petrinin 1971-ci ildə çəkdiyi “Fəhlə sinifi cənnətə gedir” bədii filmi, yəqin ki, ötən əsrin qaynar zavod-fabrik mühitini, ziddiyyətli fəhlə həyatını müşahidə edə biləcəyimiz ən uğurlu ekran işlərindən biridir. Film öz dövrünün inqilabçı atmosferini və Avropada kök salan kommunizm kabusunu çox səlis, dəqiq şəkildə tamaşaçıya çatdırır. Lakin filmin mahiyyətini başa düşmək, düzgün analiz edə bilmək üçün, 1960-cı illərdə İtaliyada fəhlələrin siyasi vəziyyətinin xronikasına nəzər yetirmək yerinə düşər.
Əvvəla, dünyanın hər yerində olduğu kimi 1960-cı illər italiyası da fəhlə tətilləri ilə, onların əldə etdiyi qısamüddətli iqtisadi-siyasi qələbələrlə, bir sözlə, zəhmətkeş xalqın qızıl dövrü kimi yadda qalıb. O zaman, ölkədəki bütün böyük zavodlarda (Michelin, FİAT) nəticəli və nəticəsiz yüzlərlə tətil baş tuturdu.
Tətil edən işçilərin sayı bəzən altı yüz min nəfərə qədər çatırdı. Əlbəttə, bir partiya və təşkilat tərəfindən idarə edilməyən və başsız qalan tətillər lazımi nəticəni vermirdi. İtalyan zəhmətkeşlər hələ də həmkarlar ittifaqına inanır, onların vasitəsilə kapitalistlərdən özləri üçün daha yaxşı şərtlər daxilində iş imkanı istəyirdilər. Lakin tarix italyan zəhmətkeşlərinə, gücün yalnız onların özündə, onların möhkəm birliyində olduğunu göstərdi…

İtaliya proletariatı Fransa təcrübəsindən faydalanaraq, meydana yeni və həvəsli bir oyunçunu gətirdi. Söhbət tələbələrdən gedir. Bunun nəticəsində, proletariat kapitalistlər ilə aralarındakı yumşaq körpü olan opportunist həmkarlar ittifaqını oyundan kənarlaşdırdı.
Yeni yaranmış fəhlə-tələbə cəbhəsi təzə bir siyasi mühit formalaşdırmış, lidersizlik şəraitində hər bir inqilabi fərdi prosesə eyni dərəcədə yaxınlaşdırmışdı.
1960-cı illərin sonunda italyan fəhlə hərəkatı özünün pik nöqtəsinə çatmış, beləliklə, “İsti payız müqaviləsi” ilə etirazlar sona çatmışdı. Təbii ki, fəhlə hərakatı artıq öz yolunu tapmış, bu yolun onları siyasi idarəni əllərinə alacaq kommunist dünyaya apardığını kəşf etmişdilər. Bir sözlə, işçi sinifi, onları cənnətə aparacaq ayəni oxumuşdular. İtalyan proletariat, sinfi şüuru dərindən mənimsəmişdi. Belə olan halda, kapitalistlər ciddi güzəştlərlə həmkarlar ittifaqını oyuna cəlb edərək, onların vasitəsilə işçilər arasındakı birliyi pozmağa başladılar.
Haqqında danışdığımız illər italyan proletariatı üçün təcrübə mərhələsi də sayıla bilər. Bu illər ərzində əldə olunan iqtisadi uğurlardan əlavə, əsas nailiyyət italyan işçilərinin həmkarlar ittifaqı ilə məsələni aydınlaşdırması olmuşdu. Zəhmətkeşlər artıq öz güclərinin fərqində idilər.
Gələk filmə və bizim zəhmətkeş Elio Petriyə. Kimdir bu Petri?
Daha çox siyasi məzmunlu filmləri ilə tanınan Elio Petri Romada fəhlə ailəsində dünyaya gəlmişdi. Siyasi səbəblərə görə məktəbdən qovulan Petri, buna baxmayaraq ali təhsil ala bilir. O, ədəbiyyat üzrə ixtisaslaşır. Təhsilini bitirdikdən sonra italyan kommunisti və İtaliya Kommunist Partiyasının təsisçisi Antoni Qramşinin əsasını qoyduğu “Birlik”qəzetində məqalələr yazır…

Daha sonra kinematoqrafiyaya istiqamətlənən Elio Petri “Qərb cəbhəsində təbəddülat yoxdur”, “Mülkiyyət artıq oğurluq deyil”, “Todo Modo” adlı siyasi məzmunlu bədii filmlər ərsəyə gətirir. Bununla da, o, özünü eyni zamanda bir ssenarist və rejissor kimi sübut edir. Onun şah əsəri isə haqqında yazdığım “Fəhlə sinifi cənnətə gedir” (1971) filmidir.
“Fəhlə sinifi cənnətə gedir” filmi, kəskin kino dili və dəqiq təsvirləri ilə kino ictimaiyyətinin diqqətini cəlb etmişdi. Buna görə film 1972-ci ildə Kann festivalında Qran-Priyə layiq görülmüşdü.
Filmdə Lulu ləqəbli Massa (Can Mariya Volonte) protaqonistdir. Biz onu proletariatın ümumiləşdirilmiş obrazı kimi görməliyik. Lulu zavodun ən çalışqan və zəhmətkeş işçisidir. Onun həyatda məqsədi, baxışı lümpen bir fəhlənin məqsədindən fərqlənmir. Ondan ötrü həyat yalnız işləməkdən və seks münasibətləri yaşamaqdan ibarətdir. Luluya görə həyatın mənası, ləzzəti qadınların ayaqları arasındadır. Ancaq problem odur ki, Lulu birgə yaşadığı qadından da həyatın ləzzətini ala bilmir. Səbəb isə Massanın ağır iş gününün yekununda evə ölgün, yorğun-arğın vəziyyətdə gəlməsindədir.

Lulunun bütün gücünü zavodda kapitalistlər istismar edir, onların mənfəəti üçün çalışan qəhrəmanın canında intim (özəl) həyatına enerjisi qalmır. Bunun əvəzində isə Lulu iş saatlarında maşın və dəzgahlarla “sekslə” məşğul olur. Nəticədə o, yavaş-yavaş dəzgahlara aşiq olur, bir növ robotlaşır və kapitalistin zavodu isə onun evinə çevrilir. Massa getdikcə geniş yayılmış bir burjua fikrinin təsirinə düşür: “Nə qədər çox çalışsan, o qədər çox qazanacaqsan”. İş yoldaşları isə Lulunu ələ salaraq, onun kapitalistin “dal yalayanı” adlandırır və ona deyirlər: “Lulu, evində yox, məhz burada, bu zavodda öləcəksən”.
İlk səhnələrdə Massa onlara gülür və vecinə almır. Özünü iş yoldaşları üçün nümünə sayır. Tez-tez “Ən çox mən qazanıram. Hər şey qaydasındadır” deyərək özünü mövqeyinə inandırır.
Əslində, rejissor müxtəlif epizodlarla Lulu və digər fəhlələrin siyasi mühitdən uzaq olmadığını göstərir. Həmin səhnələrdə maviyaxalı tələbələr hər gün səsgücləndiricilər və bildirişlər vasitəsilə fəhlələri kapitalistlərə qarşı mübarizəyə səsləyirlər. Fəhlələr hər səhər zavoda, siyasiləşmiş tələbə qruplarının şüarları altında daxil olurlar: “Bu gün sizin üçün bir də günəş görünməyəcək”, “Bu köləlikdir”, “Siz həbsxanaya gedirsiniz”.
Lakin şüarlar, tələbələrin alovlu nitqləri Luluya təsir göstərmir. Rejissor, qəhrəmanı apolitik, zavallı, siyasi şüurdan məhrum bir lümpen kimi göstərir. Massa proletariatin ilk dövrünü – proseslərdən kənarda qalmaq dövrünü yaşayır. Leninin “Nə etməli?” kitabında bu dövr marksist nəzəriyyənin yaranması və inkişafı kimi xarakterizə olunur və bu illər fəhlə sinifindən uzaqda keçir.

Tələbələr hər gün işçilərə çağırışlar etsələr də, bildirişlər paylasalar da, birbaşa ünsiyyətə keçsələr də, Lulu hələ zəncirlərinə bağlı kölə kimi yaşamağa və düşünməyə davam edir. Rejissor, qəhrəmanın aydınlanma prosesini bir qədər gec verir. Lulu, dəzgahda baş barmağını itirəndən sonra vəziyyəti abşa düşür. Bu hadisə, zavodlarda işçilərin nə ilə imtahana çəkildiyini əyani şəkildə göstərir – işçilər canları bahasına kapitalistlər üçün mənfəət, izafi dəyər yaradır. Barmağını, eşq yaşadığı dəzgahda itirən Lulu, çox qısa müddətdə proletariatın işlədiyi zavod daxilindəki avanqardına çevrilir. Onun siyasi aktivliyi o qədər artır ki, uğrunda barmağını qurban verdiyi kapitalist, Lulunu işdən qovur.
Bu hadisədən sonra Lulu dəyişmə prosesi yaşayır, siyasi çıxışlar edir, tələbələrlə danışıqlar aparır. O niyə bəzilərinin həyatda qalmaq üçün işləməli olduqları halda, bəzilərinin heç bir iş görmədən pul qazandıqları haqqında düşünür. Nəhayət, Lulu onun əməyinin qarşılığının heç bir kapitalist tərəfindən ədalətli şəkildə ödənməyəcəyini başa düşür.

Filmin son səhnəsində Lulu yoldaşları ilə birlikdə yenidən zavodda işləyir. Həmkarlar ittifaqı onu işə bərpa edib. Fəhlələr qızğın iş prosesindədirlər. Birdən, Massa yuxu gördüyünü xatırlayır və onu iş yoldaşlarına danışır. O, yuxuda bir divar, divar arxasında cənnəti, cənnətdə isə fəhlələri gördüyünü deyir…
“İşçi sinfi cənnətə gedir” filmi ekranlara çıxandan sonra qızğın müzakirələrə səbəb olmuşdu. İtaliyanın sol siyasətçiləri və kinotənqidçiləri rejissorun yozumunu soyuq qarşılamışdılar. Onlar həmkarlar ittifaqını opportunist, ümumən korrupsiyaya bulaşmış və qorxaq, sol yönümlü tələbələrin isə qərarsız, qətiyyətsiz göstərilməsinə eitraz etmişdilər. Onların fikrincə, rejissor, gerçəkliyi təhrif etmişdi.
Həmin dövrün mühafizəkar italyan kinotənqidçiləri isə başqa cür düşünürdülər. Onların düşüncəsinə görə, film qrotesk, gülməli, kədərli sosial-siyasi komediyadır və antikapitalizmin ifşasıdır.

“Fəhlə sinfi cənnət gedir” filmi Petrinin “Nevroz” adlı trilogiyasına daxildir. Trilogiyanın digər iki filmi “Vətəndaşın işi üzrə istintaq şübhə doğurmur” və “Mülkiyyət daha oğurluq sayılmır” adlanır.
Yusif Bidan