İNDİ OXUYUR
Cəhənnəm ol, İblis!

Cəhənnəm ol, İblis!

İnsanların iştahı o dərəcədə artıb ki, şəhvəti ilə atomları parçalaya bilir. Onların eqoları kafedral ölçüsünə çatıb. Hətta miskin arzularını dollar kimi yaşıl, qızıl kimi sarı fantaziyalarla ləkələməklə, hər bir insan iddialı imperatora çevriləcək və özünü ilahiləşdirəcək.

İblisin öz dilindən

Kainatın ilk hüceyrələri yaradılanda, orada nə kimi dəhşətlərin baş verəcəyi heç bir varlığın ağlının ucundan belə keçməzdi. Ondan savayı. O, öz yaratdığı varlıqlarına, bəndələrinə mövcud olan andan Сənnəti bağışlayıb, ta ki, bir mələk Onun qanadı altından çıxmayınca. Və hər istədiyi məqamda insanların qəlbinin, ruhunun, beyninin ən dar dərələrinə daxil olaraq, bütünlüklə onları özünə təslim edir və ən kiçik xəbislikdən tutmuş ən böyük iyrənc əməllərə kimi edir.

1997-ci ildə rejissor Teylor Hekford amerikalı yazıçı və ssenarist Endryu Naydermanın “İblisin vəkili” adlı kitabını ekranlaşdırır.  Bu kitab hər halda rejissorların və ssenaristlərin əllərinə düşəcək. Amma, Nayderman bu işi tezləşdirmək üçün özü “Warner Bros. Pictures” kinostudiyasına müraciət edir.

“İblisin vəkili”, İblisin gənc, təkəbbürlü vəkil Kevin Lomaksı seçib onu Cəhənnəmdə hakimlik etməyə dəvət etməsi haqda hekayədir.


Filmin ekspozisiyasını məhkəmə səhnəsi təşkil edir. Bu məhkəmədə Kevin Lomaks, şagirdinə təcavüz edən müəllimin müdafiəsində durur. İlk kadrlardan vəkilin simasında inamsızlıq duyulur. Lomaks, Qetisin şəhvətini soyutduğunu görəndə, səhv qərar verdiyini anlayır. Lakin son anda “peşəkarlığını” sübut etmək istəyi vəkili yoldan çıxarır. Əslində, Lomaks cinayətkarın müdafiəsində duranda o, artıq İblislə müqavilə bağlamışdır. Müqaviləni ləğv etmək Kevinin öz əlində idi, ta ki şöhrətpərəstliyə, çətinliklə nail olunan “peşəkarlığa”, fasiləsiz gurultulu alqışlara olan meyil özünü büruzə verməyincə. Qetisin məhkəmə işi, bir növ, Kevini Cəhənnəmə aparan körpüdür. Nəticədə, İblisin təsiri altında Kevin məhkəmədə qalib gəlir və beləliklə, Cəhənnəmin qapılarından keçir. Və bu, Kevinin başına gələn bəlaların sadəcə başlanğıcı idi.

İblisin duyma qabiliyyəti olduğundan daha güclü imiş. O, öz nümayəndəsini Kevinin dalınca göndərir. İblisin Kevinə “inanılmaz” təklifi olur və Kevinin ona veriləcək məbləğin nə qədər olduğunu eşidəndə razılıq verir.

Nyu-Yorkda Lomaks iki cinayətkarın müdafiəsində durur: Moyez və üç nəfərin ölümündə günahlandırılan Edvard Kallenin.


Vəkil və İblis

Kevinin psixoloji portretini diqqətlə təhlil etsək, onun nə dərəcədə asan idarə olunan insan olduğunu anlaya bilərik. Pula və şöhrətpərəstliyə olan meyil onu, bu kimi və bundan da dəhşətli təkliflərə razılıq verməyə vadar edir. O, manipulyasiyaların təsirinə çox asan düşür.

-Mən işimi bəyənirəm, lakin razılaşmalara nifrət edirəm.

Lomaksın İblislə dialoqundan

İstehza dolu sözlərdir, elə deyil mi? Axı məhkəmədə Qetisin tərəfini tutaraq, o, İblislə müqavilə bağladı. Onun harama olan həvəsi, onu tamaşaçının gözü qarşısında məhv edir. Bəs, Kevini yeyib-bitirən bu qüvvə nədir? Nə üçün onun ruhu getdikcə daşa çevrilir?

Cavab sadə və aydındır. Bütün günahlar böyük hüquqi konsernin rəhbəri Con Miltonun simasında İblis tərəfindən Kevinin ruhuna ötürülüb. Lomaks, şəhərə gəldiyi andan Milton daim onun yanında olur. O, Kevinin kölgəsinə çevrilir və onu hər yerdə və həmişə təqib edir. Şeytan, qurbanını öz “dəbdəbəli həyat” adlı tələsinə necə cəlb edəcəyini bilir, bu da çirkli pullar, sonsuz içki aludəçiliyi və əyləncələrdir. Şeytanın daimi hiyləgər manipulyasiyaları və inandırması Lomaksın tədricən deqradasiyasına səbəb olur. Onların filmdəki münasibətləri çox ehtiyatla və asta-asta inkişaf edir. Şeytan, planlarını tədricən həyata keçirir, bəzən, ilkin xəbərdarlıqlar verməklə “anlayış” göstərir. Bu, bir növ, qurbanı “böyük nailiyyətlərə” hazırlamaq və sərtləşdirmək üçün üsuldur.

– Amma məni hələ də bir şey narahat edir.

– Məhz nə?

-Yüklənmə. O, insanları taqətdən salır. Birinə təzyiq göstərirsən, o, daha da çətin insana çevrilir. Özünü toparlamağı, uğur qazanmağı və yuxunu itirməməyi bacar.


Lomaksın İblislə dialoqundan

Filmin qəhrəmanı zirvəyə çatana və “dinclik” tapana qədər şövqünü sakitləşdirməməyi öyrənir.

Zənnimcə, filmə baxarkən əksər tamaşaçılarda “Məhkəmə zamanı Lomaksa qəfil nə oldu? Axı, bir anlıq, sanki Kevində ötəri dərketmə baş verdi? Onu azdıran İblis haradan peyda oldu? Bu hansı qüvvədir ki, insanlarda mərhəməti, şəfqəti öldürür?” Bu sualların cavablarını daha dərindən araşdırsaq, Adəm və Həvvaya gəlib çatacağıq. Elədir ki, var. Qadağan olunmuş meyvəni yeməklə onlar günah etmişdilər. Qəhrəmanı dəhşətli əməllərə sürükləyən də məhz bu qadağan və haram olanlar – şöhrətpərəstlik və pul idi.

Yer üzündə heç bir məxluq günahsız deyil. Əslində, insanın özünün doğulması ehtiraslı hisslərin, sevginin bəhrəsidir. Lakin Tanrı onu daha da gözəl edən qeyri-adi və isti bir şey toxudu – ailə ocağı. Bu ocaqda dünyaya gələn məsum övlad böyüyür, məhəbbət hissini duyur, Xeyir və Şəri tanımağa başlayır, ta ki ətraf aləmi aydın və qəti dərk edincə. Artıq, şüurlu, yetkin bir insanın həyat yolu ilə mülayim addımlarla getməyi, ədalətli və vicdanlı həyat sürməyi və ya ehtiraslarına uyaraq başqa bir yol seçməsi çox incə və həlledici bir məqamdır. Kevin Lomaksın vəziyyətində bu, böyük pullara olan həvəs idi. Yaşıl dollara olan həvəs onu vicdanından məhrum etdi, o, real dünyadan təcrid olundu, şöhrətpərəstliyin və pulun sonsuz odunda yanmaq istədi. Lakin, tale onu sona qədər sındırmadı. Tanrı, yaratdığı hər insana inandığı kimi, ona da iman gətirdi. Kevin Lomaks, təəssüf ki, onun üçün çox faciəli bir anda, həyat yoldaşı Meri Eni itirdiyi anda katarsis yaşadı. Bu, həyatın aksiomudur: hər bir təmiz başlanğıc üçün həyat həmişə qurban tələb edir. Beləliklə, həyat bir insanı sındıraraq, ona hər şeyi ölçmək, anlamaq və doğru yolu tutmaq şansı verir. Kevinlə də belə oldu. Hansı qüvvə ilə əlaqəyə girdiyini dərk edərək, şeytana duel elan edir. Kevinin özü ilə yaşadığı mənəvi qarşıdurmanı müşahidə edirik, çünki onun ruhu artıq İblisə satılıb, digər tərəfdən isə o, bu yoldan çıxmağa çalışır. Tanrı isə minnətdarlıq əlaməti olaraq Kevini dirildir. Filmin əvvəlinə qayıdaraq dünyada həmişə xeyirxahlığın, ədalətin və dürüstlüyün hökm sürəcəyinə əmin oluruq.


İnsanları yaradan zaman, Tanrı onları sonsuz sevgi və harmoniya ilə yaratmışdır. Və iki mələyin – ata və ananın simasında himayəni və sevgini təqdim etdi. Müəyyən bir nöqtəyə qədər onlar düzgün yaşamağı, səhv etməməyi öyrədirlər, səhv olanda anlayıb düzəltməyi öyrədirlər, kömək edirlər. Bir müddətdən sonra elə bir məqam gəlib çatır ki, sanki ruh və düşüncələr yenidən təmizlənir, dünya qavrayışı dəyişir. Və məhz bu kövrək anda insan, layiqli həyat sürərək zirvəyə çatmaq və ya təslim olmaq qərarını verir. İnsanın ən kiçik xəbislikdən tutmuş, ən böyük iyrənc əməllərə kimi etdiyi hər şey İblisin əməlidir. Amma insan ruhu onun qarşısında aciz deyil. Heç bir Şər insanın iradəsinə qarşı dura bilməz. Ən böyük qələbə – insanın öz üzərində qələbəsidir, bu, Allaha və özünə inamdır. Və yalnız bu yolla İblisi özündən uzaqlaşdıra bilərsən. Hər bir insan bunun öhdəsindən gələ bilər. Sadəcə, bunu istəməli və özünə inanmalıdır.

Simvolika

Filmin əsas cəhətlərindən biri, onun bədii həllidir. Hekfordun filmdə istifadə etdiyi bədii fəndlər qəhrəmanların şəxsi keyfiyyətlərini, niyyətlərini və baxışlarını haşiyələyir. Məsələn, filmboyu hər dəfə  vəkilin, rəngini dəyişən geyimi onun obrazının çöküşünü vurğulayır. Niyyətləri nə qədər çirkin olursa, kostyumu da bir o qədər tünd olur. Bundan əlavə, bir neçə dəfə operator Lomaks və Miltonun ayaqqabılarına vurğu edir. Bu da, şeytanın görünüşünün bir hissəsidir. Yastıdaban ayaqqabılar şeytanın dırnaqları kimidir. Bu, gizli dini məna da kəsb edə bilər. Daha dərinə getsək, Əhdi-Ətiq qurban sistemində keçilər tez-tez günah qurbanları kimi xatırlanır, kəffarəni və günahdan təmizlənməni təmsil edir. Levililər (16:7-10) kitabında iki keçi ilə mərasim təsvir edilir. Keçilərdən biri insanların günahlarına görə qurban verilir, digəri isə günahları üzərinə götürərək səhraya buraxılır. Bu kitabda keçilərin günah və mühakimə anlayışında əhəmiyyəti vurğulanır. Bibliya, keçilərin Şər, məhkumluq və günahla simvolik əlaqəsini göstərir. Kevini bir tərəfdən özü günah işlədən, digər tərəfdən isə şeytanın müttəfiqindəki bütün alçaq insanların günahlarını ödəyən keçinin təcəssümü adlandırmaq olar. Qəhrəmanların ayaqqabıları isə insanların günahlarını özünə çəkən keçinin dırnaqlarını simvolizə edir.

Rejissorun növbəti bədii fəndi Lomaksın, Miltonun komandası ilə tanış olduğu səhnədir. Komanda üzvləri müxtəlif ölkələrin, dinlərin və təriqətlərin nümayəndələridir. Beləliklə, İblis heç bir sərhəd tanımır və özünü istənilən insan cildində göstərə bilər. “Aristokrat görünüşü” İblis üçün sadəcə bir qılafdır. Bu adamların hər biri çirkli pullardan, “orgiyalardan” və bitib-tükənməyən içkidən başqa heç nə ilə maraqlanmayan palçıqdan yoğrulmuş fiqurlardır.

Kir, hər şeyə nüfuz edən bir ünsürdür: evlərin divarlarına, şüşə pəncərələrə, insanların paltarlarına, bədən məsamələrinə, beyinlərinə, istəklərinə, düşüncələrinə…

Bu, küçələrdə qapıların qaranlıq boşluqları, daş divarlardakı çürük yaralar kimidir. Onlara baxanda pilləkənlərin zibillə örtülmüş çirkli pillələrini görəndə adama elə gəlir ki, içəridə hər şey meyitin qarnında olduğu kimi çürük və irinlidir. İnsanlar isə qurd kimi görünürlər.

M.Qorki “Sarı İblis şəhəri”

Qorkinin, Nyu-York şəhərini oxşar adla vəftiz etməsi əbəs yerə deyil. Filmə baxandan sonra yazıçının sözlərinə bir daha əmin olursan. Filmdə göstərildiyi kimi, şəhər əbədi olaraq pul və şöhrətpərəstliyin dalınca gedən rəzil insanların yuvasına çevrilib. Qaranlıq küçələr, künc-bucaqlar və burada tapılan hər cür banditlər vəziyyətin bütün şeytani atmosferini tamamlayır.


Filmin qəhrəmanı Kevin Lomaksın həyat yoldaşı Meri Enə xüsusi diqqət yetirmək istərdim. Meri, sözün əsl mənasında şeytanlar arasında mələkdir. O çox həssasdır və bundan istifadə etməmək şeytanlar üçün günah olardı. Caki və Dayana, Merinin ayaqları altında dolaşan ilanlara bənzəyirlər, onu daim manipulyasiya edirlər. Ona nəyin yaxşı, nəyin pis, nəyin gözəl, nəyin çirkin olduğunu, “dəbdəbəli həyat”ın nə olduğunu aşılamaqla psixi pozğunluğa sürükləyirlər. Milton, Merinin şərəfini və ruhunu ləkələməyi bacarır. Səhnələrin birində Lomaks, Merinin dalınca kilsəyə gəlir. Təcavüzə məruz qalan Meri En etdiyi əməldən peşman olur və əvvəlcə Miltonun ona bunu etməsini istədiyini deyir. Bu onu deməyə əsas verir ki, Meri şəhərə gələndən bəri ailə həyatının ləzzətindən məhrum olub. Və bu ona gətirib çıxardı ki, sevgi və diqqətə qarşı hədsiz ehtiras onu İblisin əlinə təslim olmağa məcbur etdi. O, öz ehtirasını sındıra bilmədi. Meri En çox əziyyət çəkdi, çünki onun ruhu uzun müddət bütün dəhşətlərə qarşı durmağa çalışdı. Onun ruhu ölüm-dirim astanasında idi. Bu çox uzun və ağrılı bir mübarizə idi.

Adlar

Con Milton

Con Milton adına XVII əsr ədəbiyyatında rast gəlirik. Yazıçı “İtirilmiş cənnət” əsəri ilə məşhur idi. Xeyir-Şər, işıq-qaranlıq, Ata-Lüsifer – əsər bu ideyalar əsasında qurulmuşdur. Əsərdə şeytanın müsbət cəhətləri onunla izah olunur ki, o, hər şeydən əvvəl Tanrının yaratdığı məxluqdur – mələkdir. Poema, şeytanın üsyanı irəlilədikcə müsbət xüsusiyyətlərinin necə azaldığını gözəl təsvir edir. Misal üçün, şeytan özünü Yaradandan “azad edərək” özünü yaratdığını elan edir. Bununla belə, fikirləşərkən belə qənaətə gəlir ki, o, yerdən ot kimi təsadüfən peyda olub. Buradan hansı nəticəyə gələ bilərik? Nayderman (“İblisin vəkili” kitabının müəllifi) İblisi Con Milton adı ilə çağıraraq, paradoksal bir xüsusiyyəti vurğulayır. Yəni İblis, guya ki, XVII əsr yazıçısı Miltondur. O, öz əsərində günah etməyi Tanrının insanlara verdiyi seçim azadlığının reallaşması kimi göstərir. İnsan pak həyat tərzini seçməklə, yenidən Cənnəti qazana və ilkin günahını kəffarə edə bilər. Lakin şeytanın özü günahın lehinə seçim edir, insanları da buna çağırır. Gəlin bunu müəllifin ironiyası adlandıraq.


Kevin

Kevin adının kökləri qədim irland “Caoimhghin” adından gəlir, bu da “gözəl doğulmuş” deməkdir.

Epizoddan Miltonun sözlərini xatırlayaq:

-Çox özünü böyütmə, oğlum. Buna dəyməz. Sən ucuzsan, inan mənə. Sadəcə daha təvazökar, daha gözəçarpmayan ol.

– Bu, yeganə zəif yerindir.

-Hansı?

-Görünüşün.

Meri En

Xristianlıqda Meri En adı İsa Məsihin anası Məryəmlə əlaqələndirilir. Məryəm xristian ənənəsində ən hörmətli qadınlardan biri, ana sevgisi və sədaqətinin simvolu hesab olunur. İbranicə Miriam adından götürülmüş ad dərin mənəvi məna daşıyır, saflığı və müqəddəsliyi təmsil edir.


Filmdə qəhrəman obrazı adın mənasından heç də geri qalmır. Meri, həqiqətən sevgidən yaranan qadın idi. Sevdiyi insanı bataqlıqdan çıxarıb, ailə ocağını xilas edib möhkəmləndirmək üçün övlad arzusunda idi. Analıq hissini bilmədən bu dünyanı tərk etdi. Ona qarşı edilən heç nəyə baxmayaraq, Meri En, sonda Tanrı qarşısında tövbə edərək dünyanı tərk edə bildi. O, yalnız Kevinin lütfdən düşməsinin qurbanı idi və onun ölümü Kevinin katarsisi idi.

Tanrı kompleksi

Miltonun bütün yoldaşlarının, o cümlədən, Kevin və həyat yoldaşının toplaşdığı qüllə İblisin yuvasıdır. Ən yuxarı mərtəbədə Con Milton illüziyalarında “yaşayır və hökmranlıq edir”.  Özünün bu dünyanın hökmdarı olduğunu sübut etmək üçün edilən ucuz cəhd, sonda bütün dəyərsiz xəyalların və boş ümidlərin tabutuna çevrilən elə həmin kabinetlə məhdudlaşır.

Cəhənnəm ol, İblis!

Son səhnədə şeytanın növbəti fəlsəfi cəfəngiyyatının şahidi oluruq:

-Cənnətdə xidmət etməkdənsə, Cəhənnəmdə hökmranlıq etmək daha yaxşıdır?

-Niyə də yox? Dünya yaranandan bəri mən onun qayğılarına qərq olmuşam, bir insanın əldə etmək istədiyi hər yeni şeyi alqışlayırdım, ona hər şeydə kömək edirdim və heç vaxt onu qınamamışam. Üstəlik, bütün çatışmazlıqlarına baxmayaraq, onu heç vaxt rədd etməmişəm; Mən bir insana fanatik dərəcədə aşiqəm; Mən humanistəm, bəlkə də yer üzündə sonuncuyam. İyirminci əsrin yalnız mənim əsrim olduğunu kim inkar edər ki?! Axı bu əsr, alfadan omeqaya qədər mənimdir, Kevin. Mən gücün zirvəsinə çatmışam; indi mənim ən gözəl saatım – bizim ən gözəl saatımızdır…

Göylərə qalxmaq, həyatın bütün ləzzətlərini dadmaq, dünyaya və insanlara hakim olmaq ehtirası…

Milton Kevindən nə istəyirdi? Kevin, bacardığı qədər çox insanın həyatını məhv etdi. Bəs İblisin gözündə Lomaksda nə əskik idi? Mənə elə gəlir ki, İblis, Kevində bir damla insanlığın qaldığını hiss etdi və qurbanını itirməkdən qorxdu. Və buna görə də o, Kevini ögey bacısı Kristabella Andreoli ilə orgiya edərək, müqaviləyə möhür vurmağa nəhayət məcbur etdi. Ancaq, Tanrıya olan sevgi, iman və iradə gücü Kevini xilas etdi. Özünü öldürüb Tanrıya qurban verməklə o, nəinki ruhunu azad edib paklandı, həm də İblisi öz illüziyalarının Cəhənnəmində yanmağa məcbur etdi, onu uzaqlara, Cəhənnəmə göndərdi.

Son səhnədə Kevin, Qetisin məhkəməsi anına qayıdanda, Larinin (müxbir) üzündə yenidən İblisi və onun çılğın təbəssümünü görürük. İblis həmişə insanların ruhunu təqib edəcək. Amma nə qədər ki, insanlarda Tanrıya məhəbbət və iman hissi hakimdir, o, istədiyinə nail ola bilməyəcək. Hər şeyin bir gün sonu gələcək. Yalnız ümid, iman və sevgi həmişə sonsuz olacaq.

Filmin yaradılmasında aktyor heyəti haqqında bir-iki faktı qeyd etmək istərdim. Əslində, filmin rejissoru Coyel Şumaxer olmalı idi və o, vəkil rolunu Bred Pitin canlandıracağını düşünürdü. Lakin müəyyən səbəblərə görə, rejissorluğu öz üzərinə Teylor Hekford götürdü. Lomaksın rolu üçün Edvard Norton və Con Kyusak nəzərdə tutulurdu. Nəhayət, rejissor, seçimini Kianu Rivzin üzərində saxladı. Və bu, şübhəsiz ki, rejissorun düzgün qərarı idi. Filmin müəllifi İblis obrazı ilə bir az əziyyət çəkdi, çünki Al Paçino əvvəlcə birmənalı cavab vermirdi. Amma qonorarının kifayət qədər böyük hissəsindən imtina edib Paçinoya verməklə, Rivz inanılmaz bir addım atdı və rejissoru olduqca çətin vəziyyətdən çıxardı. Al Paçino ekranda şeytan enerjisini o qədər dərindən və peşəkarcasına nümayiş etdirib ki, bir anda tamaşaçını özünə və şeytan fakturasına aşiq edir.

-Mənə bax. Mənim kim olduğumu bilməsəydin, aktyor (insan) olduğumu deyərdin?

Kianu Rivz sirli, kifayət qədər gözəl və dayanıqlı obrazın təcəssümüdür. Aktyorun gözlərində müəyyən bir mistisizm gizlənir ki, bu da onun peşəsinə (hüquqşünas/vəkil) xüsusi dad qatır.

Şarliz Teron iyirmi iki yaşında Meri En roluna görə uğur qazanıb. Aktrisanın ekranda nümayiş etdirdiyi depressiya, qorxu və ümidsizlik uzun və dərin araşdırmaların bəhrəsidir. Kianu Rivz həmçinin hüquqşünas peşəsini, bu sahənin bütün incəliklərini və təfərrüatlarını aydın şəkildə araşdırmışdır.

Filmin taleyi başqa cür ola bilərdi. Teylor Hekford çox şey haqqında düşünməyə vadar edən və aktuallığını heç vaxt itirməyən layiqli bir film yaratdı.

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya