İNDİ OXUYUR
“Buta” – folklorun kinoda təsvir həlli

“Buta” – folklorun kinoda təsvir həlli

Azərbaycan kinosunda folkloru kinematoqrafik şəkildə ərsəyə gətirən, onu filmin mövzusuna çevirən və ya əlaqələndirən filmlər sayca azlıq təşkil edir. Məsələn, Sovet dövründə milli kinoda xalqın folklor adət-ənənələri ilə bağlı səhnələrin təsviri şərti hal daşıyırdı .Əslində, bu həm də sənətimizin qədimliyi baxımından vacibdir. Lakin, folklorun, şifahi xalq ədəbiyyatının kinoya gətirilməsi, epizodik deyil, bütün ideya və mövzu ilə əlaqəli şəkildə verilməsi, xalqın kökündən gələn qədim dəyərlərlə yeni sənət növü olan kino ilə sintezi baxımından, kinoda millilik anlayışı üçün böyük təsir qüvvəsinə malikdir. Folkloru bu səviyyəyə qaldıran müasir Azərbaycan filmlərindən biri “Buta” bədii filmidir. Bu film adı ilə birlikdə mövzu və ideya ilə folkloru sintez edərək xalq təfəkkürünün kinoda həllini necə tapdığına misal göstərilə bilər.


Filmdə buta, insan həyatının əsası və tamlığı kimi mənalanır. İlk səhnələrdə qədim oyunlardan hesab olunan çovqan oyununun qalibinə toxunan, butalı xalçanın hədiyyə edilməsi, butanın məhəbbət, qəhrəmanlıq, həyat olaraq mənalanlanmasına işarədir. Butanın nənəsinin, Qönçənin toxuduqları xalça, hər biri bir ömür yolunun keçid mərhələsini təsvir edir. Butanı əgər həyatın, ömrün tamlığı adlandırırıqsa, bu baxımdan filmdə üç ömür yolu göstərilir. Butanın uşaqlığı, Qönçənin gəncliyi, Babanın qocalığı. Lakin babanın dediyi kimi, burada həyat yolları fərqlidir. Bəzən yollar bizi seçir və bu yollar müxtəlif olsa da, apardıqları son nöqtə bəllidir.


Buta, uşağın həyatında keçid mərhələsi olaraq, qəhrəmanın yaranmasını, cəsarəti simvolizə edir. Nənə, Buta üçün ad gününə kimi “buta” motivli xalça toxuyur. Burada nənənin butanı toxuması, nəvəsinin həyatındakı, onun böyüməsindəki rolunu, uşağın özünün daşlarla yaratdığı buta isə öz həyatını təkbaşına qurmasındakı roluna işarədir. Məhz bu yolda o maneələrlə qarşılaşır. Artıq, qəhrəman obrazının yaranması, butanın tamamlanması üçün mübarizə meydanında qalib gəlməsi vacibdir. Mübarizə meydanında onun rəqibi Əzimdir. Əzimin özünün də “uşaqlıq” havasından çıxması, qəhrəman olaraq formalaşması üçün məhz bu mübarizə vacibdir. Buta ilə Əzimin döyüşünda Buta qalib gəlir və cəsarət, qəhrəmanlıq rəmzi olan butası tamamlanır. Butanın tək-tək daşları dağa qaldırması, butasını tamamlaması mistik dini mövqedə durur. Burada maddilik sadəcə gəncliyin gətirdiyi dünyəvi həzzlər fonunda Qönçənin sevdiyi şəhərli oğlanla getməsi və məhəbbət butasının tamamlanması ilə baş verir. Həm uşaqlıq, həm də qocalığın butası tamamilə mənəvi, bir qədər dini mahiyyət daşıyır.


Əgər uşağın butasını tamamlaması ilə alacağı qəhrəmanlıqdırsa, şəxsiyyət formalaşırsa, Babanın butasında o nakam məhəbbəti olsa da, buta ona ruhaniliyi, Tanrı vergisini  bəxş edir, bununla, o, bir növ dərvişə çevirilir. Buta (sevgi) vermək ən çox yuxuda baş verir və biz bununla nağıllarda, məhəbbət dastanlarında çox rastlamışıq. Yuxuda buta verilməsi qəhrəmanı haqq aşığına çevirir və ilahi vergilər verilir. Filmdə buta vermək isə yuxuda deyil, real həyatda baş verir (Qönçə ilə oğlanın qovuşması). Əvvəl qəhrəmanlar aciz, fərasətsiz gorünsələr də, butadan sonra onlar yenilməz qəhrəmana çevrilirlər. Onları güclü edən məhz babanın dediyi kimi – sevgidir. Lakin, biz bu obrazların acizliyini mənfiyə yoza bilmərik. Əslində, bunun kökündə duran mənəviyyata olan bağlılıqdır. Dünyəvi, maddi nəsnələr onlara maraqlı deyil. Onlar buta aldıqdan sonra mənəvi dünyanın sakinlərinə çevrilirlər. Filmdə baba uşağa bir növ həyat bələdçiliyi edir. Bu mənəvi yolda ona həyatın mənasını anlamaq üçün yaşamaq lazım olduğunu izah edir. Məhz təkbaşına yaşamaqla, insan həm mənəvi həm də xarici aləmini yaratmalıdır, öz istəklərini həyata keçirmək üçün mübarizə aparmalıdır. Bu zaman onu qəhrəman adlandırmaq olar. Məhz buta da “qəhrəmanın yolunu” keçir. Mənəvi dünyasına keçid etməyə, anlamağa başlayır.


Baba da məhz bu yollardan keçir. Sevdiyi qızın toxuduğu məhəbbət butalı xalçası ona gəncliyinin yadigarı kimi qalır. Bu buta, məhəbbətin müjdəçisi olmaqla yanaşı həm də, mənəvi dünyanın anlamını, ilahi vergini verir. Babanın sevgisi, insana olan sevgini aşır və bu daha çox ilahilik qazanır. Artıq bu sevgi, buta, keçmiş məhəbbətini deyil, ilahi məhəbbəti təmsil edir. Babanın dediyi kimi, “nə qədər ki mən sağam, o da sağdır”. Həm Butanın həm də babanın sevgisi maddilikdən çıxır. Daha mücərrəd hal alır. Babanın həyatı ilə uşağın həyatı müəyyən qədər eyniləşir. Hər ikisi də valideynsiz böyüyüblər. Lakin uşaq,  həyat yolunda babadan daha cəsarətli addımlar atıb. Mübarizə aparıb, öz məqsədi üçün əlindən gələni edir. Babada isə biz onun dilindən həyat hekayəsini danışarkən bunu görmürük. Doğrudur, o tənha böyüyüb. Lakin məhəbbət mübarizəsində uduzub. Bununla da mübarizə aparmaq əvəzinə inciyib və kəndi tərk edib. Burada uşağın nənəsinin dediyi ifadəni xatırlayaq. Səhnələrin birində nənə Qönçəyə deyir: “Xalçanı aldatma. O bunu sənə heç vaxt bağışlamaz”. Filmdə aydın olur ki qoca kişinin gəncliyində sevdiyi qadın, Butanın nənəsi olub. Həqiqətən də, bir zamanlar nənənin hədiyyə etdiyi xalça ona bunu bağışlamır. Buta hər ikisinə dünyəvi bədbəxtlik gətirir. Nənə öz nəvəsini tək böyüdür, qoca kişi isə ömürlük tənhalığa məhkum olur. Burada buta mistik rol oynayır və ona möcüzəvi mənalar yüklənilir.


Qönçənin butası isə gəncliyin, məhəbbətin, ailənin təsviri kimi verilir və maddiliklə şərtlənir. Buradakı buta, cütlüyü birləşdirir. Qönçənin və nənənin gəncliyində toxuduğu hər iki xalçada butalar cüt şəklindədir. Bunların hər biri iki cinsi – qızı və oğlanı təmsil edir. Hər iki xalçada da butalar bir-birinə doğru əyilmiş formadadır və bu forma, qovuşan cütlüyə işarədir. Hər iki məhəbbət xalçalarından fərqli olaraq, uşağın xalçasında buta təkdir. Çünki buradakı keçid, gənclik məhəbbətindən fərqlənir. Ömür yolunun ilkin mərhələsidir. Qönçənin butalı xalçanı toxumağa başlaması, artıq onun evliliyə hazır olduğundan xəbər verir. Onun xalçasındakı buta isə ailə butası adlanır. Butanı, Qönçəni babadan fərqləndirən bir məqam da özünün yaratmaq, cəsarətli olması faktıdır. Əvvəldə Buta ilə baba obrazını müqayisə edərkən bunun haqqında məlumat vermişdim. Məhz Qönçə də həm nənə həm də baba obrazından daha cəsarətli gəncliyi nünayiş etdirir. Qönçə də Buta kimi öz “buta”sını yaradır. Hər buta hər bir obraza nəyisə bəxş etsə də, hansısa şeyi ondan alır, məhrum edir. Məsələn, Qönçə, məhəbbətini seçsə də, buta onu məkan olaraq yaşadığı yerdən uzaqlaşdırır.


Filmdə kəndin Buta adlandırılması təsadüfi deyil. Məkan olaraq buta, insanın mənəvi dünyasını, öz köklərinə sadiqliyini, təbiətin insanla münasibətini qoruyub-saxlayan, insanın təbiətdən asılı olduğunu, onunla görünməz bağlarla əlaqədə olduğunu anlayan və qəbul edən dünyanın təsvir həllidir. Burada hər şey, baş verən hər bir hadisə insanın mənəvi dünyasının inkişafına xidmət edir. Qoca kişi, gəncliyində incik düşüb kəndi tərk edir. Lakin, bu ona heç bir xeyir vermir və o yenidən tərk etdiyi məkana qayıdır və butası tamamlanır. Gənc oğlanın maşını kəndin kənarında qalır, buradan kəndə maşın yolu yoxdur. Bu, bir növ məkanın yad şeylərə qarşı mistik qüvvəsi ilə izah oluna bilər. Oğlan kəndə girdiyi andan, onun məkanla olan təzadlığı, fərqliliyi tez gözə çarpır. O heç cürə butanın bir hissəsinə çevrilə bilmir. Burada oğlanla qoca kişi arasında verilən əlaqə maraqlıdır. Onların hər ikisi sabun satıcısıdır. Biri adii sabun satsa da, digəri müasir üsullarla istehsal olunmuş, Butanın sakinlərinə yad olan sabun təklif edir. Xaricdən gəlmiş hər bir şeyə qarşı olan sakinlər, oğlanın hədiyyə kimi verdiklərini qəbul etmirlər.


Lakin qocadan fərqli olaraq, o, məhəbbət butasına çatır. Oğlan bu məkanda insanın hər zaman axtarışında olduğu, müasir, dəyişən dünyanın uzaq düşdüyü mənəvi aləminin dərinliyini kəşf edir. Təbiətin insanla olan əlaqələrini, təsirini duyur. Saf məhəbbəti burada tapır. Bütün bunlara baxmayaraq, Buta onu qəbul etmir. O, bu məkan üçün hər zaman yaddır. Butanı məkan olaraq, bütün insani duyğuların yeri kimi adlandıra bilərik. İnsana xas olan bütün hadisələr burada baş verir. Həm də bu hadisələr filmdə sadə şəkildə təsvir edilmişdir. Butada toy da, məhəbbət də, dostluq da, ölüm və matəm də var. Bütün bunlar xalqın folklorunun formalaşmasında duran hadisələrdir. Butada həm də təkrarlanma mövcuddur. Bu təkrarlanmada insan həyatları davam edir. Toy və ölüm olur, həyat yenə öz axarında davam edir. Təbiət insana məxsus hadisələrə laqeyddir. Hər şey, insan həyatları da bu və ya digər şəkildə təkrarlanır və sonsuzluğu özündə daşıyır.


Filmdə  buta, xalça, təbiət mənzərələri xüsusi simvolik mənaya malikdir. Onlardan biri, məhz filmdə gördüyümüz tənha ağacdır. Bu ağacı buta ilə əlaqələndirmək mümkündür. Butanın zahiri görünüşcə   yarpağa bənzəməsindən əlavə, həm də butanın odla bağlılığına daha çox önəm verirlər. Maraqlısı budur ki, Azərbaycan xalqının ağaca ibadət inancları ilə bağlı digər xalqlar arasındakı oxşarlıqlar haqda Mirəli Seyidov maraqlı bir məqama toxunur. Qədim misirlilər də kainatın, həyatın yaranmasını bitki, ağac ilə əlaqələndirirlər. Onların mifologiyasına görə, Günəş allahı Lotos adlı bitkidən yaranmışdır. Bu fakt əsasında belə nəticə çıxır ki, onda elə buta da ağacı (ağacın əlaməti olan yarpağı) işarələməklə yanaşı, habelə, Günəşin, alovun, şüanın da mənbəyi olduğunu özlüyündə simvollaşdırır.


Butanın yarpaqla, ağac budağı ilə bağlılığı məsələsi, elə onun ilkin versiyasıdır ki, butanın sonradan odu və başqa keyfiyyətləri də özündə simvollaşdırması öz başlanğıcını məhz bu faktordan götürür. Filmdə müqəddəs ağac kimi verilən bu tənha ağacın hər bir budağı, yarpağı insanların butalarını təmsil edir. Ağacın hər bir yarpağı artımı, insan həyatını özündə daşıyır. Bu ağacda bütün əks mövqelər həyat-ölüm, qız-oğlan, gənclik-qocalıq, dostluq-düşmənçilik birləşir. Buta kəndində olduğu kimi həyati başlanğıc, dirilik, məhsuldarlıq, artım anlayışları da Dünya ağacı ilə ifadə olunur.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya