Biz nəyə qəzəbliyik?
Bir məkanda çəkilən film deyəndə ilk ağlımıza gələnlərdən biri, bəlkə də birincisi, rejissor Sidni Lümetin “12 qəzəbli kişi” bədii filmidir. Və nəzərə alsaq ki bu film rejissorun ilk bədii filmidir o zaman Sidni Lümetin necə bir ustad olduğunu təsəvvür etmək çətin olmayacaq.
Atasını öldürməkdə ittiham olunan yeniyetmə oğlanın “günahkar” və ya “günahsız” olmasına Amerika qanunlarına əsasən 12 nəfərdən ibarət heyət qərar verməlidir. Haqqında cinayət, iğtişaş, hər hansı hüquq pozuntuları olmayan şəxslər, bir sözlə nümunəvi vətəndaşlar heyətə dəvət olunurdular.
Film müttəhimin əleyhinə olan 3 əsas detalın – bıçaq, alt mərtəbədə yaşayan yaşlı kişinin “şahidliyi” və qarşı küçədə yaşayan qadının ifadəsinə əsasən edilən müzakirələr üzərində qurulub. İlk baxışdan bütün dəlil və detallar müttəhimin əleyhinədir və heyət üzvləri onun günahkar olduğuna yekdilliklə səs versələr, o, edam olunacaq. Detallar ayrı-ayrılıqda heç bir şübhə yaratmır, amma onları bir-birilə əlaqələndirəndə təzadlı fikirlər ortaya çıxır. Məsələn, yaşlı kişinin səs eşitməsi fikrini, qadının həmin vaxt qatar keçdiyini deməsi təkzib edir, çünki qatarın səsində başqa səsləri eşitmək mümkün deyil. Beləliklə, hər bir detal filmboyu tədricən öz əhəmiyyətini itirir.
Filmdə müttəhim haqqında danışanda onu həmişə “uşaq” adlandırırlar. Müttəhimi uşaq, şahidləri isə “yaşlı kişi” və “qarşı küçədəki qadın” deyə təqdim edirlər. Jüri üzvləri isə öz nömrələrinə uyğun adlandırılır. Ümumilikdə isə, filmin sonunda küçəyə çıxarkən heyətin iki – 8 və 9 nömrəli üzvləri bir-birlərinə özlərini təqdim edərkən adlarını deyirlər, buna qədər isə heç kimə adı ilə müraciət olunmur.
Müəllif, filmin ekspozisiyasında məhkəmə zalını verməzdən öncə, qələbə qazanmış ayrı bir hadisəni qeyd edən insanları təqdim edir. Bu da bizdə izləyəcəyimiz hadisənin də qələbə ilə bitəcəyinə ümid yaradır, amma heyət üzvlərilə tanış olandan və onların laqeyd münasibətini görəndən sonra bu hiss şübhə altına düşür. Biz ittiham olunan gəncin heç bir sözünü eşitmirik. O gözlərini qırpmadan heyətin ardınca baxır və onun baxışlarından otağa keçirik və bir müddət otağın görüntüsü ilə onun baxışları üst-üstə verilir. Boş otaq və ümidsiz baxışlar… Bu, haqlı olub-olmadığından asılı olmayaraq, bəzən həyatına başqalarının qərar verəcəyinə işarədir. Biz məhkəmə prosesinin qısa xülasəsini heyət sədrinin (Martin Bolsam) dilindən eşidirik.
Filmin tamaşaçıya ötürdüyü psixoloji təsir təkcə onun mövzusu ilə deyil, o cümlədən interyeri, detalları ilə də bağlıdır. Filmin ekspozisiyası və finalı istisna olmaqla, hadisələr bir otaqda baş verir. Buna görə də filmboyu tamaşaçı özünü hadisənin birbaşa iştirakçısı hiss edir. Bir müddət sonra heyətin dolaşığa düşdüyünü anlayırsan. Və əmin olursan ki müzakirə bitənə, hökm verilənə qədər onlar bağlı qapı arxasında qalacaqlar. Bu isə tamaşaçıya ekrandan klaustrafobiya hissini ötürür. Buna səbəb, mizanların və təsvir həllinin ustalıqla işlənməsidir. Kamera 3 fərqli mövqedə yerləşdirilib. Filmi operator nöqteyi-nəzərindən 3 hissəyə bölsək, o zaman, filmin ilk hissəsi baxış bucağından yuxarı, ikinci hissəsi göz səviyyəsində və son hissəsi isə göz səviyyəsindən aşağıdadır. Eyni zamanda filmin sonuna doğru otaq “kiçilməyə” başlayır. Və nəinki divarlar daralır eyni zamanda tavan da aşağı düşür. Bu da filmdəki dramatik gərginliyi daha da artırır. Otağın isti, yarıqaranlıq olması, sərinkeşin işləməməsi klaustrafobik effekti filmin sonuna qədər saxlayır. Filmboyu həqiqət hissə-hissə açılmağa başlayır, yeni fikirlər meydana gəlir və gərginlik artır. Bu fikirlər o qədər dəqiq eyni zamanda ziddiyyətli olur ki, bir müddət sonra tamaşaçı öz beynində saatlı bomba olduğunu və hər an partlayacağını hiss edir. Ancaq lehinə və əleyhinə səs verənlərin sayı bərabər olduqda filmdə sanki bir yumşalma hiss olunur. Bunlar hətta detallarla da verilib. Bu vaxt yağış yağır, otağın işığını yandırırlar və sərinkeş işləməyə başlayır. Otaqdakı hərarətlə bərabər gərginlik də qismən azalır. Bu isə işlərin tam mərkəzdə olduğu və qalan yolun yaxşıya doğru gedəcəyinə işarədir. Buna baxmayaraq, tamaşaçı əsl gərginliyin hələ irəlidə olduğunu aydın hiss edir.
İlk səsvermədə “günahkardır” deyən jürinin 6 nəfər üzvü fikirləşmədən əllərini qaldırır, digər 5 nəfər isə ətrafına baxandan sonra sanki qorxaraq, tərəddüdlə əlini qaldırır. Buna kütlə psixologiyası deyilir. Ətrafdan, kütlədən ayrı düşmək qorxusu. Beləliklə, 11 nəfər, məhkumun əleyhinə 1 nəfər isə lehinə qərar verir. 9 nömrəli jüri üzvü “günahkar” demək üçün əlini qaldıran son nəfərdir və diqqətlə izlədikdə o səsvermə zamanı etiraz edən 8 nömrəli münsifi görmür. Gördükdə isə təəccüblənir və ikinci səsvermədə o da “günahsız” deyə səs verir. Belə nəticə çıxır ki, əgər lap əvvəldən görsəydi o da “günahsız” deyə səs verərdi. Bir nəfər – 8 nömrəli jüri üzvü Devis (aktyor Henri Fonda) işi araşdırmaq istəyir. O kor-koranə qərar vermək istəmir. Və təəccüblüsü budur ki, o özü də uşağın günahsız olduğuna əmin deyil, sadəcə araşdırmaq, empatiya qurmaq, detalları gözdən keçirmək istəyir. Vicdanına günahsız birini ölümə göndərməyi yazmaq istəmir. Və bir dəfə də olsun öz fikrini kiməsə qəbul etdirmək istəmir. O, memardır və ədalətə peşəsinə uyğun olaraq addım-addım, sanki kərpic-kərpic hörərək yaxınlaşır. Fikirlərini sxemli olaraq ifadə edir. Jüri üzvləri şahidlərin dediklərini, əldə olan dəlilləri əsas gətirərək uşağın günahkar olduğunda israrlıdırlar, amma 8 nömrəli üzv şahidlərin, vəkilin, hətta hakimin də səhv edə bilməsinin mümkün olduğunu deyir. Amma heç kim ona məhəl qoymur. Filmdə bu müzakirədən sonra, uşağın qatil olduğuna inanan və məhkəmədəki dəlilləri əsas tutan, eyni zamanda öz şəxsi mənafeyinə görə bu işi ümumiyyətlə uzatmaq istəməyən şəxs-7 nömrəli jüri üzvü, 2 nömrəli jürinin gözü qarşısında oyun oynayır, amma 2-ci jüri dəmir pulun hansı əldə olmasını gözdən qaçırır. Bu bir növ əvvəlki müzakirənin təsdiqi idi, yəni reallıq bəzən gözdən qaça bilər. 4-cü jüri də 8-ci kimi daha çox məntiqlə və təmkinlə fikirlərini bildirən qəhrəmandır. O öz şəxsi mənafeyinə görə deyil, dəlillərə görə qərarını verir. Onun rəyləri 8-ci üzvün fikirləri ilə tam tərs mütənasib olur, amma bunu öz fikirlərini zorla həyata keçirmək məqsədilə etmir. Filmboyu heç bir üzvlə mübahisə etmir və heç kimə qarşı kobudluq etmir. Rejissor onun xarakterini bir neçə detalla daha da aydınlaşdırıb. Özünə, hisslərinə və qərarlarına o qədər arxayındır ki, isti otaqda hər kəsin tərlədiyi halda o tərləmir və öz sakitliyi ilə seçilir. Sona yaxın isə, baxdığı ikinci filmin adını və filmdəki aktrisanın adını yadına salmağa çətinlik çəkəndə içində özünə qarşı şübhə yaranır. Artıq onun da içindəki rahatlıq yox olur və o da tərləməyə başlayır. Filmdə 1 nömrəli jüri üzvü, eyni zamanda, jüriyə sədrlik edən şəxsin bu işi üzərinə götürməsinin səbəbi aydınlaşmır. Və “günahkar” və “günahsız” deyəndə də niyə bu qərarı verdiyi haqqında heç bir açıqlama vermir.
8-cü üzvə qarşı ən çox mübarizə aparan isə 3 və 10 nömrəli jüri üzvləridir və onların verdiyi rəylər heç də qanun və məhkəmədəki detallar əsasında yox, birbaşa şəxsi intiqam hissindən qaynaqlanır. 3-cü jüri filmboyu iki dəfə 8-ci jüri tərəfindən sanki tələyə salınır. Şəxsi ağrılarına görə məntiqi kor olmuş bu şəxs heç kimi dinləmək, dəlilləri qəbul etmək istəmir. Sonda doğma oğlunun fotosunu cırmaqla içindəki ağrıları cırıb atır, qışqıraraq ittiham edən bu şəxs təslim olur. Göz yaşları içindəki nifrəti yuyub aparır. Onun uşağa bəraəti dolayısı yolla öz oğluna haqq qazandırmağı, ona bəraəti idi. 10-cu jürinin qərarları isə onun rasist düşüncələrinə əsaslanır. Keçmişin ağrıları, eqoizm, irqçilik , şəxsi mənafeni üstün tutmaq hissi onun obyektiv qərar verməsinə mane olur. Fimboyu uşağın çətin həyatından, atasının və digərlərinin onu döyməsindən söhbət açılır, amma heç kim zamanında onları cəzalandırmayıb. Bir neçə saat ərzində bir-birinə hörmət etməyən və dəfələrlə toqquşan münsiflər uşaqdan düzgünlük tələb edir. Oğlunu cəzalandırmaqla özünü yaxşı hiss edən ata, oğlunun onu tərk etməsini qəbul edə bilmir və onun empatiyası ataların yanındadır, hətta onlar düz olmasalar belə… Bu, “güclü və ya böyüksənsə – haqlısan” devizinin bariz nümunəsi kimi göstərilir. Jüri üzvlərinin xarakterlərindəki çatışmazlıq onların qərarlarında hiss olunur. Amma bu onları mənfi qəhrəman etmir. Əksinə, hər biri elə canlı, dinamik və mərkəzdə iştirak edir ki onların hamısını baş qəhrəman kimi görmək olar.
Film panoramla məhkəmənin böyük sütunlarının, səmanın təsvirilə başlayır. Bu bir növ ədalətin, qanunun sütunlarını simvolizə edir. Amma bu sütunlar bilavasitə insanlara, onların qərarlarına, vicdanlarına əsaslanır. Sonda da bunun necə bərqərar olduğuna şahid oluruq.
Filmin sonunda məhkəmə binasından çıxan münsifləri kamera yuxarı mövqedən çəkir. Bu bir növ hamının azadlığa çıxmasına, rahat nəfəs almasına işarədir. “12 qəzəbli kişi” filmi nəinki kino dərsliyi kimi, eyni zamanda, hüquq fakültəsində və psixologiya üzrə təhsil alan tələbələr üçün də dərslik kimi qiymətsiz nümunədir.
Ülviyyə Əhmədova