İNDİ OXUYUR
Bir münsifin qeydləri

Bir münsifin qeydləri

Hacı Səfərov VII DokuBaku Beynəlxalq Film Festivalının münsif üzvü olub. Lakin Azərbaycan filmləri bölməsində yaranmış vəziyyətlə bağlı münsiflər heyətinin üzvləri sırasında olmaqdan istefa verib. Mövcud məqalə müəllifin şəxsi mövqeyini ifadə edir.

Bu yazı DokuBaku Beynəlxalq Film Festivalına seçilən və iştirak edən yerli filmləri əhatə etməli idi. Lakin baş verən hadisələr nəticəsində artıq bu barədə yazmaq öz əhəmiyyətini itirir. Adətən kino sektorumuzda hadisələr pərdəarxasında baş verdiyi və orada da qaldığı üçün sonradan ya unudulur, ya da şayiədən o tərəfə keçmir. Festivala seçilən münsiflərdən biri olaraq şəffaflıq naminə baş verənləri yazmağı özümə borc bildim. Həm baş verənlər tarixə keçsin, həm də pərdəarxasında nəsə qalmasın deyə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi yerli festivalların bəzilərinə dəstək olur. Hətta Kino Agentliyində çalışan bir əməkdaşın dediyinə görə, bu dəstək gələn illərdə daha da çox olacaq. Festivalların kinosənaye üçün vacibliyini yenidən vurğulamağa ehtiyac yoxdur, ona görə də bu xəbərə ancaq sevinmək olar. Bəs bu qurumlar dəstəyi necə və hansı şərtlərlə verəcəklər? Qarşımızda duran əsas sual budur və cavabını tapmağı gözləyir. Çünki DokuBaku Beynəlxalq Film Festivalında baş verənlər bədgüman olmaq üçün ciddi əsaslar verir.

Festivalların xüsusi seçim komissiyası olur. Onlar göndərilən filmləri izləyir, aralarında diqqətəlayiq olanları bəyənir və festivalın proqramına daxil edilir. Festivalın proqramına daxil edilən filmlər fors-major hallar istisna olmaqla proqramdan çıxarılmır. DokuBaku-da isə bu hallardan biri baş verdi. Proqrama daxil edilən və nümayişə haqq qazanan filmlər (Hasarların Arxasında – rejissor: Azad Əlizadə, Eşit evdən səsləri – rejissor: Səbinə Abubəkirova, Dog Doc – rejissorlar: Sitarə İbrahimbəyli və Dadaş Musayev) proqramdan çıxarıldı. Bu barədə dolğun məlumat isə nə rejissorlara, nə də filmlərin prodüserlərinə verildi. Burada filmlərin yaxşı olub-olmadığını mübahisələndirmək yersizdir, çünki bu filmlər festivalda nümayiş üçün seçim komissiyası tərəfindən artıq seçilmişdi. Bir münsif üzvü olaraq festivala seçilən filmlərin platformasına daxil olan zaman sözügedən filmləri görə bilirdim. Ancaq açıqlanan proqramda yox idilər.

Əslində, proqram açıqlanmamışdan qabaq da bu barədə məlumatımız var idi. Festivalın rəhbəri İmaməddin Həsənov senzura səbəbindən filmləri çıxarmağa məcbur olduğunu bizə bildirmişdi. Bu senzuraya qarşı addım atmağın vacibliyini bildirdiyimiz zaman isə İ.Həsənov bu barədə özünün açıqlama verəcəyini və həmin filmlərin nümayiş olunacağını demişdi. Etiraz etmək istəyən bir neçə nəfər isə onun sözlərinə arxayın olaraq gözləmə vəziyyətinə keçmişdi. Festival başladı, başqa filmlər nümayiş olundu, ancaq söz verilən açıqlama gəlmədi, üstəlik filmlərin aqibəti də qeyri-müəyyən qaldı. Vaxt ötdükcə vəziyyət çıxılmaz hal alırdı. Festival təşkilatçıları gec olmadan bu barədə nəsə deməli idilər. Əks halda əvvəldən etiraz etməyi düşünən şəxslər onun açıqlamasını gözləmədən bunu etməli olacaqdı. İ.Həsənova bu barədə bildiriləndə isə özünün də etiraza qoşula biləcəyini bildirmişdi. Əlbəttə, yəqin elə düşünürdü ki, burada təkcə günahlandırılacaq qurum ARKA olacaq. Rejissorlarla ünsiyyətə keçdiyimiz zaman isə onlara DokuBaku tərəfindən tutarlı bir açıqlama verilmədiyi ortaya çıxmışdı. Belə olduğu halda, günah təkcə ARKA-da yox, həm də təşkilatçılarda idi. Vəziyyəti belə idarə etmək olmazdı. Sadəcə gözləmə vəziyyətinə keçib ört-basdır etməyə çalışmaq, sanki belə bir şey olmayıbmış kimi davranmaq festival üçün böyük bir nöqsan idi.

Etiraz mətni yayımlanandan sonra isə festival tərəfi bizimlə ünsiyyətə girib vəziyyəti dəyərləndirmək, çıxış yolunu müzakirə etmək istəyirdi. Həmin görüş zamanı senzuranın qoyulmasının necə baş verdiyi də ortaya çıxmışdı. ARKA festivala dəstək olduğu və festivalın 33 beynəlxalq qonağı olduğu üçün rahatlıqla bunu edə bilmişdilər. Festival həmin qonaqların təyyarə biletlərini və Bakıda qalmaq imkanlarını ARKA vasitəsilə ödəməyi planlayırdı. Ona görə də seçim aydın idi: Ya festivalın proqramından həmin filmlər çıxarılır, ya da xarici qonaqların biletləri və s. ləğv olunur. Festivalın davam etməsi və beynəlxalq nüfuzunun itməməsi naminə birinci variant seçilmişdi. Öz rejissorlarını senzuraya layiq görəndən sonra, lap 500 qonaq da çağırsan, bu özlüyündə heç nə ifadə etmir.

Görüşdən sonra İ.Həsənov şəxsən filmlərin nümayiş olunacağını söz verdi və insanlar filmləri gözləməyə başladı. Ancaq nümayiş anında “Nizami” Kino Mərkəzi proqramda başqa film olduğunu, onun göstəriləcəyini bildirdi. Bütün proqram nazirliklə birgə təsdiqlənmişdi və proqramdan kənara çıxa bilməzdilər. Halbuki festivallarda texniki problemlər yaşanır, filmlərin nümayişi axsamasın deyə başqa film də salmaq olur. Bu bəlkə də insanların gözünü boyamaq üçün növbəti həmlə idi. İ.Həsənov isə ora yığışan insanlara “Biz bura filmə baxmağa gəlmişik, dalaşmağa yox” tipində bir açıqlama verərək vəziyyəti daha da biabırçı hala gətirib çıxarmışdı. İnsanlar dalaşmaq yox, senzuraya məruz qalmış rejissorlara dəstək olmaq istəyirdi.

DokuBaku ilə bağlı məsələ aydın idi. Qeyri-peşəkarlıq, yarıtmaz təşkilatçılıq, kommunikasiyanın düzgün qurulmaması, insanlara qarşı qeyri-şəffaf münasibət bütün bu problemləri yaratmışdı. Burada bir məqama da diqqətinizi çəkmək istəyirəm. Festival təşkilatçıları bir neçə dəfə bildirdilər ki, Mədəniyyət Nazirliyi festivallara birbaşa ödəniş etmir. Əvəzində onlara səyahət üçün bilet alır, qonaqların qalması üçün otellərə ödənişlər edir. Halbuki təşkilatçılıqda problem olduqdan sonra, bütün təşkilati işlərlə məşğul olan insanlar könüllü çalışanda 33 qonağın gəlməsinin elə də bir əhəmiyyəti yoxdur. Əvvəlcə təşkilat yüksək səviyyədə olmalı, ona pul ayrılmalı, daha sonra isə digər məsələlər düşünülməlidir. DokuBaku isə tək adamın etməyə çalışdığı natamam bir iş kimi yadda qaldı. Az qala, göstəriləcək filmlərin qoşulması prosesini də İ.Həsənovun özünün icra etməsi vəziyyətin acınacaqlı olduğunun isbatıdır.

DokuBaku-nun qapanış mərasimində yaşananlar isə bu böyük “faciənin” komediyasayağı sonluğu oldu. Leylaxanım Qənbərli “Sanatoriya əzgiləri” filmini yarışmadan çəkdiyini elan etmiş olsa da, ona mükafat təqdim edildi. Üstəlik İ.Həsənov vəziyyətdən çıxış yolu olaraq daha bir ideya tapmışdı: Senzura olunan filmlərin üçünü də “Xüsusi vurğu” mükafatı verdi. Seçdiyin filmləri nümayiş etdirəcək qədər cəsarət və iradə yoxdursa, yüz mükafat verilsə də, bu vəziyyəti xilas etməyə kifayət etmir.

Azərbaycan kinosu çətin dövrlərdən keçir və bütün bu proses sancısız ötüşmür. Hər nə qədər şifahi olaraq vəziyyətin yaxşılaşacağı barədə vədlər verilsə də, əməldə eynisini görmək olmur. Burada artıq, necə deyərlər, Rubikonu keçdik, geriyə yol yoxdur. Ya bütün bu senzura söhbətləri aradan götürüləcək, festivallar, yaradıcı şəxslər müstəqil şəkildə özlərini ifadə edəcək, ya da hazırkı kino vəziyyəti daha da pisləşəcək, yaradıcı insanlar yenə özlərini tənha hiss edəcək, başqa ölkələrin kino sənayesi inkişaf etdiyi halda, biz baxa-baxa qalmağa davam edəcəyik. Dövlət səviyyəsində müstəqil rejissorlar, müstəqil festivallar dəstək görməsə, heç bir inkişaf olmayacaq. Dəstəyi isə qeyd-şərtsiz etməli, sadəcə təşkilati işlərdə kömək olmalı, “pulu mən verirəmsə, mən dediyim olmalıdır” yanaşmasından əl çəkilməlidir. Nəticədə, verdiyiniz pul şəxsi cibinizdən yox, insanların vergisi ilə yaranan büdcədən çıxır. Bu pulları ən layiq olanların alması ən təbii haqqdır.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya