İNDİ OXUYUR
Bir “Mozalan” vardı…

Bir “Mozalan” vardı…

AKP MK-nın 1970-ci il aprel plenumunda 1971-ci ildən “Mozalan” satirik jurnalının istehsalı haqqında da qərar qəbul olunmuşdu. 1971-ci ilin iyul ayında ilk nömrəsi tamaşaçılara çatdırılan kinojurnalın ilk baş redaktoru yazıçı Ə.Əylisli idi. “Mozalan” satirik kinojurnalının məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq idi. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi. Satirik kinojurnalının ilk filmi “Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet idi. Komediya janrında çəkilən süjetin rejissoru O.Mirqasımov, ssenari müəllifi Ə.Əylislidir. Filmdə məruzəçi “Mozalan” sözünün yumoristik mənalarını izah etməklə kinojurnalı sanki açır, onun gələcəkdə hansı mövqe tutacağını göstərirdi. “Yüz vəd bir  borcu ödəməz” adlı süjetdə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən, “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının nəzərə alınmaması tənqid olunurdu. Bu nömrədən sonra kinojurnalın baş redaktoru şair E.Borçalı (1971-1984) oldu.

Ekrana çıxdığı ilk nömrələrdən “Mozalan” satirik kino-jurnalı Ümumittifaq “Krokodil”, “Fitil”, respublika “Kirpi” satirik orqanları kimi, cəmiyyətdə mövcud olan nöqsanları ciddi tənqid etməyə başladı. Cəmi 10 dəqiqə ərzində hər biri 2-3 dəqiqədən ibarət süjetlərdə ən aktual problemlərə toxunulurdu. “Mozalan”ın süjetləri üçün peşəkar ssenaristlər mövzular qələmə alır, rejissor, operator və  aktyorlar həmin mövzular üzərində işləyirdilər. İ.Babayev, İ.Məlikzadə, S.Bədəlov, R.Ocaqov, R.Tağızadə, C.Mirzəyev, V.Mustafayev, C.Mehdiyevin ərsəyə gətirdikləri süjetlər, aktyorlardan Ə.Ağayev, F.Salayev, S.Aslan, Y.Nuri, E.Zeynalov və başqalarının yaratdıqları obrazlar dillər əzbəri idi. Sonralar tənqid olunan nöqsanların aradan qaldırılıb-qaldırılmadığını izləmək üçün jurnalda “Mozalan”ın izi ilə” rubrikası da açılmışdı.

Elə ilk nömrələrindən kinojurnal respublika, hətta ümumittifaq miqyasında böyük səs-küyə səbəb oldu. Nazirlik və idarə rəhbərləri jurnalın süjetlərinin çəkilişinə və ekrana çıxmasına hər cür vasitələrlə mane olmağa çalışırdılar. Buna görə də respublika partiya təşkilatı 1978-ci il yanvarın 11-də Azərbaycan KP MK “Mozalan” satirik jurnalının tənqidi çıxışlarına respublikanın bəzi nazirliklərinin və baş idarələrinin yanlış münasibəti haqqında”xüsusi qərar qəbul etdi. Qərarda qeyd edilirdi ki, “… “Mozalan” satirik kinojurnalının yaradıcı kollektivi zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində böyük və faydalı iş aparır, təsərrüfat və mədəniyyət quruculuğunda nöqsanlara qarşı, kommunist əxlaqı prinsiplərindən kənara çıxmaq hallarına qarşı mübarizədə fəal iştirak edir. Jurnal öz operativliyi, tənqidi çıxışlar üçün bacarıqla mövzu seçməsi, bunları yaxşı formada əks etdirməsilə zəhmətkeşlər arasında şöhrət qazanmışdır. …Bir çox təşkilatlar “Mozalan” kinojurnalının tənqidi çıxışlarına əsasən, düzgün yanaşırlar. Onun siqnalları kollegiyaların iclaslarında, müşavirələrdə müzakirə olunur, bunların əsasında əməli tədbirlər görülür… Lakin respublikanın nazirlik və baş idarələrinin heç də bütün rəhbərləri və partiya təşkilatları “Mozalan”ın çıxışlarına lazımi diqqətlə yanaşmır, çox zaman jurnaldakı tənqidin üstündən sükutla keçir, bəzən də bu tənqidə tamamilə etinasızlıq göstərirlər. Elə rəhbərlər də var ki, tənqidlə sözdə razılaşır, işdə isə aşkara çıxarılan nöqsanların kökünü kəsmək üçün heç bir tədbir görmürlər”.

MK jurnalın fəaliyyətinə mane olan nazirlik və idarələrin adlarını sadalayır onlardan tələb edirdi ki, “…jurnalın aşkara çıxardığı nöqsanları aradan qaldırmaq üçün təcili tədbirlər görsünlər. Nəticələr haqqında Azərbaycan KP MK-ya məlumat versinlər. Partiya, sovet, həmkarlar ittifaqı və komsomol təşkilatlarının, təsərrüfat orqanlarııın rəhbərləri “Mozalan” kinojurnalının tənqidi çıxışlarına vaxtında cavab verilməsini təmin etməli, göstərilən nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görməlidirlər. Nəticələr haqqında kinojurnalın redaksiyasına məlumat verilməlidir. …Kinojurnalda göstərilən materiallarda tam obyektivlik təmin edilməli, aşkara çıxarılan qüsurların ictimai xarakteri nəzərə alınmaqla tənqid obyektləri düzgün seçilməlidir”.

Qərarda eyni zamanda “Mozalan” satirik kinojurnalı redaksiyasının C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tərkibindən ayrılıb Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilməsi nəzərdə tutulur, ADTRVK-nə “Mozalan” kinojurnalını televiziyada müntəzəm göstərmək tapşırılır,. respublika qəzetlərinin redaksiyalarına vaxtaşırı olaraq “Mozalan” satirik kinojurnalının, onun aktual məsələlərə dair ayrı-ayrı süjetlərinin və tematik çıxışlarının xülasələrini dərc etmək həvalə olunurdu.

Ümumiyyətlə, E.Borçalının baş redaktor (1971-1984) olduğu dövrdə kino-jurnalda böyük dəyışikliklər edilib. O.Mirqasımov, Z.Abbasov bədii rəhbər kimi, M.İbrahimov, M.Araz, Anar, A.Abdulla, F.Kərimzadə, Elçin, S.Rüstəmxanlı, V.Mustafayev, C.Mirzəyev isə müəllif kimi işə cəlb olunublar, “Mozalan”a şöhrət gətirən süjetlərdə nəhəng aktyorlar – İ.Osmanlı, A.Gəraybəyli, S.Rzayev, H.Qafqazlıninın yaradıcılıq imkanlarından istifadə edilib, ildə 4 nömrəsi hazırlanıb, jurnal yaradıcı idarə, laboratoriya rolunu oynayıb, yeni jurnalist, operator, montajçı yetişib, qaynar iş prosesində yaradıcı heyət “Mozalan”ı “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağa çalışıb. Sonralar Z.Abbasovun rəhbərlik etdiyi (1984-1998) kinojurnalın studiyasında indiyəcən 180-dən çox nömrə istehsal olunub. Hər nömrə 3-4 bədii, sənədli və hətta cizgi süjetlərindən ibarətdir.

“Mozalan” studiyası yeni nəsil kinorejissorların yetişməsində müsbət rolunu qeyd etmək lazımdır. Ceyhun Mirzəyev, Vaqif Mustafayev və başqa rejissorların peşəkar səviyyəsinin formalaşmasında “Mozalan” studiyasında çəkdikləri süjetlərin xidməti olub. Bununla yanaşı studiya rejissor, müəllif və aktyorları fəaliyyətsizlik dövründə işlə təmin edirdi. Qeyd etmək lazımdır ki, “Mozalan”da çəkilən bədi süjetlər bir qayda olaraq orijinal rejissor həlli, maraqlı aktyor oyunu, qaldırılmış mövzuların aktuallığı və müəllif həllinin gözlənilməz,orijinal rakursu ilə seçilirdi. Təsadüfi deyil ki, onilliklər keçməsinə baxmayaraq “Mozalan”ın bədii süjetləri hələ də tamaşaçı marağını özündə qoruyub saxlayıb.

2015-ci ildən 2023-cü ilə qədər studiyaya rəhbərlik etmiş, kinorejissor Əli-Səttar Quliyevin fəaliyyəti dövründə studiyanın fəaliyyətinin canlandırılmasına cəhd olundu. Süjetlərlə yanaşı ilk dəfə olaraq studiyada tammetrajlı komediya filmi istehsal edildi. Mütəxəssislərin müsbət rəyini qazanan “Əlvida, Şmidt!” (2019) və “Olimpia” (2021) tammetrajlı bədii filmləri AR Mədəniyyət nazirliyinin sifarişilə istehsal edildi. Hazırda studiyanın fəaliyyəti dondurulub.

Nəriman Əbülrəhmanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya