“Biləsuvar”: Əyalət gerçəkləri

Rus kinotənqidçisi Sergey Anaşkin, “Digər ərazilər. Etnik kino: periferik ənənələr, xəyali retrospektivlər” («Другие территории. Этническое кино: периферийные традиции, воображаемые ретроспективы») (2024) adlı kitabında rejissor Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filminin təhlilinə məqalə həsr edib.
Biləsuvar Azərbaycanın Cənub-Şərqində rayon mərkəzidir (İranla sərhəddə yerləşir). Rejissor Elvin Adıgözəl özünün kinoalmanaxına coğrafi ad verib. Film beş müstəqil novelladan ibarətdir ki, bu novellaların hər birində hadisələr sözügedən rayon mərkəzində və rayonun ətraf kəndlərində baş verir. Bu novellaların bəzilərində süjet-hadisələr ötəri cızılıb, bəzilərində isə əsaslı işlənib. Əyalət dəbdəbəsi kadrlarda əyalət miskinliyi ilə qonşudur – yerli sakinlər heç də zəngin deyillər.
Biləsuvar” diqqətəlayiq kiçik filmdir. Azərbaycanın ucqar sakininin portretinə çəkilmiş eskizlər, qaçaraq qaralamalardan ibarət albomdur. Pafosdan, moizəçilikdən və yüksək rejissor iddialardan uzaq, aktual doktrinaları və riqqətləndirici həqiqətləri yenidən yayımlamayan filmdir. Nəticə isə tam da ilkin ideyaya uyğundur.
Təsvirlə iş manevri reportaja yaxındır. Operator Oqtay Namazov əlavə işıqlandırma olmadan keçinib, optik oyunlardan istifadə etməyib. Dialoqlar xəsisdir – tammetrajda boş söz tapa bilməzsən. Lakonik ifadələr dəqiq ölçülüb-biçilmiş mənanı ötürür, ünvanlı, qısa ismarışlar situasiyanın və personajların aydın xarakteristikasını yaratmağı bacarır. Nəqletmə fabulanın prinsipial natamamlığı (finalın eskizvariliyi, yarımçıqlığı, açıqlığı), ovqatın güclə duyulacaq dəyişməsi üzərində qurulub. İroniyadan kədərə bir addımdır. Filmin personajları arasında qeyri-adi xarakterlər yoxdur: yalnız çox da xoşbəxt olmayan qadınlar və özünü itirmiş kişilərdir. Bu da diqqətəlayiqdir ki, naturaçı-aktyorlar uydurulmuş personajlara təkcə öz tipajlarını, xarakter biçimini, orqanikliyini yox, həm də adlarını veriblər. Hər novella qəhrəmanlardan birinin seçilmiş replikası ilə adlanıb.
İlk novellanın qəhrəmanı hərbi xidmətə çağırış gözləyən Niyaməddin adlı kənd uşağıdır. Gənc oğlan, keçməyən vaxtını həyatdan dəyişikliklər gözləməklə öldürür. Rayon mərkəzindən olan həmyaşıdı ilə pivə içir, kənd oğlanları ilə birgə kart oynayır. Telefonda sevgilisi ilə höcətləşir. Bu əhvalatın adı – “Məni axtarma” – çağırışçının vəfasız rəfiqəsinə xitabən dediyi əsəbi replikadır.


Filmin ilk seqmenti az detalllaşdırılıb, lakin artıq ona əsas motivlər daxil olmağa başlayır. Buraxılmış imkanlar və gerçəkləşməyən ümidlər mövzusu yavaş-yavaş görünür. Həmkəndliləri zabit olub kənd bataqlığından çıxmaq şansı qazanaraq taleyini dəyişmək şansına həsədlə yanaşırlar.
“Torpaq” simvoluna, patriotik mifologiyaya ironik göndərmə də var – qəhrəmanın çəkmələri traktorun yoğurduğu (səslə vurğu edilir) kənd yollarının palçığına batıb.
Rejissor maskulinlik haqda təsəvvürlərin adekvatlığını yoxlayır, müasir Azərbaycan sosiumunda kişinin funksional rolunu araşdırır. Məlum olur ki, gənc qəhrəman əks cinsin nümayəndəsi ilə cavabdeh münasibətlərə hazır deyil. Gənc oğlan – cəsurluğun arxasında özünü itirən biri var, Niyaməddin həmkəndlilərinin vərdiş etdiyi patriarxal (mahiyyətcə yeniyetmə) davranış qaydalarına uymağa çalışır, bu qaydalara görə, kişi sərt olmalıdır, əgər hisslərinə önəm versən – zəiflik göstərmiş olacaqsan.
İkinci novella – “Rusiyaya gəl” kənd müəllimi haqdadır. Tofiqin əlli yaşı var. Çal saçlı kişi riyaziyyat müəllimidir, Azərbaycan dili müəlliməsilə evlidir. ər-arvadın işlədiyi ibtidai kənd məktəbinin yoxsul vəziyyəti kənar müşahidəçini heyrətə salır yana doğru əyilmiş, döşəməsi torpaq olan, yeganə sinif otağı olan tikili və istirahət yerinə oxşar xaraba bir yer (uşaqların oynaması və düzülməsi üçün). Uşaqlar məktəbdə üst paltarlarını soyunmurlar, çünki, mərkəzi istilik sistemi yoxdur. Müxtəlif siniflər üçün dərslər paralel keçilir, müəllimlər arabir şəklini dəyişən lövhəyə doğru gedirlər, hərflər rəqəmlərlə əvəz olunur.


Bu hekayədəki əhvalat Yeni il bayramı ərəfəsində baş verir, bu da, digər əhvalatlarla zaman əlaqəsini müəyyən etməyə imkan verir. Qurumuş otlar, islanmış yollar, qurğuşun rəngli səma biz şimallılara gecikmiş payızın əlaməti kimi görünür, amma Azərbaycanın Cənubu üçün bunlar qışdan xəbər verir.
Müəllim Yeni il bayramına hazırlaşır. Rayon mərkəzindən məktəb divarlarını bəzəmək üçün çox güman ki, öz pulu ilə bəzək işıqları alır. Şar üfürüb doldurur. Boş foyedə Yeni il şamı bəzəyir: qonşuluqdakı meşəlikdən qırdığı şamın budaqlarından oyuncaqlar asır. Tofiqin qazancı çox deyil. O, kiçik məvacibindən utanır. Amma, öz işini sevir. Rusiyada imkanlar qazanmış gənclik dostu ona kömək təklif edəndə – müəllimliyi atıb uzaq diyarlara getməyi təklif edəndə – havada naqolay bir sükut yaranır.
Yoxsul kənd müəllimi uğurluluq etalonu ictimai testindən keçmir. “Kişi kimi yaşamaq” – babat pula sahib olmaq deməkdir. Azərbaycan ucqarında bu bacarıq əhəmiyyətli maskulin atributudur, vaciblik markeri kimi qəbul olunur.
“Sən mənim üçün heç kimsən” adlanan üçüncü novellada rejissor bir cazibədar xanımın diqqəti uğrunda mübarizə aparan, müxtəlif nəsillərə mənsub iki kişinin rəqabəti haqda avara bir süjetə öz ladında yozum verir.
Bu sevgi əhvalatının personajları rayon mədəniyyət evinin nəzdində fəaliyyət göstərən əyalət truppasının üzvləri, teatr adamlarıdır. Kameranın baxış bucağında təqaüd yaşlı rejissor İlqar, qırx yaşlı aparıcı aktyor Cahangir və onların arzularının predmeti Günel – 30 yaşlarında tənha qadın (ərə getməyib, bəlkə də boşanıb) – var.
Yaradıcılıq planlarını müzakirə etmək üçün bu üçlük ucuz restorana toplanır. Ayrıca kabinetlərin divarı (Açıq havadakı kabinələrin) tənəkdəndir, tavan, istixana üçün nəzərdə tutulmuş polietilenlə örtülüb. Burada iddia miskinlikdə əriyir. “Biləsuvar”dakı bu interyer bizə artıq tanışdır, bundan əvvəlki əhvalatda personajlar arağı məhz bu kafedə içiblər.


Qonaqlıq hörmətli təriflərlə başlayır: aktyor yeni rola görə rejissora təşəkkür edir. İlqarın nəzərdə tutulan tamaşanı təxirə salmaq qərarını elan edəndə isə söhbətin tonu dəyişir. O, iki nəfər üçün tamaşa qurmaq niyyətindədir: kişi və qadın haqda. Rollarda isə özünü və Güneli görür. Cahangirə isə onun yaxın gələcək layihələrində yer yoxdur.
Yaşlı kişi, məkanı qısa müddətə tərk etməli olur, aktyor və aktrisa tək qalmalı olurlar. Cütlüyün davranışı getdikcə daha coşqulu olur. Evli kişi qəhrəman-aşiq coşqusu ilə yəqin ki, köhnə romantik pyeslərdən çırpışdırdığı yüksək tiradaları səsləndirir. Onun həmsöhbəti utanır, amma əlini cəsur aşiqin ovuclarından çəkmir. İlqar yeni içki şüşəsi ilə qayıdanda artıq kifayət qədər içmiş Cahangir onunla kobud davaya keçir. Bu novellanın adı incik bir replika kimi səslənir: “Sən mənim üçün heç kimsən!” Qonaqlıq bitib: gənc rəqib yaşca böyüyün üstündən keçərək arzulanan məşuqəni özü ilə aparır.
Yaşlı kişi boş mənzilinə qayıdır, onu burada bir ins-cins gözləmir. Vodevil süjeti qəfildən dəyişib tənhalıq və yaşlılıq haqda kədərli drama çevrilir. Nə təcrübəsi, nə statusu, nə də əvvəlki xidmətlərinin çəkisi yaşlı qəhrəmanı ambisiya turnirində qalib etmir. Qadın bu kişi yarışının obyekti kimi çıxış edir, amma partnyor seçimi ondan asılıdır.
Son iki hekayənin ümumi qəhrəmanı var. Operator Kamran, Bakıdan Biləsuvara, toy müğənnisi Günel – əvvəlki qəhrəmanın adaşı – üçün klip çəkməyə gəlir.


Əyalət divası – əlamətdar personadır. Otuz yaşlarında evli qadın, onu toylarda müşayiət edən, menecer funksiyasını həyata keçirən avtoritar qardaşının himayəsindədir. Yerli ulduz orada xeyir-dua məzmunlu mahnısı ilə qonaqları əyləndirir. Başqa mədəniyyətə aid adama Azərbaycanın ucqarındakı tanınmamış müğənninin istedadını qiymətləndirmək çətindir. Yerli sakinlərin fikirlərinə güvənmək qalır. Kənd adamları isə Güneli hər cəhətdən xoşlayırlar: Səs tembri, bayramsayağı makiyajı, dolu bədən formasını, çəkililiyini və quruluşunu (fertilliyin bədən əlamətləri). Reportajvari fraqment göstəricidir: müğənni şux bir mahnı oxuyur, gənclər və yaşlılar – ahıl kişilər və yeniyetmələr, sadə hörüklü qızlar və başı şallı nənələr – rəqsə başlayır. Artist xanıma doğma diyar dar gəlir, o ümid edir ki, yaxşı klip onu Biləsuvardan kənarda da tanıdacaq, şöhrət gətirəcək və nəhayət, o ailənin qəyyumluğundan çıxmaq şansı yaranacaq.
Novellanın adında – “Narahat olmayın, Günel xanım” – ironiya hiss olunur. Musiqili videonun çəkilişi zamanı rəqəmsal fotoaparat sıradan çıxır. Kamran yeni texnika dalınca paytaxta getməyə hazırdır. Lakin müğənnin qardaşı bəxtsiz “kinoşnikə” işin nəticəsini görməmiş pul ödəmək fikrində deyil. Kədərə qərq olmuş müğənni kişilərin mübahisəsini kənardan dinləyir, özgələrin söhbətinə qoşulmur: Azərbaycan ailəsində qərarı qadınlar yox, ərlər və qardaşlar verir.
“Kamran” adı farscadan tərcümədə “qüdrətli” və “xoşbəxt” deməkdir. “Xoşbəxt” adı olan qəhrəman universal bir intellektual uğursuz tip çıxır. 40 yaşlarında kişi, cib boş, həyatı da düz gətirməyib. Frilanser hər cür mümkün sifarişə qaçır, hətta ucqar bataqlıqda çəkilişə də razıdır, təki, üzüb harasa çıxsın. Biləsuvara çatanda yerli “qaqaları” vəsvəsəyə salmamaq üçün (bu kişiyəyaraşmayan atributu düz yozmaya bilərlər) sırğasını da çıxarır Kamran. Paytaxt pijonu bacardıqca görkəminin də qeydinə qalır: dəbli kepka funksionaldır – keçəlini örtür, dəri gödəkçə zövqlüdür, nimdaş olsa belə.

Gözlədiyi ödənişi almayan Kamran əməlli-başlı çətin vəziyyətə düşür. O, yad şəhərdə təkdir, pulsuzdur, yatmağa yeri yoxdur, vərdiş etdiyi mühitdən uzaqdır, köməyə çağıracaq adam yoxdur buralarda. Qəhrəman, ona həmin sifarişi təşkil edən bakılı dostunun nömrəsini yığır. Dostu onu uzaq qohumuna yönləndirir, arxayın edir ki, biləsuvarlı onu qonaq edəcək, borc pul da tapacaq. Kamran qulaqbatıran dərinlikdə yerləşən (ora ancaq traktorla getmək mümkündür) az adamlı kəndə, balıq təsərrüfatının briqadiri olan hansısa Mamedi tapmağa getməli olur.
Məişətvari lətifə getdikcə fantasmaqoriya cizgiləri qazanmağa başlayır. Təsərrüfat sahibi əvvəlcə onu bura göndərən adamın kim olduğunu anlaya bilmir (O, bakılı qohumu ilə uzun müddətdir ki əlaqə saxlamır). Amma yenə də qonağa lazım olan məbləği tapmağa razı olur, lakin birazca gözləmək lazımdır. Bu qəribə adam ova gedir və gecə yarısına kimi gəlib çıxmır. Qonaq tez telefona əl atır: “abonentə zəng çatmır”. “O, arabir yoxa çıxır” – deyə işçilərdən biri xəbər verir. Məhz bu replika sonuncu novellanın adıdır. Kamran narahatlıqdan yata bilmir – adam başına gələn həngamədən dəli olur az qala. Biləsuvar bakılını buraxmır. Real məkan mistik yer kimi tələyə çevrilir. Qərib qonaq bədlik gətirən rayondan gedə biləcəkmi nəhayət, yoxsa kəndin bataqlığında ilişib qalmaq var qismətində? Hekayə üç nöqtə ilə bitir…
“Biləsuvar”ın vizual naturalizmi, rejissorun, fiziki reallığın studiya filtrlərilə bəzədilməmiş, görünən təzahürlərinə inamının nəticəsidir. Hər şeyə rəğmən, Elvin Adıgözəl əyalət rutinini, obrazlarındakı adiliyin, bozluğun, ilk baxışda görünməyən sakit poeziyasını ayırd etməyi bacarır. Bu filmdəki təmkinli lirika, inkar enerjisini sakitləşdirir.
Sergey Anaşkin / Tərcümə etdi: Aliyə Dadaşova