Now Reading
“Biləsuvar”: bütün Azərbaycanı birləşdirən dəyər

“Biləsuvar”: bütün Azərbaycanı birləşdirən dəyər

Elvin Adıgözəlin “Biləsuvar” filmi haqqında

“Biləsuvar” (2020)

Rejissor və ssenarist: Elvin Adıgözəl                          

Quruluşçu operator: Oktay Namazov

Prodüser: Etienne de Ricaud,  İntiqam Hacılı və İradə Bağırzadə

İstehsal: Karakteres ( Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan)

Rollarda: Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov

Elvin Adıgözəl milli kinomuzda maliyyə müstəqilliyini qoruyaraq ciddi filmlər çəkən və azbüdcəli ekran əsərlərini dünyanın müxtəlif nüfuzlu festivallarına çıxara bilən tək-tük müəlliflərdəndir. Üstəlik, o, ölkədə baş verən ümumi kinoprosesdə həmişə kompromissiz mövqeyi ilə seçilib. Əslində, Elvin yaradıcılıq prinsiplərinə də həmişə sadiq qalıb. Məsələn, onun kinokonsepsiyasının dəyişməyən  seqmentlərindən biri sosial problemlərin, məişət dramlarının siyasi idarəçilik sistemindəki boşluqlardan qaynaqlanmasını vurğulaması, çirkli, boz, ümidsiz Azərbaycan reallığının təsviridir. Bir qayda olaraq, Elvinin filmlərində kamera, coğrafi mənada iqtisadi-siyasi mərkəzlərə, parıltılı urbanik görünüşlərə tuşlanmır, əhvalatlar bu fonda baş vermir, əksinə o, həmişə ölkənin periferiyasına qaçır, əyalətlərdən, unudulmuş, pinti məkanlardan ilhamlanır.

E.Adıgözəlin bədii filmləri sənədli kino estetikasına istinad edir: real lokasiyalar, bəzəksiz, təbii interyerlər, daha çox gerçək qəhrəmanlar, dekorasiyadan, təbii işıqdan, qrimdən, musiqidən imtina.

 Bədii təhkiyənin mümkün qədər daha çox dokumentallıqda həlli və nəqli çağdaş dünya kinosunun trend tendensiyalardan biridir. Lakin Elvinin sözügedən üsluba davamlı müraciəti sadəcə trend, dəb deyil, bu, daha çox ölkənin mövcud gerçəkliyinin diktəsidir. Çünki ölkəmizin reallığı təkcə sənədli yox, eyni zamanda bədii kino üçün son dərəcə münbit materialdır: həm vizual, həm əhvalat, həm personaj baxımından. Elvin barmaqla sayılacaq müəlliflərdəndir ki,  milli kinonun inkişaf perspektivini dediyim kontekstdə görə və dəyərləndirə bilir.

Həyatın təklif etdiyi hazır materialla işləmək, onu nəzərdə tutulan ideyaya uyğunlaşdırmaq, bədii süjetə biçə bilmək düşüncə çevikliyi tələb edir. Ki, Elvin “Biləsuvar” dramında bunu reallaşdırır.  Və təcrübəsiylə bir daha təsdiqləyir ki, minimum imkanlarla dərin, təsirli kinoəhvalatlar yaratmaq mümkündür.

“Biləsuvar” dramı struktur etibarilə milli kinomuzda yeni və təkdir.  Dünya kinematoqrafiyasında isə müxtəlif hekayələri eyni ideya-problematikada birləşdirən, çoxplanlı süjetə əsaslanan filmlər həmişə çəkilib: Maks Ophülsun ”Karusel”,  Cəfər Pənahinin “Dairə” və “Taksi”, Pol Tomas Andersonun “Maqnoliya”,   Kərim Mussauinin “Quşlar qayıdanda ” və s.

Beş müxtəlif hekayə üzərinə qurulan “Biləsuvar”da hadisələr adından göründüyü kimi sözügedən rayonda baş verir. Hər süjetin öz qəhrəmanı olsa da, baş obraz, əlbəttə ki, Biləsuvardır. Biləsuvar Azərbaycanın ümumiləşmiş obrazıdır. Sevgi böhranı yaşayan gəncdən başlamış ortabab, uğursuz teatr rejissoruna qədər müxtəlif təbəqələrin hekayələrini vahid bir xəttə yükləməsi  ilə müəllif, ölkə vətəndaşlarının sosial və mənəvi yaşamını, əhvalını ümumiləşdirir. Bu ümumiləşdirmələrin heç birində zərrə qədər falş, şərtilik gözə dəymir. Və mənə elə gəlir ki, “Biləsuvar”ın zövqünə inanındığım tamaşaçılara təsir etməsində əsas faktorlardan biri budur.  

İlk epizod sükutla başlayır ki, bu, monoton, çıxılmaz sükuta qərq olmuş əyalət adamlarının talelərinin ekspozisiyası kimi uğurlu düşünülüb.  Qatar Biləsuvarın boz çöllərinə daxil olduğu anda, tamaşaçı sıradan bir əyalət gənci Niyaməddinin hekayəsi ilə tanış olur. Bir-birinə orqanik, dramaturji, montaj həlli ilə bağlanan əhvalatlar aşağıdakı ardıcıllıqla bütünləşən kompozisiya yaradır və hekayələrin hər biri, nəsə ironik kədəri ehtiva edən başlıqlarla təqdim olunur: əsgərliyə getməyə hazırlaşan gənc (“Axtarma məni”), kənd müəllimi (“Gəl, gedək mənim yanıma”), teatr rejissoru (“Sən mənim üçün heç kimsən”), əyalət müğənnisi (“Narahat olmayın, Günel xanım”), klip rejissoru (“O, bəzən yoxa çıxır”).  

Süjetlər  müstəqil film kimi çəkilib, personajları bir nöqtədə kəsişdirən kiçik insan faktoru, onların sosial bioqrafiyaları və eyni coğrafi ərazidir.  Hərbi xidmətə yollanmağa hazırlaşan Niyaməddinin sevdiyi qızla problemləri var, kənd müəllimi kiçik büdcəsiylə şagirdlərini yeni ildə sevindirməyə çalışır,  özünü peşəsində təsdiqləməkdə çətinlik çəkən teatr rejissoru, aktyor və aktrisa arasında yaşanan məhəbbət münasibətinə daxil olmağa çalışır, əyalət müğənnisi məşhurlaşmaq arzusundadır, klip rejissoru maddi səbəblərdən ucuz büdcəyə zövqsüz kliplər çəkir.  Qəhrəmanların hər biri öz rutin, monoton məişətində cabalayır, fürsətlərin az olduğu cəmiyyətdə yerini tapmaq məqsədilə çıxış yolları arayır. Əslində, ilk baxışda kiçik görünən problemlərdə, əyalət adamının məişətində və arzularında ölkənin böyük miqyaslı, əhəmiyyətli məsələləri dayanır.  Müəllimin hekayəsində təhsilin vəziyyəti, Niyaməddinin hekayəsində gənclərin işsizlik problemi, teatr rejissorunun hekayəsində sənətin durumu və onun statusundan istifadə edərək aktrisanı seksual qısnama cəhdi vizual və verbal informasiyada verilir. Filmin təsvir konsepsiyasının əsas motivi – miskin rayon görüntüləri isə ümumi iqtisadi-sosial inkişaf səviyyəsinin kino diliylə şərhidir.

Rejissorun yozumundakı minimalist yanaşma daha çox məna tutumunu əhatə edir, personajların, hətta kadrda ötəri görünən adamların bir fraqmentar baxışla tamaşaçıya tanış bioqrafiyasını yarada bilir: nimdaş evində pişiyini kədərlə tumarlayıb muğam dinləyən susqun ananın, çox güman ki, sovet dönəmindən bu yana təmir olunmayan məktəb zalında həyəcanla Qar qızla Şaxta babaya tamaşa edən uşaqların…

Bütün filmin yoxsul məkan estetikasında solğun rənglərlə işlənməsi əhvalatın məzmununu tamamlayır. Kasıb, zövqsüz məkanlar arasında təkcə Biləsuvar mədəniyyət mərkəzi  nisbətən işıqlı, geniş və təmirli olsa da,  tamaşanın məşq prosesi zamanı yaşanan konflikt, münasibətlərdəki gərginlik öncəki kadrda nəzərə çarpan genişliyi, fərahlığı daraldır.

“Biləsuvar”ın özəlliklərindən biri də  Elvinin təhkiyəsindəki ictimai-siyasi eyhamların dramaturji materiala, ümumi təsvir dilinə tamamən uyğunlaşdıra bilməsindədir. Məsələn, Elvinin  “Qaranlıqdan reportaj” bədii filmində analoji eyhamlar nisbətən kobud, publisistik dildə, belə demək mümkünsə, müəyyən mənada plakatçılıq manerasında meydana çıxırdısa da, “Biləsuvar”dakı Elvin təmkinlidir, eyhamları, situasiyaları dramaturgiyanın qanunlarına tabe edir, onları qəhrəmanlarının həyatında əridərək traktovkasının zəruri seqmentinə çevirə bilir.

Yapon estetik baxışına görə, incəsənətin sirri deyilməyənləri eşitmək, görünməyənləri sezməkdən ibarətdir. Bu mənada Elvin “Biləsuvar”ın  estetik konsepsiyasında məhz buna can atır.  Kasıb şəhər mənzərəsi ilə kontrast  yaradan “Uğur” adlanan marketə,  məktəbdəki yolka şənliyində, klip çəkilişində arxa planda görünən məşhur plakatlara (“Təhsil millətin gələcəyidir”,  “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir”), telekanallarda səslənən rəsmi xəbərlərə xüsusi vurğular edilmir, sadəcə,  bu fonlar incə və tutumlu ironiya ilə əhvalatın kompozisiyasına təbii şəkildə daxil olaraq onu altmənalarla yükləyir.  

Aktyorların minumum emosiyalarla, az qala, hissiz oynaması filmin soyuq, statik atmosferinə adekvatdır, rejissor aktyorlardan mümkün olan nəticəni alır. Musiqi ancaq naturada səslənir, daha çox populyar mahnılara istinad personajların ümidsiz, kədərli həyatlarında ucuz əyləncə effektini verir.

“Biləsuvar” Elvinin kinooperator Oktay Namazovla ilk əməkdaşlığıdır. Düşünürəm ki, uğurlu nəticənin əldə olunmasına bu əməkdaşlıq da təsir göstərib. Çünki Oktayın gözü texniki yox, yaradıcıdır və özünün müəllifi olduğu ekran işlərində o, üslub axtarışlarına, eksperimentlərə cəhdlər eləyir.  “Biləsuvar”da da onun  manerası sezilir: öz işlərində olduğu kimi, burda da o, çıxılmazlıq hissini gücləndirən hermetik, sıxılmış rakurslardan istifadə eləyir, əhvalatın dərinliyindəki gərginliyi üzə çıxarır, personajların sosial-mənəvi təcridini, sıxıntı hissini kameraya köçürə bilir.

Mənim üçün ən yaddaqalan epizodlardan biri dostların kart oynaması səhnəsidir. Mizan, portret plan, işıq və  rəng həlli orta əsrlər Niderland təsviri sənətinin müəyyən əlamətlərini (Yan Livensin “Kart oyunçuları”, Yan Minse  “Kart oyunu”) özündə birləşdirir.

“Biləsuvar”ın digər mühüm xüsusiyyəti, milli kinomuzda az rast gəlinən cəhətlərdən biri – filmdən sonra təəssüratın qalmasıdır. Bu mənada “Biləsuvar” düşüncələri yaxşı mənada qıcıqlandıraraq polemikaya dəvət edir.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top