İNDİ OXUYUR
Beynəlmiləlçi azərbaycanafob

Beynəlmiləlçi azərbaycanafob

Civan Avetisyan: beynəlmiləlçi dərisi geymiş azərbaycanofob

Gümrüdə doğulub Xankəndidə böyüyən, 42 yaşlı erməni rejissoru Civan Avetisyanın yaradıcılığında Qarabağ müharibəsi əsas mövzulardan biridir. Onu erməni kinosunda kifayət qədər ciddi, əhəmiyyətli fiqur sayırlar. Avetisyanın 66-cı Kann Festivalının kinobazarında göstərilən “Yarıda qalmış uşaqlıq” (2013), Litva ilə müştərək çəkilmiş, 9 dilə tərcümə olunmuş “Tevanik” (2014) filmləri Qarabağ konflikti zamanı uşaq və yeniyetmələrin həyatından danışır. Həmçinin, onun son, yenə də Qərb ölkələri ilə birgə çəkilmiş, 2019-cu il istehsalı olan “Cənnətin qapısı” da Qarabağ mövzusundadır. Sözükeçən filmləri izləmədiyimdən (rejissor yanaşmasını təxmin etsəm də), onlar haqda fikir yürütməyəcəm.

Amma rejissorun 2016-cı ildə Ermənistan da daxil olmaqla Litva, İsveç, Livan və Amerika ilə əməkdaşlıq çərçivəsində lentə alınmış “Son sakin” (rus dilində “Последний житель”) bədii filmi internet resurslarında əlçatandır.


Beləliklə, “Son sakin”də hadisələr 1988-1989-cu illəri, Qarabağ hadisələrinin yenicə başladığı dövrü əhatə edir. Süjetə görə, Azərbaycan kəndlərindən birində yaşayan ermənilər buranı tərk eləyir. Kənddə yalnız bənna Abqar (Aleksandr Xaçatryan) qalır. O, qızı Yurqanı (Sandra Daukşayte-Petruplen) tapmadan getmək istəmir…

“Son sakin” erməni yazıçısı Çovinar Xaçatryanın “Gürcüvanın son sakini” əsəri əsasında ekranlaşdırılıb. Ağsu rayonunda yerləşən Gürcüvan hazırda Xanbulaq adlanır. Vikipediya məlumatlarına əsasən, bu kəndə erməni ailələri XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəliblər və gəldikləri ərazinin adı ilə kəndi Gürcüvan adlandırıblar. Vaxtilə Gürcüstandan Orta Asiyaya sürgün edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşıb.

Annotasiyada süjetin real hadisələrə əsaslandığı qeyd edilir. Hərçənd, bədii mətnin müəllifi Xaçatryan erməni saytlarına verdiyi müsahibələrində deyir: “Həmin kənddə bir erməni, ruhi xəstə olan qızı ilə qalmışdı. Və rejissor məndən bu hekayəni genişləndirməyi xahiş elədi”. Bu isə o deməkdir ki, Abqarın qızının gözü qarşısında ərinin qətlə yetirilməsi, işgəncələr verilməsi bədii təxəyyüldür. Qarabağ müharibəsinin tədqiqatçısı, tarixçi Tural Həmidin sözlərinə görə, Xanbulaqda ermənilərə qarşı törədilmiş hər hansı qətl faktı qeydə alınmayıb.


Avetisyan yerli və xarici mətbuata filmlə bağlı verdiyi açıqlamalarda “hekayəni erməni reallığından çıxararaq bəşəri dəyər qazandırmışıq” desə də, ümumilikdə, onun təklif elədiyi yozum, baxış bucağı fikirlərinin əksidir.

Əsas qəhrəmanlardan biri, kənd sakini İbrahim (Homayun Ərşadi) Abqarla uzun illərin qonşusu olub və onların hər ikisi sovet dövrünün adamlarıdır. İbrahim Abqara qızını tapacağına söz verir, əvəzində isə o, məscidin tikintisində azərbaycanlılara kömək etməlidir. İbrahim onun qızı Yurqanı Bakıdakı ruhi xəstəxanadan üz-gözü yaralı halda gətirir. Və Abqar məscidin tikintisində iştiraka razılıq verir.

İbrahim nisbətən müsbət obraz kimi təqdim olunsa belə, Aqbarla müqayisədə o, zavallı, gözüqıpıqdır. Abqar isə əksinə düşmən əhatəsində qalmasına baxmayaraq cəsurdur, mərddir, insanlığını itirməyib. Rejissor onun sadaladığım keyfiyyətlərini müxtəlif vəziyyətlərdə üzə çıxarır: azərbaycanlı hərbçilər onunla təhqiramiz davranır, amma Abqar onların üzünə şax, qorxmadan baxır. Hətta o qədər “qorxmazdır” ki, final səhnələrində İbrahimə qızını sərhəddən keçirməyi tapşıraraq özü tanklarla təkbətək qalır.

Yaxud azərbaycanlı uşaqlar onun evindən əyləncə yeri kimi istifadə edərək evi dağıdır, xaraba qoyur, xəstə qızını qorxudur. Lakin Abqar mərhəmətlidir, uşaqların törətdiyi vandalizm aktı müdrik qocanın səbrini tükətmir; o, “siz ac itlərin yeminə çevrilə bilərsiz” deyərək azərbaycanlı uşaqların qayğısına qalır. Sonra evini dağılmış görən Abqar kədərlənir və arvadının ruhuyla danışaraq, onun necə təmizkar, evcil, zəhmətkəş olduğu haqda kövrək monoloq deyir. Analoji situasiyalarla, humanizm, dözümlülük maskası altında Avetisyan ermənilərin bütün hallarda azərbaycanlılardan üstün olduğunu göstərməyə çalışır; ermənilər təmizkar, sivil, mərhəmətli, cəsur, azərbaycanlılar vandal, natəmiz, qəddardır. Ona görə azərbaycanlı hərbçiləri oynayan aktyorlar, bizim mənəviyyatsız, mülki vətəndaşla münasibətdə qəddar olduğumuzu göstərmək məqsədilə ifalarında falş görünən qrimasalara (üz ifadələrinin təhrifi, üzün müxtəlif şəkillərə salınması) yol verirlər. Telefon qovşağında işləyən azərbaycanlı qızın isə yüngüləxlaqlı olmasına eyhamlar edilir.

Avetisyanın erməni narsizmi bununla bitmir. Əksər erməni rejissorları kimi, o da dinə apellyasiya edir; İbrahimin qızı Rebekanın (Enn Bedian) vəhşi, amansız xarakterli əri ondan varis gözləsə də, uşaqlar körpə ikən ölür. İbrahimin anası oğluna tövsiyə edir ki, uşağın sağ qalmasından ötrü körpəyə xristian əli dəyməli və xristian adı verməlidir. Bu, guya, azərbaycanlıların qədim inancıdır. Əlbəttə ki, İbrahim Abqara üz tutur və xeyirxah erməni onun xahişini yerə salmır. Beləliklə Abqar bağışlayan, əzabkeş müqəddəs səviyyəsinə də qaldırılır.


Son epizodlarda İbrahimlə Abqar arasında baş tutan dialoqda, Avetisyan azərbaycanlını “utandırır”. Dialoq təxmini belədir:

İbrahim: Sən tezliklə cənnətə, ailənin yanına gedəcəksən, onlara qovuşacaqsan.

Abqar ona yüngül kinayə ilə nəzər salır: Cənnət sənin doğulduğun yerdir. Maraqlıdır, yarandığı yeri itirməyən millət varmı?

Və bu zaman İbrahim ona günahkarcasına baxır və az qala yalvarır ki, onunla son dəfə çörək kəssin.

Kadrlardan birində, Abqar tindən qəfil əlində tarla çıxır. O, tarı dınqıldadır, qızının keçmiş xatirələrini oyadaraq, yaralarını sağaltmağa çalışır və arada fürsət tapıb “yadındadır, sənin baban hamıdan (yəni azərbaycanlılardan) yaxşı tar çalardı” deyir. Avetisyan bununla bağlı müsahibəsində deyir: “Tarın qırılan simləri Yurqanın və ərləri, qardaşları, oğulları Osmanlı Türkiyəsində “soyqırım” zamanı öldürülən minlərlə erməni qadının qəlbinin harayıdır. Sonradan onlar bu vəhşiliyi Sumqayıtda, Bakıda, Marağada törətdilər”. Bununla da o, əsl niyyətini büruzə verir: film universal dəyərlərə yox, tipik erməni paranoyasına əsaslanır.


Əlbəttə ki, Avetisyan “soyqırımı” da unutmur. Ata və qız kənddən qaçanda, kamera Yurqanın çiynindəki cırıq şalı vurğulayır. Və bu zaman qatı dumanın içindən Abqarın səsi eşidilir:

“Bu şal nənəm Vardoşundur. Türklər kəndə soxulanda nənəmin beş-altı yaşı vardı, onu bu şala bürüyüb, kənddən qaçıblar. İndi biz yenə qaçırıq. Onun nəvəsini xilas edirik”.

 …Layihəni beynəlmiləlləşdirmək məqsdilə Yurqa milliyətcə litvalı təqdim olunub. Hekayəyə görə, Abqar Yurqanın anası ilə İkinci Dünya Müharibəsində tanış olub və litvalı qadının qızını öz övladı kimi böyüdüb.

Qısası, filmdə “azərbaycanlılar alçaq, hər şeyə yararsız millətdir, bənnalığı da bacarmırlar, uşaqlarının sağlam olmasında biz rol oynamışıq” və bu kimi gerizəkalı mesajlar verir.

Filmin prodüserlərindən biri, emrənilərlə aktiv əməkdaşlıq edən litvalı Kestutis Drazdauskas müsahibələrindən birində deyir ki, azərbaycanılar “Son sakin”ə baxmağa özlərində cəsarət tapsalar, bu, bizim uğurumuzdur”. Çox güman ki, bununla da o, guya, öz aləmində bizə “törətdiyimiz ədaətsizliklərlə” üzləşməyi təklif edir.


Film erməni və azərbaycan (aktyorlar azərbaycanca çox pis danışır) dillərində çəkilib. Bu, erməni tamaşaçısında neqativ reaksiyaya səbəb olsa da, rejissor öz yanaşmasını tarixi reallığı əks etdirməyin vacibliyi ilə əsaslandırıb.

İtaliyada, Kanadada, Finlandiyada, Çində və digər ölkələrdə keçirilən festivallarda göstərilən filmdə erməni aktyorları ilə yanaşı əcnəbilər də yer alıb. Azərbaycanlı İbrahimi məşhur İran aktyoru Homayun Ərşadi ifa edir. Bizim tamaşaçı onu ən çox Abbas Kiarostaminin Kann festivalında əsas mükafata layiq görülmüş “Albalı dadı” filmiylə tanıyır. Rebeka rolunu isə erməni əsilli amerikalı aktrisa Enn Bedian ifa edir. Çəkilişlər Xocalı rayonunun Xaçmaç kəndində aparılıb.

Filmi maliyyələşdirənlərdən biri hazırda Bakıda həbsdə olan Bako Saakyandır.

azlogos.eu

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya