İNDİ OXUYUR
Belkıs Bayrak: “Ssenarist, onu narahat edən mövzunu tapmalıdır”

Belkıs Bayrak: “Ssenarist, onu narahat edən mövzunu tapmalıdır”

San-Sebastyan Beynəlxalq Kino Festivalında iştirak edən Hacı Səfərov, festivalın “Yeni rejissorlar” bölməsində yarışan Türkiyə-Kosova ortaq istehsalı “Gülizar” filminin rejissoru Belkıs Bayrak ilə müsahibə edib. Həmin müsahibəni təqdim edirik.

– Əvvəlcə təbrik edirəm, gözəl film alınıb. Dünən ən birinci elə sizin filminizə baxdım. Mümkünsə, bir az filmin istehsalat prosesindən başlayaq. Neçə il çəkdi?  İdeyası necə yarandı?

Əvvəldən axıra – ssenarinin yazılması da daxil olmaqla, beş il çəkib. Ssenari yazılıb-bitəndən sonra maliyyə axtarışları başladı, istehsalatla bağlı mərhələ oldu. Arada pandemiya mərhələsi də vardı. Pandemiya bitənə qədər biz də layihəni inkişaf etdirmək və maliyyə tapmaq üçün qrafikimizi planlaşdırmışdıq. Bu, bizim üçün çox yaxşı oldu. Yəni, çəkiliş meydançasına çıxıb, sonra çəkilişi dayandırmağa məcbur qalmadıq. Filmdə hadisələr 2002-ci ildə cərəyan edir. Kosova, hər zaman mənim ağlımda idi. 2019-cu ildə bu layihəni Kosovada keçirilən bir festivalın pitçinqində təqdim etmişdik, hətta əsas mükafatı qazanmışdıq. Həmin vaxt mən Kosovanın landşaftından çox təsirlənmişdim. Fikirləşirdim ki, görəsən, filmi burada çəkə bilərəm? Sonra bu fikrimi oradakı tanış prodüserlə bölüşdüm. O da layihəni bəyənmişdi, iştirak etmək istəyirdi. Nəticədə, Türkiyə və Kosova arasında müştərək bir iş oldu.

“Gülizar”


– İstehsalat üçün maddi dəstəyi birinci Kosovadan aldınız, yoxsa Türkiyədən? Bu proses necə baş verdi?

– Birinci, Türkiyədən aldıq. Sonra Kosova Kinematoqrafiya Mərkəzinə müraciət etdik, oradan da aldıq. Hətta bu, Türkiyə kino tarixində iki ölkə arasında ilk müştərək işdir. Buna qədər iki ölkə arasında razılaşma yox imiş. O da bizə – filmə qismət oldu.

– Bəs filmin hekayəsi necə yarandı? Belə bir hekayə nə vaxtdan fikrinizdə vardı? Necə formalaşdı?

Mən,magistraturanı Bilgi Universitetinin Kino və Televiziya fakültəsində oxumuşam. Oradakı müəllimim Öktem Başol bir hekayəsi olduğunu demiş, məndən onu yazıb-çəkməyimi xahiş etmişdi. Amma həmin vaxt onun mənə verdiyi hekayə tamamilə fərqli idi. Mən o hekayəni götürdüm, üstündə bir az işlədim və rejissor kimi təsəvvür etdiyim şəkildə yenidən yazdım. Ssenarinin yazılması prosesi uzun çəkdi. Amma mən də məhz belə istəyirdim. Tez-tələsik gedib çəkmək istəmirdim. Odur ki, bütün bu dəyişiklikləri həmin vaxt elədim, qərarları həmin vaxt verdim.

– “Gülizar” sizin ilk tammetrajlı filminizdir.

-Bəli.

– İstehsalat prosesində, xüsusən də, çəkiliş mərhələsində hansı çətinliklərlə üzləşdiniz? Hər halda bundan əvvəl tammetrajlı film çəkməmişdiniz.

– Təbii ki, istehsalat anlamında tammetrajlı film daha böyük məsuliyyət tələb edir. Filmə də baxdınız. Çəkiliş baxımından, psixoloji baxımdan ağır layihədir. Çətin olacağını bilirdim. Amma çətinlikləri azaltmaq məqsədilə hazırlıq mərhələsinə çox tez başladıq. Həmin müddətdə çox işlədik. Çəkilişə başladığımız anda əsas çətinliklərimiz iki ölkə arasında film çəkməyin təşkilinin yaratdığı çətinliklər idi. Amma bütün gözləntilərə baxmayaraq, əvvəlcədən çox yaxşı hazırlaşdığımıza görə, çox əziyyət çəkdiyimiz, ya da gözlənilməz şeylər yaşadığımız məqamlar heç olmadı. Bu, bir az da komandanın əvvəlcədən çox yaxşı işləməyə başlaması, layihəni çox düzgün oxuması sayəsində oldu. Çəkiliş mərhələsində də o gücü həmişə arxamda hiss etdim. Bütün heyət nə etmək istədiyimi çox yaxşı anlamışdı və bu mənada məni həqiqətən dəstəkləyirdilər. Belə olanda, çətin olmur, hər şey insana asan görünməyə başlayır.

– Yəni, əslində, çəkiliş prosesi hazırlıq – pre-prodakşn mərhələsindən başlayıb. Məsələn, bizim ölkədə rejissorlar çox vaxt “biz bunu çəkəndə həll edərik” deyirlər, amma əslində…

– Yox, çox tez başladıq.

– “Cəmilə” və indiki filminizdə daha çox, qadın, qadın olmaq, patriarxallıq kimi mövzuları diqqət mərkəzinə qoyursunuz. Bu mövzuları müasir Türkiyə reallığında necə dəyərləndirirsiniz və özünüz bu barədə nə fikirləşirsiniz? Niyə bu mövzunu xüsusi vurğulayırsınız?

– Mən əsas qəhrəmanın məhz qadın olduğu hekayə çəkmək fikrilə başlamıram. Amma qadın olduğuma görə, bu mövzu mənim baxdığım “pəncərədən” həmişə bir az fərqli görünür. Bu baxımdan qısametrajlı “Cəmilə” filmi mənim üçün çox əhəmiyyətlidir, məncə statistika kimi çıxmasın, oxşarı yoxdur. Türkiyədə gənc nəsildən hicablı bir qəhrəmanın kinoda təmsilini çox istəyirdim. Çünki mən öz obrazımı görmədən böyüyən bir nəslin nümayəndəsiyəm. Bu baxımdan, “Cəmilə” filminin mövcudluğu məni həmişə sevindirir. Onu da elə bir niyyətlə başlamamışdım, amma hər halda özümə dair bir hekayə danışanda film də elə alınır. Mən hekayələrə qadın-kişi pəncərəsindən baxmıram. Əslində, mənim baxdığım yerdən qəhrəmanlarımın hamısında saflıq, kövrəklik görmək mümkündür, çox sivri tərəfləri olmayan qəhrəmanlardır. Məsələn, növbəti filmimdə bir kişi, bir əsgərlik hekayəsi danışacağam. Amma yenə də mənim həyata baxdığım rakursdan görünən bir şey olacaq. Yəni, filmlərdə cinsiyyətlər dəyişə bilər. Demirəm ki, mən həmişə belə davam edəcəyəm, mən bir-birindən fərqli xarakterlərdən bəhs etmək istəyirəm. Amma bünövrədə dayanan şeyin – bəlkə tənqidçilər təkrar-təkrar baxanda bunu daha dəqiq görəcəklər – duyğunun, ton baxımından çox dəyişmədiyini fikirləşirəm. O şey də kövrəklikdir.


– Xüsusən, kişi kövrəkliyi. Məncə, “Gülizar” filminin əsas xətlərindən biridir.

– Elədir.

– Üstəlik, Əmrə personajı hekayəyə daxil olandan sonra diqqət bir az ona da keçir və onların arasındakı münasibət çox gözəl əks olunur. Bunu mən də hiss etdim. Bu kövrəklik haqqında nə fikirləşirsiniz? Xüsusən də, kişi kövrəkliyi. Çünki, əslində, çox vacib məsələlərdən biridir. Xüsusən də, bizim kimi daha patriarxal və sosial anlamda özünə nəzarətin güclü olduğu bir ölkələrdə.


– Düzü, mən bir az keçmiş dövrə, atalarımın, əmilərimin, dayılarımın yaşadığı dövrə baxanda fikirləşirəm ki, kişilik məfhumu çox şeyi əhatə edirdi, amma zamanla bu məfhum daha dar, daha sərt bir sahəyə sıxışdırılaraq mənası dəyişdirilib, deformasiyaya məruz qalıb. Belə bir nümunə göstərim. Mənim dayım həm əsgərliyini çəkən, həm kofta hörən, həm paltar ütüləyib ev işlərilə məşğul olan insan idi. Məsələn, məncə, bu gün belə bir şəxsdən danışsaq, insanlara qəribə görünər. Mən, bunun həmişə belə olduğunu fikirləşmirəm, yox. Son vaxtlar kişilik məfhumunun içinə sərtlik qarışıb. Xüsusən, öz ölkəmdə bunu daha aydın müşahidə edirəm. Bu sərtlik uzunmüddətli bir şey deyil. İngilis dilində “resilience” deyilən bir məfhum var. Deyəsən,  mənəvi, ruhi çeviklik, elastiklik kimi tərcümə olunur.  Məsələn, Əmrə sərt qəhrəman olsaydı, bu prosesləri yaşamazdı. Çox tez, çox ağır bir hadisə ilə tamamilə başqa bir hekayəyə keçərdi. Amma onun kövrəkliyi, saflığı axırda o münasibəti tamamilə fərqli bir müstəviyə apardı. Odur ki, mən həyatda kövrəkliyin, saflığın, sadəlövhlüyün uzunmüddətli olduğunu fikirləşirəm. Sərt və möhkəm bir şeyin elastiklik, dəyişmək qabiliyyəti olmadığına görə uzunmüddətli olacağına çox inanmıram. 

– Əslində, mən bir az Bilal xarakterini bu sərt kişi tipinin nümayəndəsi olaraq gördüm.

– Bir az.

– O, elə bil bir az Əmrənin tam əksidir. Bir az fərqlidir və daha sərtdir. Elə buna görə də, Gülizar, bacısının Bilalla münasibəti olması ehtimalına qarşı çıxır.
 
– Elədir ki, var. Amma bu, kor gözə barmaq salmaq kimi deyil. Gülizara qurban donu geyindirmək, onu susdurmaq, “biz bu məsələni həll edəcəyik” tərzi, əslində, qadına imkan vermir, hətta Əmrəyə də “sən qarışma” deyib onu da bu məsələdən uzaqlaşdırmağa çalışır. Düzdür, tam olmasa da, Bilal müəyyən qədər elə xarakterdir və məhz o niyyətlə yazmışam.
 
– Qadının kinoda necə təmsil olunduğundan danışdınız. Sizin akademik karyeranızın da olduğunu bildiyim üçün belə bir sual vermək istəyirəm: Türkiyə kinematoqrafiyasında, xüsusilə, son on ildə qadının təmsil olunması baxımından bir dəyişiklik və ya inkişaf görürsünüz? Bu məsələlər barədə bir fikriniz var? Varsa, eşitmək istərdim.

– Həm Türkiyədə, həm də dünyada qadın rejissorları, onların fəaliyyətini izləməyə çox əhəmiyyət verirəm. Türkiyədəki vəziyyət barədə statistika olaraq konkret bir şey deyə bilmərəm, amma, təbii ki, kinoda həm kamera qarşısında, həm də kamera arxasında qadınların təmsil olunmasında artım var, lakin çox cüzi bir artımdır. Bununla bağlı hesabatları oxumaq fürsətim olub. Düşünürəm ki, hələ çox uzun bir yol keçməliyik. Bu yol, sadəcə bir qadının, ya da bir filmin dəstəklənməsi, maliyyələşdirilməsi qədər bəsit bir şey deyil. Bir filmin istehsalına lap əvvəldən oxşar şərtlərdə hazırlaşmaq lazımdır, eyni qədər vaxt sərf etmək tələb olunur. Amma həyatınızda müəyyən öhdəlikləriniz varsa, anasınızsa, bir evin məsuliyyəti sizin üzərinizdədirsə, ya da başqa şeylər varsa, onda sizin sahəniz, diqqətiniz məhdudlaşmağa başlayır. Buna görə də, məncə, çox erkən mərhələdən, yazı mərhələsindən etibarən qadın kinematoqrafçıların rahat yaza biləcəkləri yerləri, rezidensiyaları, proqramları artırmaqla bunu inkişaf etdirmək mümkündür.

– İlk filminizlə həm Toronto festivalına seçilmisiniz, həm də filmin Avropa premyerasını San-Sebastyanda etdiniz. Böyük uğurdur. Bunu necə bacardınız? Mən bilirəm ki, bu, proqramlara, fondlara müraciət etməklə, bir çox pitçinqlərdə iştirak etməklə mümkündür. Amma bir də sizin dilinizdən eşitmək istəyirəm. Xüsusən də, “Gülizar”ın hekayəsini.

– Təbii ki, söhbət ilk filmdən gedəndə çox çətin bir yoldur, çünki ilk dəfə tammetrajlı filminizə festivallar, seçicilər baxırlar. Əvvəllər yaşamadığınız bir təcrübə olduğuna görə, birincisi, orada bir sual işarəsi yaranır. İkincisi, mən rejissoru olduğum filmə kənardan baxmaq məsələsində çox bacarıqlı deyiləm, filmin içində qalıram. Amma prodüserlərimiz Mehmet Bahadır Er, Murad Yaşarbayrak daha peşəkar bir baxış bucağına sahibdirlər. Biz festivallara müraciət edirik, amma bundan sonra bizlik bir iş qalmır. Orda sadəcə filmimizə güvənə bilərik. Filmlə bağlı həmişə bir hissim vardı: Ən mükəmməli və ya ən yaxşısını etdiyimə əmin olmasam da, əlimdən gələnin ən çoxunu, maksimumunu etdiyimə əmin idim. Komandamın əməyinə çox əmin idim. Onların niyyətlərinin yaxşı olmağına güvənirdim. Odur ki, belə dedim: edə biləcəyin hər şeyi etmisən, bundan sonrası filmin qismətidir. Özümü bu psixoloji komfort zonasına salıb gözlədim. Amma çox qısa zamanda gözəl rəylər aldıq, çox xoşbəxt olduq. Çünki dediyiniz kimi, ikisi də dünyada “A” kateqoriyasında olan ən yaxşı festivallardandır. Bizim üçün də möhtəşəm oldu.

– Filminizin titrlərinə diqqətlə baxdım. Torino – ssenarinin inkişafı laboratoriyasında iştirak etmisiniz. Əslində, belə proqramlarda iştirak etmək filmin, daha doğrusu, layihənin tanınması baxımından da əhəmiyyətli rol oynayır. Bu proses necə işləyir?

– Orada filminizi beynəlxalq industriya ilə bölüşürsünüz. Bu da belə bir hekayənin öz mədəniyyətinizdən fərqli mədəniyyətlərdə necə reaksiya doğurduğunu görməniz üçün çox gözəl təcrübə olur. Həm də bu platformalarda filminizin maliyyələşdirilməsi, ssenarinizin mütəxəssislərin müşayiətilə gözdən keçirilməsi, yazılması kimi başqa bir çox gözəl imkanlar da əldə edirsiniz. Odur ki, məncə, filmin səyahəti üçün çox əhəmiyyətli bir meydandır.

– Bu yerdə bir az spekulyativ sual vermək istəyirəm. Çünki mən də bu barədə çox fikirləşirəm. Bəzən bir filmə baxırsan, görürsən ki, müxtəlif ssenari mütəxəssisləri ilə işlənilib, cürbəcür mərhələlərdən keçib, amma axırda sanki bir düstura uyğunlaşdırılıb. Təbii ki, bu sizin filmə aid deyil. Bütün bu proqramların rejissor və yaradıcı insan olaraq sizin azadlığınızla əlaqəsi necə olur?

– Bu münasibəti qurmaq rejissordan asılıdır. Çünki hər halda, iştirak etdiyiniz platformalarda bir xeyli müxtəlif perspektivlərlə üz-üzə qalırsınız və o insanlar sizin kağızda yazdığınız şeyə əsasən sizə rəy verirlər. Amma o iş filmə çevriləndə son versiya sadəcə sizin beyninizdə olur. Aradakı məlumat transferi çox məhdud məlumata istinadən baş tutur. Buna görə də, mən həmişə hər kəsə diqqətlə qulaq asırdım, qeydlərimi edirdim. Bəzi qeydlər heç gözləmədiyim şeyləri dəyişdirməyimə səbəb oldu. Amma bəzilərini rejissor olaraq “bu filmin yolu bu deyil, mən bunu etmək istəmirəm” deyib qırağa qoymağı bacarmaq lazımdır. Buna rejissor məsuliyyət daşıyır.

“Gülizar”


– Filminizi bir az da estetik baxımdan dəyərləndirsək, əsasən statik planlardan istifadə etmisiniz. Bəzi məqamlarda, xüsusən də, vacib anlarda zumları (yaxınlaşdırmanı) aydın görürük.

– Elədir.

– Belə çəkmək sizin öz ideyanız idi, yoxsa təsvir rejissorunun təklifi idi?  Və bunun məqsədi nədir?

– Onları zum, ya da bəzən kameranın relslər üzərində yaxınlaşması adlandıra bilərik. Kameranın bütün hərəkətlərində birinci qərarımız Gülizarın psixologiyasını izləmək idi. Əvvəldən danışdığımız və qərarlaşdırdığımız şeylər vardı. Lakin çəkiliş vaxtı operatorun – Kürşat Üresin – şəxsi təsəbbüsü ilə sınadığı, çəkdiyi anlar da vardı. Onun sərbəstliyi mənim üçün qiymətlidir. Sonra, oturub həmin səhnələri müzakirə etdik. Onsuz da çəkiliş baxımından çox alternativlər olan bir meydançamız vardı. Kameramız bir səhnədə bir cür, digər səhnədə başqa cür hərəkət edə bilər, dinamik, ya da sabit ola bilər, zum ola da bilər, olmaya da bilər, ancaq bütün səhnələrdə açar məqam Gülizarın psixologiyası idi. Doğru hiss edə bilmişik, ya yox? Əgər yanılmamışıqsa, həmin ana uyğun şəkildə davam edirdik.

– Filmin bəstəkarı azərbaycanlı Kənan Rüstəmlidir.

– Hə, bu sualı gözləyirdim.

– Musiqini, əsasən, filmdə atmosferi yaratmaq üçün istifadə etmisiniz. Amma iki səhnədə – bir final səhnəsində, bir də toy gecəsi səhnəsində musiqidən çox yaxşı istifadə olunub. Kənan Rüstəmlini necə tapdınız, onunla işləməyə necə başladınız?

– Hilal Baydarovla tanışıq. Onun çəkdiyi filmlərdən “Səpələnmiş ölümlər arasında” filminə baxmışam. Filmdə musiqinin istifadə forması çox xoşuma gəlmişdi. Elə filmin özünü də çox sevirəm. Sonra Hilaldan filmin musiqilərini necə hazırladığını soruşdum. Bəstəkarın Kənan olduğunu, çox yaxın dost olduqlarını və bütün filmlərində musiqinin onun bəstələdiyini dedi. Mən də tanış olmaq istədiyimi dedim. Hilal da cavab verdi ki, məncə, siz çox yaxşı dil taparsınız və çox gözəl əməkdaşlığınız olar. Yəni, bizi Hilal Baydarov tanış edib.

–  “Xüsusi təşəkkürlər”də Hilalın adı vardı.

– Elədir ki, var. Kənan çox istedadlı insandır. Onunla işlədiyimə görə çox sevinirəm.

– Bəs iş prosesi necə getdi? Yəni, siz məxsusi bir səhnə üçün nümunə göstərirdiniz, yoxsa birlikdə qərar verirdiniz?

– Birinci Kənan filmə baxdı. Mənim fikrimdə müəyyən səhnələr vardı, amma ona demədim. Əvvəlcə onun fikrini öyrənmək, filmə necə baxdığını görmək istəyirdim. Eyni qeydləri dedi. Bu, rejissorun “ah, çox şükür” deyib dərindən nəfəs aldığı bir məqamdır. Fikirləşirsiniz ki, vəssalam, qarşımdakı mənimlə eyni yerdən baxır, eyni şeyləri hiss edir. Mənim ürəyimdə tutduğum, Kənanla bölüşmədiyim bəzi referenslər vardı. Çünki mən bir işin özünəməxsusluğuna böyük əhəmiyyət verirəm. Onun öz dünyasında özünəxas bir yer qurması vacibdir. Kənanın göndərdiyi nümunələr mənim ürəyimdəkilərlə inanılmaz dərəcədə eyni idi. Hiss etdim ki, mənim Kənana nəsə deməyimə ehtiyac yoxdur, çünki filmi mənimlə eyni yerdən görür və hiss edir. Odur ki, sonrası çox uzun vaxt aparmadı. Onsuz da o, filmlər bitəndən sonra prosesə qoşulurmuş. Daha sonra bir cədvəl müəyyənləşdirdik. Onun istedadı məhz o məqamda özünü göstərir. Onun konkret bir vaxt çərçivəsində inanılmaz gözəl şeylər yarada bildiyini gördüm.

Belkıs Bayrak və Hacı Səfərov


– Son olaraq bunu soruşum ki, yeni layihəniz varmı? Varsa, mövzusu barədə bir az məlumat verə bilərsiniz? Bir də, bir xahişim olacaq. Təzə çəkməyə başlayan insanlar var, tam və ya qısa, fərqi yoxdur. Onlar üçün sizin qarşılaşdığınız və öhdəsindən gəldiyiniz bir problemdən danışsanız, ya da nəsə bir tövsiyə versəniz, məmnun olardıq.

–  Növbəti filmim əsgərlik və əsgərlikdən sonra baş verən emosional, psixoloji dəyişikliklər haqqındadır. İndi sadəcə mövzusunu deyə bilərəm. Əsgərlikdə yaranan dostluqlar, sevgilər, ayrılıqlar. Əslində, o prosesin insan psixologiyasında, əhvali-ruhiyyəsində yaratdığı dəyişikliklərdən bəhs edən hekayədir. Film çəkmək istəyənlərə də bunu deyə bilərəm: məncə, hər ssenarist, ya da rejissor öz ideyasını industriya ilə bölüşməklə yanaşı – təqdimatlar, pitçinqlər, fondlar – həmişə öz ürəyinin səsinə də qulaq asmalıdır. “Gedim bunu çəkim, bu mövzu çox maraq doğurur, ya da dünyada hazırda bu cür mövzular çox populyardır” kimi fikirləşməkdən daha çox, onu narahat edən mövzunu tapmalıdır. Bu, bir az çətin işdir, amma o şeyi tapıb bir müddət onun haqqında fikirləşməyi, sonra həmin mövzu üzərində işləməyi, öz hekayəsinə, öz daxili motivasiyasına güvənməyi tövsiyə edirəm. Məncə, bu, rejissor və ya ssenaristin bütün yaradıcılığı boyu istifadə etməli olduğu bir “azık”dır. (Burada “azık” sözü səyahət üçün hazırlanan yemək-qida mənasında istifadə edilib – red.)

Müsahibə: Hacı Səfərov, Mətn: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya