İNDİ OXUYUR
Bataqlıqdan mənzərələr

Bataqlıqdan mənzərələr

“Bataqlıqdan mənzərələr” qısametrajlı bədii filmi Mədəniyyət və İncəsənət Universitetinin məzunu Eldar Aslanovun diplom işidir. Bir diplom işi üçün “Bataqlıqdan mənzərələr” yetərincə yaxşı və iddialı filmdir.  

Eldar Aslanovun ekran işinin ən önəmli xüsusiyyəti vizual dilə malik olmasıdır. Milli kinomuzda, xüsusilə son 20 ildə çəkilən filmləri nəzərdə tuturam, dialoqların önə çıxması, sözün təsvir üzərində hakimiyyəti, vəziyyətlərin daha çox mətnlə həlli üstünlük təşkil edir. Səbəblər müxtəlifdir: rejissorun vizual baxışının, rejissor-operator-rəssam işbirliyinin axsaması, müəllifin təsviri sənət bilgilərinin kasadlığı, hekayənin strukturunun düzgün qurulmaması və s. 

“Bataqlıqdan mənzərələr” isə gənc rejissorun təsvir duyumunun gücü, kollektiv əməkdaşlığın uğurlu nəticəsi sayəsində vizual stilistikanın əlamətləri ilə yüklənir, kadrların düzgün qurulmasında, təsvirin musiqiyə, sözə uduzmamasında estetik zövq duyulur.


Film, anasını itirən, atası ilə ciddi problemlər yaşayan və onunla anlaşa bilməyən, ailə travmalarından əziyyət çəkən gənc oğlanın hekayəsini nəql edir. Anasının erkən itkisinə hazır olmayan gənc, təsadüfən tanış olduğu orta yaşlı qadında həm ana şəfqətini, həm qadın sevgisini axtarır. Edip kompleksinin xüsusiyyətlərini müəyyən mənada daşıyan əhvalatda qəhrəman öz ziddiyyətlərində çırpınır: bir tərəfdən o, kişi eqosunu təsdiqləməyə can atır, digər tərəfdən isə, qadının simasında ana sevgisinə ehtiyacını ödəməyə çalışır. Başqa cür desək, onun yetkinləşmə prosesi böhranla müşayiət olunur, qəhrəman qalib gələ blmədiyi infantilliyindən, natamamlıq kompleksindən qurtulmağa can atır.

Freydin yozumundakı Edip situasiyası ədəbiyyatda, kinoda çox istinad edilmiş motivlərdən biridir. Bununla belə, Eldar, Freydin tələsinə düşmür, yəni, əhvalatını psixoanaliz nəzəriyyəsi səviyyəsində qurmur.  O, həyat faktına paradoksal məntiqdən baxır, nəqlinin, personajının daxili məzmununu bədii-estetik səciyyələrlə açır, onu saxta görünməyən, arqumentləşdirilmiş metaforlarla dolğunlaşdırır və sözsüz təsvirlərdə qəhrəmanın mənəvi çətinliyini göstərə bilir.   


Ekspozisiyada oğlanın damda boşluğa zillənən autik baxışı, hərəkətsiz uşaq arabası, uğultulu musiqi və körpə çığırtısı tamaşaçını onun travmatik bioqrafiyası haqda məlumatlandırır. Beşik kimi aramla yellənən kadr qəhrəmanın mənəvi nizamsızlığının ifadəsinə çevrilir, onun tərəddüdlü, boşluqdaymış kimi vəziyyəti, hərəkətli uşaq arabası vaxtaşırı əhvalata girərək əsas motiv, birləşdirici epizod statusunda çıxış edir.

Kadr və epziodların bir-birini əsaslandırmasından görünür ki, rejissor hər detalı, rakursu dəqiq düşünüb. Ona görə filmdə dramaturji mənada pintilik, artıq kadr, təsvir nəzərə çarpmır.

İlk epizodlarda sinik, laqeyd ata, dünyadan köçmüş ananın qiyafətlərini maddi səbəblərdən satışa çıxarmaq üçün torbalara doldurur. Oğul, atanın qərarına müqavimət göstərsə də, sonda ona tabe olur. Əlbəsələr içərisində onun ən çox sevdiyi parlaq qırmızı rəngli dondur. 


Bir qayda olaraq qırmızı rəng, incəsənətdə ziddiyyətli məqamların (ölüm, müharibə, ehtiras və s. ) ifadəçisidir. Eldarın traktovkasında da onun özünəməxsus ziddiyyəti var: qırmızı don həyat enerjisinin daşıyıcısıdır, dəyişikliyə motivasiyadır, amma eyni zamanda əzab və qüssədir. Təsvir nöqteyi-nəzərindən də qırmızı rəng burada əhəmiyyətlidir. Pessimizmlə yüklənmiş göy, yaşıl, boz rənglərin solğun çalarları qəhrəmanın tənha obrazını, həyatla arasındakı uçurumun dərinliyini gücləndirir, soyuqluğu, ətalət atmosferini ötürür. Qırmızı isə soyuq atmosferdə istilik, ekspressiya, dinamiklik yaradır və alternativ rənglərlə bir növ mübarizəyə girir. İlk epziodda ağımtıl yatağa səliqəsiz atılmış qırmızı don ayrıca tablo kimi görünür. Yaxın planda ona rəvan, həssas baxış edən operator Tofiq Əliyevi qeyd etməyə bilmərəm.  


İkinci əl geyim dükanından bu donu alan, camaşırxanada işləyən qadının əynində anasından qalan qiyafəti görən qəhrəman qeyri-ixtiyari onu izləyir. Əslində o, qadının yox, məhz qırımzı donun (ananın) arxasınca gedir. Bu mənada qırmızı don filmdə əsas obrazlardan biri, hərəkətverici qüvvədir. Don, gənci, adını bilmədiyi qadınla doğmalaşdırır, onda həm ana sevgisini tapır, həm də qadına sahiblənərək, özünü kişi kimi təsdiqləmək ehtiyacını hiss edir. Məhz qırmızı donun (ananın) sayəsində o, həyata toxunuşlar edə bilir: ilk cinsi aktını yaşayır, qadın nəvazişini duyur.


Zəruri bir məsələyə toxunmaq istəyirəm. Eldarın əhvalatı fransız rejissoru Lui Malın “Ürəyin səs-küyü” (1971) adlı bədii filmini xatırladır. Film, yeniyetmə Loranın kişiləşmə prosesindəki çətinliyi anladır. Atasıyla arasında uçurum olan Loran anasına çox bağlıdır. Və anası oğlunda özünəgüvən duyğusunu gücləndirmək məqsədilə onunla intim əlaqəyə girir. Loran ilk uğurlu seksual təcrübəsini anasının sayəsində qazanır. Lui Mal bunu şəhvətli insest, günah kimi yox, fədakar ananın oğlu qarışısında müqəddəs borcu kimi təqdim edir. “Bataqlıqdan mənzərələr”lə Malın hekayəsi arasında bu mənada müəyyən parallellik var…

Ayrı-ayrı səhnələrdə, özünü yetkin hiss elədiyi an qəhrəmanda qəfil nəsə baş verir. Sanki yetkinliyə gedən yolda bir qırılma yaşayır və rejissor bunu uyğun detallarla vurğulayır: ilk siqaretini çəkməyin çətinliyində, qadına sahiblənmək hissini büruzə verəndə sərt, təhqiramiz təpkiylə qarşılaşmasında və qırmızı dona üzünü sıxaraq ağlamasında,  qadının evində olarkən ərzaq dükanına belə tək getməyə çəkinməsində. O, daim adlamaqda qətiyyət göstərə bilmədiyi qorxu hissi ilə üz-üzədir. Çaxırı südəmər körpələr üçün nəzərdə tutulmuş əmzikli butulkada içməsi də onun azad həyata hazır olmadığını göstərir.   

İlk sevişmə səhnəsi maraqlı kombinasiya ilə vizuallaşır. Kamera, camaşırxanadakı intim aktdan paltaryuyan maşının içərisinə “girərək”, oradan qəhrəmanların əksini müşayiət edən avtobus pəncərələrinə, oradan da avtobus salonuna fasiləsiz, yumşaq keçid edir. Az öncə intim akt yaşayan gəncin, qadının çiyninə başını qoyaraq, ana nəvazişinə ehtiyacı qabarıq vizuallaşdırılır. Elə ordaca təzadlı bir mizan qurulur: sanki təsadüfən, onların qarşısında anasıyla görüntülənən balaca oğlan qəhrəmandan çox özünə əmin görünür.

Yadda qalan səhnələrdən biri, sürreal rəssam Rene Maqritin məşhur əsərlərindən biri- “Sevgililər”dən gətirilmiş sitatdır. Əsər sadəcə sitat kimi istifadə olunmur, o, dramaturji zəminə əsaslanır. Hamamda qəhrəmanların başlarına bürünmüş dəsmal altındakı öpüşmə səhnəsini nəzərdə tuturam.


Bəzi sənətşünasların fikrincə, “Sevgililər” tablosu fərdin doğmasıyla münasibətlərinin həqiqi mahiyyətini anlamamasını eyhamlaşdırır. Ən çox yayılmış versiya isə odur ki, əsər rəssamın yeniyetməlik zədəsinin nəticəsidir. O, intihar etmiş anasını, çaydan tapılarkən başına bürünmüş parçada görmüşdü. Tablonun kontekst-mənası müəyyən korrektələrlə, Eldarın əhvalatına, qəhrəmanının psixoloji vəziyyətinə adekvatdır və filmin strukturuna rahat oturur. 

Qadın sinəsinə, döşünə vurğular (qadının daim nəzərə çarpan döşləri, oğlanın onun döşlərinə toxunmaq istəyi, qadının çantasında gəzdirdiyi əmzikli şüşə) süjetin məğzindən qaynaqlanır. Yəni, qadın döşü iki mənada – şəhvət və müqəddəsliklə ifadə olunur ki, fərqli vəziyyətlərdə bu mənalar öz yerini alır.

Bütün filmboyu susqun, fikirli görünən qadın qəhrəmanın keçmişi haqda, əmzikli butulkanın çantadan təsadüfən yerə düşməsi təxmini informasiya verir. Final səhnələrindən birində, rejissorun detallara varmadan – onu sadəcə, qucağında uşaq, bir kişi ilə göstərməsi, hər tamaşaçıya artıq öz təsəvvüründə qadının həyatına dair bir hekayə biçməyə imkan verir.


Hərçənd, məndə belə təəssürat yarandı ki, Flora Hüseynova, rolunun mahiyyətini çatdırmaqda çətinlik çəkir, obrazının mahiyyətinə toxuna bilmirdi. Hətta ola bilsin, o, qəhrəmanın paradiqmasını başa düşməyib. Marketdən ərzaq alarkən oğlanı özünə tərəf çəkərək sevişməsində, onları izləyən kameraya etiraz kimi orta barmağını göstəməsində isə zəruri emosiyanı  göstərə bilmir. Hərçənd, situasiya maraqlı düşünülüb.

Qəhrəman isə faktura olaraq düzgün seçilib. Üzündəki uşaq məsumluğu, qayğıya ehtiyac duyğusu kişiləşmək, böyümək cəhdi ilə birləşir.

Finalda qəhrəman, qırmızı donla tək qalır, oyuncaq atı sındırır, araba nəhayət ki, binanın damından diyirlənir. Qrımızı don (ana) oğul qarşısında missiyasını sonadək yerinə yetirdimi? Gənc, travmalarını adlayıb həyata doğru addım ata biləcəkmi, yoxsa qorxaraq yaşayacaq? Müəllif bu sualları açıq qoyur.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya