“Bakı küləyi” – “Bir cənub şəhərində” filminin davamı
“Bakı küləyi”
Rejissor və ssenarist: Şirin Əhmədov
Quruluşçu operator: Royal Adıgözəlov
Rollarda: Nurlan Süleymanlı, Nazim Quliyev, Kənan Səfərov, Kəmalə Mehdiyeva, Sevda Məmmədova və başqaları
Bu məqaləni yazmağa başlayanda Əfqanıstanda hadisələr daha da gərginləşmişdi, dövlət başçısı ölkədən qaçmışdı və əfqan xalqının 20 il öncəki kabusu geri dönmüşdü. Paradoks ondadır ki, XX əsrin əvvəlində və ortalarında Əfqanıstan sosial-siyasi modernləşmə dövrünü yaşayırdı, qadın hüquqları bərqərar olmuşdu. XXI əsrin əvvəlində isə hadisələr proqresə doğru irəliləmək əvəzinə, bütün ölkə yenidən qaranlığa bürünür. Mən buna ona görə paradoks deyirəm ki, əslində, tarixin dərsləri, elmi-texnoloji tərəqqi, ictimai-siyasi dəyişikliklər, əxlaq anlayışına dəyişən yanaşmalar insan haqlarını məhdudlaşdırmalı yox, genişləndirməliydi…
Resenziyaya bu girişi təsadüfən yazmadım. Gənc rejissor Şirin Əhmədovun “Bakı küləyi” dramı “Bir cənub şəhərində” bədii filminin yığcam, bir qədər başqa redaktədə davamıdır.
Eldar Quliyevin 1969-cu ildə lentə aldığı “Bir cənub şəhərində” filminin ideya-problematikası dövrünə görə yetərincə cəsarətliydi. O mənada ki, film sənətin haqqında danışmaq istəmədiyi (daha doğrusu, senzuraya məruz qalan) toplumun intim nöqtələrinə tuşlanmışdı. Mahiyyətcə yeni insan yaratmağa iddialı sosrealizm total inqilabi dəyişikliklərə rəğmən, əslində, dərin kök salmış mühafizəkar əxlaqa, yeniliyə hələ də hazır olmayan təfəkkürə, patriarxal ailə institutuna, məhəllə qayda və dəyərlərinə qalib gələ bilməmişdi.
Sözügedən filmin lentə alınmasından 50 ildən çox vaxt ötür. Bu müddətdə Azərbaycanın müstəqilləşməsi, modernləşməsi hələlik daha çox forma kimi görünür. Ona görə də gənc rejissor Şirin Əhmədovun 2020-ci ildə çəkdiyi filmin mövzusu 50 il öncəki məsələləri yenidən ekrana gətirir. Dəyişməyən həmin məhəllə, ailədə valideyn hökmranlığı, qadının iradəsi əleyhinə verilən qərar, özünü cəmiyyətdə realizə edə bilməyən işsiz-gücsüz məhəllə uşaqları, qeyri-sağlam sosial münasibətlər, dəyərlər üzündən mənəvi metamorfoza uğrayan gənc… Əslində, bizim kinonun fokusundan yayınan müasir dövr Bakısının kiçik insan hekayələri Emil Quliyevin daha sərt interpretasiyasında “Pərdə” trilogiyasında əks olunub. Əgər çağdaş rejissorlar patriarxal dəyərlərə açıq tekstlə fokulanırlarsa, Emil Quliyevin trilogiyası geniş, qızğın müzakirələrə səbəb verirsə, demək ki, bu bizim cəmiyyətin ən ağrılı, trend problem olaraq qalır… və hələ uzun müddət qalacaq. Bununla belə Emil Quliyevdən fərqli olaraq, Şirin Əhmədovun yanaşması daha yumşaq, sentimentaldır və onun əhvalatının finalında qəhrəman rasional özünüdərk prosesini yaşayır, keçmişiylə soyuqqanlılıqla vidalaşaraq praqmatik olmağı seçir.
Film o epizodla başlayır ki, təsadüfən həbsxanaya düşən Rəsul (Nurlan Süleymanlı) evə qayıdır. Onun anası vəfat edib, sevdiyi qız başqasına ərə gedir, doğma Sovetski sökülmək üzrədir, ata ilə münasibət isə hamar deyil. Qısacası, onun keçmişi ilə bağlı hər şey alt-üst olub. Verbal və vizual səviyyədə qabardılmasa da, janr etibarilə eyni zamanda melodramatik əlamətlər daşıyan filmin süjetində leytmotiv budur: fərqlər arasında normal ünsiyyətin qırılması, asosiallaşma, qarşılıqlı inamın itməsi, güvənsizlik…
Şirin Əhmədov sadaladağım məsələləri publisistik dillə anlatmır, problemlərin uyğun bədii vəziyyətlərdə meydana çıxmasını əsaslandırır.
Rəsulun dostlarıyla görüşdüyü epizod bizim gəncliyin müəyyən təbəqəsinin xarakteristikasını və bioqrafıyasını lakonik ifadə edir: ideyası, hədəfi olmayan, meyxanaya meylli, həbsxana həyatına maraq göstərən gənclik…
Köhnə, dar, kirli küçələr, söyüş yazılan divarlar, yöndəmsiz evlər təkcə hadisənin baş verdiyi məkan yox, eyni zamanda Rəsulun mənəvi sıxıntısının görüntüsüdür.
İlk epziodlardan birində belə bir tələskən təsəvvür yaranır ki, konflikt sərt, ötkəm ata ilə oğul arasında baş verəcək. Lakin ata-oğul mübahisəsi fraqmentar işlənib. Əksinə finalda atanın (Nazim Quliyev) soyuqqanlılıqla ifadə olunan sevgisi və qayğısı oğula yeni həyata başlamağa təkan verir. Hətta sonlara yaxın atanın “Bil ki, valideyndən savayı övlada canıyanan heç kim ola bilməz” öyüdü yuxarıda qeyd etdiyim asosiallaşmanın, güvənsizliyin xəbərdarlığı kimi səslənir.
Beləliklə, filmdə əsas konflikt Rəsulla cəmiyyət arasında gedir. Onu “türemşik” statusuyla qəbul edən və özündən uzaq tutmağa çalışan məhəllə, özü haqqında həqiqəti – həbsxanada yatdığını deyən qəhrəmanın CV-ni laqeydliklə zibil qutusuna atan şirkət əməkdaşı, üzləşdiyi ədalətsizlik Rəsulu əksəriyyət kimi olmağa məcbur edir. Buna görə də o, son epizodlardan birində təhqir olunan süpürgəçiyə qahmar çıxmaq istəsə də, pis nəticəni göz önünə gətirərək ona köməkdən imtina eləyir. Beləcə, dürüst qəhrəman finalda çoxluğun tutduğu mövqenin xeyrinə seçim edərək dəyərlərinə, prinsiplərinə özgələşir.
Filmdə peşəkar aktyorlarla yanaşı, tələbə aktyorlar və həvəskarlar da yer alıb. Hekayədə ən çox yaddaqalan, orqanik ata obrazıdır ki, onun ifaçısı Nazim Quliyev peşəkar aktyor deyil. Yəqin ona görə ki, rejissorun dediyi kimi o, məhz özünü oynayıb.
Bəzi dialoqların təbii olması üçün cilalanmaya ehtiyac olduğunu düşünürəm. Başqa cür desək, kinomuz rəsmi cümlələrdən, yersiz filosofluqdan (“Adaptasiya olmusan mülki həyata?; “Sevgi iki cür olur: əbədi və dəyişkən”; “Dünya mənimlə qaranlq oyunlar oynayır”) arınmalıdır ki, bu da kinomuzda ciddi redaktor probleminin olduğunu göstərir. Rəsulun sevgilisi Günelin (Sevda Məmmədova) anasının (Kəmalə Mehdiyeva) qızına irad tutduğu “Bəsdi filosofluq elədin” fikrini təkcə personajın deyil, ümumən kinomuzda yer alan bu tendesiyaya etiraz kimi qəbul edirəm.
“Bakı küləyi” sadə, səliqəli nəql olunmuş əhvalatdır, epizodlar biri digərinin davamı kimi çıxış eləyir. Filmin xüsusi vizual dili olmasa belə müəllif sadə, tutumlu təsvir və dialoqlarla, pafossuz aktyor oyunuyla hekayənin ovqatını ötürə bilir, ona görə film emosional baxımdan toxunur. Həm də ona görə ki, ekranda görünənlər qurama, saxta deyil, həyatımızın ayrılmaz gerçəkliyidir.
“Bakı küləyi” Şirin Əhmədovun altıncı qısametrajlı filmidir. Rejssorun sözlərinə görə, bu film, onun praktika məqsədilə çəkdiyi öncəki filmlərinin verdiyi təcrübənin nəticəsidir. Hazırda Oqtay Mirqasımovun tələbəsi olan Şirin Əhmədov filmi az büdcəylə çəkib. “Bakı küləyi” XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Cinema Gənc Kinematoqrafçılar Mərkəzi”nin xüsusi mükafatına layiq görülüb.
Sevda Sultanova