Bəyaz pərdəni fəth edən kral
İnam, əzm və zəhmət üçlüyünün xaliqələr yaratdığının vaxtaşırı şahidi olmuş, ömrümüzlə uzlaşmayan presedentlərini isə tarixdən öyrənmişik. Sənət, biznes, elm, astronomiya, idman və sair kimi müxtəlif sahələrdə istər fərdi, istərsə də ailəlikcə uğur yolu toxuyaraq hədəflərinə çatanlar həmişə diqqət mərkəzində olmuşlar. Onların uğur hekayələri incəsənət əsərlərinin mövzusu olmuş, milyonlara motivasiya duyğusu yaşatmışdır. Az əvvəl qeyd etdiyim şərti düstura sadiqliyin bəhrəsini görən ailələrdən biri də Uilyams ailəsidir. Onların əzmi sayəsində dünya idman aləmi iki əfsanəvi qadın tennisçi qazanıb. Venus və Serena bacıları…
Bacılara bu inamı verən, əzmi təlqin edən, onları zəhmətə alışdıran isə, bu uğurun baş memarı – ataları Riçard Uilyamsdır. O Riçard ki, 1991-ci ildə, qızlarının ölkə miqyaslı ciddi yarışlarda hələ iştirak etmədiyi bir zamanda belə, özünəgüvənin göstəricisi olaraq demişdi: “Bir gün gələcək, mənim haqqımda film çəkiləcək, adı isə, “Kral Riçard” olacaq”.
Gün yetişdi, 30 ildən sonra “Kral Riçard” bəyaz pərdəni “fəth etdi”. Altı nominasiyada Oskar mükafatı üzrə mübarizədə iştirak edən bioqrafik bədii filmin ssenari müəllifi Zak Baylin, rejissoru Reynaldo Markus, baş rolun ifaçısı Uill Smitdir. Film yalnız “Ən yaxşı kişi rolu” nominasiyasında mükafat qazandı. Riçard obrazını canlandıran Uill Smitin bu nominasiyada ilk mükafatıdır. “Nəyə görə filmdə Venus və Serena obrazları Riçardın kölgəsində qaldı?” – deyə narazılıq edən bir çox fikirləri əsassız hesab edirəm. (Qeyd: söhbət aktyor oyunundan yox, obrazların süjetdəki mövqeyindən gedir.) Ona görə ki, film məhz cəfakeş atanın 1990-ların Amerikasındakı rasizmin, səfalətin caynağından sıyrılaraq ambisiyalarına doğru iri və qətiyyətli addımlarla getməsindən bəhs edir.
O dövrdə imkanlı və “ağ”ların idmanı sayılan tennis oyununa qaradərili idmançı yetişdirmək üçün sponsor tapmaq bir yana qalsın, heç onların yanına yaxınlaşmaq da asan iş deyildi. Riçard Amerikada geniş yayılmış irqçiliyi, səhnələrin birində atası ilə bağlı xatirəsini danışarkən belə şərh edir: “Mən uşaq olanda atam bir “ağ”a mənimlə borcunu göndərib kənarda gözləyirdi. O dövrdə biz-qaradərililərin əlləri onlara toxuna bilməzdi. Mənimsə əlim istəmədən onun əlinə dəydi və o, yoldaşları ilə birgə məni döyməyə başladı. Atam isə, kənardan durub baxdı, məni müdafiə etmədi. O gündən sonra öz ayağım üstə möhkəm durmağa qərar verdim”. Riçardın bu nitqi dövrün ağır sosial mənzərəsini ortaya qoymaqla yanaşı, özündəki qətiyyətin mənbəyini də sərgiləyir ki, hər iki amil filmin ideyasını təşkil edən mübarizliyin alt qatını qidalandırmaqdadır. Məhz əks reaksiyadan doğan bu güc onu rasizm və səfillik kimi antaqonistə qalib gəlməyə təhrik edir. Atasından fərqli olaraq o, övladlarını daim qoruyacağına söz verir. Atılmış tennis kortundakı məşq səhnəsində vizual həllini tapmış münaqişə buna misal ola bilər. Qızlarına sataşan gənclərə irad bildirəndən sonra qarşılığında yumruq zərbəsi alan ata həmin an cavab qaytarmaq niyyətində deyil. Qızlarını əvvəlcədən maşına göndərdiyindən bilir ki, onlar hal-hazırda təhlükəsizlikdədirlər, fəqət gənclərə cavab zərbəsi endirəcəyi zaman onların əsəbi başla maşındakı qızlara nə edəcəyini təxmin etmək çətin deyil. Qisas sonraya qalmalıdır. Bu səhnənin dramaturji olaraq digər funksiyası da tamaşaçını qəhrəmanla eyniləşdirmək, onların arasında rəğbət bağı yaratmaqdır. Artıq süjetin hər dönüş nöqtəsində tamaşaçı qəhrəmanla bərabər sevinir və üzülür. Amma onu da deyim ki, qəhrəmanın bu bağa mane olan bəzi qeyri-adekvat addımları da var ki, məşqçilərlə münasibətində xüsusilə nəzərə çarpır. Ona qarşı çıxan yeganə insan – həyat yoldaşı Orasendir. Onların mətbəxdəki dialoq səhnəsi xarakterlərin açılması və inkişafı yönündə böyük əhəmiyyət kəsb edir. Belə ki, filmin əvvəlindən etibarən bezdirici şəkildə Orasenin “müdrik qoca” arxetipinə xas mövqeyə iddialı tutumunun yaratdığı suallar bu səhnədə sovrulmağa başlayır. Orasen obrazı gender bərabərliyini müdafiə edən pozisiyasını nümayiş etdirərək ailənin uğura gedən yolda qatlaşdığı zəhmətdə olan ciddi payına diqqət çəkir. Xarakterindəki özündənrazılıq əlaməti ilə kralları andıran Riçardın Orasen qarşısında “yelkənləri endirməsi” gözlənilməz olsa da, gerçək həyatda, əslində, onların 2002-ci ildə ayrılması faktı pazlı tamamlayır. Hələlik isə, onlar çiyin-çiyinə məqsədlərinə doğru addımlayırlar.
Riçard üçün hədəfin özü ilə yanaşı ona aparan yolun xüsusi qaydaları da vacibdir. “Heç vaxt uğurunuzla lovğalanmayın, havayı olan heç nəyi qəbul etməyin, idmanın təhsilinizə mane olmasına izin verməyin” – kimi fikirləri uşaqlarına aşılayan Riçard, qonşunun xəbəri ilə evinə gələn sosial təhlükəsizlik əməkdaşları ilə mübahisə səhnəsində verdiyi sosial mesajla uşaqların tərbiyəsində qadağa yönümlü olmağın əhəmiyyətini vurğulayır. Onun bu üsuluna haqq qazandıran amillərdən biri də əvvəlki səhnələrdə “bivec qonşu ana” ilə dialoqunda qonşunun qızının küçələrdə tüfeyli həyat sürdüyünün açıqlanmasıdır. Riçard, uşaqları gələcəyə öz ayaqları üstə dura biləcək, bilikli və bacarıqlı şəxsiyyət kimi yetişdirməyi hədəf alıb. Filmdə işlədilən, “təmiz kino” estetikasında olan sənədli kadrlarda onun bu cəfakeş fəaliyyətinin real təsvirləri ilə tanış olmaq olar. Lakin uşaqlarına qarşı həssas olan ata ətrafı ilə, daha dəqiq, sponsorlar, menecerlər və məşqçilər ilə kifayət qədər eqoist davranış nümayiş etdirir. Və maraqlıdır ki, bu səlahiyyət sahiblərinin hamısı “ağlar”dır. Görünür, dövrün sosial problemi olan irqçilik, Riçardda bu şərti refleksi formalaşdırıb. Riçard rolunun ifaçısı Uill Smitin isə, Oskar mükafatının təqdimetmə mərasimində öz soydaşını, afroamerikalı Kris Roku şillələməsi, bəlkə də, dövrün dəyişdiyinin xəbərçisi idi.
Dövr daim dəyişir, istər cəmiyyətdəki mənfi halların təkamül keçərək seyrəlməsi, istərsə də köklü adət-ənənənin təsirindən çıxmağa müvəffəq olan yeni-yeni neqativ tendensiyaların vüsət alması ilə. Lakin dəyişməyən dəyərlər də vardır ki, bəşər övladı varlığından bəri onlara təbii ehtiyac duymuş, mənəviyyatını onlarla zənginləşdirmiş, onlardan həyat fəaliyyətlərində ilham almışdır. Bu baxımdan, motivasiya duyğusunu da bu siyahıya aid etmək olar. Belə ki, ibtidai icma çağında ovçuların ov öncəsi yerinə yetirdiyi rituallardan, ovlamaq niyyətləri olduğu heyvan rəsmlərini qayalara cızmasından bu günə – insanların ən müxtəlif sahələrdə özünəməxsus motivasiya aktları həyata keçirmə prosesinədək, sözügedən duyğunun əbədi ehtiyac olması qənaətinə gəlmək olar. İncəsənət əsərləri, xüsusilə, kino və musiqi yaradıcılığı isə, motivasiya funksiyası ilə bəşəriyyətin diqqət mərkəzindədir. Yaradıcı şəxslər vaxtaşırı olaraq bu mövzuya müraciət edərək bizə həmin duyğunu yaşadır, fəaliyyətimizə təkan verirlər. Kral Riçard filmi də öz növbəsində bu missiyanın öhdəsindən gələrək incəsənətin məhz bu funksiyasına sadiqliyini nümayiş etdirmiş, gələcəyin, neçə-neçə uğurlu şəxsiyyətinin ilk addım atmasına təkan olmuşdur.
Xəyal Əfəndi