İNDİ OXUYUR
Azərbaycansayağı Robin Qudlar

Azərbaycansayağı Robin Qudlar

“Azərbaycan Kino Mərkəzi”nin istehsal etdiyi “Səma ilə görüş” bədii filmi sırf prodüser layihəsidir. Mərkəzin rəhbəri Orxan Mərdan, davamlı olaraq kommersiya kinosunda eksperiment-test xəttini əsas götürür; müxtəlif janrlarla və rejissorlarla işləyir, aktual sosial-ictimai, ailə mövzularına müraciət edir, məhsullara tamaşaçı reaksiyasını, nəbzini yoxlayır. Daha vacibi, tamaşaçıda formalaşmış kommersiya kinosu anlayışına (yəni “kommersiya kinosu” dedikdə, yüngül, məişət komediyalarının nəzərdə tutulması) fərqli diskurs gətirməyə çalışır… Bu söhbətə sonda yenə qayıdacağam. Odur ki, əvvəlcə film haqqında ümumi təəssüratlarımı bölüşüm.  

Rüfət Şahbazovun çəkdiyi “Səma ilə görüş” bədii filmi macəra (avantüra), dram, komediya janrlarının xüsusiyyətlərini daşıyır. Hərçənd, macəra, ekşn və komediya elementləri hadisələrdə başlıca yer tutsa da, ayrı-ayrı sosial məzmunlu epizodlar, mənəvi çətinliyi ifadə edən situasiyalar sayəsində hekayə müəyyən mənada emosional və məna dərinliyi qazanır.


Süjetin kökü qəhrəmanların uşaqlıq xatirələrinə söykənir. Səma (Kəmalə Piriyeva) və Camal (Taleh Yüzbəyov) uşaq ikən pulsuzluq üzündən xəstə analarını itirirlər. Yetkinlik yaşına çatmış bacı və qardaş, uşaqlıq dostları Əli (Əlibəy Məmmədli) və Orxanla (İlkin Həsəni) birgə zəngin təbəqəni soyaraq kasıbların müalicəsinə xərcləyirlər. Hadisələrin gedişatında gözlənilməz vəziyyətlər kəskin ziddiyyətləri ortaya qoyur…

Əhvalatın ideyasının əsası – haram yolla varlanmış adamların pulunu əldə edib kasıblara paylamaq –  dastan və balladalardan qaynaqlanır: “Koroğlu”, “Qaçaq Nəbi”, “Robin Qud”…  Sovet dönəmində isə bu ideyanı daşıyan məşhur ekran əsərlərindən biri Eldar Ryazanovun “Avtomobildən qorun” dramı idi.  “Səma ilə görüş”ün süjeti reallığımızdan yaranıb və cəmiyyətin vacib sosial problemlərindən birinə toxunur; qəhrəmanlar, qanunsuz pul qazanan varlıları soyaraq, xəstəliklərini maddi səbəblərdən müalicə edə bilməyən kasıblara yardım göstərir və beləcə, sosial ədaləti qanundan kənar bərpa etməyə çalışırlar.


Ssenaridə (Vüqar Hüseynov və Talıb Əhmədov) macəra janrının ümumi qaydalarına əməl olunur: qəhrəmanların pulu (və ya xəzinəni, mirası) tapmaq məqsədilə çətin, təhlükəli axtarışa çıxması və axtarış prosesinin ekstremal vəziyyətlərlə müşayiəti…  Dünya kinosunda geniş yayılmış bu sxemi ssenaristlər, Azərbaycan reallığı, qəhrəmanların bioqrafik detalları, mənəvi dünyaları ilə zənginləşdiriblər. Camalın arzusu aktyor olmaq, əsas obrazları ifa etməkdir, Əli ilə Səma ailə qurmaq,  Orxan, sevdiyi qadın Sevda ilə (Turanə Hüseynli) maddi azadlığa qovuşmaq istəyir.

Anasının itkisi və maddi səbəblərlə bağlı ağır təcrübə yaşayan Camalın ümumi ideyaya xəyanəti – hekayənin gözlənilməz dönüş nöqtələrindən biridir. Camal, vəsaitləri ehtiyacı olan xəstələrin hesabına köçürmək yerinə, Səmadan xəbərsiz bu pula uşaqlıqda arzuladıqları evi tikdirir. Səma, gözlənilmədən ağır xəstəliyə tutulmasını, nələrisə düz etmədiklərinə, haradasa günah işlətdiklərinə bağlayır və xəstəliyi Tanrıdan gələn cəza kimi görür. Ali ideya uğrunda mübarizə, onun hekayənin əsas motivi olması, dini mənaya bağlantı kommersiya kinomuzda rast gəlinən süjet xəttləri deyil. Bu, eyni zamanda filmin adını əsaslandırır.  Hərçənd, “səma” sözü  çoxmənalıdır, təkcə ideyaya xəyanət etməyən yeganə qəhrəmanın adını daşımır. “Səma” eyni zamanda, ilahilik, təmizlik, səmavilik mənasına gəlir ki, bu, Səma obrazının əqidəsinə sadiqliyi ilə uzlaşır.

Lakin elə buradaca təbii sual meydana çıxır: məgər, dəstənin qeyri-qanuni, avantüraya əsaslanan fəaliyyətində haramçılıq yoxdur?


Teleqram kanalımda türk seriallarında prioritet mövzulara dair bəzi qeydlər yazmışdım. Bir qisim türk serialında konflikt – qanundankənar ədalətlə “qanun şahdır” fikri arasında gedir. Hazırda, yüksək reytinqli  “Qəddar” serialı isə, cəmiyyətdə baş verən ədalətsizliklərin qarşısında qanunun acizliyini və ya qanunla verilən cəzanın yetərli olmadığını görən qəhrəmanın ədaləti zorakı yollarla bərqərar etməsinə birmənalı şəkildə haqq qazandırır. Hətta qəhrəmana qarşı mübarizə aparan polis işçisi bir məqamda qənaətə gəlir ki, bəzən gerçəkliklər, ədaləti qanundan kənar təmin edilməsini zərurətə çevirir… “Səma ilə görüş” filminin qəhrəmanlarının da bu mənada bəraəti var: onlar cinayətlə gəlir əldə edən şəxsləri qarət edir. Üstəlik, məqsəd – maliyyəni xeyriyyə məqsədlərinə xərcləmək onların bəraətini gücləndirir…

Konfliktlər çoxtərəfli qurulur və demək olar ki, süjetin bütün xətləri, detalları biri-birinə bağlanaraq boşluqda qalmır. Teatrda kütləvi səhnələrdə oynayan Camalın arzusu əsas rollarda oynamaqdır, məsələn, “Babək” əsərində Xəlifə Mötəsimi ifa etmək kimi. Bu obrazın replikalarını əzbər bilən Camal, qəfildən mafiya üzvləri ilə qarşılaşanda yaranmış vəziyyətə uyğun olaraq Xəlifə Mötəsimin monoloqunu  (“Babək” filminin final səhnələrindən birində Xəlifə Mötəsim cəlladlara əmr edir :“Kəsilsin, sağ əli bir az biləyindən yuxarı, sol qolu dirsəyindən aşağı və s.”) deyərək çətin vəziyyətdən çıxır. Bununla da filmin əvvəlki epizodlarında özünü aktyor kimi təsdiqləməyə çalışan Camalın dilində səslənən bu monoloq,  hadisələrin gedişatında məntiqi sonluğa çataraq həllini tapır.

Komik səhnələr zarafat səviyyəsində yox, savadlı dramaturji materialla yumor estetikasında işlənir, qurşaqdan aşağı mətnlərə yer verilmir, bəzi sənhələrdə səslənən söyüşlər təklif olunmuş vəziyyətlə uyğunlaşır. Orxan, sevgilisi Sevda (Turanə Hüseynli) ilə pulları oğurlayıb aradan çıxanda, Əlinin qəzəbini ifadə edən söyüşləri kimi…

Amma konflikt yaradan xətlərdən biri, Camalın bacısından xəbərsiz ev tikdirməsi ötəri işlənib, daha aydın ola bilərdi. Sevda obrazı tam açılmır. “Səma ilə görüş” adı cəlbedici səslənmir, bir qayda olaraq, marketinq nöqteyi-nəzərindən qısa adlar məqbuldur və uzun adlar çətin ki, kommersiya uğurunun təminatçısı olsun.

Aktyor oyunu baxımından yaxşı mənada gözlənilməz, Şəmi rolunun ifaçısı kimi tanınan İlkin Həsəninin fərqli ampluada təqdimatı oldu. İlkin Həsəninin müxtəlif komediyalarda oynadığı səthi, basmaqəlib Şəmi obrazından fərqli olaraq, buradakı obrazı müqayisədə xarakter etibarilə mürəkkəbdir, aktyor Orxanın dramını uyğun hiss və ifadələrlə çatdırır. 


Əsasən seriallarda və kommersiya filmlərində rol alan Kəmalə Piriyevanın müxtəlif xarakterləri oynamaq potensialı var. O, Səmanı səthi oynamır, onu psixoloji-emosional aspektdən aça bilir, şəhərli qadından əyalət qadınına keçidi təbii edir.

Taleh Yüzbəyov zəhmətkeş, istedadlı aktyordur,  xüsusən, tragikomik vəziyyətləri əla oynayır. Amma sırf psixoloji, dramatik oyun tələb edən vəziyyətlərdə gərəkdir ki, rejissor onun bu yöndəki potensialını açsın.


Əlibəy Məmmədli, Turanə Hüseynli, balaca aktyorlar Nəzakət Heydərova, “Oyuq” studiyasının yetirməsi İbrahim Laçın ümumi aktyor ansamblında çox orqanik görünürlər. Hərçənd,  Rəfael İsgəndərov kimi təcrübəli, peşəkar aktyorun ifası “Bu şəhərdə”ki oyun tərzinin təkrarı idi.


Orxan Mərdan bu filmdə Rüfət Şahbazovla əməkdaşlıq edib və o, rejissorları əsasən, gördüyü işlərə, təcrübəsinə görə seçir:

“Rejissorun qarşısına qoyduğum tələb həm də zamanlama ilə bağlıdır. Bura onun məsuliyyəti, davranış kodeksi də daxildir. Bu günə qədər gördüyü işləri də əsas meyar kimi götürürəm. Rejissor var ki, müəyyən janrlarlarda daha yaxşı işləyir. Ümumiyyətlə isə rejissorlarla çox mübahisəm düşmür. Mənim mübahisəm ssenaristlərlə çox olur. Ssenari mərhələsində iştirak edirəm və bəzən ssenariləri onlarla birlikdə yazıram. Ssenari – filmin onurğasıdır. Ssenari yaxşısıdrsa, zəif rejissor onu pis çəksə belə, hekayə tamaşaçıya çatır. Amma istehsalat prosesində prodüser müdaxiləsi olmalıdır. Adətən, rejissorla öncədən hazırlıq mərhələsində razılıq əldə edirik. Onun yanaşmasını müzakirə edirik və ortaq məxrəc tapırıq. Çəkiliş prosesində elə də müdaxilələr olmur. Bəzən aktyor oyununa, mizanlara görə təkrar çəkilişlər olub. Hər filmdə 25 gün çəkiliş günü varsa, ehtiyat üçün 4 prodüser günü əlavə edirəm. Əsas müdaxiləm prodüser kimi montajda ortaya çıxır. Bütün hallarda tamaşaçı prodüser versiyasını görür. Rüfətlə isə problemimiz olmadı, çünki yanaşmalarımız eyni idi”. 

Rüfət Şahbazov daha çox serial sektorunda  (“Aramızda qalsın”, “Cehizsiz gəlinlər”, “Ata ocağı” və s.) işləyir. Kommersiya kinosu layihələrindən “Qızqaçırma”, “Qızqaçırma 2” filmlərinin rejissoru olub. “Səma ilə görüş” filmində Rüfət Şahbazov rejissor kimi üzərinə düşən vəzifəni maksimum səliqəli, keyfiyyətli yerinə yetirib, aktyorlarla yaxşı işləyib. Ekstremal səhnələr (Şahmar Səfəroğlu) dinamikdir, həyəcanlıdır və burada ölçü hissi itirilmir,  janrdan-janra kəskin keçidlər, vəziyyətlər süni deyil.

Yazımın əvvəlinə qayıdım. Bizdə formalaşmış yanlış təsəvvürə görə, kommersiya kinosu, prodüser layihələri səthi, ancaq tamaşaçını əyləndirəcək məhsullara əsaslanır. Halbuki, kommersiya kinolayihələrində dərin məzmun, sənət kontekstinin mövcudluğu normal haldır. Orxan Mərdan prodüser kimi həm bu istiqaməti nəzərə alır və ona görə prodüser kimi axtarışdadır.

“Qaragöz” filmi bu axtarışın ilk nəticəsi idi. Daha sonra, “İkinci pərdə” sosial dramı, “Zəhər tuluğu” dramı çəkildi. “Səma ilə görüş” filmi ilə də bu prodüser siyasətini davam etdirir.

“Mən hər dəfə fərqli alternativlər təklif etməyə üstünlük verirəm və gələcəkdə hansı istiqamətlərdə daha yaxşı nəticələr əldə etməyi planlayan iş prinsipim var. Çünki eksperimental yanaşıram məsələyə. Bu işə gələcək perspektiv gözüylə baxıram. Tamaşaçının nəbzini və bizim milli psixologiyanı hansı janrlarda göstərmək üçün eksperimental yanaşmalar edirəm. Mövzular bəzən buna görə seçilir, bəzən də millətin həmin dönəmdə psixoloji, sosial vəziyyətinə görə müəyyən olunur”.


Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya