İNDİ OXUYUR
Azərbaycan kino sənəti nə üçün geridə qalır?

Azərbaycan kino sənəti nə üçün geridə qalır?

İlyas Əfəndiyev, Həsən Seyidbəyli və İmran Qasımovun birgə qələmə aldıqları və 1952-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunan tənqidi yazıda qaldırılan problemlərin bu gün də aktuallığını itirmədiyindən həmin məqaləni təqdim edirik .

Həsən Seyidbəyli, İmran Qasımov, İlyas Əfəndiyev


Respublikamızda kino sənətinin xalqın tələb və arzuları səviyyəsindən çox geridə qalması bütün ictimaiyyətimizi həyəcanlandıran olduqca ciddi bir məsələdir. Bakıda bədii və sənədli filmlər buraxan xüsusi studiya var. Burada böyük yaradıcı və texniki kollektiv işləyir. Respublikamızda kino işlərinə rəhbərlik etmək üçün xeyli zamandır ki, xüsusi nazirlik təşkil edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Bakı kinostudiyası son dərəcə yarıtmaz işləyir. Rus dilindən azərbaycancaya tərcümə olunan filmlər müstəsna edilərsə, studiyanın buraxdığı filmlər ən adi tamaşaçının belə zövqünü təmin etmir. Son yeddi ildə studiya bircə bədii film də hazırlamamışdır. Bakı kinostudiyasının yarandığı gündən otuz ilə yaxın bir vaxt keçir. Səssiz kinonun inkişafı dövründə bu studiya bir neçə bədii fılm («Sevil», «İsmət» və sairə) istehsal etmişdir. Onun buraxdığı səsli fılmlərdən isə diqqəti cəlb edən «Bakılılar» və «Kəndlilər» olmuşdur. Daha sonralar kinostudiyanm çəkmiş olduğu «Arşın mal alan» fılminə milyonlarla adam tamaşa etmişdir. Çox təəssüflə qeyd etmək lazımdır ki, studiya böyük həcmli bədii filmlər yaratmaq işi üzərində müntəzəm surətdə işləməmişdir. Studiya bir film buraxmış, sonra illərlə heç bir səmərəli fəaliyyət göstərməmiş, az-çox gördüyü işlərdə isə, hədsiz-hesabsız nöqsan və müvəffəqiyyətsizliklər meydana çıxmışdır. Kino sənətini inkişaf etdirmək üçün respublikamızda hər cür şərait və imkan vardır. Bu məsələni dərindən düşünərək nəticə çıxarmaq, respublikamızda kino sənətini inkişaf etdirmək üçün bütün qüvvələrini səfərbərliyə almaq Azərbaycan kinematoqrafiya işçilərinin ən vacib və təxirəsalınmaz borcudur. Bu məsələ ətrafında indi çoxlu söhbət və münaqişə gedir. Kino işçiləri bütün günahı yazıçıların üzərinə, yazıçılar isə, öz növbəsində, kino işçilərinin üzərinə yıxmağa çalışırlar. Bakı kinostudiyasında uzun-uzadı danışıqlar və mübahisələr gedir, odlu nitqlər söylənilir. Ortada isə heç bir şey yoxdur. Azərbaycanda kino sənətinin geridə qalmasının səbəblərini araşdırarkən, birinci növbədə, ədəbiyyatla əlaqədar məsələlərdən danışmaq daha doğru olardı. Hamıya məlumdur ki, mükəmməl bədii ssenari olmadan film yaratmaq mümkün deyildir. Bədii ssenari ədəbiyyatın nisbətən gənc janrıdır. Ssenari yazıçıdan son dərəcə ciddi, gərgin əmək və fədakarlıq tələb edir. Azərbaycanda kinematoqrafiya sənəti yaranan gündən bəri respublikamızın ayrı-ayrı yazıçıları bu sahədə ciddi addımlar atmışlar. Cəfər Cabbarlı, Mehdi Hüseyn, Süleyman Rüstəm, Rəsul Rza, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Məmməd Hüseyn Təhmasib və başqaları müxtəlif zamanlarda, aktual və tarixi mövzularda kinossenarilər yazmışlar. Lakin bu ssenarilərin əksəriyyəti (demək olar ki, doxsan faizi) ekran üzü görməmişdir. Ümumiyyətlə, yazıçılarımızın yazdıqları ssenarilər, eyni zamanda, ədəbi mühitin də diqqəti xaricində qalmış, yazıçıların yaradıcılıqlarında mühüm bir hadisə kimi qeyd edilməmişdir. Biz, aşağıda, bu ssenarilərin nə üçün ekran üzü görməməsi səbəblərini izah etməyə çalışacağıq. Lakin yeri gəlmişkən qeyd etməliyik ki, bəzən yazıçılar ssenari yazmaq işinə ikinci dərəcəli bir məsələ kimi baxmış, yazılan ssenarilər ekrana çıxmadığından bu sənətə olduqca soyuq münasibət göstərməyə başlamışlar. Bu isə, dözülməz bir haldır. Ədəbi ssenarilərin yaranmamasının mühüm əngəllərindən biri də odur ki, Yazıçılar İttifaqı bu işə özünün əsas və doğma vəzifələrindən biri kimi baxmamışdır. Bütün bunların nəticəsində respublikamızda kino sənətinin inkişafı ədəbiyyatımızın ümumi inkişafı prosesindən ayrılmış və tamamilə kənarda qalmışdır. Yazıçılar kinossenari yazmaq işinə təsadüfi bir məsələ kimi baxmış, onu, necə deyərlər, bir «tapşırıq», «sifariş» hesab etmişdir. İş o dərəcəyə çatmışdır ki, yazıçılar illərlə əmək sərf edərək yaratdıqları ssenariləri öz əsərləri siyahısına daxil etməkdən belə çəkinmişdir. Qəribə burasıdır ki, ədəbi tənqid də eynilə bu cür hərəkət edərək, yazıçıların yaradıcılığından və ədəbiyyatımızın ümumi inkişafı məsələlərindən bəhs edərkən, çap olunmuş ssenarilərin adlarını da çəkməmişdir. Daha aydın desək, ədəbi mühitimizdə ssenari yazıçının yaradıcılığında, məsələn, poema, roman və ya pyes kimi mühüm əhəmiyyətə malik bir hadisə hesab olunmamışdır. Ssenari işinə bu cür münasibətin nəticəsidir ki, yazıçılarımız kinodramaturgiyanın xüsusiyyətlərini öyrənməmiş, Bakı kinostudiyasıda az-çox kino işilə maraqlanan yazıçıları öz ətrafına cəlb etməmiş, onlarla heç bir iş aparmamışdır. Yazılan ssenarilərin bir çoxu çap olunmamış, geniş oxucu kütləsinin nəzərinə çatdırılmamışdır. Buna görə də, yazılmış ssenarilər haqqında geniş xalq kütləsinin fikri meydana çıxmamışdır. Halbuki, bu ictimai fikrin kino sənətimizin inkişafı üçün nə qədər vacib və qiymətli olduğunun izaha ehtiyacı yoxdur. İndiyə qədər olan dövr müddətində yaranmış ssenarilərin ədəbi taleyi belə olmuşdur. Son vaxtlarda isə, vəziyyət, yavaş-yavaş olsa da, az-çox dəyişmişdir. 1952-1953-cü illər üçün kinossenarilər yaratmaq planı tərtib olunmuşdur. Azərbaycan yazıçıları kino sənətinə indi daha çox meyil göstərməyə başlamışlar. Bu meyli qüvvətləndirmək, yazıçıların yeni kino əsərləri üzərində işləməsini təmin etmək heç şübhəsiz ki, Yazıçılar İttifaqının qarşısında duran əsas vəzifələrdən biridir. Hazırda Azərbaycan yazıçılarından Manaf Süleymanov ssenarist Aleksandr Filimonovla birlikdə neftçilərin həyatından ssenari yazır. Bundan başqa ayrı-ayrı yazıçılarımız Azərbaycan kolxozçularının yüksək məhsul uğrunda apardıqları mübarizədən, dəniz neftçilərinin həyatından ədəbi ssenarilər, musiqili kinokomediya yazırlar. Lakin bununla kifayətlənmək olmaz. Məsələ ssenarilərin sayca çox olmasında deyildir. Yazılan ssenarilərin yüksək keyfiyyətli olmasına, bədii cəhətcə mükəmməl yazılmasına çalışmaq lazımdır. Kino işinə daha çox yazıçı cəlb etmək fikrini irəli sürmək, heç də o demək deyil ki, həmin yoldaşlar özlərinin başqa yaradıcılıq planlarını bir kənara qoyub, yalnız ssenari yazmaqla məşğul olsunlar. Rus yazıçılarının da iş təcrübəsindən bizə məlum olduğu kimi, yazıçı öz işlərini düzgün və səliqə ilə planlaşdırarsa, ssenari yazmaq onun başqa əsərlərə sərf edəcəyi vaxtı heç də məhdudlaşdırmaz. Məsələ orasındadır ki, kino əsərləri yazmağı bacara bilən yazıçılar özlərinin bir neçə illik iş planlarına ssenari üzərində işləmək məsələsini daxil etmirlər. Halbuki, respublikamızda kino sənətini yüksəltmək vəzifəsi bunu bizdən tələb edir. Lakin iş yalnız yazıçıları kino işinə cəlb etməklə qurtarmır. Azərbaycan Yazıçıları İttifaqı, eyni zamanda, yazıçılarla kino sənəti mütəxəssislərinin arasında sıx əlaqə yaranmasına, ardıcıl və müntəzəm təcrübə mübadiləsi aparılmasına çalışmalıdır. Yazıçılar İttifaqı ssenari işini özünün ən əsas yaradıcılıq sahələrindən biri kimi əməli surətdə təşkil etməlidir. Bunun üçün: a) ssenari üzərində çalışan yazıçıların işləri daima diqqət mərkəzində tutulmalıdır; b) yaxşı ssenarilər çap olunmalıdır; v) respublikamızda kino sənətini yüksəltmək üçün lazım gələn perspektiv məsələlər ətrafında tənqidi fikri gücləndirmək, ssenaristlərin qarşısında duran vəzifələri dərin, nəzəri təhlillər keçirərək aydınlaşdırmaq lazımdır. İndi biz, vaxtilə təsdiq olunub, bütün mərhələlərdən keçmiş ssenarilərin taleyini xatırlayaq. «Ayna» ssenarisi üzrə hazırlanan kinofilm ancaq yarıya qədər çəkilmiş, sonra isə, rejissor və operator işinin yarıtmaz olduğuna görə dayandırılmışdır; «Firəngiz» ssenarisi hazır şəkildə studiyanın portfelində idi, onu istehsalata buraxmaq əvəzinə, səssizcə arxivə verdilər. «Qocalar» ssenarisi yaddan çıxarıldı. «İradə», «Yadigar», «Qarabağdan gələn oğlan» və başqa bu kimi ssenarilərin nə üçün işıq üzü görməməsinin əsl səbəbini aydınlaşdırmaq çox çətindir. Bakı kinostudiyasında yazıçıların rast gəldikləri belə uğursuzluqları çox misal göstərmək olar. Bunların hamısı haqqında ona görə danışırıq ki, Bakı kinostudiyasında ssenarilərin belə «əlliayaqlı məhv olması» hadisələri bu günə qədər də davam edir. Yuxarıda dediklərimiz sübut edir ki, yazıçılar öz üzərlərinə düşən məsuliyyəti hiss etməklə bərabər, kinematoqrafiya qarşısında, kino işçiləri qarşısında da çox ciddi tələblər qoymaqda haqlıdırlar. Bakı kinostudiyasında yaxşı ssenarilər yaratmaq uğrunda həqiqi, prinsipial yaradıcılıq mübarizəsi getmir. Yaradılmaqda olan ssenarilərə səmimi, qayğıkeş münasibət yoxdur. Nə yol ilə isə ssenarilər birdən-birə gözdən düşür, sahibsiz qalır. Elə bil, o, heç kəsə gərək deyilmiş. Elə bil, onu kinostudiyaya güclə vermək istəyirmişlər. Ssenarilərin kinostudiyanın bilavasitə öz içərisində keçdiyi yolu da işıqlandırmaq pis olmazdı. Bu barədə danışarkən, bir daha qeyd etmək lazımdır ki, kinostudiyanın yaradıcı kollektivi yazıçılar tərəfindən qələmə alınan ssenarilərə qarşı son dərəcə laqeyd və soyuq münasibət göstərir. Studiyanın işçiləri səbrlə gözləyirlər ki, görək nə vaxt tamamilə ideal dərəcəyə çatdırılmış bir ssenari ayaq tutub studiyanın qapısından içəri daxil olacaqdır. Bakı kinostudiyasının işçiləri yazıçılarla həqiqi yaradıcılıq əlaqəsi saxlamır, yazılmaqda olan ssenarinin vəziyyəti ilə, müəllifin fikirləri ilə əvvəlcədən maraqlanıb tanış olmurlar. Onlar öz rollarını ancaq «sifariş» verməkdə, «sifarişlə» ssenari yaratmaqda görürlər: «Qoy yazıçı yazsın, sonra biz baxıb öz qiymətimizi verərik». Demək lazımdır ki, studiya bu rolunu da çox pis ifa edir. Son illərdə biz, studiyanın bədii sovetində gedən ssenari müzakirələrində tez-tez iştirak etmişik. Bu müzakirələrin əksəriyyəti çox aşağı bir səviyyədə keçmişdir. Kinofilmin yaranmasında əsas rol oynayan rejissorlar belə müzakirəyə hazırlıqsız gəlirlər, həqiqi kömək əvəzinə, konkret yaradıcılıq köməyi əvəzinə, dayaz fıkirlərlə dolu standart nitqlər söyləyir və bununla da öz vəzifələrini bitmiş hesab edirlər. Studiyanın kollektivi bu darıxdırıcı və dayaz müzakirələr, sonsuz iclasçılıq əvəzinə, bilavasitə yaradıcılıq işinə keçərək, yaxşı ssenarilər yaratmaq uğrunda aparılan mühüm mübarizədə ən yaxından iştirak etməlidir. Bizim fikrimizcə, bu işləri görmək üçün aşağıdakı məsələləri mütləq həll etmək lazımdır: a) studiyanın ssenari şöbəsini hazırlıqlı sənətkarlarla, redaktorlarla gücləndirmək, rejissorların özlərini ssenari şöbəsi ətrafında daha sıx toplamaq və bu şöbəni ssenari yaratmaq uğrunda yaradıcılıq mərkəzinə çevirmək; b) rejissorun hökmən ssenariyə təhkim olunması təcrübəsini – onun, ssenarinin yaradılması prosesində iştirak etməsi təcrübəsini həyata keçirmək. Studiyamızın kollektivi, ümumiyyətlə, bacarıqlı yoldaşlardan ibarətdir. Lakin bu kollektiv öz böyük nöqsanlarını və çatışmayan cəhətlərini gözdən keçirməli, düzəltməli və gələcək inkişafı barədə düşünməlidir. Studiyanın uzun illərdən bəri apardığı plansız iş yaradıcı kollektivin sənətkarlığında zəifliyə səbəb olmaya bilməzdi. Məsələn, rejissor Mikayılov öz son filmini 1936-cı ildə çəkmişdir. Rejissor Quliyev 1940-cı ildən indiyə kimi hələ bir bədii film yaratmamışdır. Bunların ən «xoşbəxti» sayılan Rza Təhmasib yeddi ildir ki, heç bir fılm çəkmir. (Əgər, onun «Bakının işıqları» adlı kinofilmində üçüncü quruluşçu-rejissor vəzifəsindəki passiv rolunu nəzərə almasaq.) Yeddi, on, hətta, on altı illik fəaliyyətsizlik nəinki yaradıcılıqla məşğul olan sənətkar üçün, hətta, ən sadə işlə məşğul olan adamlar üçün belə ən pis nəticələr verə bilər. Sənətkar, belə böyük fasilədən sonra yadırğayar. Halbuki, kinorejissorluq sənəti mürəkkəb, hərtərəfli inkişaf tələb edən, gündən-günə yüksəlməyi sevən bir sənətdir.

Məqalənin orijinal skanı


Professional sənətkarlıq baxımından geridə qaımış rejissorlar öz üzərlərində az işləyir, nəzəri biliklərini, mədəniyyətlərini, dünyagörüşlərini lazımi qədər artırmırlar. Buna görə də, kinostudiya işçilərinin sənətkarlıq səviyyəsi aşağı düşmüşdür. Bu, özünü studiyanın buraxdığı kiçik oçerk və jurnallarda da göstərməkdədir. Studiyanın «prostoylarını» nəzərə alaraq, rejissorlar gərək, heç olmasa, yaradıcılıq təcrübəsi keçməyə, başqa böyük studiyalara, Sovet kinematoqrafiya sənətkarlarının yanında öz biliklərini və sənətkarlıqlarını artırmağa gedəydilər. Lakin müharibədən sonrakı dövrdə təkcə bir nəfər rejissor (H.Seyidzadə) uzunmüddətli yaradıcılıq təcrübəsində olmuşdur. Rejissorlarla aparılan söhbətlərdə hiss olunur ki, onlar ölkəmizdə baş verən böyük ədəbi hadisələri ardıcıl olaraq izləmir və bəzən də bu hadisələrdən tamamilə xəbərsiz olurlar. Onların respublikamızın ədəbi mühitindən kənarda qalmaları da bununla izah olunur. Nə üçün kino işçiləri bizim ədəbi iclaslarımızda, bədii kitablarımızın müzakirələrində, nəzəri mübahisələrimizdə, teatr tamaşalarının baxışında iştirak etmirlər? Bakı kinostudiyasının otuzillik tarixi müddətində hələ bir rejissor və ya operator kino sənətinə aid dərindən düşünülmüş, nəzəri cəhətdən qüvvətli bir məqalə çap etdirməmişdir. Heç təsadüfi deyil ki, «İsskustvo kino» jurnalında və «Sovetskoye isskustvo» qəzetində hələ bu vaxta qədər Azərbaycan kino işçiləri tərəfindən yazılmış bir kiçik məktub da dərc olunmamışdır. Studiyanın ən böyük çətinliyi hazırlıqlı rejissor kadrlarının kifayət qədər olmamasıdır. Bu çətinliyi aradan qaldırmaq üçün bizdə imkan vardırmı? Heç şübhəsiz ki, vardır! Hazırda studiyada gənc rejissorlar işləyirlər: məsələn, Lətif Səfərov, İsmayıl Əfəndiyev, Zeynəb Kazımova, Həbib İsmayılov və başqaları. Onlara (təcrübəli rejissorlarla birlikdə) cəsarətlə müstəqil yaradıcılıq işi tapşırmaq lazımdır. Yalnız bu yol ilə təcrübəli rejissorları hərəkətə gətirmək, gənc kadrlardan yüksək ixtisaslı rejissorlar yetişdirmək mümkündür. Bunun üçün bir daha təkrar edirik ki, kinostudiya müntəzəm surətdə bədii filmlər (istər böyük həcmli və istərsə də kiçik) buraxmaq işilə məşğul olmalıdır. Rejissorların, rəssamların, artistlərin işlərinə başçılıq edən bədii rəhbər hər yerdə, teatrlarda, hətta, xor və rəqs ansambllarında da vardır. Lakin Bakı kinostudiyasında, nədənsə, bədii rəhbər yoxdur. Doğrudur, bizim studiyaya tez-tez başqa şəhərlərdən görkəmli rejissorlar gəlmişlər. Lakin onlar bir film çəkib qurtaran kimi geri qayıtmşlar. Studiyanın səhvi orasındadır ki, o öz yaradıcı kollektivinin ixtisasını artırmaq üçün kino mütəxəssislərindən istifadə edə bilməmişdir. Bunun nəticəsində də Bakı kinostudiyasına müvəqqəti çağırılmış mütəxəssislərin gəlişi bir «qastrol» xarakteri daşımışdır. Vaxtilə Bakı kinostudiyasına Ziqan, Beknazarov, Xeyfets və Zarxi kimi sənətkarlar gəlmişlər. Lakin studiya öz kadrlarını tərbiyə etmək işində onların təcrübələrindən istifadə etməmişdir. Onlar çəkdikləri fılmi tezliklə qurtarıb geri qayıtmağa çalışdıqları üçündür ki, «Fətəli xan», «Bakının işıqları» kimi zəif filmlər meydana çıxmışdır. Studiya kollektivinin işindəki nöqsanları aradan qaldırmaq, kadrları düzgün yerləşdirmək üçün böyük və ciddi iş aparmaq lazımdır. Bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir: a) kino sənətinin görkəmli ustalarından birini Bakı kinostudiyasına bədii rəhbər dəvət etmək; b) kino istehsalı işini ardıcıl və müntəzəm bir şəklə salmaq. İstehsalat planına böyük kinofilmlərlə bərabər, iki-üç hissəli qısametrajlı fılmlər də daxil etmək; v) kino işçilərini başqa şəhərlərə, böyük kinostudiyalara, görkəmli kino ustalarının yanına yaradıcılıq təcrübəsinə göndərmək; q) studiyada çalışan bütün yaradıcı işçilərin öz üzərlərində müntəzəm surətdə işləməsini, siyasi və nəzəri biliklərini, sənətkarlıqlarını artırılmasını təmin etmək. Kinostudiyanın rəhbərliyi və Kinematoqrafiya Nazirliyi Azərbaycan kino sənətini yüksəltmək üçün zəruri olan əsas məsələlərin həllinə hələ lazımınca fikir vermirlər. Kiçik və böyük inzibati işlər, dəftərxanaçılıq Kinematoqrafiya Nazirliyinin aparatında və kollegiyasında hədsiz dərəcədə böyük yer tutur. Kinostudiyanın yaradıcı işçiləri, sabah hansı işi görəcəkləri onlara məlum olmadığından, haqlı olaraq, şikayət edirlər. Gələcəkdə nə iş görəcəkləri barədə studiya ilə nazirlik arasında olan anlaşılmazlıq kino işçilərini tez-tez çaşdırır. Elə buna gorə də, rejissor Rza Təhmasib özü üçün aydın bir perspektiv görməyərək studiyadan getməyə məcbur olmuşdur. Yaxşı operatorlardan biri olan Atakişiyev studiyanın dəvətini qəbul etmiş, lakin rəhbərlik buna razılıq vermədiyi üçün indi öz qüvvəsinə layiq bir iş görmür. Elə buna görə də, rejissor Seyidzadəni gah bir ssenariyə, gah da başqa ssenariyə təhkim edirlər və o, iki ssenari arasında qalıb heç birinə lazımi kömək edə bilmir. Studiyanın texniki bazasının və yeni studiya binasının tikilməsi işini də mütəşəkkil və geniş surətdə aparmaq lazımdır. Biz əminik ki, Bakı kinostudiyasının yaradıcı kollektivi bu məqalədən ciddi nəticələr çıxararaq, tənqid və özünütənqid yolu ilə göstərilən nöqsanları aradan qaldıracaqdır. Biz əl-ələ verməli, kino sənətimizi irəliyə aparmalı, ssenarilər yazmalı, filmlər çəkməli, xalqımızın həyatını yüksək sənətkarlıqla əks etdirən əsərlər yaratmalıyıq.

«Ədəbiyyat» qəzeti, 16 noyabr 1952-ci il.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya