İNDİ OXUYUR
Azmış, zavallı insanlar

Azmış, zavallı insanlar

Yorqos Lantimosun yaradıcılığına bələd olan biri kimi, onun ən son “Zavallılar” bədii filmi məndə təəssüf doğurdu. Digər filmlərindən fərqli olaraq filmin mövzu və ideya xəttində müəyyən boşluqlarla qarşılaşırıq. Amma bu, filmi bizim təhlil obyektimiz olmaqdan xilas etmir. Bir çox səhnələri düşünmək üçün deyil, tamaşaçıya əyləncə və həzz verməkdən ötrü kommersiya xarakteri daşıyır. Danmaq olmaz ki, Lantimosun vizual estetikası və məşhur aktyorların uğurlu çıxışı filmi ayaqda saxlayan, bəyəndirən əsas elementdir. Kinotənqidçi film tənqidi zamanı maksimal dərəcədə obyektivliyə sadiq qalaraq, tamaşaçıya filmi “oxumalıdır”. Lantimos film haqqında çıxışlarında qadın azadlığı məsələsinə toxunsa da, filmin Viktoriyanın həyatı ilə tanışlıq səhnəsinə qədər Bellada qadın olaraq azad olmaq rolunu görmürük. Azad olmaq istəyi üçün gərək azadlığın nə olduğunu dərk etsin və təhlükəli mühasirə vəziyyətində olsun. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Bella yetkin qadın bədənində yerləşmiş uşaq beyinli obrazdır və onun film boyu “ böyüməsindən” yola çıxaraq biz uşaq psixologiyasının təsvir həllinə diqqət etməliyik. Filmin təhlili zamanı biz psixoanalitik təhlil metodundan yan keçə bilmərik.


Cəmiyyətə görə cinsi instinktlər məhz yeniyetməlikdən başlayır. Yəni hər iki cinsdə olan fizioloji dəyişkənliklər əsas verir ki, onlarda cinsi qüvvə və ya həvəs yaransın. Cinsi həvəs dediyimiz anlayış insanda hər hansı hərəkəti yaradan böyük enerjidir. Məsələn, ölüm qüvvəsi insanı həmin anda özünü qorumaq üçün hücuma keçirə bilər. Eynilə cinsi münasibətlərə yol açan da anlıq cinsi qüvvədir. Yəni cinsi həvəsin uşaqlarda görülmədiyini demək böyük yanlışlıqdır və bu kimi yanlışlıqların ağır nəticələri olur. Filmdə də Bella məhz “körpəliyindən” cinsi qüvvənin təsiri altındadır. Bu qüvvənin qarşısını alan sərhədlər (utanmaq, iyrənmək və s.) hələ tam şəkildə formalaşmadığı üçün bizdə Bellanın intim səhnələri qıcıq yarada bilər. Bunun əsas səbəbi isə uşaq beyinli olsa da təsvir olaraq qadın bədənində olmasıdır. Filmdə ilk erotik səhnə Bellanın öz vücudunun kəşfi ilə başlayır. Burada erotik səhnələri hər nə qədər çox olsa da bir-birindən ayırmaq vacibdir. Çünki bu zaman onun inkişaf dövrlərini ayırd edə bilirik. Bellanın ilk səhnələrdə gördüyümüz yemək yeməsi vacib psixoloji əhəmiyyət daşıyır və insanın sonrakı psixi vəziyyətinin əsas mənbəyini təşkil edir. Burada hələ ki cinsilik ağızdan, yeməkdən ayrılmayıb. Sonrakı səhnələrdə ilk cinsi qüvvələr başlayır və özünə toxunmaq ilə sonlanır. Bu vəziyyət yeniyetməliyə kimi davam edir. Yəni yeniyetməliyə qədər olan cinsi qüvvə otoerotikdir. Bu özünə yönəlmiş erotizm, kəşf olaraq mənalandırılır. Yeniyetməliyə doğru getdikcə otoerotizmin yerini cinsi nəsnə tutur. Cinsi nəsnə dediyimiz şey məhz cinsi qüvvənin yönəldiyi əks və ya eyni cinsdir. Bellanın bu dövrdə cinsi nəsnəsi ilk olaraq Maks, daha sonra vəkil Dunkan və digərləri olur. Qeyd etdiyimiz yeməkdən ayrılan cinsi hissə, nəsnə seçimini hazırlayaraq itirilmiş xoşbəxtliyin yenidən ortaya çıxmasına vəsilə olur. Bellanın dediyi kimi xoşbəxt olmaq, başlanğıcda olan həzzə qayıtmaq istəyidir. Cinsi yolla olmasa belə, körpəlikdə həmin həzz mövcud olub. Filmin Paris səhnələrinə qədər cinsi istəyin qarşısında duran əxlaqi qaydalara yer verən heç bir hala rast gəlinmir. Z.Freydin qeyd etdiyi kimi, bu hallar müəyyən cəmiyyətdə status qazandıqca mümkün olur və cinsi istəklərin geriyə doğru itələnməsi ilə sonlanır. Bellanın təhsil alması buna vacib örnəkdir. Zaman keçdikcə onun Parisdəki işi artıq həzzalmaya deyil, məqsədinə çatmaq üçün vasitəyə çevrilir. Bu, yeniyetməlik çağında oğlanlarda cinsi istəyin çoxalması, qızlarda isə geriyə itələnmə müşahidə olunur.Vəkillə Bella arasındakı cinsi münasibətlərdə cinsi mexanizmin uşaqlarda və qadınlarda, kişilərdən daha fərqli işləməsinin şahidi oluruq. Aydın olur ki, cinsi itkilərin hamısı xəfif  şəkildə uşaqlıqdan meydana gəlir və qarşısı alınmadığı təqdirdə Bellada olduğu kimi tədricən cinsi pozuntulara gətirib çıxarır. Bellanın Parisdəki səhnələrə kimi dövrə uyğun olmayan şəkildə geyinməsi onun hələ uşaqlıq mərhələsində olduğuna və təhtəlşüurun eqoya olan itaətsizliyi kimi izah etmək olar. Bellanın supereqo, eqo, İD arasındakı süzgəc qatlar möhkəmləndikcə, onun davranışlarının və danışığının dəyişdiyinin də şahidi oluruq. Filmdə təhlili vacib elementlərdən biri də Qodvin və Bella arasında olan münasibətlərdir. Bu münasibətlər Edipə xas olan xarakter daşıyır, lakin ana ilə oğul arasındakı Edip kompleksindən tamamilə fərqlənir. Oğlana aid Edip kompleksində ata, mərkəzdə durur, digərində isə fərqlilik nəzərə çarpır. Qız ilə ata arasındakı edipvari münasibətlərdə qız fallosa (Hər bir qız ömründə bircə dəfə  oğlan olmaq istəyir.) sahib olmaq istəyir. Lakin, Qodun psixi nevrozluğu və  uşaqlıqdan atası ilə olan münasibəti onun cinsi istəyinin tamamilə geriləməsinə səbəb olub.  Bu uzaqlaşma həm də cinsi nəsnədən uzaqlaşma kimi başa düşülməlidir. Nəticədə digər tərəflər Qodvində güclənir, Bellanın Qodvinə yaxınlaşmağının əsasında psixi olaraq fallosa həsəd hissi durur. Cinsi nəsnəyə olan arzu Qodvinlə münasibətdə doyurulmadığı üçün o, mütləq xarici dünyaya müraciət etməli, nəsnə tapmalıdır. Həqiqətən də, ilk nəsnənin bütün əskiklyini örtə bilən bir nəsnəyə inam bəslənmədikcə nəsnə dəyişikliyi etmək mümkün deyildir. Bu dəyişikliyi onun vəkil ilə evi tərk etməsində görürük. Vəkil və digərləri Bellanın yeni cinsi nəsnəsi rolundadırlar.


Bellada ata təsəvvürü mövcuddur. Bu təsəvvürü qorumaq üçün də o cinsi nəsnələri açıq olaraq iki yerə ayırmışdı: Qod və vəkil Dunkan. Qod atanın yerini tutur və Belladan yaşca böyük, ona qayğı və saf sevgi göstərən kişidir. Filmdən anlaşıldığı kimi iqtidarsızdır və həyatı boyu Bellaya dəstək olur. Vəkil də yaşına görə Qodla eyniləşir. Qoddan istədiyini ala bilməyən Bella nəsnə kimi vəkilə üz tutur. Vəkilin qarşısında Bella, Qoda qarşı hisslərindən tamamilə fərqli, öz cinsi istəyini ortaya çıxarır. Bellanın təbiətində sadomazoxizmin izləri də görünür. O, vəkildən və digərlərindən istifadə etsə də, həm də müdafiəsiz biri kimi təsvir olunub. Araşdırmaya görə ata fiquru qız uşaqlarında 6 yaşına qədər tam şəkildə üzə çıxır. Həmin vaxta qədər isə ata bir evdə yaşayan bütün insanlar kimidir. Ata fiqurunun yer tutması ilə Bellada həm də “qadağan olunmuş sevgi” qorxusu yaranmağa başlayır. Bu qorxu Qodun evində cinsi istəklərin basdırılması ilə nəticələnir. Lakin supereqo qatı möhkəmlənmədiyi üçün və bu qorxunu yaşadığına görə o, macəra axtarışı altında evi tərk edir və vəkillə səyahətə çıxır. Səyahətin özü Bellanın psixi vəziyyətini inkişaf edərək, dəyişməsi ilə paraleldir. Sanki vəkil Danteyə yoldaşlıq edən Vergili kimi Bellanın yanındadır. Bella cənnətdən ayrılaraq “cəhənnəmin” butün qatlarına enir və görür. Ehtimal etmək olar ki, əgər o, Qodvinin yanında həmişəlik qalsaydı heç bir zaman öz şəxsiyyətinin, kimliyinin fərqində olmazdı, bu onun aydınlanması üçün zəruri idi. Bellanın ilk böyük travması İskəndəriyyədə yoxsulları görərkən baş verir. Bu hadisə onu cənnətdəki mələk səviyyəsindən günahkar insan səviyyəsinə salır. Bundan sonra o, artıq Qodvinin təcrübə obyekti deyil, məhz real insan, qadın olur. Məqsədi və idealı yaranır. Bella öz müqəddəratını əlinə alır və asılılığının zəncirini qırır. Bu zəncirlərdən biri Qodvinlə bağlanmışdı. “Qod” söz oyunu olaraq Tanrı kimi qələmə verilir. Cinsi tələbatlardan məhrum olan Qod, özündən yarada bilmədiyi üçün qəddar , amma hörmət etdiyi həkim atasının yolunu davam etdirərək, yaratmaq cəsarətini göstərir. Sanki Tanrı, Bellanı yaradaraq öz tənhalığına son qoyur. Qod filmdə cəzalandıran qəddar ata, tanrı obrazı deyil. O daim bağışlayan və həyat verən biridir. Bellanın insani, əxlaqi hissləri evi (cənnəti) tərk etdikdən sonra yaranır.  Adəm, Həvva əfsanəsində tanrı tək olan Adəm üçün Həvvanı yaradır. Lakin filmdə əvvəlcə Bellanı yaradan Qod, sonradan, öz cənnətinə Maksı dəvət edir. Vəkil isə cənnətə daxil olmuş ilan tək Bellanı başdan çıxarır və onun cənnəti tərk etməsinə səbəb olur. “Cənnətdən düşmək” Bellanın ikinci, Viktoriyanın (beyni dəyişməzdən əvvəlki adı) üçüncü həyatının qapılarını açır. Gəmidə, Parisdə rastlaşdığı insanlar onun cəmiyyətə qarışmasında, reallığı anlamasında vasitəçidirlər.


Filmdə təsvirinə yol verilən daha bir məqam kişinin daima qadın üzərində qurmaq istədiyi hakimiyyətdir. Burada Qodvinin insan beyni dəyişdirməyinin etikliyi məsələsinə toxunmuruq. Əsas olan, yaratmaq cəsarətini göstərərək, qadın üzərində qurduğu hakimlikdir. Amma Qod tanrı timsalında mərhəmətli olsa da. vəkil bu barədə əks qütbdə yerləşir. O da Bellanı istədiyi qadın kimi “yaratmaq” arzusundadır. Vəkil Bella üçün yeganə kişi olmaq istəyini basdırmır. Onun aid olduğu cəmiyyət nə qədər süni münasibətlər üzərində qurulsa da, bu sünilik altında baş verən əxlaq pozuntuları bir o qədər realdır. Vəkil məhz bu cür cəmiyyətin üzvüdür. Onun əxlaqi cəhətdən qüsurlu olması, sosial statusunda heç bir dəyişiklik yaratmır. Dunkanın işi, cəmiyyətdə yeri, geyimi onu maska olaraq örtür. Vəkilin böyük ehtimal uşaqlığında başlanan cinsi pozuntuları, onun sonrakı cinsi münasibətlərinə yön verir. Cəmiyyətin kişi və qadın haqqında düşüncələri isə vəkildə üstün olduğu hissini qorumağa imkan verir. Məsələn, vəkil şam yeməyi zamanı etik qaydalara riayət edir və Belladan da bunu gözləyir. Lakin, Bellanın “yeni insan” kimi düşdüyü bu qrupa yadlığı, vəkilin Bellanı görmək istədiyi tərzdə olmaması, onda cəmiyyətdəki yerinə qarşı təhlükə yaradır. Çünki bu maskanın düşməsi təhlükəlidir. Bellanın onu vurması və öpməsi isə ananın övladına qarşı olan cəza verməyi  və bağışlanmağını xatırladır. Vəkillə Bella arasındakı cinsi münasibətdən əlavə, onların arasındakı əlaqə nevrotik ana-oğul əlaqəsi ilə eyniləşir. Bellanın başqa kişilərlə olan münasibətləri onu özündən çıxardır. Bu həm də Edip kompleksi ilə izah oluna bilər. O bütün kişiləri, xüsusilə, ata fiquru olaraq Qodvini rəqib görür və oğlan uşağı kimi Bellanın (ana) diqqət mərkəzində olmaq istəyir və Bellanın ona möhtac olmasını, onunla evlənməsini, həyatını bütünlüklə ona bağlaması arzusundadır. Vəkilin, Bellanın ona qarşı laqeyd olmasına görə getdikcə yüksələn isterikası sosial maskalarını itirməsinə səbəb olur. Burada savaşan təkcə Dunkan və Bella deyil, həm də qadın və kişi narsisizmidir. Hər iki narsisizm bir medalyonun iki üzü kimidir və eyni köklü pozuntuya sahibdirlər. Kişilər öz keyfiyyətlərinin üstünlüyü üçün mübarizə apararkən, qadınlar buna uyğunlaşır və digərinin onu qəbul etməsini istəyir. Kişilər qadın narsisizminin əlamətlərini daşıya və qadınlarda da kişi narsisizmi özünü göstərə bilər. Filmdə bu hal müşahidə olunur. Vəkil qadın narsisizminin xususiyyətlərini daşıyır. Onun sonda yaşadığı çarəsizliyi, özünü kiçiltməsi, tamamlayan narsist olması, ana fiquru axtarması, passiv şəkildə hücumu, qurban rolunda olması Bella ilə Parisdə olarkən açıq təsvir edilmişdir. Əksi olaraq, Bellanın narsisizminə üstüngörmə, həddən artıq “mən”in mərkəzləşməsi, inciyən zaman özünü geriçəkmə, əlaqəni kəsmək xasdır. Bütün bunlar hər iki xarakterin daxilində olan narsist pozuntulardır. Bella ilə Maksın münasibətləri daha üstün mərhələdədir. Qodun cənnətində (ev) Bellanın Maksla heç bir günaha yol verməmələri mistik mənaya malikdir. Bella finala yaxın Viktoriyanın həyatı ilə üzləşir. Viktoriya ilə Bella eyni bədənə malik, fərqli cəmiyyətlərin üzvüdürlər. Onların qadın olmağa doğru gedən psixi inkişaf mərhələləri də təbii olaraq fərqlidir. Qatı patriarxal cəmiyyət qanunlarına tab gətirə bilməyən Viktoriya, bətnində körpə ilə intihar edir. Viktoriyanın əri eyni bədən təsviri ilə rastlaşdığı üçün Bellanı Viktoriya olaraq qəbul edir. Bellaya yad olan əsarət vəziyyəti onda ölüm qüvvəsini yaradır. Ölüm qüvvəsinin verdiyi enerji ilə o, kişi ilə mübarizə aparır. Qodun ölümündən sonra cənnət krallığının sahibi bir zamanlar cənnəti tərk etmiş qadın olur.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya