İNDİ OXUYUR
Atılan toplara diksinməyənlər

Atılan toplara diksinməyənlər

Atılan toplara diksinməyənlər, yaxud “İnişerinin banşiləri”ndə Vətəndaş müharibəsi izləri 

Bir gün İrlandiyanın sakit, gözdən iraq, yetəri qədər də cansıxıcı İnişerin adasının sakini Podrik Sallivan öyrənir ki, uzun illər yoldaşlıq etdiyi, “butulkadaş”ı Kolm Doerti daha onunla dostluq etmək niyyətində deyil. Artıq Partik bu boz, cansıxıcı adada bir-birindən fərqlənməyən günlərini hər gün eyni saatlarda Kolmla pabda keçirə bilməyəcək. Daha doğrusu, hər ikisi paba gələcək, lakin ayrı-ayrı masalarda oturası olacaqlar, çünki Kolm onunla kəlmə kəsmək istəmir. Əvəzinə musiqi bəstələmək, özündən sonra dəyərli əsərlər qoyub getməyi arzulayır.

Bu xəbəri öyrənən Podrik məyus olur. İllərlə dostluq elədiyi, öz aləmində günlərini birlikdə bəxtəvərcə keçirdikləri dostunun bu qəfil qərarı onu darmadağın edir.


Podrik dostunun qərarı ilə barışa bilmir. Elə bilir zarafatdır. Lakin dostu qərarında qətidir. Doğrusu, ada sakinləri də Kolmun bu hərəkətindən təəccübləniblər. Amma Kolma haqq qazandıranlar da var. Biri elə Podrikin bacısı Şivon: “Bəlkə sən darıxdırıcısan?” – deyir ona Kolmun dostundan üz çevirdiyini öyrənəndə. Sonradan Şivonun adanı tərk etməsinin bir səbəbi də, deyəsən, elə qardaşının bu darıxdırıcılığı olur. 

Lakin Podrik dostundan vaz keçmək niyyətində deyil, min oyunla Kolmun mühafizə qılafını yarmağa çalışır. Cəhdləri uğursuz olanda isə keşişə şikayət edir, sonra isə hiyləyə əl ataraq Kolmun skripkaçı yoldaşını adadan uzaqlaşdırır.

İş o yerə çatır ki, Kolm Podriki hər dəfə onu narahat edəcəyi təqdirdə öz barmağının birini kəsəcəyi ilə hədələyir.

Podrik axşamlar paba gələndə “xəyanətkar” dostunun ətrafına skripkaçıları da yığıb əyləndiyini görür, bundan qeyzlənir. Onunla  isə bu arada özündən də əbləh Dominik münasibət qurmağa çalışır. Rejissor əbləh Dominik obrazını yaratmaqla Kolmun illərlə Podrikdən nələr çəkdiyini bu müqayisədə göstərməyə çalışıb. Axı sənət vurğunu olan Kolm saatlarla eşşəyinin nəcisindən danışmağa xoşlayan Podriklə necə dostluq edə bilər? Bu cür dostluq nə zamansa qırılmalı idi və qırılır.

…beləcə, illərin dostları arasında münaqişə dərinləşir.

…ölümlə, yanğınla, nəticələnir (bəlkə də Dominikin ölümündə də bu hadisənin təsiri var).

…ayrılıqlara səbəb olur.

…dostun biri öz rutin həyatından razıdır, digəri dəyişiklik arzusundadır.

…hətta adada dostunu və sevimli eşşəyini itirəndən sonra da Podrik dəyişikliyə razı olub bacısının yanına getmək istəmir, mühafizəkardır, hazırkı durumu ilə barışır, Kolm isə yox, mahnı bəstələmək, yaratmaq, özündən sonra iz qoymaq istəyir, bunun üçün barmaqlarından da keçməyə hazırdır.


Fonda isə İrlandiya Vətəndaş müharibəsi gedir… Aradabir adadan yalnız top səsləri eşidilir. Başqa heç nə. Adadakılara bu müharibənin dəxli yoxdur. Atılan toplara diksinməyənlərdəndirlər. Bir də pul müqabilində hansı tərəfdə olmasından asılı olmayaraq Vətəndaş müharibəsində iştirak edən istənilən kəsi asmağa hazır polis var – Pedar, o kəsləri ki, bir hissəsi ölkənin müstəqilliyini istəyir, digər qismi də Britaniyanın tərkibində qalmağı. Yəni Pedardan ötrü Kolmun, yoxsa Podrikin haqlı olmasının bir əhəmiyyəti yoxdur, fürsətcildir, mənfəətpərəstdir və filmin sonunda da ən böyük zərbəni elə o alır, Şivon sevgisinə qarşılıq vermədiyi üçün göldə intihar edən oğlu Dominiki itirərək.

Martin Makdonahın “İnişerinin banşiləri” filmi metaforadır, İrlandiyadakı Vətəndaş müharibəsinin metaforası. Rejissor bir əsr əvvəl bütün İrlandiyada baş verən vətəndaş müharibəsini iki dostun arasındakı münaqişəyə köçürüb. Filmdə sənətsevər, musiqiçi Kolm İrlandiyanın müstəqilliyini istəyənlərin belə deyək prototipidir, əbləh Podrik isə köhnə qaydalarla yaşamaq istəyənlərin. Filmə də məhz bu kontekstdən baxmağın tərəfdarıyam.


“İnişerinin banşiləri”nin kəskin, insanı həyəcanlandıran süjeti yoxdur. Onun üçün də rejissor məhz bu sakit, gözdən iraq adanı seçib. Hər şey adanın daşlarla düzbucaqlılara bölünmüş səthi kimi səliqəli, yeknəsək, öz axarındadır. Əsas hadisələr isə kameranın arxasında, filmin dili ilə desək, adanın qarşı tərəfində baş verir.  

Bir baxıma bu film İrlandiyanın vətəndaş müharibəsinin yüz illiyinə həsr olunmuş ekran işidir. Düzdür, Makdonah birbaşa şəkildə bunu demir, lakin iki dostun arasında baş verən münaqişə ilə müharibənin, qırğının nə dərəcədə şiddətli olduğunu göstərir. Kolm öz qərarında o qədər qətidir ki, hətta buna görə barmaqlarından da keçməyə hazırdır. Bütün Vətəndaş müharibələrinin ilk növbədə onu törədənlərə zərər verməsi kimi. İstənilən Vətəndaş müharibəsi öz qəlbinə saplanmış bıçaqdır. Bunu filmdə də görürük. Təsadüfi deyil ki, Kolm da Podrikin uzaq gəzməsi üçün onu öz barmağını kəsəcəyi ilə hədələyir. Lakin Podrik bunu anlamır, cansıxıcı ətalətin davam edib uzanmasının tərəfdarıdır. Onun üçün də “eşşəkliyi ucbatından” Kolmu öz barmağını kəsməyə vadar edir. Sonunda Kolm skripka çaldığı bütün barmaqlarını, eləcə də evini itirir, Podrik isə sevimli eşşəyini və münaqişəyə birbaşa aidiyyəti olmasa da bacısını. Bununla da hər ikisinin münaqişəsi mənasızlaşır, çünki əllərində heç nə qalmır, birinin evi və barmaqları, o birinin bacısı və eşşəyi gedir. Filmin sonunda Makdonahın iki dostu sahildə yanaşı gətirməyi də onların barışığını simvolizə edir. Çünki daha adanın o üzündə də top səsləri kəsilib, Vətəndaş müharibəsi də bitib.

Bu baxımdan “İnişerinin banşiləri” nə qədər sakit görünsə də, dərinliyində tufanlar qopan bir filmdir. Bəlkə İrlandiya Vətəndaş müharibəsindən xəbərsiz olan tamaşaçı üçün film yalnız iki dostun arasındakı narazılıqdan bəhs edir, lakin dərinliyinə enəndə isə burada bir xalqın yaddaşında dərin izlər salmış ağrı-acı, faciə yatır. Belə əsərlər də var. Üzdən bir hadisə haqında danışır, əslində isə tamam başqa bir məqama fokuslanır. Bu cür əsərlərə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O gündən qalanlar” romanını da aid etmək olar. Əsər bir malikanənin eşikağasının xatirələrindən bəhs etsə də əslində o ev İkinci Dünya müharibəsi zamanı İngiltərə və müttəfiqlərinin Almaniya ilə çox vacib siyasi görüşlər keçirdiyi malikanə olur, hətta görüşlərin birində Uinston Çörçill də iştirak edibmiş. Görünür, ən azı tarixdən məlumatlı ingilislərin bildiyi bir hadisə barədə İşiquro geniş məlumat verməyə lüzum görmür, ona yalnız fon kimi baxır. Belə deyək, həmən hadisədən xəbərsiz oxucu üçün “O gündən qalanlar” bir eşikağasının xatirəsidirsə, xəbərdar oxucu üçün isə böyük tarixi hadisəyə ev sahibliyi etmiş malikanənin tarixçəsidir.


Nə isə, mətləbdən uzaqlaşmayaq. Filmdə epizodik rolda verilsə də mistik bir varlıq kimi hər yerdə görünən missis Makkormik də vacib personajlardan biridir. Məhz o, adaya ölümünü gələcəyini xəbər verir. Və filmdə mistik dünyanın təmsilçisi kimi görünür. Çünki o banşidir – İrlandiya folklorunda pəri obrazı, ölüm xəbərçisi. Kolmun bəstələmək istədiyi mahnı da belə adlanırdı: “İnişerinin banşiləri”.

Maraqlıdır ki, missis Makkormik daha çox Podriklə təmas edir, Kolmla yox, sanki münaqişənin sonunda ölüm olduğunu bildiyi üçün onu bu davranışından çəkindirməyə çalışır. Zənnimcə filmdə banşinin – missis Makkormik obrazının daha dərin anlamı var, lakin bu nüans mənim üçün bir qədər qaranlıq qaldığına görə daha geniş şərh vermək istəmirəm.

Filmdə aktyor oyununa gəldikdə isə onu deyə bilərəm ki, Makdonah bu dəfə də “Brüggedə” filmində birlikdə çalışdığı Kolin Farrel və Brendan Qlisonu oynadıb və Farrelin əbləh rolunu bu qədər möhtəşəm canlandırması Makdonahın səhv etmədiyini göstərir.

Filmin digər məziyyətləri barədə danışmaq mənə düşməz, lakin artıq indidən “Oskar” mükafatına müxtəlif kateqoriyalarda namizədlər arasında adının çəkilməsi onun nə qədər yaxşı olduğunu göstərir.

Mənim üçün isə Martin Makdonahın ən yaxşı əsəri kimi hələ də “Missuri, Ebbinq sərhədində üç bilboard” filmi qalır. Onun haqqında isə qismət olsa, nə zamansa danışarıq.

Mirmehdi Ağaoğlu / “Ədəbiyyat qəzeti”

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya