Atalar can verəndə…

…və ya Mətləb Muxtarovun sumqayıtlıları
Sakit yaz çiskini
İslada bildi
Sahildəki balıqqulaqlarını.
(Buson)
Hokkularda real və irreal arasında olan incə xətt mənim təsəvvürümdə özüm üçün ən doğma duyğunu canlandırır. Hansısa hokkunu oxuyanda öz cənnətimə – nostalgiyaya qayıdıram, keçmişdə qalmış istənilən saniyə mənim cənnətim olur.
***
Barbara Kassenə (fransız filoloq və filosofu- red.) inansaq, nostalgiya – tibbi ədəbiyyata XVII əsrdə daxil edilmiş və vətənlərindən uzaqlarda vuruşan isveçrəli əsgərlərin əhvali-ruhiyyəsini xarakterizə edən kəlmədir (Mənbə: B.Kassen “Nostalgiya: İnsan nə zaman evindədir?” kitabı- red.). Həmin əsgərlər çobanların ifa etdiyi melodiyaları, ya da Alp dağlarına xas ağıları eşidəndə vətən həsrətinə dözməyib fərarilik edir və ya ölürmüşlər. Odur ki, onlara belə melodiyaları dinləmək qadağan olunmuşdu, qadağanı pozmağın cəzası da ölüm idi. “Nostalgiya” kəlməsi də o əsgərlərin xəstəliyinin adı kimi icad edilmişdi.
Kassen öz qeydlərində sözün mənşəyini Odisseyin sürgün səyahətinə bağlayır və onu öz evinə – İtakaya qaytaran səbəbin də məhz ora duyduğu nostalgiya olduğunu vurğulayır. Odissey, Troya müharibəsindən on il, evindən ayrılmağından, sürgün edilməyindən (Poseydon tərəfindən cəzalandırıldığına görə uzun müddət dənizlərdə sərgərdan qalır) iyirmi il keçəndən sonra İtakaya qayıdanda, evinin əvvəlki kimi olmadığını görür.
Yəni, nostalgiyanı keçmişə və keçmişdə olana – “vətənə” hiss edilən duyğu da adlandırmaq olar. Əslində, “vətən” adlandırdığımız duyğu subyektiv reallığımızın xəyalıdır, yəni ailəmiz, dostlarımız, əşyalarımız və s.
Mətləb Muxtarovun “12/35” sənədli filmi də nostalgiya haqqındadır. Filmin giriş səhnəsi müəllifin uşaqlığına, öz təbirincə desək, “uşaqlığının cənnəti” adlandırdığı saniyəyə qayıdışıdır. Bu cənnət köhnə sovet binasının qarşısından keçən bir maşın və içində səslənən musiqidən başqa bir şey deyil. Ancaq, müəllif bu xatirənin sadəcə onun özünə aid olduğunu bildirir. Bu xatirəsinə söykənən rejissor, yaşadığı binanın nostalgiyasına qapılır. Xatirələr böyüyür və həm qəhrəmanlar, həm də müəllifin özü üçün ortaq bir məxrəcə gəlir.

Film, şəhər memarlığındakı dəyişiklikləri açıq-aşkar göstərir, keçmiş ilə indi arasındakı kontrast fərqli rakurslarla və parakadrlarla (kadrın çərçivəsindən kənarda baş verən hadisələri ifadə edən anlayış) tamaşaçıya hiss etdirilir. Burada bizim qarşımıza Odissey çıxır. Odissey kimi, müəllif də uzun müddətdən sonra öz vətəninə qayıdanda onun “işğal” edildiyini görür. Lakin Odisseydən fərqli olaraq, müəllifin vətəni geri qaytarmaq cəhdləri passivdir, o, səbəb axtarışına çıxıb. Buna görə də, kameranın fokusunu konkret bir binaya – 12/35-ə tuşlayır.

Filmin digər qəhrəmanları da bundan sonra ortaya çıxır. Mətləb Muxtarovun filmindəki qəhrəmanları müəyyən mənada Vonq Kar Vayın qəhrəmanlarına da bənzətmək mümkündür. Aralarındakı əsas fərqlər isə odur ki, Vonq Kar Vayın protaqonist və antaqonistləri sosial münasibətləri kənardan izləyən dendilərdir. Onlar mövcud sosial-siyasi münasibətlərə qarışmır və rejissorun filmlərində baş verən hadisələr də məhz onların ətrafında, onların təsirindən uzaq, amma onlara təsir edərək inkişaf edir. Mətləb Muxtarovun filmindəki qəhrəmanlar isə fərqli sosial siniflərə məxsusdurlar. Filmi “əvvəlkilər və sonrakılar” və ya “atalar və oğullar” filmi də adlandırmaq mümkündür. Amma eynilə Vonq Kar Vayın protaqonistləri kimi, “12/35” filmində də hadisələr onların müdaxiləsindən uzaq, lakin onlara təsir edəcək şəkildə cərəyan edir. Filmin girişi, ölmüş atanın axtarışı ilə başlayır. Atanın fonunda isə bütöv bir nəslin uğursuzluğu nümayiş olunur. Film davam etdikcə bu uğursuzluğun fərdi səbəblərdən daha çox, sosial dəyişikliklərin nəticəsi olduğu “oğullar” tərəfindən meydana çıxarılır. Ona görə də, “12/35”i axtarış və ya yol filmi də adlandıra bilərik.
“12/35”ə baxandan sonra onun parakadrlar filmi olduğunun fərqinə vardım. Yəni bu film medianın bizə göstərmədiyi real şəhərli obrazlarını göz önünə sərir. Ona görə də deyə bilərik ki, “12/35”, Azərbaycan kinosu üçün yeni obrazlar yaradıb. İçindəki dialektik ziddiyyətlər və Sumqayıtın “gettolarından” çıxmış bu obrazlar mövcud kino industriyasında alternativ protaqonistlərdir.

Filmin son səhnəsi də girişi kimi xəyallarla bağlıdır. Artıq həyatda olmayan bir neçə adamın video görüntüsünün fonunda müəllifin səsləndirdiyi fikirlər gözümdə Ulus Bakerin (Türk sosioloq və filosofu) “Beyin ekran” əsərindən xüsusi bir paraqrafı canlandırdı. Baker bu kitabda düşünmə və təxəyyülün yaradıcı imkanlarını, yəni, düşüncə-obrazı, montaj-düşüncəni araşdırıb və hər şeyin, hətta yaddaşımızın da bir obraz olduğunu vurğulayır. Eyni şəkildə, filmin son səhnələrində müəllif də bir kamera panoramı ilə dörd mərhumun simasında nostalgiya, xəyallar və ölümün obrazlarını gözəl təsvir edir. O, bu panoramla kinonun böyüklüyünü –həmin şəxslərin kino sayəsində bir neçə saniyəlik həyata döndüyünü göstərir və tamaşaçıya da bunu ötürür.

Fikrimi ümumiləşdirsəm, “12/35”dəki obrazlar Vonq Kar Vayın tutqun işıqlı Honq-Konq küçələrindəki qəhrəmanlarına oxşasalar da, bizim ürəklə deyə biləcəyimiz “Mətləb Muxtarovun sumqayıtlılarıdır”.
Ələmdar Faiq