Antiqona – balıqçının qızı
Rejissor İsmayıl Səfərəli “Balıqçının qızı” ilk tammetrajlı bədii filimini zaman və məkan konkretliyindən arındıraraq pritça janrında çəkib. Filmdə baş verən hadisələrin hansı dövrdə cərəyan etməsinə işarə edən tək şey radioda səslənən siyasi xəbərlərdir. Bu xəbərlərin sayəsində hadislərin 2020-ci illəri əhatə etdiyi barədə məlumatlanırıq.
Süjetə görə, əhalisi əsasən balqıçılıqla dolanan qəsəbələrdən birinin sakini Vaqif (Vüsal Əzizov) dənizdə itkin düşür. Əhalinin inancına görə, dəniz narahat ruhları sevmir, ona görə formal da olsa dəfn mərasimi baş tutmalıdır. Əks halda, balıqçılar dənizdən əliboş qayıdacaq və qəsəbə faciələrdən (hadisələrin gedişatında qadın doğuş vaxtı ölür) qaça bilməyəcək. Balıqçının qızı Sara (Həmail Həsənova) isə atasının yoxluğu ilə barışmır və onu dənizdə axtarmağa israrlıdır…
Hadisənin ekran həllində rejissor mifoloji intonasiyaya üstünlük verib. Mifoloji intonasiya, müəllifin özünün dediyi kimi süjetin təkcə Antiqonanın hekayəsinə əsaslanmasında deyil (yunan mifologiyasına əsasən, Çar Edipin ölümündən sonra övladları Etokl və Polinik növbə ilə ölkəni idarə etməli idilər. İdarəçilik müddəti bitəndən sonra Etokl hakimiyyəti qardaşına verməkdən imtina edir. Qardaşlar, aralarında baş verən döyüşdə həlak olur. Əmiləri Kreon şah elan olunandan sonra Etoklu təntənə ilə dəfn etdirsə də, Polinikin cəsədini qurd-quşa yem edir. Onun dəfninə cəhd göstərəni isə ölüm gözləyir. Qardaşların bacısı Antiqona qaydanı pozaraq ölümü seçir). Mifoloji qat deyəndə, ilk növbədə, Sara obrazının su pərisi estetikasında işlənməsini, irreal dünya ilə bağlantısı olan döyüşkən, asi xarakterini nəzərdə tuturam. Saranın sanki olanlara üsyan edən dalğalanan uzun saçları (əksər səhnələrdə o, bu saç düzümündədir) ayrıca bir obrazdır, onun ilk və sonrakı bir neçə səhnədə dəniz altında təsviri (bu mizan Jan Viqonun “Atalanta” filmində Janın dənizdə, suyun altında sevdiyi qadının xəyalını görməsi epizodunu xatırladır), dənizin müxtəlif rakurslarda (Şandor Berkeşi) təhlükə, sirr mənbəyi kimi yozulması, final səhnəsinin çoxmənalılığı, rəng həlli və s. də mifoloji ab-havanı xatırladır.
Hərçənd, əhvalat özlüyündə nəsə bir orijinallıq daşımır, həmçinin, müəllifin interpretasiyası da. Ümumiyyətlə, itkin mövzusuna dünya kinosunda çox müraciət olunub. Milli kinomuzda son dövr çəkilən filmlər arasında Asif Rüstəmovun “Axınla aşağı” ekran işində bu, əsas motivlərdən biridir. Bu motiv filmlərdə əsas xətti qabardaraq hadisənin inkişafında katalizator rolunu oynayır. “Balıqçının qızı”nda da əsas məsələ atanın itkin düşməsi fonunda Saranın arxaik ənənələrə, köhnəlmiş qaydalara üsyanıdır. Və Sara təkcə, cəsədi tapılmamış atasının dəfn mərasiminə, fakt olmadan qəsəbənin onu “ölü” elan etməsinə etiraz eləmir. Onun üsyanını müəllif çoxqatlı işləyir. O anasının (Günəş Mehdizadə), atasının ölümünü tez qəbul etməsinə və əmisiylə (Rasim Cəfər) yaxın münasibətinə qarşı çıxır, qəsəbənin üz çevirdiyi kişinin (Qurban İsmayılov) nəvəsi Fəridlə (Elnur Nəcəfov) dostluq edir, atasının dəfn günü etiraz olaraq, şəhərə əylənməyə gedir. Ona elçi düşən bivec Rəşadı (Asiman Ağa) rədd eləməsi və elçilərin yanında siqaret çəkməsi filmin maraqlı epizodlarındandır. Beləliklə də, Sara obrazı hərtərəfli tanıdılır və o, bu hekayədə yeniliyin simvoludur. Yeniliyin isə dərin kök salmış mental mədəniyyətə, qaydalara qarşı getməsi həmişə ağrılı proseslə, qurbanverməylə baş verir. Finalda o, fırtınalı dənizin qoynuna atılır və atasını tapır. Açıq final – qovuşmanın real və ya xəyali olmasını müəllif tamaşaçının öhdəsinə buraxır. Bütün hallarda Sara məqsədinə çatır. Sevgi və fədakarlığı ifadə edən Antiqona müxtəlif müəlliflərin traktovkasında despotizmə qarşı mübarizənin simvoludur. Həmçinin, İsmayıl Səfərəlinin yozumunda Sara obrazı eyni mənanı daşıyır. Analoji hadisələrin baş verdiyi hekayələrdə isə həmişə mütləq şəkildə ənənələrə qarşı gedən yaşlı, təcrübəli asi personaj olur ki, onu da müəllif Qurban İsmayılovun obrazı ilə təqdim edir.
Belə bir tipik hekayədə (ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli) diqqətimi daha çox çəkən filmin rəng tonallığı, başqa cür desək, müəllifin daha çox rənglərin diliylə danışması, onun bədii ifadə vasitəsi, dramaturji fənd kimi uğurlu istifadəsidir. Ümumilikdə, əhvalata estetik baxış xasdır: məkanların ifadəli təsviri, diqqətlə işlənmiş məişət detalları və kostyumlar, rəng qammalarının uyğunluğu və kontrastı, situasiyaların mahiyyətinə uyğun poetik mizanlar. Rəssam, Rusiyadan olan Sergey Zaykov olsa da, bu işdə ona İsmayıl Səfərəli də köməklik göstərib, çünki milli koloriti əcnəbi duya bilməz.
Xüsusən, filmin emosional ovqatını, vizual konsepsiyasını qırmızı və göy rənglərin bir-birini müşayiəti, mübarizədə olması müəyyənləşdirir. Libasların, divarların, bəzi məişət əşyaların, dənizin göy rənginin nəzərə çarpacaq dərəcədə vurğulanması, Saranın qırmızı donu (koftası, gödəkçəsi, finalda da qızın atası qırmızı sviterdədir) ilə təzaddadır. Hekayənin kontekstində qırmızı ekspressiya, daimi hərəkətdir, Sara burada ən hərəkətli obrazdır və onun dinamikası kəndin düzənini dağıtmağa cəhddir. Göy isə sabit, dəyişməzliyə can atan qəsəbənin dünyadan təcridinə, qapalılığına işarədir. Göy rəngin genişliyində qırmızılıq az görünsə də, parlaqlığı dərhal nəzərə çarpır. Səhnələrdən birində, atasından xəbər gözləyən qırmızı donlu Sara kadrın mərkəzində yerləşdirilir və dənizin fonunda o, dərhal əks qütb kimi diqqəti çəkir.
Müəlifin musiqidən imtina elədiyi, yalnız ekspozisiyada muğam parçasının səsləndiyi bu poetik hekayədə bəzi məqamlar sual doğurur. Misalçün, mühafizəkar qəsəbədə əminin qardaşı arvadı ilə münasibətinin sorğulanmaması kimi. Yaxud, ərinin öldüyünə əmin olan qadın, niyəsə həmin gün qızına elçilərin gəlməsini normal qarşılayır. Qızının evə gəlməməsini sözdə qadını qayğılandırsa da, üzündə onun narahatlıq ifadəsi yoxdur. Ərinin ölümünü qəbul etməkdə çətinlik çəkən qadının, digər tərəfdən qaynını qəbul emtəsinə, reallıqla barışmasına gətirən xətt lazımınca işlənmir.
İsmayıl Səfərli hekayənin onun şəxsi həyatı ilə bağlı olduğunu deyir: atası 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub və bir həftə itkin düşüb. Və mənə elə gəlir ki, rejissorun “Balqçının qızı”nı öz hekayəsinin əsasında qurması ilə daha təsirli film alınardı. Bununla belə, film debüt işi və eyni zamanda, yeni simalar – Həmail Həsənova və Elnur Nəcəfovun oyunu ilə maraqlıdır.
Bir neçə beynəlxalq festivalın iştirakçısı olan “Balıqçının qızı” Azərbaycanın “Cinex” və Rusiyanın “Non-stop prodakşn” kinoşirkətlərinin birgə istehsalıdır.
Sevda Sultanova