Amerikan anti-faciəsi

“Katarsis yoxdur. Cəzam məndən yayınmağa davam edir” — məşhur “Amerikalı Psixopat” (2000) filminin Patrik Beytmeni bu ifadəni özünün son monoloqunda, ya da öz sözü ilə desək, “etiraf”ında işlədir. Bu sadəcə dəhşətli bir etiraf yox, cəmiyyətdəki əxlaqi süqutun proqnozudur.
“Amerikalı psixopat” filmi Bret İston Ellisin eyniadlı romanı əsasında çəkilib. Rejissoru Meri Herron olan filmin musiqisi isə Con Keyl-ə məxsusdur. Filmdə hadisələr 1980-ci illərin sonlarında Nyu-Yorkun Manhetten rayonunda cərəyan edir. Əsas obraz – Patrik Beytmen (Kristian Beyl) zəngin və uğurlu bankirdir. O, bahalı paltarlar geyinir, bahalı restoranlarda status dəlisi olan dostları ilə nahar edir və qüsursuz zahiri görünüşü ilə cəmiyyətin “ideal” insan modelinin təcəssümüdür. Bu görkəmli həyatın bir də qaranlıq tərəfi var: Beytmen gecələr qatilə çevrilir — özündən daha yüksək statusa sahib həmkarı Pol Elleni, evsizləri, fahişələri qəddarlıqla qətlə yetirir. Beytmen əməllərini ört-basdır etməyə belə çalışmır, çünki ətrafındakı heç kim bu vəhşilikləri görmür. Onun etirafları qulaqardına vurulur, cinayətləri ya zarafat kimi qəbul edilir, ya da, ümumiyyətlə, qəbul olunmur. Rejissor filmdəki qeyri-müəyyənliyi incəliklə vurğulayır. Beytmenin həyatı kənardan göz oxşayır, lakin içi bomboşdur. Personajlar bir-birinə bənzəyirlər, dialoqlar səthidir, münasibətlər isə status yarışından ibarətdir.

Film sonda reallıq və illüziyanı bir-birinə qarışdırır və bizdə sual yaranır: “Bunlar həqiqətən baş verib, yoxsa hər şey Patrikin təxəyyülünün məhsuludur?”
Bu müzakirə illərdir davam edir. Mən cinayətlərin həqiqətən baş verdiyinə inanan tərəfdəyəm. İlk növbədə, Patrikin katibəsi Ceyn tərəfindən tapılan eskiz dəftəri kifayət qədər realistdir, orada çəkilmiş zorakılıq səhnələri təfərrüatlıdır. Sadə fantaziyalar bu qədər sistematik ola bilərmi?
Daha da maraqlısı, vəkillə olan səhnədir. Patrik cinayətlərini etiraf edir, lakin vəkil ona ciddi yanaşmayaraq bildirir ki, o, Pol Ellenlə Londonda şam yeməyində olub. İlk baxışda zənn edə bilərik ki, hər şey, həqiqətən, fantaziyadan ibarətdir, lakin fərqli bir interpretasiya da mövcuddur: əslində, bütün cinayətlər ört-basdır edilib. Patrikin atası nüfuzlu bir şəxsdir, elə vəkil də onun hüquq firmasında işləyir. Eyni zamanda, meyitlərin saxlanıldığı mənzilin də ailəyə məxsus olması bu nəzəriyyəni gücləndirir. Sonda Patrik “təqsirsiz” kimi qəbul edilir. Bu isə filmin ən sərt mesajıdır: sistem özü qatillər üçün sığınacaq yaradır.

Müəlliflər nə baş verdiyini qəsdən açıqlamırlar. Patrik sistem tərəfindən qorunan canidir, yoxsa yavaş-yavaş ağlını itirən empatiyasız biri? Cavablar fərdidir.
Filmin sosial tənqidindən də danışmamaq olmaz: o, 1980-ci illərdə qlobal kapitalizmə və mənəviyyatsız bir cəmiyyətə sərt reaksiyadır. Patrikin tez-tez fərqli kimliyə bürünməsi faktı da diqqətəlayiqdir. Bu yalnız psixoloji vəziyyət deyil, həmçinin, fərdiyyətsizliyin göstəricisidir. Hamı eyni cür geyinir, eyni musiqini dinləyir, eyni restorana gedir və nəticədə hamı bir-birinə bənzəyir. Patrik isə özünün fərqli olmaq arzusunu zorakılıqla sübut etməyə çalışır. Filmdəki zorakılıq, xüsusilə, qadınlara yönəlmişdir. Patrikin qadınlar üzərində dominantlıq istəyi sadəcə mizoginiya yox, patriarxal sistemin kapitalizmlə birləşərək qadını əşya kimi görməsinin simvoludur. Bütün bunlar Patrikin kiçik “etiraf”ı ilə başa çatır: “Katarsis yoxdur. Cəzam məndən yayınmağa davam edir.”
Bunu eşidər-eşitməz antik yunan tragediyalarını xatırlayırıq. Bizə məlumdur ki, tragediya qəhrəmanının təkəbbürü əzablı cəza və ya ölümlə nəticələnir. Əzab zəruridir, qəhrəmanı mənəvi cəhətdən təmizləyir. Beytmen də faciə qəhrəmanıdır, lakin cəza almır, əxlaqi və mənəvi təmizlənmə yaşamır. “Katarsis yoxdur” ifadəsi yunan tragediyasının birbaşa inkarıdır.

Onun monoloqu sadəcə “etiraf” deyil – bu, mənaya olan yalvarışdır. Sanki Patrik faciə qəhrəmanı olmağa can atır, lakin materialist dünyada artıq belə rollara ehtiyac yoxdur: əvəzində sadəcə boşluq var.
Maraqlıdır ki, romanın müəllifi Patrik haqqında deyir: “Zorakılıq gerçək və ya fantaziya ola bilər, lakin Beytmenin boşluğu 100% realdır”. Burada söhbət, sözsüz ki, mənəvi boşluqdan gedir. Bəlkə də, bütün bu qətllər, hər biri hallüsinasiyadır, amma bir şey mütləqdir: Beytmenin mənəvi boşluğu. Bu boşluq onun əsl faciəsidir.
Sanki o, Esxil və Sofoklun qəhrəmanlarının dekonstruksiyasıdır. Onun yaşadığı dünya faciə strukturlarını tanımır, burada sadəcə əxlaqi və mənəvi çöküş var. Onun böhranı ruhani deyil, eyni zamanda həm süni, həm də boşdur. O sadəcə heçlik içində var olur. Bu, klassik qəhrəmanın post-modern dünyada parçalanmasıdır. Qədim dövrdə belə qəhrəmanlar güzgü rolunu oynayır və insanlara öz səhvlərini göstərirdilər. Patrik Beytmen də güzgüdür. Bu güzgü dəhşət doğurur, lakin heç nə dəyişmir, əksinə, normallaşır və görünməz olur. O nə ədalət qarşısında mühakimə edilir, nə cəza alır, nə də xilas olur – sadəcə mənasızlıq içində çürüyür. Nə tanrılar, nə tale – yalnız vizit kartlar və qan.

“Amerikalı psixopat”ı sadəcə psixoloji triller olaraq yox, həmçinin postmodern üslubda qəbul edə, hətta “postmodern anti-faciə” kimi təhlil edə bilərik. Çünki film antik faciə ənənələrini tanısa da, onu dağıdaraq daha nihilist bir formada təqdim edir. Məna böhranı, kimlik qarışıqlığı, dövri və süni həyat tərzi, reallığın qeyri-müəyyənliyi post-modernizmin başlıca xüsusiyyətləridir. Aristotel öz “Poetika” əsərində faciənin məqsədini katarsislə (mənəvi təmizlənmə) izah edirdi. Post-modernizm isə bu strukturu qeyri-xəttilik, mənasızlıq və anti-qəhrəman vasitəsilə parçalayır. Patrikin katarsisi yoxdur, çünki onun yaşadığı cəmiyyət faciəni qəbul etməyəcək qədər kor və səthidir. Bu cəmiyyət artıq faciəyə reaksiya vermir. Elə bu səbəbdən “Katarsis yoxdur. Cəzam məndən yayınmağa davam edir” ifadəsi postmodern anti-faciənin manifestidir.
Filmin ən dəhşətli sətri isə bəlkə də, sondakı bu cümlədir: “Bu etiraf heç bir məna kəsb etmir”.
Nəticədə, biz Beytmenin daxili mənasızlığını yalnız müşahidə etmirik; ilk dəfə ona qarşı qəribə bir yaxınlıq hiss edirik.
Aytən Abdullayeva