Now Reading
Alatavasız “Alatava”

Alatavasız “Alatava”

“Alatava”nın ilk bölümü eyniadlı məhəllədə yaşayan bir neçə dostun lokal problemindən başlayır. Sonrakı seriyalarda dostların şəxsi problemi ictimai-sosial problemlərin yer aldığı hekayələrə transformasiya olunur, final isə əsas qəhrəmanlardan birinin Alikin (Əlixan Rəcəbov) şəxsi dramına çevrilir. Beləliklə, ssenari (müəlliflər: Emin Əfəndiyev, Əlixan Rəcəbov, Taleh Yüzbəyov) – üç strukturlu təhkiyə düzgün ardıcıllıqla qurulur və yəqin ki, burada digər iki həmmüəlifdən fərqli olaraq, kinoya “vaynerlikdən” gəlməyən daha təcrübəli Emin Əfəndiyevin payı çoxdur.


Kriminal komediya-dram janrında işlənən “Alatava”nı Qay Riçinin filmlərindən, bəzi türk seriallarından təsirlənməsini tənqidi rakursda qeyd edənlər oldu. Təsirlənmələr əlbəttə ki, təbiidir. Elə Qay Riçinin kino üslubu da, istifadə etdiyi vizual və narrativ fəndlər (kadrarxası nəql, məkanın dinamik təsviri, paralel və klipsayağı montaj, klassik musiqinin müşayiətilə dramatik-faciəvi situasiyaların sürətli təsviri və s.) də klassik rejissorlardan bəhrələnib və o, yeni kino dili kəşf etmir. Kriminal komediya janrına gəlincə, məsələn, klassik italyan kinosunda (Dino Rizi, Alberto Lattuada, Mario Moniçelli və digərləri) janrın əla nümunələri çəkilib. 1980-ci illərdə isə Pyer Rişar və Jerar Depardyenin iştirakı ilə çəkilən kriminal komediyalar çox populyar idi. Burada da qəhrəmanlar təsadüf nəticəsində, cinayət tərkibli vəziyyətlərin içərisinə düşərək, uğursuzluq zolağına tuş gəlirlər. Eynilə “Alatava”nın qəhrəmanları kimi…

Türkiyə istehsalı olan “Gibi” serialında insanların sadomazoxizmlə sınanması səhnəsinin “Alatava”ya köçürüldüyünü deyənlər üçün də kiçik məlumat verim. İqrar Salamovun oynadığı zəngin adamın sadomazoxist xəyallarının əks olunduğu hissənin “Gibi”dən götürülməsi nəzərdə tutulur.  Antoqonistlərdən biri, millət vəkili olmağa hazırlaşan iş adamı Cavanşirin (Abbas Qəhrəman) biznes sahələri arasında insan alveri, qadınların seks işçisi fəaliyyətinə cəlb olunması da var. Qadınlar villada zəngin kişilərin seksual fantaziyalarını gerçəkləşdirirlər. 


Kino yaranandan analoji məzmunda səhnələr müxtəlif yozumlarda çəkilib. Məsələn, Luis Bunüelin “Azadlıq kabusu” filmində sürreal intonasiyada məşhur sadomazoxist epizod var. Yaxud Liliana Kavaninin, cəllad və qurbanı arasında sevgini sadomazoxist müstəvidə göstərən “Gecə gözətçisi”… Heç şübhəsiz ki, “Gibi”nin  müəllifləri də dünya kinosundan yararlanıb. Bu mənada, “Alatava”nın hansısa ekran işlərindən nələrisə görüb götürməsində qəbahətli nəsə yoxdur.

Təsirlənmə demişkən, serialın rejissoru Əlixan Rəcəbovun Qay Riçinin yaradıcılığına aludəçiliyi  “Alatava”nın ayrı-ayrı bölümlərində təzahür edir. Qəhrəmanların əleyhqazdan istifadəsi Riçinin “Rok-n-Rollçu” filminə istinad edir, hərçənd,  bu element “Alatava”da boşluqda qalmır, çünki  konkret dramaturji öhdəliyi yerinə yetirir. Bir qayda olaraq, Riçinin filmlərində vahid musiqi konsepsiyası olmur, yəni hər epizoda uyğun müxtəlif janrlı kompozisiyalar səslənir. Əlixan Rəcəbov da bu yolla gedərək, hər bölümdə cürbəcür janrlı (muğam, rep, lirika və s.) məşhur kompozisiyalardan istifadə edir. Hətta 9-cu seriyada çayxananın yanması epizodunun Cavanşir Quliyevin “Hər şey gözəldir həyatda” mahnısı ilə müşayiəti uğurlu kontrapunktdur (təsvir və səsin kontrastından yeni mənanın meydana gəlməsi) və səhnənin faciə qatını dərinləşdirir. Həmçinin, ayrı-ayrı bölümlərdə, Riçinin sevdiyi “holland baxış bucağı”na (aşağıdan yuxarı köndələn rakurs) rast gəlinir. Adətən, vəziyyətin alt qatını, qəhrəmanın daxili yaşantılarının gərginliyini ifadə edən bu fəndin tətbiqi serialın bəzi səhnələrində nəticə vermir. Ancaq, Cavanşirin, sağ əli Vidadinin (Azər Aydəmir) və oğlu Elmarın (İlkin Bəxtiyar) Emkanı (Rumiyyə Ağayeva) diz çökərək üzr istəməyə cəhd etdikləri səhnədə bu fənd (operator Orxan Məmmədov) emosional gərginliyi artırır. Təbii ki, sözügedən epizodda vəziyyətin mənəvi çətinliyi, aktyor oyunları, mizanlar, pauzalar hesabına da alınır. Ümumilə, “Alatava”da süjeti inkişaf etdirən, qəhrəmanların münasibətini və xarakterini açan bədii vəziyyətlər çoxdur, müxtəlif süjet xətləri (jurnalist araşdırması, villaya kamera quraşdıran Tahirin (Ramil Məmmədov) hekayəsi və s.) arasında əlaqələr yaxşı qurulub. 


“Alatava”nın ilk bölümlərində “vaynerlik” ab-havası önə çıxır ki, bu, özünü ilk növbədə dialoqlarda göstərir. Alikin uşaq evindən tanıdığı və orada hansısa vəzifəni daşıyan Vahidin (Şamil Süleymanlı)  emosional-məntiqi zərurət olmadan dükanda tort sifariş edərkən “vişnə, os…. atavın dişinə” məzmunsuz zarafatı, vaynerlik üslubuna xasdır. Və ya Fərmayılın (Kamran Ağababayev) dostlarla haqq-hesab çəkmə epizodunda Alikin dəxlisiz “almanlarda ştandartenfürer olur ya polkovnik?” sualı, Emkanın Samirdən (Taleh Yüzbəyov) kömək istəməsinin müqabilində  “Sənin yerinə yatan deyiləm (yəni həbsxanda-red.)” və s. nəyisə ifadə etməyən replikalar vəziyyətə saxta şəkildə pərçimlənərək güldürməyə hesablanıb.


Həm situativ komediyalarda, həm vayn-filmlərdə bir qayda olaraq, əlaqəsiz, tamaşaçını güldürməyə hesablanmış replikalar səslənir. “Alatava”da isə bu fənd işləmir. Çünki situativ komediya deyil. Çünki “Alatava” kriminal-komediya dram janrının tələblərinə uyğun olaraq vahid süjet xəttinə malikdir; hadisələr bir-birilə bağlıdır, bölümdən-bölümə konflikt şaxələnir, dərinləşir, süjetin inkişafını təmin edən, mürəkkəbləşdirən gözlənilməz gedişlər baş verir. Odur ki, dialoqlar situativ komediyadakı və ya vaynsayağı yox, vəziyyətə, əsas süjet xəttinə, obrazların inkişafına, janrın tələblərinə tabe olmalıdır. Başqa cür desək, dialoqlar, təklif olunmuş vəziyyətlərlə, qəhrəmanların emosional-psixoloji durumu ilə əsaslandırılmalıdır.


Əlbəttə ki, kriminal komediya-dramlarda absurda çatan səhnələrin mövcudluğu normaldır, hətta vacibdir,  amma rejissor, başlıca motivdən yayınmamalıdır. Bu mənada vizual və dialoq baxımdan kinematoqrafik səciyyə daşıyan bir səhnəni qeyd edim. Emka, bar sahibi Şakonun (Mehman Fətullayev) evinə gələrək, ölkəni tərk etmək üçün ondan borc pul istəyir. Həmin səhnədə evin qapısı arxasında, orta planda  Şakonun nənəsinin (biz nənəsinin dilindən onun əsl adının Şəhriyar olduğunu öyrənirik) onların söhbətinə müdaxilə replikalarının (“bibinə de, boşansın gəlsin, mənə baxsın. Bizə elə qohum lazım deyil, 5 minə görə Nəzakəti gözüm çıxdıya salıb” və s.) süjetlə bağlantısı var və təklif olunmuş vəziyyətə komizm də qatır. Nənənin iştirakı Şakonun ailə mühiti haqda informasiya verir və onun Emkaya təklif etdiyi 5 min manatın qısa hekayəsini anladır. Yaxud, final bölümlərində, aktyor olmaq istəyən Samirin (Taleh Yüzbəyov), özünü ölü kimi göstərməyə məcbur olan, amma onu təbii oynaya bilməyən Sultana (Elçin Hacı) Stanislavski metodunu izah etməsi həmin vəziyyətə uyğun son dərəcə orqanik işlənib.


Samirlə Solmazın (Sənubər İsgəndərli) münasibətinin dərhal başlaması isə serial üçün tələsik, sürətli inkişafdır. Halbuki, onların münasibətinin daha bir neçə epizodda göstərilməsi, özünəinamlı, yaraşıqlı, ağıllı iş qadını Solmazın bivec, sürüşkən, qeyri-ciddi  xarakterli bir kişiyə sevgi ehtiyacını açıqlayan vurğular zəruri idi.

Teleqram kanalımda yazdığım kimi, serialda uyğun gəldi-gəlmədi,  əksər qəhrəmanlar – ziyalısından tutmuş cinayətkara qədər – hər cür emosiyanı, vəziyyətləri “pox” sözü ilə ifadə edirlər. Əlbəttə ki, hər kəsin lüğətində söyüş, qeyri-normativ leksikon var və  bu normal insanlıq vəziyyətidir. Fərdlərin qeyri-normativ leksikondan necə, hansı ölçüdə istifadəsi həm də  onun xarakteri, kimliyi, peşəsi, mühiti və s. ilə əlaqəlidir. Sadəcə, serialda bir qədər təbii görünməyən məqam budur: qəhrəmanların qeyri-normativ leksikonunun eyniliyi. Hər bir insan individualdır, odur ki, lüğətlərindəki söyüşlər, vulqar, arqo və s. ifadələr də fərqli, özünəməxsus olur və səslənir. Bəzi müasir filmlərimizdə “blyad”, “blin” sözlərinin bolluca yer alması ssenaristin və rejissorun xarakteri tanımaması, onu səthi işləməsindən qaynaqlanır. Çünki bu sözləri qəhrəmanının dili ilə ifadə edən aktyor, tamamilə başqa rejissorun filmində və tamamilə başqa hekayədə  yeni eyni intonasiyada, eyni qeyri-normativ leksikona müraciət edirsə, demək, bu halda qeyri-etik ifadələr aktyorun şəxsi təcrübəsinə əsaslanır. Eyni problem “Alatava”da da var. Elə buradaca digər sual meydana çıxır: ssenaristlər gerçək Alatavanı nə qədər yaxından tanıyırlar? Məhəlləni, mühiti, insanlarını araşdırıblarmı? Rejissorun başlıca səhvi, adına rəğmən, serialda Alatavanın vizual obrazının, onun sosial-mədəni mühitinin özəlliyinin göstərməməsidir. Yəni Alatavanın, tutaq ki, Sovetskidən, Yasamaldan, “Vosmoydan” fərqliliyi yoxdur. Adını çəkdiyim yerlərin bir qisminin sakinlərinin bölgələrdən gələnlərdən, bir qisminin yerli əhalidən ibarət olması faktoru sosial-mədəni mühiti formalaşdıraraq, özünəməxsusluq meydana gətirir. Qısası, seriala baxanda onun Alatavada və ya Keşlədə çəkildiyi aydın deyil. Çəkiliş üçün elə məkanlar seçilib ki, onlara çox yerdə rast gəlmək mümkündür. Odur ki, məkan adına bağlı serial və ya filmlərdə hər hansı sənədli elementlərin, reallığın uyğun parçalarının bədii məkana daxil olması vacibdir.


“Alatava”nın önəmli məziyyətlərindən biri, proqressiv ata-qız münasibətlərinin əksidir. Jurnalist İradənin (Nəzrin Zeynalova) araşdırmalarına görə, atası (Elşən Rüstəmov) işdən çıxarılır. Lakin ata, qızının prinsiplərini dəstəkləyir. Qızı Hüsniyyəni (Aydan Həsənzadə) Fərmayıl öz seçdiyi kişiyə ərə verir; sonra kürəkəninin qızına qarşı zorakılığına görə övladını himayəsinə alır. Fərmayıl, səhvinin fərqindədir, könlü olmasa da, qızının sonrakı seçiminə müdaxilə etmir. Beləliklə, serial müəllifləri cəmiyyətimizdə qadına atanın, qardaşın “sənin ər evindən meyitin çıxa bilər” hökmlü yanaşmasını rədd edərək əksini önə çəkirlər.


Ümumiyyətlə, “Alatava” hekayəsində,  demək olar ki, bütün qadın obrazları istisnasız olaraq, mənəvi baxımdan kişilərdən yuxarıya qoyulur. Qadınlar (uşaq evində böyümüş Alikə, Aslana analıq etmiş Toma-Zemfira Əbdülsəmədova,  Aslanın arvadı Rəna – Lalə Süleymanova, Solmaz və digərləri) vicdanlı, dürüst, qayğıkeş, prinsipial, mərd, anlayışlı, həyata daha dərin və sağlam baxan qəhrəmanlar kimi təsvir olunur, rejissorun yozumunda, xüsusilə, aktrisaların təbii oyununda həyatilik qazanır. Aslanın həyat yoldaşı, evdar qadın Rəna maddi sıxıntılar, ərinin borclarına rəğmən, kinomuzda yayılmış deyingən qadın obrazları ilə ziddiyyət təşkil edir. Solmaz, sevib-inandığı kişinin, başqa qadınla münasibətini öyrənəndə özünü təmkinli, ləyaqətli aparır və belə hallarda isterik davranan qadınlardan fərqləndirilir. Hətta əri Cəmilin (Nurlan Rüstəmov) dələduzluğuna şərik olan Aynur (Kəmalə Onur) belə, bəzi məqamlarda ərindən səmimidir, ailəsinə münasibətdə qayğıkeşdir. Onun işıqlı tərəfləri, xüsusən, Emka ilə içki süfrəsində, səmimi dərdləşməsində açılır. Seks işçisi Lamiyə (Aynur Nova) özündə cəsarət taparaq jurnalist kamerası qarşısına keçir. Yaraşıqlı kişilərə bənd olan, yüngülbeyin Zülfiyyə (Fəridə Şahbazova) sədaqətli dostdur.

Alikin dəstəsinə alət kimi yanaşan Cavanşirin oyunundan ilk imtina edən Emkadır, o, kişi dostlarından fərqli olaraq, hadisələrə ayıq, dərin baxır.  Beləliklə, “Alatava” film və seriallarda rastlaşdığımız ənənəvi qadın obrazlardan imtina edərək, yeni qadın obrazlarına üstünlük verir.

Sonlara yaxın belə təsəvvür yaranır ki, ssenaristlər Aliki özünüaxtarış, özünüdərk hekayəsini yaratmaq məqsədilə, sanki zorən onu haqsız, xəyanətkar çıxarmağa çalışıblar. Qaz buraxılan qarajda dostların boğulma səhnəsində huşunu itirməkdə olan Alik maşına minib qapını bağlayır. Onun maşına minərək qapını bağlamasına sonrakı səhnələrdə, Samir, Emka və digərləri düşünülmüş davranış kimi baxırlar. Halbuki Alikin qaranlıq niyyəti yox idi. Ekstremal vəziyyətlərdə hər kəs, üstəlik, qazdan huşunu itirməkdə olan insan müxtəlif reaksiyalar verə, davrana bilər…

“Alatava” mənim üçün gənc aktyorların istedalı oyunları ilə yadda qaldı: Vüsal Əhmədzadə, Nəzrin Zeynalova, Fəridə Şahbazova.


Həmçinin, serial ekssentrik obrazlar sarıdan zəngin idi: Tarkovski heyranı, heyvan oğurluğu və zorakılıq maddəsi ilə həbs olunan, kinoda lazımsız uzun planlara verən rejissorların ümumiləşdirilimiş obrazı  Şəmsəddin Tarkovski, Meyerhold sistemindən isifadə edərək,  avantüralarına insanları inandıran Cəmil (Nurlan Rüstəmov) və arvadı, sırtıq “TikToker”lərin təmsilçisi Səməndər (Nurlan Süleymanlı) və digərləri.

Stilli, modern qəssab kimi görünən Fərmayıl obrazını oynayan Kamran Ağabalayev bu xarakterdə mühafizəkarlıqla liberallığı, qəddarlıqla insaniliyi falş vurğularsız birləşdirə bilir. 

Azər Aydəmirin ifa etdiyi, Cavanşirin sağ əli Vidadi, kinoda geniş yayılmış qəhrəmandır. İş adamlarının, mafiozların yanında adətən onların çirkli, qara işlərini görən Vidadi kimi susqun, qaranlıq, qəddar adamlar olur. Azər Aydəmir, obrazı yaxşı ifa etsə də,  belə bir obraz konsepsiyasına yeni cizgi, nəfəs gətirmir, hətta uşaq evində bərabər böyüdükləri Tahiri qətlə yetirəcəyini bəlli edirdi.


Taleh Yüzbəyov arvadbaz, alfonssayağı obrazını infantil sadəlövhlüklə oynayır və qadınlara  iltifatlarındakı saxtalıq, teatrallıq xarakteri ilə bəraət qazanır. Hərçənd, müəyyən səhnələrdə oyun tərzi  vaynlarında, filmlərindəki obrazlardan fərqlənmir, o, təkrarlanır. Eyni şeyi Əlixan Rəcəbovun oyunu haqda da demək olar. Bir sıra səhnələrdə (Vidadi ilə ilk tanışlıqda, Fərmayıl onun qulağını kəsmək istəyəndə və s.) lazımi emosiyaları, ovqatı verə bilmir və dəyişməz qalırdı.

Cavanşır obrazı hər nə qədər mənfi olsa da, Abbas Qəhrəman peşəkarlıqla, ustalıqla onun yaxşı təsir bağışlayan tərəflərini göstərirdi.

Hər bölümün hekayəsi fərqli adlarla təqdim olunur. Əvvəldə Vilyam Buqronun “Birinci yas”, Karavacconun “İudanın öpüşü”, Salvator Rosanın “Yalan” və digər məşhur rəssamların əsərləri ilə təqdimat, həmçinin, naturada Bosxun, Jak-Lui Davidin tablolarına vurğular, vizual cəhətdən zövqlü (burada da Qay Qiçidən bəhrələnmə var. rəssamlar Elturan Məmmədov, Tati Səttar) və süjetə bağlıdır.

Bəzi xətlər (Alikin atasının kim olduğunu açıqlayan məktub açılmır, həbs olunub-olunmaması aydınlaşmır, Aslanın komadan ayılıb-ayılmaması bəlli deyil və s. ) yarımçıq qalır ki, bu da növbəti mövsümə saxlanılıb.

Beləliklə, İTV-də yayımlanmış, cəsarətli, mühüm mövzulardan danışan “Alatava”nın konsepsiyasında təcrübəsizlikdən irəli gələn qüsurlar olsa da, ümumilikdə keyfiyyətli iş saymaq olar.  Və “Gündəlik” serialının olduğu kimi, “Alatava”nın da peşəkar redaktorlara ehtiyacı var.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top