Ağuya dönmüş çörək
Müasir kinematoqrafiyada sosial problemləri bədii ifadə vasitələrsiz, dokumental və ya çılpaq realist tərzdə sadəcə göstərmək artıq bir tendensiyadır. Analoji filmlər həmin müəlliflərin dünyadakı iqtisadi-geosiyasi dəyişikliklərə, böhran dalğasına isterik, pessimist reaksiyası kimi görünür. Çox güman ki, bu cür filmlər pandemiya dönəmində gözlənilməz yeni reallıqla üzləşən, vəziyyətdən necə çıxacağını bilməyən tamaşaçının da təlaşını əks etdirir.
Duyğuları manipulyasiya edən, rasional düşüncəyə vadar etməyən bu filmlər reallığa alternativ sənət məhsulu deyil. Meksikalı rejissor Mişel Frankonun, 2020-ci il Venesiya kinofestivalında mükafata layiq görülmüş, siniflərarası radikal təbəqələşməni fəlakət, horror intonasiyasında göstərən “Yeni qayda” antiutopik dramı kimi. Elə eyni ildə, Xloya Çjaonun, Venesiya kinofestivalında yüksək mükafat almış, iqtisadi-siyasi böhrana münasibət kimi meydana çıxmış, sənədli roman əsasında ekranlaşdırılmış, reportaj-informativ üslubda çəkilmiş “Köçərilər yurdu” kimi.
Həmçinin, milli kinematoqrafiya bu mənada yeni mərhələyə girir; filmlərdə və mini televiziya gender bərabərliyi, qadın haqları, erkən nikah, sosial təbəqələşmə kimi məsələlər kəskin qoyulduğu zaman sənət diskursu gözardı edilir. Sosial reallıq interpretasiyasız, geniş konteksti əhatə etmədən, didaktik, daha çox sxematik təqdim olunur. Nəticədə, film universal ola, reallığın alternativinə çevrilə bilmir, lokallığa fokuslanır və dokumentallıq bədii sənət kimi qavranılır…
Rejissor Elvin Mirzəyevin ötən il prokatda az qalmış, AKİ-nin təşəbbüsü ilə nümayiş olunan “Qul” tammetrajlı bədii filmi də sosial dramdır. Amma kriminal elementlərlə. Elvin Mirzəyev keyfiyyətli, maraqlı sənədli filmlərin (“Yaşasın”, “Vulkandan yaranan Xəzər adaları”) müəllifidir, savadlı, intellektual insandır.
“Qul” sosial dramında siniflərarası kəskin təbəqələşmə faktoru qabarıq görünsə də, başlıca ideya ləyaqəti təhqir olunmuş insanın onu qaytarmaq, bərpası uğrunda mübarizəsi və sonda qalib gəlməsidir. Lakin təəssüf ki, ssenari və rejissor işindəki qüsurlar, boşluqlar nəticəsində belə bir vacib fikir hekayənin leytmotivinə çevrilmir, az qala hər epizodda gözəgirən maddi-sosial problemlərin kölgəsində qalır. Sosial problemlər fon rolunu oynamaq əvəzinə ön plana çıxır, nəfəs almağa imkan vermir. Halbuki qəhrəmanın maddi ehtiyacı hər vəziyyətdə göstərilməməli, bəyan edilməməlidir. Nəticədə bədii-alternativ reallıq ortaya çıxmır, sosial didaktik replikalar və vəziyyətlər, filmi quru əhvalatçılıq pafosu ilə yükləyir. Əksi olsaydı, “Qul” digər sosial dramlardan keyfiyyətinə görə fərqlənərdi.
Beləliklə, ağır məişət problemləri yaşayan, keçmişdə uğurlu idmançı olmuş Rüstəm qul bazarında işləməyə məcburdur. Onun öhdəsində iki azyaşlı uşaq var, arvadı isə hamilədir. Ancaq, onun problemləri bununla bitmir. Niyəsə bizim rejissorlar öz qəhrəmanlarını (və süjeti) birdən-birə çox çətinliklərlə yükləməyə meyillidirlər. Rüstəmin bir uşağı ağır xəstədir, müalicəsinə pul lazımdır, kredit borcu var, kiçik qardaşı isə narkomandır. O, dost bildiyi adam, hekayənin antaqonisti (Nicat Kazımov) tərəfindən xəyanətə uğrayır. Bu azmış kimi Rüstəm, onu tələyə salaraq böyrəyini kəsib götürmüş adamı tapmalı, cəzalandırmalı, ədaləti bərpa etməlidir…
Süjet yüklənəndə, bir qayda olaraq, müəllif kələfin ucunu itirir, hekayədəki xətləri yığıb yığışdırmaqda, bir-birinə bağlamaqda və həll etməkdə, məntiqi sonluğunu gətirməkdə çətinlik çəkir, zəruri emosiyalar əks olunmur. Real əhvalat əsasında çəkilən “Qul” bu mənada istisna deyil.
Məsələn, Rüstəmin kiçik qardaşı Rasimin (Bəhram Əliheydərin) öz dünyası var; o, avara, sərgərdan həyat yaşayır, narkotik maddə əldə etməkdən ötrü qardaşının arvadının zinət əşyalarını oğurlayır. Rasimlə bağlı hekayə natamamdır, o hətta arada unudulur və sonda narkotikdən qurtulub-qurtulmaması, dəyişib-dəyişməməsi anlaşılmır. Daha aydın desəm, Rasimi yenilənməyə vadar etməkdən ötrü seçilən vasitə yetərli olmur. Final səhnələrdən birində o, qardaşı arvadı Nərgizi (Nigar Həsənzadə) xəstəxanaya aparır və qardaşına zəng vuraraq qızı olduğunu deyir, bununla da Rasim obrazının missiyası başa çatır. Ola bilsin, rejissor bu vəziyyətlə Rasimin dəyişdiyini göstərir, fəqət, obrazın inkişafı ilə bağlı zəruri detallar işlənmədiyindən nəticə inandırmır.
Kino üçün çox maraqlı üzü olan Nigar Nəsənzadənin də obrazının inkişafında boşluqlar mövcuddur. Nərgizin, digər filmlərimizdən fərqli olaraq, maddi problemlərə görə ərini çürüdən, deyingən qadın kimi təsvir olunmadığına görə, rejissoru təqdir edirəm. Nərgiz ali savadlıdır, kübardır, mülayimdir, qayğıkeşdir, anlayışlıdır, ərinin qazancının olmamasını onun üzünə vurmur. Lakin niyəsə zorakılığa məruz qalan Rüstəm bir neçə gün evə gəlməyəndə, qayğıkeş, anlayışlı, mülayim qadın onu dinləmədən, kefini halını sormadan deyinir, sorğu-suala çəkir. Məntiqlə, obrazın konsepsiyasından başqa reaksiya tələb edilməli idi, üstəlik, əgər o, ərinin xəstə və halsızlığını fərq edibsə və ona görə nigarançılıq çəkibsə. Başa düşüləndir ki, rejissorun niyyəti köməkçi konflikt yaratmaq olub, hərçənd, konflikti başqa vəziyyətlə də meydana gətirmək imkanı vardı. Məsələn, ərinin ona nə baş verdiyini deməyəndə, həqiqəti gizlədəndə. Bəzi məqamlarda Nigar Həsənzadə təklif olunmuş situasiyaları doğru dəyərləndirsə də, yəqin ki, rusdilli olduğundan müəyyən epizodlarda mətni inandırıcı deyildi. Səhər yeməyi zamanı onun xoş ovqat yaratmaq cəhdləri, uşaqlarla zarafatlaşması kimi.
Filmin sərt ekspozisiyası (qul bazarında fəhlələrin bahalı avtomobilə hücum edərək iş dilənməsi), ümumi ideyası Tofiq Tağızadənin “Köpək” filmini yada salır. “Köpək”dən fərqli olaraq, “Qul” ümid dolu, nikbin notlarla bitir. Elvin Mirzəyev qul bazarındakı atmosferin göstərilməsinə müəyyən mənada nail olub: yaşamaq uğrunda mübarizənin insanı vəhşiləşdirməsini, ac insanın təhlükəliliyini, dəyərlərinin olmamasını. Hərçənd, qul bazarı epizodlarında ümumi planlardan çox, konkret planlar daha təsirli ola bilərdi. Bir səhnədə qul bazarında işləyən iki fəhlənin infrastruktur, maddi problemi müzakirəsinə vurğular, onların həmin andakı durumunu emosional dərinləşdirmir. Onsuz da qul bazarındakı insanların pula ehtiyacı olması anlaşılandır, əvəzində kontrapunkt, kontrastlı dialoqlar təsirli olardı.
Nərgizi evində işə götürən varlı adamla (Ayşad Məmmədov) bağlı xətt də açılmayıb. Nərgiz, hamilə vəziyyətdə, axşama qədər onun xəstə anasına baxır və bu yan hekayə rejissora yalnız ona görə lazım olur ki, zənginlərin kasıb adamları qul kimi işlətdiyini vurğulasın (bir növ sinfi nifrət də yaradır), arvadı ilə arasındakı mübahisə-konflikt olsun. Halbuki sözügedən xətt insan orqanları alveri edən dəstə ilə əlaqələndirilsəydi, hekayələr kəsişərdi və bütöv dramaturji struktur yaranardı. Məsələn, məlum olsaydı ki, Rüstəmin böyrəyi, Nərgizin işlədiyi evin sahibi xəstə anası üçün alıbmış.
Rüstəmin zorakılığa məruz qalaraq, böyrəyinin çıxarılmasına dərhal aydınlıq gətirilmir. Elə təəssürat yaranır ki, o hedonist, varlı biri tərəfindən cinsi zorakılığa məruz qalıb. Həqiqət, sonrakı epizodlarda açılır – Rüstəm hamamda çimərkən kamera, bədənindəki yaranı vurğulayır.
Rüstəmin böyrəyi çıxarılandan sonra o, dəniz kənarına atılır; ayılanda onun başına nə gəldiyi bilinmir. Bunu tamaşaçı da bilmir. Təsvir etdiyim epizod, əslində, ekspozisiya kimi təsirli ola bilərdi və müəllifin bu xətti tələsmədən, eyhamlarla, tamaşaçını gərginlikdə saxlayaraq tədricən açmaq imkanları vardı…
Böyrəyin çıxarılması hadisəsindən sonra, Rüstəmin mənəvi əzilməsini göstərən ifadə vasitələri doğru seçilməmişdi. Rüstəmin mənəvi çətinliyi, yaşayışı klip səviyyəsində göstərilir, dərin psixoloji bədii kadrlar, mizanlar çatmır. Onun cinayətkarı axtarması səhnələri də emosiyasızdır və rejissor kadrların (operator Həmid Mehrəfruz) gərgin ritmini musiqi ilə həll etməyə çalışıb. Rüstəmin cinayətkar dəstənin üzvlərindən biri ilə (Rəşid Səməndər. Bir məqamı da qeyd edim ki, bu, aktyorun kinoda son işidir) münaqişəsi adi küçə davası səviyyəsində verilir.
Elvin Mirzəyevin yaxşı musiqi duyumu var ki, bu, onun peşəkar musiqi təhsili ilə bağlıdır. Amma əksər filmlərimizə xas olan, musiqinin təsvirdən önə çıxması problemi özünü burada da göstərir. Bununla belə, Rüstəmin cinayətkarları izləmə səhnəsindəki seçilmiş musiqi (bəstəkar Tural Məmmədli) vəziyyəti dəqiq ifadə edir. Bəstəkar Tural Məmmədli AKİ-nin keçirdiyi tədbirdə qeyd etmişdi ki, filmin musiqisini işləyərkən milli alətlərə üstünlük verilib: “Adətən, filmlərdə bir avtomobil digərini təqib edəndə dinamik musiqi tələb olunur. Amma biz etnik musiqidən istifadə etdik”.
Əslində, “Qul” filminin ideyası dərindir, əladır, yuxarıda qeyd etdiyim kimi, ləyaqəti təhqir olunmuş qəhrəmanın cinayətkarlarla mübarizəsi, onunla qul kimi davranması ilə barışmaması hekayənin əsas mövzusu ola bilərdi. Hətta titrlərdə cinayətkar dəstənin ifşa olunduğunun bildirilməsi, Rüstəmin sosial problemlərindən isə çıxış yolu tapıb-tapmamasının qeyri-müəyyənliyi bu ideyanı əsas edirdi. Təəssüf ki, rejissor (o həm də filmin ssenaristdir) maraqlı ideyanı, dediyim kimi, məişət-sosial problemlərinə qurban verir.
Sevda Sultanova