Ağır günlərin kapitanları

Bakı, 1990-cı ilin yanvarı. O günlərdə paytaxt insanlar üçün sınaq məkanına çevrilmişdi — burada seçim sözlə deyil, həyatla yoxluğun sərhədində atılan konkret cəsur addımlarla ölçülürdü. O günlərdə zaman adi axarı ilə getmirdi: əqrəblər günləri yox, əvvəlcə saatları, sonra dəqiqələri sayırdı və bu zaman axınında bitərəf qalmaq mümkün deyildi.
Dənizçilərin mülki donanmasının Kremlin cəzalandırıcı müdaxiləsinə qarşı mövqeyi də məhz belə idi.
Keçən həftə “Nizami” Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” sənədli filmi həmkarlar və media nümayəndələrinə təqdim edildi.
1990-cı il yanvarın 20-də baş verən faciədən 36 il ötür. Ancaq Kreml və onun cəzalandırıcı ordusunun törətdiyi dəhşətli vəhşiliklərin bütün təfərrüatları və miqyası hələ də tam şəkildə açılıb ortaya çıxarılmayıb. Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Ukrayna ərazilərinin işğalı və dinc əhaliyə qarşı apardığı etnik təmizləmələrin fonunda o illərdə baş verənlər Kremlin bədnam siyasətinin mahiyyətini daha da aydın göstərir.
Ötən onilliklər ərzində o faciəli yanvar günlərini ən yeni tarixin qlobal hadisələri kontekstində vizual olaraq nəzərdən keçirmək və dərk etmək məqsədilə çox sayda cəhdlər olub. AzTV və “Azərbaycanfilm”in operatorlarının şüurlu şəkildə “özlərini oda ataraq”, cəsarət və mərdlik nümayiş etdirərək hadisə yerindən çəkdikləri xeyli sayda VHS xronikası, hətta kinoxronika materialları bu günədək qorunub saxlanılıb. Zaman keçdikcə, tələbəlik illərimdən bu günə qədər Bakı buxtasını SSRİ hərbi donanmasının üzünə bağlayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dənizçilərinin şücaətləri haqqında daha çox öyrənirəm.
Faciənin canlı şahidi olmuş, onu bilavasitə yaşamış orta nəsilə mənsub azərbaycanlı kinematoqrafçılar bu qəhrəmanlıq barədə daha ətraflı danışmaq qərarına gəliblər. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki dənizçiləri təkcə buxtanı fiziki cəhətdən bloklamamışdılar, həm də rəsmi KİV və dövlət mənbələrinin məhdudlaşdırıldığı, bloklandığı, yaxud faktları təhrif edildiyi şəraitdə informasiya mübadiləsini təmin etmişdilər. Onların radio ilə göndərdikləri məlumatlar dinc əhaliyə qarşı həyata keçirilən qanlı terrorun, yüzlərlə qurbanın gerçək şahid ifadələri rolunu oynamışdı. Sonralar bu materiallardan mətbuatda və tarixi araşdırmalarda sitat kimi istifadə olunmuş, həmçinin Kremlin total istibdadına, onun xüsusi xidmət orqanlarının həqiqəti boğmaq cəhdlərinə baxmayaraq, dünyaya həqiqəti çatdırmağın yollarından birinə çevrilmişdi.
Yanvarın 19-dan 20-nə keçən gecə dənizçilər Dəniz Vağzalı körpüsündə lövbər salmış “Sabit Orucov” gəmisinə toplaşmağa başlayırlar. Bu, məsuliyyətdən və peşə şərəfindən doğan, şüurlu şəkildə atılmış kollektiv bir addım idi. Cəmi bir neçə saat içində bütün mülki gəmilərin heyətlərinin və kapitanlarının iştirakilə təcili iclas keçirilir, eyni zamanda dispetçer xidməti vasitəsilə 120 gəminin hamısı ilə uzaqdan əlaqə qurulur. Bakı mülki donanmasının kapitanları son dərəcə koordinasiyalı hərəkət edərək quru yük gəmilərini, tankerləri və qazma kranlarını millimetr dəqiqliyi ilə Bakı buxtasının boyunca düzürlər və hərbi gəmilərin manevr imkanlarını minimuma endirirlər.
Rabitə kanalları vasitəsilə efirə çıxan dənizçilər Mixail Qorbaçov və hərbi komandanlıqdan qoşunların suveren Azərbaycan Respublikasının işğal olunmuş ərazisindən qeyd-şərtsiz tamamilə çıxarılması tələbi edirlər. Dənizçilər, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə neftdaşıyan gəmiləri “üzən bomba”lara çevirməyə və neft qurğularını taran etməyə hazır olduqlarını bildirirlər. Beynəlxalq SOS kanalı ilə bütün dünyaya həyəcan siqnalı çatdırılır. Hərbi dəniz bazası və döyüş gəmiləri mühasirəyə alınır, çıxış yolları bağlanır. Mülki gəmilərin uzun, ürək dağlayan siren səsi güllələnmiş şəhərin üzərinə yayılırdı. Bu səs cəlladlara xatırladırdı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın iradəsini sındıra bilməyiblər.
Dənizçilərin qəhrəmanlığını əks etdirən xronika kadrlarının ya olmaması, ya da çox az olması səbəbindən filmin yaradıcıları vizual materialın canlandırılması üsuluna əl atıblar: ənənəvi quruluş üsulları ilə göstərilməsi mümkün olmayan məqamlar sənədli-bədii animasiya vasitəsilə bərpa edilib və hekayənin əsas daşıyıcı xəttinə çevrilib.
Çox güman ki, “Kapitan və Xəzər dənizi” filminin yaradıcıları yaddaşın illüziyalılığını, travmalarını araşdıran və müharibə əleyhinə olan “Bəşirlə vals” (“Waltz with Bashir”, 2008) filmindən ilhamlanıblar. Filmin rəssam-animatoru Yoni Qudmanın hazırladığı vizual üslub realist qrafika, tünd tonlar və qəhrəmanların xatirələrində axıcı keçidləri birləşdirərək real müharibə xronikasının kadrları ilə kontrast yaradır. “Kapitan və Xəzər dənizi” filmində də animasiya dənizçilərin və kapitanların xatirələrini yenidən canlandırmağa kömək edir, hibrid üslub isə emosional təsiri daha da gücləndirərək tamaşaçını 1990-cı ilin faciəli yanvar günlərinin qəhrəmanlarının subyektiv təcrübəsinə daxil edir.



“Kapitan və Xəzər dənizi” filmi “Rental Azərbaycan” şirkəti və “Harmony of Chaos” animasiya studiyasının birgə istehsalıdır. Layihənin ərsəyə gəlməsində “Current Time” telekanalı, İctimai TV, Azərbaycan Respublikası Kino Agentliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqı da iştirak edib. Filmin rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.
Prodüserin sözlərinə görə, filmin əsas məqsədi Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban vermiş insanların əhvalatını gələcək nəsillərə çatdırmaq və bu müstəqilliyin hansı çətinliklərlə əldə olunduğunu göstərməkdir.
Layihəyə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyini xüsusi qeyd etmək lazımdır — film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dövlət dəstəyi ilə istehsal olunan kinolayihələrin dəstəklənməsi” müsabiqəsinin qaliblərindən biridir.
Son illər qurumun fəaliyyəti tənqidlərə məruz qalsa da, Mədəniyyət nazirliyinin tarixində müsbət səhifələr də olub. Bütün yanlışlarına, buraxdıqları səhvlərə rəğmən, məmurlar tarixi faktların gələcək nəsillərə ötürülməsinin vacibliyini başa düşüblər. Bəzən “aydınlanma anı” baş verir, elə bir faciənin dərki prosesində də — və bu cür ekran işləri yaddaşın qorunmasına xidmət edir.
Ülvi Mehdi