İNDİ OXUYUR
Ağıllı kimdir? Dəli kimdir?

Ağıllı kimdir? Dəli kimdir?

“Bir cənub şəhərində”, “Nizami”, “Babək” və s. kimi filmlərin rejissoru olan Eldar Quliyevin 1999-cu ildə ekranlaşdırdığı “Nə gözəldir bu dünya” filmi olduqca əhəmiyyətli məsələlərə toxunur. Filmin ssenari müəllifləri Eldar Quliyev və Natiq Rəsulzadədir. Rejissorun bir çox filmlərindəki kimi bu filmində də mənəvi məsələlər qaldırılıb.


Filmdə hadisələr psixiatriya xəstəxanasında baş verir və orada müalicə olan pasientlərin həyatından bəhs edilir. Filmin əvvəlində biz xəstəxana və oradakı ruhi xəstələrlə tanış oluruq. Ölkə bazar iqtisadiyyatına keçdiyinə görə, xəstəxananı maddi cəhətdən təmin etmək mümkün olmur. Nə pul var, nə də pulun tapılacağına ümid… Xəstəxananın baş həkimi Asim Əliyev (Yaşar Nuri) nə qədər cəhd etsə də, döyülməmiş qapı qoymasa da, lazımi vəsaiti tapa bilmir.

Xəstəxana “sakinlərini” həqiqətən sevən və başa düşən bircə insan varsa, o da Asim həkimdir. Asim xəstələrin hər birini eynən uşaq kimi saf və təmiz hesab edir. Vəziyyətin çıxılmaz olduğunu görən baş həkim xəstəxananın işçilərinə evlərinə getməyi, həmçinin xəstələri də evlərinə göndərməyi tapşırır.


Asim o xəstəxanaya iş yeri kimi yox, haradasa, doğma evi kimi yanaşır. Biz bunu onun yoldaşının dilindən də eşidirik: “Dəlixananı öz doğma evi sayan adamdan hələ çox şey gözləmək olar”.

Ertəsi gün məlum olur ki, xəstəxanada bir qutu morfin əskikdir. Bu isə böyük problemdir. Bu məsələni araşdıran müstəntiq (Həsənağa Turabov; qeyd etmək lazımdır ki, aktyorun kinoda son işidir) morfini xəstəxana işçilərinin oğurladığından və qara bazarda satdığından şübhələnir. Əgər morfin tapılmasa, baş həkimi ağır cəza gözləyir. Asim bu məsələni araşdırmaq qərarına gəlir və morfinin xəstələrdən birində olduğu ehtimalını nəzərə alaraq bir-bir onların evlərinə gedir.

Lakin biz bundan sonra məsələnin tamamilə fərqli bir aspekti ilə üz-üzə qalırıq. Bundan sonra biz o xəstələrlə daha yaxından tanış oluruq, onların həyatına, məişətinə, ümumiyyətlə, cəmiyyətin ümumi vəziyyətinə və o xəstələrə qarşı münasibətinə şahidlik edirik. Yaxından tanıdığımız ilk xəstə Emin (Elşən Rüstəmov) olur. O, xəstəxanadan buraxılan kimi sevdiyi qadının – Səbinənin (Ayan Mirqasımova) arxasınca düşür. Qızın qardaşları bundan xəbər tutur və oğlanı bütün məhəllənin gözü qarşısında, küçədə döyürlər. Heç kim buna etirazını bildirmir, sanki vəhşicəsinə döyülən insana yox, hansısa tamaşaya baxırlar. Hadisəyə şahid olan Asim buna öz etirazını bildirir: “Gözünüzün qabağında adam öldürürlər. Siz elə baxırsınız, guya tamaşadır”. Biz bu estetikaya rejissorun “Bir cənub şəhərində” filmində də rast gəlirik. O filmdə də insanlar, daha doğrusu, məhəllə sakinləri bir yerə toplaşaraq zorakılığa məruz qalan insana tamaşa edirdilər…


Həyatı ilə tanış olduğumuz digər xəstə Arifdir (Rafiq Əzimov). O, uçacağını zənn edərək bir binanın damına çıxır. Lakin işin dəhşətli tərəfi ondadır ki, bütün məhəllə sakinləri binanın aşağısına toplaşıb buna tamaşa edirlər. Yenə tamaşa… İnsanlar Arifin özünü aşağı atması üçün qışqırışırlar. Hətta bir az da qabağa gedib mərcə girirlər.

Digər xəstə Ramiz Həsənovdur (Rafiq Əliyev). Baş həkim ona baş çəkməyə gələndə öyrənir ki, xəstə, qaldığı yerdən qovulmaq üzrədir, ailəsi belə onu tərk edib, tamamilə yalqızdır.


Həyatı ilə tanış olduğumuz sonuncu xəstə isə Kazım Vəliyevdir (Muxtar Maniyev). Onun da ailəsi ona çox pis münasibət göstərir. Heç bir günahının olmamasına baxmayaraq daim qızı və kürəkəni tərəfindən danlanır, təhqir olunur. Bu vəziyyətə şahid olan uşaqlar isə valideynlərinin “tökdüklərini yığır”, onlar da babalarına hörmət etmirlər.

Biz baş həkim Asimlə birgə bütün bu hadisələrin şahidi oluruq. Cəmiyyətin pozğun, qəddar, mərhəmətsiz, əxlaqsız sifətini görürük. Anlayırıq ki, əsl xəstə – cəmiyyətin özüdür. O insanların o vəziyyətə düşməsinin və dəlixanaya sığınmasının səbəbi sevgisizlikdir, ailə və cəmiyyət tərəfindən pis münasibətə məruz qalmaqdır. O personajların hər birini birləşdirən ortaq cəhət də məhz budur. Halbuki onları anlamaq o qədər də çətin deyil. Asimin də dediyi kimi: “Heç nə lazım deyil. Sadəcə olaraq onları sevmək lazımdır. Sevgi bütün xəstəliklərin dərmanıdır”.

Cəmiyyətin naqisliyini Muxtarov (Rasim Balayev) adlı personajın simasında görürük. O da bir zaman məzkur xəstəxanada müalicə alan xəstələrdən biri olub. İndi isə hər şeyi var – işi, bağı, obyekti, maşını, arvadı, hətta məşuqəsi belə. Lakin, həqiqətən yardıma ehtiyacı olan insanlara köməklik göstərməkdən imtina edəcək qədər acizdir. Dövlətin önəmli müəssisələrini qumarxanaya, kluba çevirməklə məşğuldur. Kitabxananı, uşaq bağçasını… Hətta qumarxanaya çevirdiyi kitabxanalardan birinə Dostoyevskinin adını verib.


Qeybə çəkilmiş morfinin aqibəti bəlli olmur, filmdə onun tapılıb-tapılmaması bizə göstərilmir. Lakin əsas məsələ bu deyil, insanların bir-birinə qarşı münasibəti, cəmiyyətin çürüməsi, “ağıllı” və “dəli” qarşıdurmasıdır. Morfin isə sanki ssenarinin quruluşunda xəstələrin həyatı ilə yaxından tanış olmağımız üçün vasitəçi – tətik rolunu rolunu oynayır. Filmin finalında cəmiyyətdə heç cür özünə yer tapa bilməyən xəstələr çarəni doğma məkana, xəstəxanaya qayıtmaqda görürlər.

Filmdə aktyor seçiminin də uğurlu olduğunu qeyd etmək lazımdır. Rejissor Eldar Quliyev filmin ssenarisini yazanda baş rol üçün Yaşar Nurini nəzərdə tutmuşdu, lakin bəzi insanlar buna etiraz etdilər. Yaşar Nurinin komik rollar üçün daha uyğun olduğunu, onun bu rolun öhdəsindən gələ bilməyəcəyini düşünənlər oldu. Bununla belə, rejissor öz qərarından dönmədi. Nəticədə, aktyorun dram janrının da öhdəsindən məharətlə gəldiyinin şahidi olduq.

Bir məqamı da qeyd etmək lazımdır. Filmin əvvəlində xəstəxanadakı həkimlərin, işçilərin Miloş Formanın 1975-ci ildə ekranlaşdırdığı “Qu quşu yuvası üzərindən uçuş” filminə baxdıqlarını görürük. Bunun səbəbi barədə düşünməyə dəyər. Bu iki film arasında kifayət qədər bənzərlik var. Hətta filmin ekspozisiyasında dəlilərlə tanış oluğumuz zaman bəzi personajlar arasında bənzərliklər də görürük. Lakin bizim filmimizin müəllifləri süjeti müəyyən qədər fərqli qurublar. Süjeti dəlixanadan “çölə qovublar”. Hər şeyə rəğmən, hər iki filmdəki “dəli”lərin o xəstəxanada olmasının səbəbi dəlilik deyil. Hər iki filmdə xəstə, naqis təfəkkürü “dəli”lərdə yox, onları o vəziyyətə salan, məhv edən “ağıllı”larda görürük.


Bu baxımdan Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesini xatırlamaqda fayda var. Təbii ki, bu əsərin qaldırdığı problemlərlə haqqında danışdığımız filmin problemləri tamamilə eynilik təşkil etmir. Lakin ikisində də “ağıllı” və “dəli” qarşıdurması öz əksini tapır. “Dəli yığıncağı”nda cəmiyyətdəki dəliləri sağaltmaq üçün xəstəxana tikilməsi məsələsi qaldırılır. Lakin həmin dəlilərin ağıllı qardaşları onların sağalmasını istəmir. Çünki ortada dəli qardaşın canısulu arvadını siğə etmək kimi bir faktor var. Bundan sonra isə biz hər iki tərəfin – “ağıllı”larla “dəli”lərin mənəvi aləmləri ilə tanış oluruq. Əsərin baş qəhrəmanı Molla Abbas, əslində, heç bir problemi olmasa da, dəli qiyafəsi geyinib dəlilərin arasında yaşamağa üstünlük verir. Buna bir çox səbəb göstərmək olar. Bunun sayəsidə o həm arvadını, həm də sərbəstliyini qoruya bilirdi. Həmçinin daha səmimi və mənəviyyatı təmiz olan dəlilərin içində yaşamaq xain və məkrli planlar quran ağıllıların arasında yaşamaqdan daha üstün idi. Bununla yanaşı, o demək istədiklərini rahatlıqla deyə bilirdi.

Bu baxımdan deyə bilərik ki, bəlkə də, çirkab bataqlığına sürüklənməməyin, çirklənməməyin sərfəli üsullarından biri də “dəli” qiyafəsi geyinməkdir. Dəli ona görə dəlidir ki, o, riyanın, yalanın nə olduğunu bilmir və onun sözü də, əməli də boyasızdır. Rotterdamlı Erazmın “Dəliliyə mədhiyyə” əsərində dediyi kimi, bəlkə də, xoşbəxtlik ağılın bitdiyi yerdə başlayır. Bu məqamda oxucu da, tamaşaçı da “ağıllı kimdir, dəli kim?” sualı qarşısında qalır.

Məryəm Qurbanzadə

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya