“Ağıllı” cəmiyyətin “axmaq” üzvü
İncəsənətin, ədəbiyyatın, bəlkə də, ən əsas vəzifəsi insanlara ümid bağışlamaq, onlara həyatın işıqlı tərəfini göstərməkdir. Çünki yaşamaq üçün hər zaman ümid lazımdır. Kinonun hələ erkən illərindən etibarən insanlar kinoya bir ümid və təsəlli yeri kimi baxırdılar. Onlar öz dərdlərindən, həyatın çətinliklərindən qısa müddətlik də olsa, qaçmaq üçün kinoya üz tuturdular. Bu baxımdan incəsənət əsərlərinin sonda insanlara yaşamaq üçün ümid bağışlaması əhəmiyyətli idi. Bir çox sənətkarlar öz əsərlərində həyatın gerçəkliklərini, ən dibini göstərsələr belə, sonda mütləq bir işıq ucu qoyurdular. Məsələn, Federiko Fellininin “Kabiriyanın gecələri” filmində olduğu kimi… Bu filmin bədii keyfiyyəti və insanın qəlbini titrədən məqamı bundadır ki, baş qəhrəmanın ən aşağı təbəqənin nümayəndəsi olmasına, o qədər çətinlik çəkməsinə, aldadılmasına, istifadə edilməsinə, əlində olan hər şeyi itirməsinə, həyatın hər üzünü görməsinə baxmayaraq, sonuncu səhnədə Kabiriyanın təbəssümündə və göz yaşında tamaşaçı yenə də bir ümid işığı görür.
Lakin bəzi rejissorlar da var ki, onlar həyat həqiqətlərini filmə olduğu kimi gətirirlər. Sonda heç bir işıq və ümid yeri qoymağa ehtiyac duymurlar. Həyatın bütün çətinliklərini, çılpaq həyat həqiqətlərini, çirkabı, ən dibdə olan insanları bizə göstərirlər və tamaşaçı o filmlərdə heç bir halda bir işıq ucu görmür.
Bədii yaradıcılığın mahiyyəti ondadır ki, əgər qanunsuzluq, cinayət varsa, o qətiyyən cəzasız qalmamalıdır, nə olursa-olsun, sonda haqq-ədalət öz yerini tapmalıdır, mütləq şəkildə cinayətkar tapılmalı və cəzalandırılmalıdır. Lakin bu, qeyd-şərtsiz bütün filmlərdə belə deyil.
Bu baxımdan, rejissor Yuri Bıkov ikinci qəbildən olan rejissorlardandır. Onun 2014-cü ildə çəkdiyi, bu gün də aktual olan problemlərdən bəhs edən “Axmaq” filmi, məhz bu kateqoriyaya aid filmlərdəndir. Bu filmdə cinayət cəzasız qalır. Ədəbiyyatın və incəsənətin əsas vəzifəsi pozulur. Çünki bu rejissorlar həyatı, bəlkə də, bu cür görürlər, onlar görürlər ki, yaşadıqları cəmiyyətdə cinayətkarların çoxu cəzasız qalır, vəziyyətin düzələcəyinə dair heç bir ümid yeri yoxdur.
Bu film çürük və çökməkdə olan bir binanın timsalında, çoxdan çökmüş olan mənəvi və əxlaqi dəyərlərin, çürük cəmiyyətin və sistemin təsvirini verir. Binanın timsalında bütün şəhərin, ölkənin, hətta bütün dünyanın siyasi və sosial nizamı bizim üçün açılır.
Filmin ekspozisiyasında biz həmin doqquzmərtəbəli binanın sakinləri ilə tanış oluruq. Bu binada yaşayanların əksəriyyəti həyatın “üfunətli zirzəmisində” daldalanan insanlardır. Sakinlərdən birinin evində qaynar su borusunun partlaması, sanki, fincanı daşdıran sonuncu damcı olur, sonra baş verəcək hadisələrin katalizatoru rolunu oynanır.
Filmin əsas qəhrəmanı Dmitri Nikitin (Artyom Bıstrov), inşaat mühəndisliyi ixtisasında təhsil alan vicdanlı və dürüst bir santexnikdir. Daha yaxşı bir gələcək üçün, işində yüksək yerlərə gəlmək üçün oxuyur, lakin həyat yoldaşı, belə sadəcə oxuyaraq qabağa gedə bilməyin mümkün olmadığını, bunun üçün mütləq şəkilə rüşvət verməyin lazım olduğunu bilir və qeyd edir. Vəziyyət elə bir həddədir ki, ölkədə hamı artıq bu gerçəkliyi qəbul edir, buna inanır.
Dimanın atası da özü kimi olduqca dürüst, insanların haqqını tapdamayan, vicdanını üstün tutaraq insan qalmağı seçən birisidir. İnsanların öz acınacaqlı vəziyyəti, gün-güzəranı ilə barışmağının, bunu qəbul etməklərinin bir simvolu da filmdəki skamyadır. Onların evlərinin, bloklarının qabağındakı skamyanı demək olar ki, hər gün uşaqların sındırmağına baxmayaraq ata-oğul birlikdə hər gün bezmədən, səbirlə o skamyanı düzəldir. O skamyanın qırılması ata ilə oğuldan başqa heç kimin vecinə deyil, heç kim ona əhəmiyyət vermir. Başımıza gələn böyük hadisələrin kiçik bir modeli, elə evimizin qabağında, qapımızın ağzında hər gün yaşanan hadisələrdir. Skamya həm də çürümüş sistemin bir simvoludur. Vicdanlı və ədalətli insanlar tərəfindən düzəldilsə də, yenə də sistemin qurbanı olur, dağıdılır; bununla belə, hər gün eyni ümid və inadla vicdanlı insanlar tərəfindən düzəldilir.
Ata ilə oğulun dürüstlüyünə nəinki qonşuları, iş yoldaşları, dostları, ətrafdakı insanlar, hətta öz ailə üzvləri belə birmənalı yanaşmırlar. Dimanın anası dürüstlük və vicdan naminə kasıb olmaqlarını özünə sığışdıra bilmir. Çünki dürüstlük və vicdan onlara zərərdən başqa heç nə verməyib. Onun fikrincə, ən doğrusu, elə oğurlayaraq yaxşı həyat yaşamaqdır. Cəmiyyət dürüst və vicdanlı insanları sevmir, onlara dözə bilmir, onları görmək istəmir, onları təcrid edir. Film boyu bir çox insanların Dimanı dəfələrlə axmaq adlandırmasını eşidirik. O, axmaqdır, çünki sadəcə öz işi ilə məşğul olur, üzərinə düşən vəzifəni yerinə yetirir, bəzi insani dəyərləri öz mənfəətindən üstün tutur, başqalarının yaxşılığını öz yaxşılığından, başqalarının rahatlığını öz rahatlığından daha dəyərli, daha üstün hesab edir, oğurluq etmir, başqalarının haqqını yemir.
Filmdəki hadisələr çox qısa bir zaman ərzində – bir gecənin içində baş verir. Binadakı su borusunun partlaması səbəbindən Dimaya zəng edirlər və bundan sonra əsas hadisələr başlayır. O gəlib görür ki, partlayan boru məsələnin sadəcə təfərrüatıdır, vəziyyət olduqca kritikdir. Dima binanın qarşısında dayanır və binanın çatı bizə aşağı rakursdan göstərilir. Bu rakurs içəridən çürüyən binanın çatını cəmiyyətdəki əxlaq normalarında və yaxud da dövlət idarələrində yaranan çat kimi qəbul edib-etməməyimizdən asılı olmayaraq, öhdəsindən gələ bilməyəcəyimiz səviyyədə və böyüklükdə bir canavarla qarşı-qarşıya olduğumuzun, hüquqsuz bir cəmiyyətin və dövlətin canavarlığı qarşısında bir insanın, bir fərdin nə qədər kiçik və aciz olduğunun göstəricisidir.
Əslində, bina çoxdan əsaslı təmir olunmalı idi, amma binaya görə cavabdehlik daşıyan şəxslər binanı sadəcə rənglətdirməklə kifayətlənib, qalan pulla isə, necə deyərlər, ciblərini doldurublar. Hamının bundan xəbəri var, lakin heç kim səsini çıxarmır. Dima binanın iyirmi dörd saat belə ayaq üstə qala bilməyəcəyini, hər an çökə biləcəyini bilir. Vicdanı əl vermir və gecə merlə görüşməyə gedir. Üstəlik həmin gecə merin yubiley gecəsi olduğundan, Dima düşünür ki, bundan daha münasib bir vaxt tapa bilməz, bütün vəzifəli şəxslər bir məclisdə olacaq. Elə restoranın girişində dövlətin və cəmiyyətin mənzərəsi bizi qapıda qarşılayır. Sərxoşluq, biveclik, əxlaqsızlıq, yalan…
Dima bütün vəziyyəti onlara izah edir və təbii olaraq onlarda böyük bir narahatlıq və təşviş yaranır. Lakin məlum məsələdir ki, onlar səkkiz yüz iyirmi insanın ölüm təhlükəsinə görə yox, əgər həqiqətən də bina çöksə, özlərinin olduqca çətin bir vəziyyətdə qalacaqlarına, əllərində olan hər bir şeyi itirəcəklərinə, bütün oğurluqlarının üstünün açılacağına və həbsə düşəcəklərinə görə narahat olurlar. Oradakı hər kəs qanlı bir ortaqlıq içərisindədir. Hər dəfə dövlət büdcəsindən oğurluq ediblər və bir-birlərinin oğurluqlarına öz mənfəətləri naminə göz yumublar. Ümumiyyətlə, elə bir vəziyyət formalaşıb ki, polisindən tutmuş məmuruna qədər, rəhbərlərdən tutmuş icra hakimlərinə, hətta xalqın özünə qədər hamısı bu çürük sistemin bir parçası halına gəlib. Sistem pozulmasın deyə, hamı bir-birinin cinayətinə göz yumub. Lakin onlar ən kiçik bir problemlə üzləşəndə bir-birilərini didib-parçalamağa hazırdırlar. Onların bütün oğurluqları, cinayətləri zəncir kimi bir-birinə bağlıdır. Birinin ifşa olunması bütün sistemin dağılmasına səbəb ola bilər.
Onlar məsələnin həqiqətən kritik olduğunu anlayandan sonra süpürləşməyə başlayırlar. Binada yaşayan səkkiz yüz iyirmi insanı oradan çıxarmaq üçün münasib yer yoxdur, yüz iyirmi milyon rubl isə əskikdir. Hamı bir-birini təqsirləndirir, lakin hamı eyni dərəcədə günahkardır.
Onların fikrincə, bu həyatı ya insan kimi, ya da heyvan kimi yaşamaq lazımdır. Hamıya bəs edəcək qədər yaxşı həyat yoxdur. Əlində olanı ata malı kimi bölsən belə, bir xeyiri olmaz, hamı eyni dərəcədə kasıb olar. Ya vicdan, dürüstlük kimi anlayışları tapdalayıb, onlardan vaz keçib “yaxşı” bir həyat yaşamalısan, ya da vicdanını və dürüstlüyünü qoruyub “pis” bir həyata qane olmalısan. Hər iki həyatın da öz bədəli var.
Dima həm də ona görə “axmaq”dır ki, xilas etməyə çalışdığı insanların özü də insanlıqdan uzaqdır, onlar da çirkabın, bataqlığın içində boğulurlar, özlərinə dəyər vermirlər. Dima ona görə “axmaq”dır ki, bu cür insanlar uğrunda öz canından keçməyi gözə alır, onların uğrunda mübarizə aparır. Buna görə də Dimanın bu məsələyə nəyə görə bu qədər əhəmiyyət verməsinin, özünü nəyə görə bu dərəcədə oda-közə vurmasının səbəbini heç cür anlaya bilmirlər. Çünki düşünürlər ki, uşaqdan-böyüyə qədər o binada yaşayanlar zibil yığınından başqa bir şey deyil; bəlkə də, orada gəbərmələri daha yaxşıdır, hətta uşaqların belə həyatı zirzəmilərdə narkotiklə tələf olur. Lakin Dima üçün bunların heç birinin əhəmiyyəti yoxdur, bunları edir, ona görə ki onlar insandırlar, ona görə ki heyvan kimi yaşayıb heyvan kimi ölmək istəmir.
Onlar işin içindən çıxa bilməyəcəklərini anlayanda, cinayəti başqasının üstünə atıb, özlərini təmizə çıxaracaq və bütün dəlilləri yandırıb yox edəcək qədər vicdansızdırlar. Mer, Dimanı və daha iki şəxsi öldürtmək, onlardan qurtulmaq istəyir. Lakin Dima, çox qısa müddət ərzində şəhəri tərk etmək şərtilə son anda ölümdən qurtulur. O buna cəhd etsə də, bacarmır. Çünki həmin binanın yanından keçəndə görür ki, heç kimin həmin binadakı insanları təxliyə etmək fikri yoxdur, oradakı səkkiz yüzdən çox insanı ölümə məhkum ediblər. Dima özü hərəkətə keçməyə qərar verir və qapı-qapı gəzərək hamını binadan çıxarır. Lakin finalda xilas etmək istədiyi, uğrunda hətta həyatını belə təhlükəyə atdığı həmin insanlar Dimanı ölümcül döyürlər. Döyən də yoxsul və məzlumdur, döyülən də… Bütün bu yaşananların səbəbkarı olan insanların isə çəkdikləri əziyyət sadəcə bir gecə ərzində yuxusuz qalmaqdan başqa bir şey deyil. Onlar yenə də oğurlamaqda, məzlumlar isə əziyyət çəkməkdə davam edəcəklər…
Özünü insanlar üçün qurban verən və sonda da elə həmin insanlar tərəfindən cəzalandırılan Dima obrazını İsa Məsih ilə eyniləşdirmək olar.
Bıkov, çatdırmaq istədiyi problemi, söhbəti uzatmadan, ağır simvolizm və metaforların arxasına sığınmadan birbaşa çatdırıb. Sanki məsələnin kinematoqrafik tərəfini ikinci plana atıb, onlar öz-özünə yaranıb. Bununla belə, film simvolikadan xali deyil. Elə binanın özü bütünlükdə çürüməkdə, çat verməkdə və yavaş-yavaş dağılmaqda olan dünyanın simvoludur.
Əvvəldə qeyd olunan fikirlərə qayıtsaq, özümüzdən soruşmalıyıq ki, insanlar öz həyatlarının çətinlikləri bəs deyilmiş kimi, sənətdə də, kinoda da ümidsizliyi, çətinliyi, həyatın qaranlıq tərəfini, problemlərin heç vaxt düzəlməyəcəyi mesajını görsələr, onda öz problemlərindən hara qaçacaqlar? Doğrudanmı, həyat bu qədər qaranlıq, bu qədər ümidsizdir? Doğrudanmı, həyatın heç bir mənası yoxdur və bu dünya Şərin ovuclarındadır?!
Bu baxımdan filmin olduqca bədbin atmosferdə olduğunu, insanlara ümidsizlik aşıladığını qeyd edənlər də var. Lakin, rejissorun fikrincə, filmdə bəhs olunan hadisələr hər yerdə yaşanır. Sənətkar öz əsərlərində həyat gerçəkliklərini olduğu kimi göstərməli və onlara sadiq qalmalıdır. Onun fikrincə, ümidsizlik də həyatın bir parçasıdır…
Məryəm Qurbanzadə