İNDİ OXUYUR
Ağ-qara faciənin qırmızı terroru

Ağ-qara faciənin qırmızı terroru

Fırtınalarla dolu yüzilliyin üçüncü onilliyində Avropa birliyinin təhlükəsizliyi narahatlıq doğurur. O, getdikcə daha aydın hiss edilən xarici təhlükələr qarşısında ümumittifaq birliyi sarıdan etibarlılıq və inam sınağına məruz qalır. Baltik dənizinin Şərq arealının dövlətləri tarixən xüsusi həssaslıqları ilə seçiliblər. 

Baltika ölkələrinin diplomatik missiyaları XX əsrin işğalçı tarixinin epizodlarını fasiləsiz xatırladırlar və bu zaman kinematoqrafik dil tarixi şahidliyin forması kimi istifadə edilir.

Bu dəfə Latviyanın ölkəmizdəki səfirliyi real hadisələrin ekran həlli olan “Mariyanın susqunluğu” filminin xüsusi nümayişini təşkil etdi. 1930-cu illərin Stalin diktaturasından bəhs edən kinolent ən yeni tarixin və müasir dövrün təlatümlü ab-havasını kəskin aktuallıqla ifadə edir. Filmin dünya premyerası 2024-cü ildə Berlin kinofestivalında baş tutub və ekumenik münsiflər heyətinin xüsusi mükafatına layiq görülərək, beynəlmiləl kino mətbuatı dairələrində geniş əks-səda doğurmuşdu.

Latviyanın Azərbaycandakı səfirliyinin “Mariyanın susqunluğu” filminin təqdimatından


Filmin posteri – rəqsin zərif pa halında donub qalmış, qadın bədəninin oraq və çəkicin qalıqlarının əsirinə çevrilmiş vizual ommajıdır. Latış rəssam-konstruktivist, 1920-1930-cu illərin utopik dövrünün tanınmış vizualist və illüstrasiyaçısı, Maleviçlə birlikdə sovet avanqardının trotskist təbliğat-təşviqat “maşınını” hərəkətə gətirən Qustav Klutisə eyham aydın sezilir. Tarixin belə bir təzadı: Parisdə keçirilən Ümumdünya sərgisində sovet pavilyonunun tərtibatında fəal iştirakçılardan biri olan rəssam SSRİ-də fəaliyyət göstərməyə cəlb edilir, az bir müddətdən sonra həbsə atılıb və “latış millətçilərinin vətənə xəyanəti” şəklində formalaşdırılıb ehtimal edilən ittihamla güllələnmişdi. Məhz belə bir faciəni yaşamaq (və ya ona tab gətirməmək) baş rolun ifaçısı,  alman ekspressionizminin təmsilçisi, Veymar respublikasının teatr səhnələrinin “ulduzu” Mariya Leykonun qismətinə yazılıbmış.


1938-ci ilin 3 fevral tarixi. Butov poliqonunda “Latış güllələnməsi günü” kimi tarixə daxil olan qanlı gün. Repressiyanın məngənəsinə latış teatrı “Skatuve”nin (“Səhnə”) demək olar ki, bütün truppası düşdü. Müxtəlif mənbələrə görə, cəmi bir neçə gün ərzində Moskva və Moskvaətrafı ərazilərdən toplanmış iyirmi min nəfərə yaxın latış millətindən olan şəxs gülləbaran edilmişdi.

Stalin bütöv bir etnosu məhv etmək şövqünə düşmüşdü. Halbuki həmin latışlar vaxtilə inqilabçı proletariatın sıralarına çox üzvi şəkildə qoşularaq sistemə sədaqətlə xidmət edən sovet vətəndaşları idilər. Leninin qürur mənbəyi olan nordik nizam-intizamı və inqilabi şüuru xarakterlərində, davranışlarında ehtiva edən qırmızı latış atıcıları. Lakin böyük terror illərində bədnam “beşinci kolon” adlı ittiham xassəsi qazandı. Klanlar epoxası donoslar epoxası ilə əvəz edilməkdə idi.

Sovet-latış teatrı rus səhnə sənətinin ənənəvi “Şinel”indən boy atmışdı, artistlərin əksəriyyəti Yevgeni Vaxtanqovun emalatxanasında aktyorluq sənətinin sirlərini öyrənmişdilər. 1919-cu ildə rejissor və aktyor Osvald Qlaznieks tərəfindən əsası qoyulan teatrın repertuarı çoxdilli və çoxmillətli Sovet İttifaqında latış mədəniyyətinin identikliyini təmsil edirdi. Yaradıcı kollektiv SSRİ-nin, daha sonra isə Köhnə və Yeni Dünyanın şəhərlərində qastrol tamaşaları ilə çıxış edərək Moskvadan çox uzaqlarda da özünü təsdiq edib şöhrət qazana bilmişdi. 


Rejissor Davis Simanislə operator Endreys Rudzatsın tandemi ağ-qara estetikada ifadə olunaraq monumental təsvirin qurulmasına nail olmuşdu ki burada kameranın hər bir hərəkəti teatr mizan-səhnələrini dəqiq əks etdirir. “Skatuve”nin məşqləri və tamaşaları səhnəarxasının cəhənnəmi andıran labirintinə səyahət təsirindədir, burada işıqla kölgənin oyunu faciəvi simfoniyada birləşir. Ayrıca olaraq litvalı sənət xadimləri, bəstəkar Yustinas Ştarasla səs rejissoru Paulus Kilbauskasın tandemini qeyd etmək lazımdır. Truppanın fəaliyyətinin son məqamları tamaşaçını ekranın audio-vizual unisonuna qərq edib, dönməz entropiya alleqoriyası misallı yarımqaranlıq varolma müstəvisinə salır. DİXK-nın rəhbəri Nikolay Yejovun cəza “aparatının” kuratorlarının və senzorlarının gözündə milli tərkibi etibarilə bu cür kollektivlər “burjua azad düşüncəsinin zərərli təsirinin aşkar paranoya əlamətləri kimi qavranılırdı.

Filmin ən tükürpədici epizodlarından biri şər saçan qonaqlıq səhnəsidir, burada sənədli həqiqət bədii rəvayətlə qarışır. Tamaşanın premyera nümayişindən sonra truppanı dəbdəbəli muzey zalında toplayırdılar və burada Xalq Komissarları Sovetinin sədri və onun yaxın dairəsi üçün idbar rəqslərlə, yarıçılpaq aktrisalarla və qrotesk ruhlu eyş-işrət məclisi, valtasar qonaqlığı təşkil edilirdi. Rejissor və həm də ixtisaslı tarixçi Davis Simanis danışır ki, ekranda canlanan “soft-variant” o illərin əxlaqdan, mənəviyyatdan çox uzaq və həm də faciəli mənzərəsini yalnız qismən əks etdirir.


Olqa Şepitskayanın yaratdığı Mariya Leyko obrazı çoxqatlı metafora ilə yüklənib. Mariya Leykonun ekran təcəssümü susur, lakin bu susqunluqda hər şey eşidilir: hakim elitanın davranışının, sistemin ikiüzlülüyünün, ədalətin varlığına inamın tədricən puç olmasının müşahidəsi səslənir, görünür və duyulur.

Onun iri planda həkk edilmiş gözləri, baş verən özbaşınalıqlara yeganə doğru-dürüst reaksiyadır. Final isə özünə və həmkarlarına qarşı tərtib edilmiş donosu imzalamaqdan sükutla, hüznlə, iradə ilə boyun qaçırmağa çalışan bir halı çatdırır. Bu iradəli susqunluq yaradıcı azadlığın kulminasiya aktıdır.

Belə güclü epizodlardan daha biri, teatrın primasının istintaqı səhnəsidir. Bəllidir ki,”Skatuve”nin bütün heyətinin istintaq zamanı yer alan işgəncələrini milliyyətcə latış olan BDSİ-DİXK zabiti Leonid Zakovskiy (əsl adı Henrix Ştubis) həyata keçirib. Onun ekran və hətta fotoqrafik əkizi Girts Kesteris qandonduran dərəcədə cəllad xislətinə, ilk kadrlardan ölümün bumbuz nəfəsini ekranın o üzündən saçan obraza çox dərindən daxil olub. Təzadlı obrazın ekran həlli etiraf məqamlı Latviya kinematoqrafı üçün acı tarixi həqiqətin möhtəşəm aktıdır: latışlar təkcə repressiya qurbanları deyillər, həm də o repressiyaların icraçılarıdırlar.


Final titrlərində bir hiss tamaşaçıya rahatlıq vermir: tarix həmişə təkrarlanır, bu ya fakt, ya da deja-vü dairəsində qapanıb qalmış tragifars şəklində baş verir. İsmarış, Stalin terrorunun zülmlərini görmüş bütün xalqlar üçün açıq-aydındır. İsmarış, kütlənin zehnində Stalin şəxsiyyətinə pərəstişin yeni vüsət dalğasının qalxdığı müasir dövrdə xüsusi məna kəsb edir. Bu gedişlə gecə saatlarında qapıların döyülməsi və qıfılların sındırılması həddinə qayıtmaq real olmazmı? Yejov üsuli-idarəsinin hakim olduğu o müdhiş zamanlarda bütöv bir etnosu istintaqsız-məhkəməsiz evlərindən zorla çıxarıb yük vaqonlarına doldurub sürgünə göndərir, ya da lazım olan “etirafları” döyərək, işgəncələrə məruz qoyaraq alırdılar. Və bununla da şəxsi fikrinin, qənaətinin olmasını olum, ya ölüm mətləbi ilə eyniliyini xatırladırdılar.

Ülvi Mehdi

Tərcümə etdi: Samirə Behbudqızı

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya