İNDİ OXUYUR
Adı var, “Hal”ı yox

Adı var, “Hal”ı yox

Son dövrlərdə internetdə ən çox baxılan yerli filmlərin siyahısına daxil olmuş “Soyuq günəş”in ssenari müəllifi Sədaqət Kərimovanın özünün eyniadlı əsəri əsasında çəkdiyi “Hal” filminin (istehsalçı  “GATFARFİLM”dir) analizinə filmin adından başlamaq lazımdır. “Hal” sözünü necə başa düşməliyik?


Yəqin ki, hər birimiz nə vaxtsa “filankəsi hal tutub” cümləsini eşitmişik. Bir çoxumuza qəribə, sirli, qorxulu təsir bağışlayan “Hal” türk mifologiyasındakı “Hal Tanrısı” və ya “Al Ana” məfhumlarından gəlir, pis ruhları idarə edən qadın tanrının adıdır. Digər tərəfdən “hal”, insanın müəyyən əhvalının, mövcud şərtlərdə keçirdiyi hisslərin ümumi tərifidir. Bu açıqlama bizə filmin nəyi çatdırmaq istədiyini (daha doğrusu, nəyi çatdıra bilmədiyini) daha yaxşı izah edəcək.

Tamaşaçını mistik atmosferə kökləyən girişdə gördüklərimiz, mərkəzində qadın dayanan bir əhvalat görəcəyimiz təəssüratı yaradır. Əsas qəhrəman olan Selmiyanın (İranə Kərimova) qaçırılması bu fikri bir az da yəqinləşdirir. Ancaq çox tezliklə hekayə bu xətdən uzaqlaşır, Selmiya yox, Rəhman (Mir Sahib Qabiloğlu) mərkəzi fiqura çevrilir.

Orta məktəbi bitirməyinə və toyuna çox az qalmış Selmiya, Abiddinlə Rəhman tərəfindən qaçırılır. Bu, gənc qızın həm evliliklə bağlı xəyallarını, həm də təhsil almaq arzusunu puça çıxarır. Selmiya əvvəldə tamaşaçıya öz taleyi ilə barışmayan bir qadın kimi göstərilir. Əri Abiddin bilir ki, Selmiyanı sevsə də, döysə də, qızın qəlbində özünə heç vaxt yer tapa bilməyəcək. Buna görə də, o, Selmiyanın ondan qorxmasını, heç olmazsa, itaət etməsini istəyir.


Abiddin (İlyas Əhməd) obrazının filmdəki funksiyası formal xarakter daşıyır və səthi obrazdır. Biz onu sadəcə filmin əvvəlində və sonunda görə bilirik. Burada söhbət obrazın ekran vaxtının qısa olub-olmamasından, ya da təkcə fleşbeklərdə görünməsindən yox, təyinatından gedir. Abiddin həm hadisələrin açılmasında, həm də Selmiya obrazının xarakterinin illər ərzində dəyişməyində heç bir xüsusi rol oynamır. Bu personajın müəyyən mənada kənarda qalması Selmiya obrazının da arxa plana keçməsinə səbəb olur.

Filmdəki hadisələr 1974-1988-ci (hadisənin üzərindən 14 il keçdiyi ekranda göstərilir) illər arasında baş verir. Rejissor nə üçün bu zaman aralığını seçib? Bununla hansı detala diqqət yetirməyimizi istəyir? Filmdə bu suallara cavab verilmir. Bu detala ona görə toxunuram ki, 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası həyata keçirilir, SSRİ son dövrlərini yaşayırdı. Amma bu hadisələrlə bağlı filmin arxa fonunda heç nəyə yer verilmədiyini müşahidə edirik. Odur ki, seçilən zaman sadəcə formal xarakter daşıyır.

Qaçırılma hadisəsindən 14 il sonra diqqətimiz Rəhman obrazına fokuslanır və o, filmin aparıcı qüvvəsinə çevrilir. Rəhman meşəbəyidir. Meşə onun evidir, sığınacağıdır. Filmin gedişatında tamaşaçı, Rəhmanın evindən (ailəsindən) uzaqlaşıb vaxtının daha çoxunu meşədə keçirdiyini müşahidə edir. Meşə həm də, Rəhmanın gücüdür, onun evi müxtəlif xəstəliklərdən əziyyət çəkən kənd sakinlərinin son pənah yeridir. O, türkəçarə üsullarla insanları sağaldır və bunu təmənnasız edir.


Rəhman və meşə (təbiət), əslində, bir bütündürlər. Bir çox filmlərdə təbiət, adətən, qadınla eyniləşdirilir. “Hal” filmində isə bunun əksini görürük. Təbiət Rəhmanın timsalında öz mərhəmətini, şəfqətini insanlara göstərir, hətta onu məhv etmək istəyənlərdən belə, şəfaverici gücünü əsirgəmir. Əfsus ki, filmdə bu məqam da olduqca zəif işlənilib. Müəllif, Rəhmanla təbiət arasındakı əlaqəni, onun insanları təbii yollarla sağaltmasını güclü zəminə yerləşdirə bilməyib, bu detal məişət səviyyəsində qalıb. Nəticədə elə təəssürat yaranır ki, tibb elminin heç bir əhəmiyyəti yoxdur (Rəhman ilə sahə həkiminin qısa mübahisəsini nəzərə almasaq), türkəçarə insanların yeganə çıxış yoludur.

Filmin anlaşılmaz qalan xətlərindən biri də Rəhmanla Selmiyanın yaxınlığıdır. Rəhman Selmiyanın qaçırılmasında vacib rol oynayıb. Düzdür, başlanğıcda bu işə qoşulmaq istəməsə də, dostu Abiddinə can borcu olduğuna görə imtina edə bilmir. Deyə bilərik ki, məcburiyyətdən doğan vicdan hissi Rəhmanı Selmiyaya yaxınlaşdırır. Amma bunu demək üçün hadisələrin gedişatında, xüsusən də, ikinci hissədə Rəhmanın daxili təbəddülatlarını, narahatlığını görməli idik. Ya da onun meşəyə sığınması, insanlara təmənnasız kömək etməsi günah yumaq ayini kimi təqdim edilə bilərdi. Amma Rəhmanı Selmiyanın evinə aparan hiss qadının qarşısında günahkar olmağından doğmur. Rəhmanı ora Abiddin həbs olunduğuna görə onun ailəsinə baxmaq məsuliyyəti çəkib gətirir.

Qayıdaq yazının əvvəlində toxunduğum məsələyə, yəni filmin adına. – “Hal”. Tamaşaçı filmboyu bu ifadənin təsdiqini görə bilmir. Bəlkə də, bunun səbəbi Selmiya obrazının arxa plana atılmasıdır. Halbuki “hal” anlayışı Selmiya obrazı vasitəsilə işlənsəydi, bu, həm filmdə mistik ab-hava yaradar, filmin dinamikasını artırar, həm də tamaşaçı Rəhmanla Selmiyanın münasibətinin yavaş-yavaş dəyişməsinə başqa bir rakursdan nəzər sala bilərdi. Belə olmadığına görə Rəhmanın ailəsindən uzaqlaşıb Selmiyaya yaxınlaşmasına məntiqi bir səbəb tapa bilmirik. Bu da tamaşaçının onu bəzi məqamlarda Abiddin ilə eyni tərəziyə qoymasına səbəb olur. Digər tərəfdən də belə bir sual yaranır: “Selmiya onu qaçıranın Rəhman olduğunu bilirmi? Bilirsə, o hər şeyi unudub Rəhmanı bağışlayıbmı?” Amma bu suallar da cavabsız qalır. Müəllif bu məqamı sadəcə Rəhmanın, Selmiyanı Abiddinin əlindən xilas etmək cəhdi kimi təqdim edir. Bununla bağlı filmdə bir səhnə var: Rəhman dostunun Selmiyanı döydüyünü, onu zorakılığa məruz qoyduğunu öyrənir və Abiddin onun gözündən düşür.


Hadisələrin gedişatında Rəhmanın yeni sığınacaq, hətta yeni tanrı -Selmiya-Hal- tapdığını cüzi şəkildə sezirik. O, bilərəkdən və ya bilməyərəkdən özünü daim Selmiyanın evində, onun uşaqlarının yanında tapır.

Həm cəmiyyətin ədəb-ərkan qaydaları, həm də öz ailəsi qarşısında öhdəlikləri Rəhmanın yeni tanrısına, yəni “Selmiya-Hal”a yaxınlaşmasına mane olur. Əslində, bu nöqtədə Selmiya obrazını yenidən ön planda görməli, mövcud şərtlərin ipinin artıq onun əlinə keçdiyini müşahidə etməli idik. Rəhman üçün şərtləri Selmiya təyin etməyə başlamalı, bunun sayəsində hekayə, tədricən, mistik atmosferə bürünməli idi. Amma Selmiya obrazının passiv qalması filmin məzmununu da, adını da qara qutuya çevirir. Həmçinin belə fikir yaranır ki, Sədaqət Kərimova “Hal tanrısı” anlayışını ya yaxşı araşdırmayıb, ya da bu anlayışı hekayəsində əsaslandırmağı, dramaturji struktura yerləşdirməyi bacarmayıb. Çünki bu ad altında filmin hekayəsinə, qəhrəmanlarına hansı tərəfdən yanaşırıqsa, bir boşluğun ortaya çıxdığını görürük. Bu da ssenarinin kifayət qədər ətraflı işlənməməsindən doğur.

Yeri gəlmişkən, “Hal” filmində bilavasitə ssenaridən qaynaqlanan problemlərin bir çoxunu bir neçə ay əvvəl haqqında yazdığım “Spinozanın tanrısı” filmində də müşahidə etmişdim. Orada da hekayənin fəlsəfi qatı çatışmırdı, Spinozadan əsər-əlamət yox idi. Eyni şəkildə “Hal”da da mistik-mifik qat yaradıla bilməyib. Orada müəlliflər Fəzanın təbiətin özü olduğunu ideyası göstərməyi bacarmamışdılar, burada isə Selmiyanın “Hal”a çevriləcəyinə dair heç bir işarə və ipucuları görə bilmirik. Bu da sonda filmi sovet realizminin bəsit nümunəsinə çevirir.


Selmiya xalça toxuyub satmaqla ailəsini dolandırır. Heyif ki, bu detal sadəcə bir səhnə vasitəsilə göstərilib, o da çox qısa çəkir. Halbuki Selmiyanın xalçaçılıq məharətini göstərən səhnələrə daha çox yer verilsəydi, bu, həm onun, həm digər obrazların hisslərinin, hallarının dəyişməsində simvolik bir rol oynaya bilərdi.

Sadaladığımız dramaturji boşluqlar nəticəsində filmin sonu da uğursuz alınıb.

Selmiyanın birdən–birə “Hala” çevrilməsi (yenə qeyd edirik ki, filmboyu bununla bağlı ipucu belə yoxdur), Rəhmanın qarşısına  çıxması suallarımızı tamamilə cavablaya bilmir. Rəhmanın Selmiyaya “Sən mənim Halımsan” deməsi onun öz tanrısına qovuşduğunu göstərir. Bu məqamda Rəhman öz günahını da etiraf edir və paklanır. Amma yuxarıda qeyd etdiyim səbəblərə görə, bu səhnə gözlənilən effekti vermir. Sanki rejissor filmdəki bütün boşluqları son səhnələrlə doldurmağa çalışıb, filmin bütün mesajını son səhnədə tamaşaçıya verməyə cəhd edib. Bu isə yanlış və gecikmiş bir addımdır.

Nəcəf Əsgərzadə

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya